Rusiyalı politoloq: Moskva Dağlıq Qarabağ münaqişəsinin aktiv fazaya keçməsinin əleyhinədir

“Dağlıq Qarabağ münaqişəsi Qafqazda ən təhlükəli münaqişədir... Qarabağda müntəzəm olaraq silah səsləri eşidilir, hər iki tərəf itki verir. Müharibənin hər an başlanması ehtimalı yüksəkdir”.

Bu sözləri APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya Dövlət Humanitar Universitetinin regionşünaslıq və xarici siyasət kafedrasının dosenti, tanınmış siyasi ekspert Sergey Markedonov deyib.

Politoloq bildirib ki, Moskva Dağlıq Qarabağ münaqişəsinin aktiv fazaya keçməsinin əleyhinədir: “Kremldə yaxşı başa düşürlər ki, Dağlıq Qarabağda baş verəcək yeni müharibə regionu və münaqişənin tənzimlənməsini onların nəzarətindən çıxara bilər. Mövcud status-kvonun məhz müharibə yolu ilə dəyişdirilməsi bu gün Rusiyanın maraqlarına xidmət etmir. Ona görə də, hesab edirəm ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması baxımından olduqca aktualdır. Rusiya tərəfi münaqişənin hərb yolu ilə deyil, məhz siyasi danışıqlar yolu ilə həllinə tərəfdardır”.

S. Markedonovun fikrincə, Moskva üçün vacib olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ cəbhəsində silah səslərinin eşidilməməsidir: “Kreml üçün əsas məsələ bu regionda hərbi əməliyatların aparılmamasıdır. Çünki bu, Rusiya üçün əlavə riskdir. Münaqişə zonası Rusiyanın sərhədlərinə çox yaxındır. Dağlıq Qarabağda yeni müharibənin başlanması kifayət qədər həssas olan Şimali Qafqaz üçün də böyük təhlükədir”.

Ekspert Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulması və Sergey Lavrovun Bakıda bu mövzuda danışıqlar aparmasının mümkünlüyünü də şərh edib: “Fikrimcə, Azərbaycan Avrasiya İqtisadi Birliyinə qoşulmayacaq. Çünki hər şeydən əvvəl bu, rəsmi Bakının özü üçün maraqlı deyil. Bakı üçün maraqlı olan Ermənistan üzərində qələbə qazanaraq - fərqi yoxdur, ya müharibə, ya da sülh yolu ilə - Qarabağı geri qaytarmaqdır. Bu təşkilata qoşulmaq isə Dağlıq Qarabağı Azərbaycana geri qaytarmayacaq. Ona görə də, Azərbaycan üçün bu məsələ maraqlı deyil. Hesab edirəm ki, Rusiya tərəfi də bunu yaxşı başa düşür. İki ölkə arasında aparılan danışıqlarda Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlük məsələsi, fikrimcə, müzakirə olunmur. Bu məsələ süni olaraq ortaya atılır. Rusiya ilə Azərbaycan arasında bütün sahələrdə yüksək səviyyədə ikitərəfli əlaqələr mövcuddur. Moskva yaxşı başa düşür ki, bir-biri ilə düşmən olan Azərbaycan və Ermənistanın bu təşkilatda təmsil olunması quruma heç bir fayda verməyəcək, əksinə, onun fəaliyyətini tormozlayacaq. Ona görə də, Moskvaya da bu lazım deyil. Rusiya bundan sonra da Azərbaycanla münasibətləri ikitərəfli əlaqələr formatında davam etdirəcək”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında