Pyotr Poroşenko: Rusiya Ukraynada sabitliyi pozmağa çalışır

Ukrayna Prezidenti Pyotr Poroşenko Rusiyanı ölkəsində sabitliyi pozmaq üçün kampaniyanı genişləndirməkdə ittiham edib. Onun sözlərinə görə, məhz bu kampaniyanın nəticəsində Ali Radanın qarşısında qarşıdurma yaranıb və 3 nəfər həlak olub. Məlumatı TASS verib.

"Rusiya ultrasağ və digər qruplaşmalardan istifadə edərək Ukraynada sabitliyi pozmağa çalışır", - deyə Poroşenko bəyan edib. Onun fikrincə, son vaxtlar Moskvanın Ukraynaya qarşı siyasəti ağlasığmaz xarakter alıb. Prezident eyni zamanda, hesab edir ki, Moskvanın bəzi addımları təkcə Ukrayna üçün deyil,  Avropa və qlobal təhlükəsizlik üçün təhdiddir.

Poroşenkonun sözlərinə görə, hətta Böyük Britaniya da tez-tez Rusiya Hərbi Hava Qüvvələrinin təyyarələri ilə qarşılaşır, bunlar guya krallığın hava məkanını pozurlar.

Rusiya isə dəfələrlə bəyan edib ki, Ukraynada baş verən hadisələrdə heç bir şəkildə iştirak etmir, yalnız rəsmi Kiyev ilə Donbasın tanınmamış "respublikaları" arasında aparılan danışıqlarda vasitəçilik edir.

Qeyd edək ki, bu həftənin birinci günü 3 min nəfərə qədər insan Ukrayna Konstitusiyasına dəyişikliklərin müzakirəsi ilə əlaqədar parlamentin qarşısında piket keçirmiş, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə piketçilər arasında qarşıdurma yaranmışdı. Mitinqçilər parlamentə hücum çəkmiş, onlardan biri asayiş keşikçilərinin üzərinə döyüş qumbarası atmışdı. Nəticədə Milli Qvardiya döyüşçülərindən 3 nəfər həlak olmuş, 141 nəfər yaralanmışdı. Yaralananlardan 131 nəfəri milis və Milli Qvardiya əməkdaşı olmuşdu.

Dünən Kiyevin Peçersk rayon məhkəməsi Ali Rada qarşısında qarışıqlıq yaradanlardan 9 nəfər barədə 60 günlük həbs qərarı çıxarıb. Həbs edilənlər bir sıra digər cinayətlərlə yanaşı, "terror aktı törətməkdə" və "cinayətkar təşkilat yaratmaqda" günahlandırılır. Həbs edilmiş İqor Qumenyuk isə hüquq-mühafizə orqanları əməkdaşlarının üstünə qumbara atmaqda şübhəli bilinir.

Ukraynanın "112" telekanalının verdiyi məlumata görə, hakim Oleq Belotserkovets prokurorluğun vəsatətini təsdiq edərək Qumenyuku həbsə alıb. O, 29 oktyabra - istintaq başa çatana qədər həbsdə qalacaq. Qumenyuk, eyni zamanda, məhkəmə-tibbi müayinəyə göndərilib.

Ukrayna Prezidenti istintaqın şəffaf aparılmasını, qarışıqlıqların təkcə iştirakçılarını deyil, həm də siyasi sifarişçilərini cəzalandırmağı tələb edib. Bu barədə dövlət başçısı Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında bəyan edib: "İstintaq orqanları təkcə icraçılarla kifayətlənməməlidir. Sifarişçilər, təşkilatçılar, o cümlədən siyasi sifarişçilər tapılmalı və cəzandırılmalıdır. Maksimum şəffaf istintaq aparılmalıdır, qoy bütün ölkə, bütün dünya görsün ki, kim və nə məqsədlə sabitliyi pozmağa çalışır".

Bundan başqa, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası (MTMŞ) bir sıra Rusiya şirkətləri və vətəndaşlarına qarşı sanksiyaları genişləndirib. Bununla bağlı MTMŞ-nın iclasında qərar qəbul edilib. Şuranın mətbuat xidmətindən bildirilib ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası Nazirlər Kabineti və Təhlükəsizlik Xidmətinin təkliflərini nəzərə alaraq Rusiya Federasiyasının hüquqi və fiziki şəxslərinə qarşı tətbiq edilən sanksiya  siyahısını genişləndirməyi qərara alıb. Bu şirkət və vətəndaşlar terror fəaliyyəti həyata keçirir, terrorizmin maliyyələşdirilməsi, yaxud ona dəstək verilməsində iştirak edir, həmçinin beynəlxalq hüquq normalarını pozaraq Ukrayna ərazisinin bir hissəsinin Rusiya tərəfindən ilhaq edilməsini dəstəkləyirlər.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında