Demokratik seçkilər demokratiyanın əsaslarından biridir

Toralf Pilts: Azərbaycanın Mərkəzi Seçki Komissiyası bu sahədə nailiyyətlər əldə edib, öz fəaliyyətində beynəlxalq təşkilatların tövsiyələrini nəzərə alır

Azərbaycanın qarşıdan gələn parlament seçkilərini də yüksək səviyyədə keçirməsi, böyük uğur qazanması üçün çoxsaylı naliyyətlər və obyektiv şərtlər vardır. Respublikamızdakı siyasi ab-hava, iqtisadiyyatın dinamik inkişafı, əhalinin rifahının yüksəlməsi, bölgələrin sosial-iqtisadi yüksəlişi, Azərbaycanın beynəlxalq müstəvidə imicinin artması, sabitlik, əmin-amanlıq istənilən seçkidə xalqın böyük fəallıq nümayiş etdirəcəyini deməyə əsas verir. Politoloqların fikrincə, ötən seçkilərdən sonra Azərbaycanda əzəmətli, möhtəşəm inkişaf baş verib, insanların həyati əhəmiyyətli dərəcədə dəyişib, bütövlükdə ölkəmiz yeniləşib, müasirləşib.

Bu gün regionda və dünyada hamı görür və etiraf edir ki, sürətli müasirləşmə siyasətinin həyata keçirildiyi Azərbaycanda sabitlik, əmin-amanlıq ən vacib amillərdən biridir. Ölkədə hər bir vətəndaşın rahat yaşaması üçün təmin olunan rifah bugünkü Azərbaycan reallığının ən mühüm cəhətlərindəndir. Ölkə əhalisi, yəni, noyabrın 1-də seçki məntəqəsinə gəlib vətəndaşlıq borcunu yerinə yetirəcək insanlar inanırlar ki, qarşıdakı illərdə də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da inkişaf edəcəkdir.

Azərbaycanda hamı yaxşı bilir ki, ölkənin siyasi həyatında çox mühüm amil olan seçkilər, eyni zamanda, demokratiyanın ifadəsi, təzahürüdür. O da bir faktdır ki, demokratik, sabit ölkələrdə seçkilər daha yüksək səviyyədə keçirilir. Yəni, Azərbaycan cəmiyyəti növbəti parlament seçkilərinə yüksək əhval-ruhiyyə ilə gedir. Yerli və əcnəbi ekspertlər açıq şəkildə deyirlər ki, Azərbaycanda seçkiqabağı mühit normaldır, ictimai-siyasi sabitlik , mükəmməl seçki təcrübəsi və beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyi var və bu Seçki Məcəlləsi ilə azad, şəffaf və demokratik seçkilər keçirmək tam mümkündür. Bundan qabaqkı parlament seçkilərində iştirak etmiş xarici müşahidəçilərin çoxsaylı rəy və mülahizələri də bunu deməyə əsas verir. Kütləvi informasiya vasitələri yazırlar ki, artıq bir sıra siyasi partiyalar seçkilərdə iştirak edəcəklərini bəyan edib və hazırlıq işlərini aparırlar.

Xatırladaq ki, respublikamızda onlarca siyasi partiya fəaliyyət göstərir və onlar qanunvericiliyin tələbləri əsasında bu seçkilərdə iştirak edə bilərlər. Bundan başqa, Konstitusiyaya görə, hər bir vətəndaş qanunvericiliyə uyğun olaraq bu seçkilərdə iştirak etmək hüququna malikdir. Bütün partiyalar da yaxşı bilirlər ki, indiyədək respublikamızda keçirilən seçkilərdə mübarizə aparan tərəflərə bərabər imkanlar yaradılıb. Ona görə də hamı əmindir ki, qarşıdan gələn parlament seçkilərində də belə olacaq.

Təbii ki, seçki prosesinin vacib elementlərindən biri də müşahidəçilik missiyasının təşkil edilməsidir. Bu zaman seçki keçirən tərəfin səsvermənin ədalətli və şəffaf təşkil edilməsi barədə beynəlxalq aləmə dəqiq məlumat çatdırmaq imkanı yaranır. Ona görə də Azərbaycan dövləti keçirilən seçkilərin daim geniş beynəlxalq müşahidəçilər missiyaları tərəfindən izlənilməsində maraqlıdır. Odur ki, həm parlamentin rəhbərliyi, həm də Mərkəzi Seçki Komissiyası müvafiq strukturlar tərəfindən bir sıra beynəlxalq təşkilatlara, ölkələrin parlamentlərinə və digər qurumlara seçkiləri izləmək üçün dəvətlər göndərir. Azərbaycanda seçkiləri müşahidə etmək üçün mövcud olan prosedurlar çox sadədir. Bunun nəticəsində də hər seçkini minlərlə müşahidəçi izləmək imkanı qazanır. Konkret fakt göstərmək istəsək, qeyd edə bilərik ki, 2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərini on minlərlə yerli, 1400 nəfərə qədər isə beynəlxalq müşahidəçi izləmişdi. Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, Müstəqil Dövlətlər Birliyi, TürkPA, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, ATƏT Parlament Assambleyası və digər bir sıra beynəlxalq qurumların müşahidə missiyaları ölkəmizdə keçirilən seçkiləri həmişə izləyirlər.

Daha bir mühüm fakt ondan ibarətdir ki, Azərbaycanda keçirilən seçkiləri Yeni Azərbaycan Partiyasının üzv olduğu və əməkdaşlıq etdiyi siyasi partiyaların birləşdiyi beynəlxalq qurumlar da müşahidə edirlər. Bunlardan Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP), Latın Amerikası və Karib dənizi ölkələri siyasi partiyaları təşkilatının (COPPPAL) adını çəkə bilərik. Əlbəttə, qarşıdan gələn parlament seçkilərində də bu təşkilatların seçkiləri izləməsinin şahidi olacağıq.

Xatırladaq ki, sentyabrın 3-də, Bakıda Mərkəzi Seçki Komissiyasının (MSK) və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə seçkilərlə bağlı müraciətlərə baxılmasına həsr olunmuş seminar keçirilib. Seminarda MSK sədrinin müavini Natiq Məmmədov, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Pilts, seçki məsələləri üzrə ekspert Sergey Kaleçenko, MSK üzvləri, MSK katibliyinin təmsilçiləri və dairə seçki komissiyalarının nəzdində olan ekspert qruplarının üzvləri iştirak edirdilər. Həmin tədbiri yada salmaqda məqsədimiz odur ki, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Pilts həmin tədbirdə belə bir etiraf səsləndirib: “Azərbaycanın Mərkəzi Seçki Komissiyası bu sahədə nailiyyətlər əldə edib, öz fəaliyyətində beynəlxalq təşkilatların tövsiyələrini nəzərə alır”.

Bundan başqa, MSK rəsmiləri həmin tədbirdə Azərbaycanın seçki həqiqətlərini bir daha Avropa təmsilçilərinin nəzərinə çatdırıblar. MSK sədrinin müavini Natiq Məmmədov çıxışında qeyd edib: “ Ölkədə çoxpartiyalı sistem mövcuddur, burada xalqın iradəsi əksini tapır. 5 milyondan artıq seçici, 50-dən çox siyasi partiya var. Azərbaycan bu istiqamətdə inkişaf edir”.

MSK rəsmisi bildirib ki, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda keçirilən seçkilərdə də bəzən problemlər olur, çünki seçki geniş prosesdir: “Burada seçicilərinin hamsının hüquqlarının təmin edilməsi asan məsələ deyil. Buna baxmayaraq, 2010-cu ildə keçirilən parlament seçkilərində MSK-ya daxil olan şikayətlərin sayı 267, 2013-cü ildə keçirilən prezident seçkilərində isə 19 olub. Bu, yaxşı haldır. Ölkədə seçki ilə bağlı təkmilləşdirmə işi aparılır. Seçkidə iştirak edən 5 milyon seçicidən 50-100 nəfəri narazı qala bilər. Biz azlıqda qalan şəxslərin də şikayətlərini və müraciətlərini araşdırmalıyıq”.

Xüsusilə vurğulanmalı məqamı bir daha yada salaq. Avropa İttifaqının nümayəndəsi Toralf Pilts çıxışında qeyd edib ki, demokratik seçkilər demokratiyanın əsaslarından biridir: “Buna görə də Avropa İttifaqı müxtəlif proqramlar çərçivəsində Azərbaycanla əməkdaşlıq edir.  Bizim birgə fəaliyyətimiz seçki prosesinin təkmilləşdirilməsinə öz töhfəsini verir”.

Sonda bir daha xatırladaq ki, dövlətimiz beş il əvvəl parlament seçkilərinə gedərkən YAP-çı namizədlərin insanlara verdiyi vədlər tamamilə yerinə yetirilib. Ən əsası odur ki, Azərbaycan dövləti milli maraqlarımıza uyğun siyasət həyata keçirir. Bu isə seçicilər tərəfindən birmənalı və davamlı olaraq dəstəklənir.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında