Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunur ki, hər bir şəxs dövlət və cəmiyyət qarşısında hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər bir şəxs də ali qanunumuzda nəzərdə tutulan normalara və ölkə qanunlarına əməl etməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
Vətəndaşın dövlət və cəmiyyət qarşısında mühüm vəzifələrindən biri də qanunla müəyyən edilmiş vergiləri və digər ödənişləri tam həcmdə və vaxtında ödəməsindən ibarətdir. Ən əsası, qanuna zidd hərəkətlərə yol verilməməsi vətəndaşın qarşısında dayanan vacib vəzifədir və qanunları bilməmək onu məsuliyyətdən azad etmir. Bu günlərdə “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın da təsdiqlənmiş ittihamlara görə azadlıqdan məhrum edilməsi, onun vətəndaş olaraq vəzifələrini yerinə yetirməməsinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir.
“Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova jurnalist fəaliyyəti ilə bağlı olmayan konkret cinayət əməlləri törətməkdə ittiham olunurdu. Məhkəmə prosesi zamanı onun günahı tam sübuta yetirildi və müvafiq qərar qəbul edildi. Xüsusilə qeyd olunmalıdır ki, müttəhimin ona qarşı irəli sürülən ittihamları mübahisələndirmək üçün zəruri məhkəmə şəraiti yaradılmışdı. Açıq məhkəmə çəkişməsi şəraitində keçən prosesdə X.İsmayılovanın konkret cinayət əməllərinə yol verdiyi təsdiqləndi. Məhkəmə müzakirələrində onun jurnalist fəaliyyətinin peşə istiqamətinə uyğun olmadığı və vergidən yayınma, qanunsuz sahibkarlıq və digər ciddi cinayət əməllərini də əhatə etdiyi müəyyənləşdi. Demokratik və şəffaf keçən məhkəmə prosesində X.İsmayılovanın vətəndaş kimi üzərinə düşən vacib vəzifə və öhdəliklərinə arxa çevirdiyi aşkara çıxarıldı və müttəhim layiqli cəzasını aldı. Qanun pozuntusunu aşkar edərək, cinayətkar barədə layiq olduğu cəza tədbirini seçməklə də dövlət cəmiyyət qarşısında mühüm vəzifəsini yetinə yetirmiş oldu.
Amma təəccüblüdür ki, hüququn tələb etdiyi addımların atılması Qərbin bəzi ölkə və təşkilatları tərəfindən narazılıqla qarşılanır. Ciddi qanun pozuntularına yol vermiş şəxsin isbatlanmış cinayət əməllərinə görə azadlıqdan məhrum olunması antiazərbaycan qüvvələri qıcıqlandırır. Məhkəmə prosesi ətrafında reallığı əks etdirməyən əsassız rəy və fikirlərə istinad edən bəzi beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlərin rəsmi nümayəndələri, həmçinin, bir sıra beynəlxalq hüquq-müdafiə təşkilatları məhkəmənin Xədicə İsmayılova barəsində qəbul etdiyi qərarı siyasiləşdirməyə cəhd göstərirlər. Halbuki, yolverilməz olan bu cəhdlər məhkəmənin işinə müdaxilədir, hakim qərarının siyasiləşdirilməsi və onun mahiyyətinin təhrif olunması səyləridir. Bundan başqa, sırf hüquqi müstəvidə həll edilmiş məsələ ətrafında siyasi bəyanatlar səsləndirilməsi müstəqil dövlətin daxili işlərinə qarışmaqdır və belə cəhdlər qınanmalı və qəbuledilməzdir. Azərbaycan demokratik prinsiplər əsasında fəaliyyət göstərən ədalətli məhkəmə sisteminə malikdir və müstəqilliyi tam şəkildə təmin olunmuş məhkəmə hakimiyyətinin qəbul etdiyi qərarlara hörmətlə yanaşmaq hamının borcudur. Ən əsası, qanunla hər bir vətəndaşın məhkəmə qərarlarından apellyasiya qaydasında müraciət etmək hüququ da var.
Bununla belə, təsdiqlənmiş rəsmi dəlilləri qəbul etmək istəməyən antiazərbaycan qüvvələr ölkəmizin daxili işlərinə qarışmağa çaılışırlar. Azad mətbuat, insan hüquq və azadlıqlarını bəhanə gətirən bu qüvvələr müstəqil siyasət yürüdən, yalnız bərabərhüquqlu öhdəlikləri əhatə edən əməkdaşlığa üstünlük verən Azərbaycan dövlətinə qarşı çirkin kampaniya aparmağa cəhd göstərirlər. Dövlət müstəqilliyi qazandıqdan sonra ölkədə söz və məlumat azadlığı tam təmin edilmişdir, kütləvi informasiya vasitələrinin müstəqilliyini daha da inkişaf etdirmək istiqamətində ardıcıl tədbirlər görülür. Hazırda Azərbaycanda çox sayda KİV azad şəkildə və təhlükəsizlik şəraitində fəaliyyət göstərir, jurnalistlər heç bir maneə olmadan öz vəzifə borclarını yerinə yetirirlər. Güclü dövlət və vətəndaş cəmiyyəti quruculuğunda azad mətbuatın rolu yüksək qiymətləndirilən Azərbaycanda jurnalistlər peşə fəaliyyətinə görə məsuliyyətə cəlb edilmirlər. Ancaq bütün bu faktlar bəzi xarici dairələr tərəfindən qəbul olunmur, çünki Azərbaycanın müstəqil siyasət yürütməsi onların maraqlarına cavab vermir. Buna görə də, həmin qüvvələrin Azərbaycan reallıqlarını təhrif etmək cəhdlərinin nəticəsiz qalacağı şübhə doğurmur. Bəzi xarici dairələrin ölkəmizin demokratik imicinin zədələnməsinə istiqamətlənmiş fəaliyyətinin və Azərbaycanın son onilliklərdə əldə etdiyi siyasi-iqtisadi uğurlarına kölgə salmaq səylərinin fiaskoya uğrayacağını əminliklə deyə bilərik.
Alman filosofu Hegel deyirdi ki, insanın başqalarına olan münasibətlərində başlıca öhdəliyi sözləri ilə əməlləri arasında doğruluğudur. Xədicə İsmayılova jurnalist çətiri altında gizlənərək, bir sıra ciddi cinayətlərə yol verməklə, iddialı sözlərilə əməlləri arasında doğruluğun olmadığını təsdiqləməklə yanaşı, həm də cəmiyyətə olan münasibətsizliyini ortaya qoymuş oldu. Həqiqət budur ki, “Azadlıq” radiosunun əməkdaşı cinayətlərə yol verdi, müasir dövlətin ədalətli məhkəmə sistemi tərəfindən də mühakimə olunaraq azadlıqdan məhrum edildi. Lakin həqiqət axtarışında olmayan, uydurulmuş faktlara qulaq verən bəzi ölkə nümayəndələri, məsələn, Böyük Britaniya xarici işlər naziliyinin Avropa üzrə naziri David Lidinqton reallıqdan uzaq çağırışlar səsləndirir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “newtimes.az” portalına müsahibəsində britaniyalı nazirin Xədicə İsmayılova barədə çıxarılan məhkəmə hökmü ilə bağlı səsləndirirdiyi bəyanatına münasibətini belə açıqlayır: “Bu, David Lidinqtonun Azərbaycanla bağlı ilk mövqeyi deyil. O, Avropa üzrə nazir olmasına baxmayaraq, Azərbaycanla bağlı hər dəfə bir qərəzli bəyanat vermək üçün sanki fürsət axtarır və dəfələrlə bunu etmişdir”. N.Məmmədovun sözlərinə görə, D.Lidinqton Britaniyanın beynəlxalq hüquq və öhdəlikləri barədə danışmaq əvəzinə, Azərbaycanı qanunun aliliyinə əməl etməyə çağırır: “Ona sual ola bilər ki, qanunun aliliyindən danışanların özlərinin bir beynəlxalq öhdəliyi varmı? Nə üçün Birləşmiş Krallığın adından, fürsət düşən kimi, Azərbaycanla bağlı subyektiv bəyanatlar verir və mövqe bildirir, lakin beynəlxalq hüququ bu illər ərzində heç olmasa bir dəfə yada salıb Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qaçqınlarla bağlı mövqe bildirmir?”. Novruz Məmmədov qeyd edir ki, britaniyalı nazir 3 ildən artıqdır bütün hüquqlarından məhrum olmuş, həbs şəraitində sığınacaq tapmış Julyen Asanjla bağlı insan hüquqları baxımından bəyanat səsləndirsəydi, o zaman həqiqətən qərəzli olmadığını münayiş etdirərdi.
Şübhəsiz, Xədicə İsmayılova, eləcə də Leyla Yunus və onun əri Arif Yunus barədə məhkəmənin qəbul etdiyi qərarlara beynəlxalq təşkilatlar və bəzi ayrı-ayrı fərdlərin qərəzli yanaşması ikili standartların göstəricisidir. Bu gün heç kimə sirr deyil ki, dünyanın bir çox ölkəsi Qərbin ikili standartları ilə üzləşir və belə qərəzli mövqe ilə qarşılaşan ölkələr də haqlı olaraq etirazlarını nümayiş etdirirlər. Ona görə də, ABŞ Dövlət Departamentinin bu məsələlərlə bağlı bəyanatını, “dünyada 20 qadının azad olunması” ilə bağlı Leyla Yunus və Xədicə İsmayılovanın da adının həmin siyahıya daxil edilməsini, ATƏT-in və digər beynəlxalq təşkilatların bəyanatlarını Azərbaycanda məhkəmə hakimiyyətinin işinə müdaxilə kimi qiymətləndirmək olar. Buna görə də, son bəyanatları Azərbaycana qarşı aparılan qərəzli kampaniyaların tərkib hissəsi kimi qiymətləndirməklə yanaşı, məhkəmənin işinə müdaxilə və ölkənin daxili işlərinə qarışmaq cəhdi kimi də dəyərləndirmək mümkündür. Təbii ki, bütün bunlar yolverilməzdir. Azərbaycan bütün dövlət və təşkilatlarla bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq münasibətlərinin qurulmasında maraqlıdır. Buna görə də, xalqın etimad və dəstəyinə söykənən Azərbaycan dövlətinin uzun illər ərzində formalaşmış konstruktiv əməkdaşlığa kölgə salan belə qeyri-səmimi münasibətləri qəbul etməyəcəyi və bütün qərarların qəbul edilməsində ancaq milli maraqlarını əsas götürəcəyi hamıya məlumdur.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.