Ermənilərin ruslara qarşı törətdikləri terror və qırğınlar

III yazı

 

Gürcü müəllifi Karibinin (əsl adı Pyotr Qoleyşvilidir. Gürcüstan Demokratik Respublikası dövründə əkinçilik nazirinin müavini vəzifəsində çalışıb–N.M.) 1920-ci ildə Tiflisdə çap etdirdiyi “Qırmızı kitab”ın bir bölməsi “Erməni liderlərinin Ermənistandakı ruslara münasibəti” adlanır. Orada deyilir: “Daşnak yazıçıları dünyaya sübut etmək istəyirlər ki, onlar Rusiyanı çox sevirlər. Lakin rus kəndliləri qorxu içərisində Ermənistanı tərk edərək öz vətənlərinə deyil, müsəlman İrana qaçırlar. Onlar yaxşıdan yaxşısını axtarmırlar. Hesab etmək lazımdır ki, əgər rus kəndliləri Ermənistanda yaxşı yaşamış olsaydılar, onlar heç bir dini, siyasi və mədəni əlaqəsi olmayan İranda özlərinə sığınacaq axtarmazdılar. Rus kəndlisi öz şəxsi təcrübəsindən bilir ki, onun həmyerlisi müsəlman Azərbaycanda daha yaxşı yaşayır, nəinki xristian Ermənistanda”. Karibinin yazdıqları göstərir ki, bu gün Azərbaycanda və Ermənistanda ruslara olan münasibət təxminən 100 il əvvəl necə idisə, indi də elədir.

Amerika tədqiqatçısı Semyuel Uimz “Ermənistan - terrorçu “xristian” ölkənin gizlinləri” əsərində yazır ki, XX əsrin lap əvvəllərindən erməni kilsəsi ilə terrorçu siyasi hərəkatın (yəni “Daşnaksütyun” partiyasının - N.M.) birləşməsi bu gün də davam edir. Müəllif erməni kilsəsinin üsyanları planlaşdıran və həyata keçirən terrorçuların qərargahı kimi fəaliyyət göstərdiyini, terrorçuların üsyan əmrini almaq üçün kilsə xadimlərinin qərarını gözlədiklərini yazır.

Sovet hakimiyyəti illərində də gizli erməni təşkilatları öz istəklərinə nail olmaq üçün Rusiyanın müxtəlif şəhərlərində, o cümlədən, Moskvada dəfələrlə terror aktları həyata keçirmişlər. Məsələn, 1977-ci il yanvarın 8-də Moskva şəhərində erməni terrorçuları tərəfindən bir-birinin ardınca üç terror aktı həyata keçirilmişdir. Əvvəlcə metronun “İzmayılovsk” və “Pervomaysk” stansiyaları arasında hərəkət edən vaqona qoyulan bomba partladılmış, sonra “Lublyanka” küçəsindəki ərzaq mağazasına, bir qədər sonra isə “Nikolskaya” (keçmiş “Oktyabr”) küçəsinin yaxınlığındakı zibil qutusuna qoyulmuş bomba partladılmışdı. Partlayışlar zamanı 7 nəfər ölmüş, 37 nəfər yaralanmışdı.

Həmin terrorçu qrupun istintaqı zamanı müəyyən edilmişdi ki, qrup üzvləri noyabrın 7-də Moskvanın Kursk vağzalında da silsilə terror aktları törətməyi planlaşdırırmışlar. Terror aktını İrəvan şəhərinin sakinləri Stepan Zatikyan, Hakop Stepanyan və Zaven Bağdasaryan törətmişdilər. Bir ildən artıq çəkən istintaqdan sonra qapalı keçirilən məhkəmə iclasında hər üç terrorçuya ən yüksək cəza – güllələnmə hökmü çıxarılmış və icra edilmişdi.

Ermənistanın o zamankı rəhbəri Karen Dəmirçyan istintaq prosesinə mane olmaq istəsə də, onları xilas edə bilməmişdi. İstintaq müəyyən etmişdi ki, terrorçular İrəvanda gizli fəaliyyət göstərən və ASALA terrorçu təşkilatı ilə bağlı olan Milli Birlik Partiyasının üzvləridir.

XX əsrin 90-cı illərində ermənilər tərəfindən Şimali Qafqaz ərazisində sərnişin və dəmir yolu nəqliyyatında həyata keçirilən terror aktları nəticəsində onlarca rus həlak olmuşdur. 8 aprel 1991-ci ildə Rostov şəhərində SSRİ DİN-in podpolkovniki Vladimir Blaxotin erməni terrorunun qurbanı olmuşdur. Ermənilər 1988-1990-cı illərdə Dağlıq Qarabağ Muxtar Respublikasının hərbi komendantı olmuş general Vladislav Safonovun maşını ilə Blaxotinin maşınını nömrəsini dəyişik salmış, podpolkovnikin maşınının partladaraq onu qətlə yetirmişdilər. General Safonovun hələ DQMV-də hərbi komendant olarkən qayda-qanun yaratmaq istəməsi ermənilərə əl vermədiyi üçün İrəvanda keçirilən mitinqlərin birində ona qarşı ölüm hökmü çıxarmışdılar. İstintaqla müəyyən edilmişdi ki, terror aktını Xankəndi, İrəvan və Rostov şəhərinin sakinləri olan ermənilər törətmişlər. Məhkəmə cinayətkarlara müxtəlif müddətdə həbs cəzası kəsmişdir.  

1988-1991-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi vəzifəsində çalışmış Viktor Polyaniçkonun qətlində də “erməni izi” vardır. Belə ki, 1989-cu il yanvarın 12-də SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə DQMV-də ermənipərəst Arkadi Volskinin rəhbərliyi ilə yaradılmış Xüsusi İdarə Komitəsi həmin ilin sonunda ləğv edildikdən sonra V. Polyaniçkonun sədrliyi altında Təşkilat Komitəsi yaradılmışdı. 1990-1991-ci illərdə V.Polyaniçko Xankəndidə işlədiyi dövrdə ona qarşı 6 dəfə sui-qəsd təşkil edilsə də, ermənilər istəklərinə nail ola bilməmişdilər. Azərbaycandan gedəndən il yarım sonra - 26 iyun 1993-cü ildə V.Polyaniçko Rusiya prezidentinin sərəncamı ilə Şimali Osetiya və İnquşetiya münaqişəsi üzrə səlahiyyətli nümayəndə təyin edilmişdi. V.Polyaniçko 1 avqust 1993-cü ildə Şimali Osetiyada öz xidməti maşınında inquş döyüşçülərinin rəhbərləri ilə görüşə gedərkən hücuma məruz qalmış və 15 güllə yarasından yerindəcə keçinmişdi. Onunla bərabər Vladiqafqaz qarnizonunun rəhbəri, general-mayor Anatoli Korecki və xüsusi təyinatlı “Alfa” qrupunun üzvü, baş leytenant Viktor Kravçuk da öldürülmüşdü. Bundan başqa 4 rus hərbçisi də yaralanmışdı.

Əldə edilən məlumatlara görə, V.Polyaniçkoya qarşı terror aktlarını Ermənistan DTK-sının kəşfiyyat əməliyyatları şöbəsi müdirinin  müavini Can Hovanesyanın rəhbərlik etdiyi terrorçu qrup həyata keçirmişdir. İngiltərəli tədqiqatçı-jurnalist Tomas de Vaal “Qara bağ: Ermənistan və Azərbaycan sülh və müharibə arasında” kitabında Viktor Polyaniçkonun erməni bandasının  hücumu nəticəsində öldürüldüyünü yazır.  2 aprel 1997-ci ildə Rusiya Dövlət Dumasının müdafiə məsələləri komissiyasının sədri general Lev Roxlinin Rusiyadan Ermənistana gizli olaraq 1 milyard dollar məbləğində silah verilməsi barədə Dumada hesabatla çıxış etməsi Rusiyanın siyasi dairələrində böyük qalmaqal doğurmuşdu. 3 iyul 1998-ci ildə Lev Roxlin Moskva yaxınlığındakı bağ evində odlu silahdan açılan atəşlə qətlə yetirilmişdi. Hələ ki, istintaqla öz təsdiqini tapmasa da, bu terror aktının arxasında da ermənilərin olduğu qənaəti mövcuddur.

Azərbaycanlıların 1988-1989-cu illərdə tarixi-etnik torpaqları olan indiki Ermənistandan qovulmalarından sonra milli tərkibinə görə azərbaycanlılardan sonra sayca ikinci yerdə olan ruslara növbə çatmışdı. Ermənistan müstəqillik əldə etdikdən sonra ruslara qarşı dövlət səviyyəsində diskriminasiya siyasəti həyata keçirmiş, orada mövcud olan molokan kəndlərinin əhalisi Rusiyaya köç etmək məcburiyyətində qalmış, bir-birinin ardınca rus məktəbləri və ali məktəblərdəki rus bölmələri bağlanmışdır. Rusiya Federasiyası Dövlət Dumasının sədr müavini, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Dumanın 24 aprel 2015-ci il tarixli iclasında Ermənistanda həyata keçirilən anti-rus siyasətini tənqid edərək demişdir ki, bu gün Ermənistan ən monoetnik (təkmillətli) respublikadır və 1991-ci ildə ruslar ən çox Ermənistandan qovulmuşlar.

Təkcə XX əsrin son 30 ilində müxtəlif ölkələrdə erməni terrorçu qruplaşmaları tərəfindən 200-dən artıq terror aktı həyata keçirilmiş, təqribən 70 siyasi qətl icra edilmiş, 40-dan artıq sui-qəsd həyata keçirilmiş, 1500 nəfərdən artıq günahsız insan müxtəlif dərəcəli bədən xəsarəti almışdır.

Sadalanan faktlar sübut edir ki, ermənilər tarix boyu bir tərəfdən Rusiyanın himayəsini qazanmaq üçün özlərini rusların sadiq dostu kimi qələmə vermiş, digər tərəfdən isə fürsət düşən kimi, onlara qarşı  da quldurluq, terror və qırğınlar törətmişlər.

Nazim MUSTAFA,
Azərbaycan MEA Tarix
İnstitutunun əməkdaşı,
Dövlət mükafatı laureatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında