Düzgün sosial-iqtisadi strategiya regionların inkişafını sürətləndirir

Azərbaycanın davamlı sosial-iqtisadi inkişafının təmin olunmasında, makroiqtisadi sabitliyin qorunmasında, dünya iqtisadi böhranının mənfi təsirinin qarşısının alınmasında ölkə Prezidenti cənab İlham Əliyevin böyük uzaqgörənliklə apardığı iqtisadiyyatın şaxələndirilməsi siyasətinin, o cümlədən bu siyasətin prioritet istiqamətlərindən olan regionların inkişafı strategiyasının müstəsna əhəmiyyəti var.

Xatırladaq ki, 2004-cü ildən uğurla icra edilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına müsbət təsir göstərmiş, bununla da ölkənin strateji inkişaf hədəflərinə nail olunmasına əhəmiyyətli töhfəsini vermişdir.

Regional proqramlar Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcını qoymuş, regionların inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri səviyyəsinə qaldırmışdır. Böyük uzaqgörənliklə müəyyənləşdirilmiş bu strategiyanın düzgünlüyü son illərdə öz bariz təsdiqini tapmış, respublikamızın şəhər və kəndlərinin siması köklü şəkildə dəyişmiş, əhalinin paytaxta axını səngiyərək əks proses başlanmış, rayonlarda işləməyə və yaşamağa üstünlük verənlərin sayı artmışdır.

Hazırda regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı üçüncü Dövlət proqramı uğurla həyata keçirilir. Ötən müddətdə adıçəkilən proqram çərçivəsində görülən işlər, həyata keçirilən layihələr əldə edilən uğurlu nəticələrlə zəngin olmuşdur. Regionlarda infrastruktur layihələrinin icrası, o cümlədən yol-nəqliyyat, elektrik, qaz və su təchizatı infrastrukturunun yenilənməsi işləri davam etdirilmişdir.

Avtomobil yolları sektorunda irihəcmli layihələrin icrası uğurla həyata keçirilmişdir. Dövlət proqramı çərçivəsində bu ilin ötən ayları ərzində Qəbələ-Ağdaş, Kürdəmir-İmişli, Bəhramtəpə-Biləsuvar, Cəlilabad-Yardımlı, İsmayıllı-Lahıc, Qusar-Ənik-Ləzə, Şəki-Qax və digər avtomobil yollarında əsaslı təmir işləri aparılmışdır.

Hacıqabul-Kürdəmir, Kürdəmir-Ucar-Yevlax avtomobil yollarının I texniki dərəcə səviyyəsində tikintisi, Muğanlı-Yevlax yolunun yenidən qurulması, Bakı-Şamaxı-Yevlax yolunun 15-67-ci kilometrlik hissəsində əlavə 2 zolağın tikintisi, Ələt-Astara avtomobil yolunun Masallı-Lənkəran hissəsinin, Kür çayı üzərində yeni körpünün tikintisi davam etdirilmişdir.

Son illərdə infrastruktur layihələrinin icrası, biznes və investisiya mühitinin yaxşılaşdırılması, həyata keçirilən dövlət dəstəyi tədbirləri regionların iqtisadi potensialını gücləndirməklə ölkə Prezidentinin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri kimi sahibkarlığın inkişafına təkan vermişdir. Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, prosedurların sadələşdirilməsi, əsassız müdaxilələrin qarşısının alınması və digər istiqamətlər üzrə mühüm işlər görülmüş, elektron xidmətlərin sayı 450-yə çatmışdır. Gənclərin sahibkarlıq təşəbbüsünün dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması məqsədilə Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində ilk biznes qurumu fəaliyyətə başlamışdır.

Prezident İlham Əliyev regionların inkişafı ilə bağlı çıxışlarının birində demişdir: “Bu gün qeyri-neft sektoru prioritet olaraq qalır, bütün lazımi tədbirlər görülür. Hesab edirəm ki, bu il qeyri-neft sektorumuz daha da arta bilər. Çalışmalıyıq ki, ümumiyyətlə, qeyri-neft sektorumuz ümumi daxili məhsulun çox böyük hissəsini təşkil etsin. Ancaq o da həqiqətdir ki, bir neçə ildən sonra “Cənub” qaz dəhlizi işə düşəndən sonra bizim qaz ixracımız kəskin şəkildə artacaq. Beləliklə, neft-qaz sektorumuz daha da böyüyəcək. Belə olan halda qeyri-neft sektorunun daim neft sektorunu üstələməsi üçün biz əlavə tədbirlər görməliyik. Bu tədbirləri görürük. Onların içərisində, əlbəttə ki, infrastruktur layihələri bölgələrdə iqtisadi inkişafa şərait yaradır. Eyni zamanda, dövlətin sahibkarlara olan münasibəti, diqqəti və dəstəyidir.

Mən sahibkarlarla il ərzində dəfələrlə görüşürəm. Hər il biz regionların sosial-iqtisadi inkişafı Dövlət proqramını müzakirə edərkən bu görüşlər olur. Ondan sonra mənim bütün bölgələrə, rayonlara səfərlərimdə bölgələrdə hansısa sənaye obyektinin açılışı nəzərdə tutulur. Beləliklə, sahibkarlara göstərilən siyasi dəstək kifayət qədər yüksəkdir. Eyni zamanda, dövlət sahibkarlığın inkişafı üçün digər tədbirlər də görür. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli şərtlərlə kreditlər verilir. Bu kreditlər real iqtisadiyyatın inkişafını təmin edir, iş yerlərinin yaradılmasına şərait yaradır. Bu il də kifayət qədər böyük məbləğdə kreditlər ayrılıb".

Xatırladaq ki, bu ilin ötən dövrü ərzində respublika üzrə 3590-dan çox sahibkara 132,8 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 8000-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcəkdir.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “2004-cü ildə birinci proqramın qəbul edilməsi tarixi hadisə idi. Yadımdadır, 2003-cü ildə prezident seçkiləri ərəfəsində bəyan etmişdim ki, əgər xalq mənə etimad göstərərsə, ilk növbədə, regionların inkişafı ilə məşğul olacağam və proqram qəbul ediləcəkdir. Belə də oldu, 2004-cü ilin fevralında regionların sosial-iqtisadi inkişafı birinci Dövlət Proqramı qəbul olunmuşdur və 5 il ərzində uğurla icra edilmişdir. O vaxt bəyan etmişdim ki, 600 min iş yeri yaradılacaqdır. Ancaq ondan daha çox iş yeri yaradılmışdır. Baxmayaraq ki, o vaxt bizim böyük maliyyə resurslarımız yox idi, valyuta ehtiyatlarımız çox məhdud idi, iqtisadiyyat çoxşaxəli deyildi və neftdən gələn gəlirlər hələ ki, qabaqda idi. Buna baxmayaraq, düşünülmüş siyasət nəticəsində və xalqın böyük dəstəyi ilə biz birinci proqramı uğurla başa vurduq və ikinci proqram qəbul edildi. Əlbəttə ki, ikinci proqramı qəbul edərkən artıq Azərbaycan dəyişmişdi. 2009-cu ildə Azərbaycan artıq ayaqda möhkəm dayanmışdı. Artıq bizim gəlirlərimiz gəlməyə başlamışdı. Ona görə hələ 2009-cu ildə ikinci proqramın icrası ilə bağlı demişdim ki, mən heç bir problem görmürəm. O proqram da artıqlaması ilə icra edilmişdir.

Biz üçüncü proqramı da 2018-ci ilə qədər uğurla icra etməliyik. Baxmayaraq, bir daha demək istəyirəm ki, ətrafda gedən xoşagəlməz proseslər mənzərəni tam dəyişmişdir. İstisna edilmir ki, gələcək illərdə bölgədə gərginlik daha da artacaq. Çünki bu vaxta qədər görmədiyimiz təhlükələr meydana çıxır. İstisna olunmur ki, böhranla, iqtisadi, maliyyə böhranı ilə bağlı bizi qarşıda daha da böyük sınaqlar gözləyə bilər. Ancaq biz bütün bu çağırışlara hazır olmalıyıq və hazırıq. Çünki vaxtında bütün tədbirləri görmüşük, heç vaxt populist bəyanatlarla çıxış etməmişik, heç vaxt xaricdə yerləşən hansısa quruma xoşa gəlmək üçün addımlar atmamışıq. Ancaq praqmatik siyasət aparmışıq, Azərbaycan xalqının maraqlarını qorumuşuq və ölkəmizi inamla idarə etmişik. Ona görə əminəm ki, üçüncü proqramın icrası ilə də bağlı heç bir problem olmamalıdır. Proqramı icra etmək üçün bütün cəmiyyət səfərbər olmalıdır və əminəm ki, biz buna nail olacağıq".

Yeri gəlmişkən, regionların sosial-iqtisadi inkişafı ilə bağlı üçüncü Dövlət proqramına uyğun olaraq 2014-cü ilin yanvar ayından cari ilin iyul ayının 1-nə kimi ölkədə 187,9 min (153,1 mini daimi) yeni iş yeri, bu ilin altı ayında 60,6 min (48 mini daimi) yeni iş yeri açılmışdır. Bu müddətdə açılan yeni iş yerlərinin 75,1 faizi qeyri-dövlət sektoruna aiddir. Onların 68,8 faizi regionların, o cümlədən 19,8 faizi Aran, 14,3 faizi Gəncə-Qazax, 7,7 faizi Abşeron, 6,5 Lənkəran və digər iqtisadi rayonların payına düşür. Daimi iş yerlərinin 13,7 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 11,3 faizi isə mövcud müəssisə və təşkilatlarda yaradılmışdır.

İntensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönəlmiş siyasət, dövlət dəstəyi tədbirləri, eləcə də bu sahədə sahibkarlığın inkişafı, müasir texnologiyalara əsaslanan yüzlərlə müəssisənin açılması da öz nəticəsini vermiş, idxaldan asılılığın azalmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur. Eyni zamanda, qiymətlərin sabit saxlanılması məqsədilə istehlak bazarında gündəlik monitorinqlər aparılmaqla bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilmiş, nəticədə süni qiymət artımına yol verilməmişdir.

Ötən illər ərzində milli ərzaq təhlükəsizliyinin təminatı möhkəmlənmiş, daxili istehsal hesabına əhalinin əsas ərzaq məhsulları ilə təminatı səviyyəsi iki dəfəyə qədər artmış, meyvə-tərəvəz və bir sıra digər məhsulların tələbatdan artıq istehsal edilməsi bu məhsullar üzrə ixrac potensialını artırmışdır.

Son illərdə regionlarda inşa edilmiş və ya əsaslı təmir olunmuş yüzlərlə su anbarı, hidroqovşaqlar, kanallar, drenaj şəbəkələri, subartezian quyuları aqrar sektorun, içməli su və enerji təchizatının daha da yaxşılaşdırılmasına imkan yaratmışdır.

Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev demişdir: “Hətta böhranlı illərdə Azərbaycan sürətlə inkişaf edə bilər. Çünki bizim düşünülmüş siyasətimiz var. Bizim proqramlarımız reallıq üzərində qurulubdur. Hər bir məsələ, hər bir sahə ilə bağlı çox konkret fəaliyyət planı var - regionların inkişafı, işsizliyin aradan qaldırılması, sənayeləşmə, kənd təsərrüfatının inkişafı. Deyə bilərəm ki, kənd təsərrüfatının inkişafı üçün bu il çox önəmli addımlar atılmışdır. Bir neçə fərman imzalanmışdır ki, bu da kənd təsərrüfatının inkişafına xidmət göstərir. Məsələn, taxılçılıqda məhsuldarlıq böyük dərəcədə - təxminən 20 faiz artmışdır. Əvvəllər hektardan 22 sentner götürürdüksə, mənə verilən məlumata görə, indi 30 sentner götürmüşük. Dövlətin dəstəyi ilə iri fermer təsərrüfatları yaradılır, meliorasiya tədbirləri, bütün aqrotexniki tədbirlər görülür, strukturlaşma prosesi gedir və şəffaflıq təmin edilir”.

Son 12 ildə regionların inkişafı, əhalinin sosial müdafiəsinin beynəlxalq standartlara uyğunlaşdırılması və maddi rifah halının yaxşılaşması, neft gəlirlərini qeyri-neft sektoruna yönəltməklə və modern texnologiyalara əsaslanmaqla yeni və qabaqcıl sənaye sahələrinin yaradılması istiqamətində mühüm uğurlar əldə edilmişdir. Ölkə boyu nəhəng tikinti-quruculuq və abadlıq işləri davam etdirilmiş, bir sıra sosial obyektlər tikilmiş, təhsil, mədəniyyət, səhiyyə, idman, turizm, ekologiya sahələrində böyük irəliləyiş baş vermişdir. Görülən işlər və nəticələr deməyə əsas verir ki, Azərbaycan dünyaya özünün uğurlu inkişaf modelini təqdim edə bilmiş və qısa zaman kəsiyində ölkəmizdə, sözün əsl mənasında, inqilabi yeniləşmə və tərəqqiyə nail olunmuşdur.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında