Azərbaycanın Seçki Məcəlləsi demokratik və ədalətli seçkilər keçirməyə imkan verir

Sabit vətəndaş cəmiyyətinin və hər bir dövlətin mütərəqqi inkişafının əsasını demokratik seçkilər təşkil edir. Ona görə də, bu sahədə əsas prioritetləri müəyyənləşdirmiş Azərbaycan Respublikasının Konstitusiyası, ölkədə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə azad və mütəmadi keçirilən seçkilərin hüquqi bazasının yaradılması üçün münbit mənbə olmuşdur.

1997-ci ildən etibarən Azərbaycan rəhbərliyinin siyasi iradəsinə uyğun olaraq, müasir standartlara cavab verən seçki qanunvericiliyinin təsis edilməsi məqsədi ilə Azərbaycan beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələri qurmuşdur. Avropa Şurasının üzvü olduqdan sonra formalaşan əməkdaşlıq çərçivəsində seçki qanunvericiliyinin unifikasiyası məqsədi ilə Azərbaycan Respublikasının Seçki Məcəlləsi qəbul edilmişdir. Beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilən Seçki Məcəlləsi ilə bağlı yekun rəylərdə bildirilmişdir ki, məcəllə seçkilərin və referendumun keçirilməsi üçün əksər məsələlərdə beynəlxalq meyarlara və ən yaxşı təcrübələrə uyğun olan hərtərəfli çərçivələr nəzərdə tutur.

Ümumiyyətlə, hər bir dövlətin inkişafının demokratik seçkilərdən də asılı olması heç kimə sir deyil. Ona görə ki, seçkilər vətəndaşların cəmiyyətin ictimai-siyasi həyatında iştirakının ən kütləvi formasıdır. Vətəndaşların dövlətin idarə olunmasında iştirak hüquqlarını əsasən seçkilər vasitəsilə həyata keçirdikləri də məlumdur. Bu zaman hakimiyyət də idarə olunanların razılığı ilə legitimlik qazanır və bu razılığı hökumətin səlahiyyətinə çevirən ən əsas mexanizm də azad, ədalətli və obyektiv seçkilərin keçirilməsidir. Şəffaflıq, ədalətlilik və obyektivlik də demokratik seçkilərin əsas şərtləri hesab edilir. Seçkilərin bu mühüm prinsiplərə uyğun keçirilməsi də xalqın ümumi iradəsinin milli mənafelər ətrafında birləşdirilməsi kimi amil rolunu oynayır. SSRİ-nin dağılmasından sonra dövlət müstəqilliyini bərpa etmiş Azərbaycanda da demokratik və legitim siyasi hakimiyyətin formalaşdırılması artıq ənənəyə çevrilmişdir.

Bununla yanaşı, qeyd etmək vacibdir ki, Azərbaycanda demokratik seçkilərin keçirilməsi ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra mümkün olmuşdu. Demokratik seçki mühitinin formalaşdırılmasına yönəlmiş addımlar ölkədə hüquqi dövlət quruculuğunun aparıcı istiqamətinə çevrilməklə yanaşı, seçki sisteminin təkmilləşdirilməsinin əsasını qoymuşdu. Məhz 1995-ci ildə qəbul edilmiş ilk Konstitusiya Azərbaycanda demokratik standartlara cavab verən azad, ədalətli, obyektiv seçkilərin keçirilməsi üçün əsas prioritetləri müəyyənləşdirmişdi. Konstitusiyanın maddələrinə əsasən, xalqın seçdiyi səlahiyyətli nümayəndələrdən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur, hər bir vətəndaşın da dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ var.

Tarixi təkamül yolu ilə qazanılan nailiyyətlərlə kifayətlənməyən Azərbaycan dövləti ölkədə seçki təcrübəsinin demokratik standartlara uyğunlaşdırılması yönündə fəaliyyətini gücləndirmiş və beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətlərini genişləndirmişdir. 1997-ci ildən ölkədə yüksək standartlara cavab verən seçki qanunvericiliyinin formalaşdırılması məqsədilə Azərbaycan hökuməti beynəlxaq təşkilatlarla fəal işbirliyi qurmuşdur və 2002-ci ilin ortalarından etibarən bu təşkilatlarla aparılan məsləhətləşmələrdən, alınan müsbət rəylərdən sonra Seçki Məcəlləsi Milli Məclisin müzakirəsinə təqdim edilmişdir. İctimai müzakirə və bütün təkmilləşdirmələrdən sonra Seçki Məcəlləsi 2003-cü ilin mayında Milli Məclisdə qəbul edilmiş və Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə qüvvəyə minmişdir.

Seçki Məcəlləsinin seçkilər sahəsində bütün qanunvericilik normalarını özündə əks etdirməsi beynəlxalq mütəxəsislər tərəfindən də təsdiqlənmişdir. Avropa standartlarına uyğun tərtib olunmuş məcəllə Azərbaycanda prezident, parlament və bələdiyyə seçkilərinin, həmçinin, referendumun keçirilmə qaydalarını müəyyənləşdirmişdir. Seçki Məcəlləsi, eyni zamanda, Mərkəzi Seçki Komissiyasının, eləcə də dairə və məntəqə seçki komissiyalarının təsisi və fəaliyyəti prinsiplərini də özündə əks etdirmişdir. 2003-cü il oktyabrın 15-də azad, demokratik və şəffaf şəraitdə keçirilmiş prezident seçkiləri Seçki Məcəlləsinin mütərəqqi və təkmil sənəd olduğunu tam təsdiqləmişdir. Prezidentliyə namizədlərə öz seçki kampaniyalarını qanunamüvafiq şəkildə aparmaq üçün lazımi mühitin və bərabər imkanların yaradılması ilə yanaşı, fəal seçki kampaniyasının aparılması, seçkilərə texniki hazırlığın yüksək səviyyədə təşkili, Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyalarının işi müsbət məqamlar kimi ATƏT, Avropa Şurası və ATƏT parlament assambleyalarından ibarət Beynəlxalq Seçki Müşahidəsi Missiyasının seçkilərə dair rəyində əksini tapmışdır. 15 oktyabr 2003-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkiləri də demokratik cəmiyyət quruculuğunda mühüm irəliləyiş olduğunu isbatlamışdır.

“Azərbaycanda seçkilərin keçirilməsində artıq böyük təcrübə var və biz ən qabaqcıl təcrübəni öyrənirik, Azərbaycanda tətbiq edirik. Bütün işlər beynəlxalq standartlara uyğun şəkildə qurulubdur. Azərbaycanda seçkilərin keçirilməsi prosesi ildən-ilə daha da təkmilləşir, şəffaflıq tam şəkildə təmin edilir və insanlar azad, sərbəst şəkildə öz iradələrini ifadə edirlər”.- Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Seçki Komissiyasının inzibati binasının açılış mərasmində səsləndirmişdi. Dövlət başçısının bu sözləri təsdiqləyir ki, Azərbaycanda daim təkmilləşən seçki prosesi təmin edilir və seçicilərin öz iradələrini idafə etmələri üçün münbit şərait var. Şəffaflığın təmin edilməsi üçün müasir informasiya texnologiyalarının da tətbiq olunması seçki sisteminin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər arasında xüsusi yer tutur. Regionda ilk dəfə məhz Azərbaycanda səsvermə prosesinin internet vasitəsilə birbaşa izlənilməsi sisteminin yaradılması, ölkə rəhbərliyinin şəffaflığın daha çox təmin edilməsi üçün yeniliklərə açıq olduğunu təsdiqləmişdir.

Bir sözlə, Azərbaycan hökuməti ölkədə demokratik seçkilərin keçirilməsinə mühüm önəm verir və bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlığın davam etdirilməsinə hazır olduğunu bildirir. Rəsmi Bakı seçkilər sahəsinin əhəmiyyətini nəzərə alaraq, istər seçki qanunvericiliyinin təkmilləşdirilməsi, istərsə də, seçkilərə hazırlıq və seçkilərin keçirilməsi istiqamətində gələcəkdə də qarşılıqlı və konstruktiv ruhda əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu açıqlayır. Bu baxımdan, aparıcı beynəlxalq təşkilatların MSK və seçki komissiyalarına, onların üzvləri üçün treninq və seminarların təşkili, əhalinin seçkilərlə bağlı məlumatlılığının artırılması sahələrində yardımı yüksək qiymətləndirilir. Seçki sisteminin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi Azərbaycanda formalaşdırılan demokratik seçki mühitinin daha da möhkəmləndirilməsinə xidmət edir.

Beynəlxalq qurumlarla səmərəli əməkdaşlığa nümunə kimi sentyabrın 3-də Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası ilə Avropa İttifaqının birgə həyata keçirdiyi layihəni göstərmək olar. MSK və Avropa İttifaqı rəsmilərinin də iştirak etdiyi həmin tədbirin keçirilməsində əsas məqsəd dairə seçki komissiyalarının ekspert qrupu üzvlərinin müraciət və şikayətlərə baxılması ilə bağlı məlumatının artırılması, praktiki vərdişlərinin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün onların fəaliyyətinin təkmilləşdirilməsindən ibarətdir. Şirvan, Gəncə və Şəki şəhərlərində də keçiriləcək regional seminarlarda ölkə üzrə 125 seçki dairəsinin dairə seçki komissiyalarının bütün ekspert qruplarının üzvləri iştirak edəcək. Belə əməkdaşlığın noyabrın 1-də parlament seçkilərinin daha demokratik və şəffaf keçirilməsində böyük rol oynacağı şübhəsizdir. Bütün bunlar həm də onu göstərir ki, Azərbaycanda seçkilərin azad və ədalətli keçirilməsi üçün ölkə rəhbərliyinin güclü siyasi iradəsi var və baş tutacaq səsvermə prosesi xalqın iradəsini əks etdirəcəkdir.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında