TÜRKİYƏ: hərbi və siyasi mübarizənin reallıqları və gözləntilər

Son aylar qardaş Türkiyənin başının üstünü almış terror buludu yenidən  öz aktiv fazasına keçmişdir. Bir tərəfdən İŞİD, digər tərəfdən də PKK-nın fəallığı ciddi fəsadlar verir. Əlbəttə, son 10 ilin ən böyük antiterror əməliyyatlarını aparan Türk Ordusu  1000 - dən çox terrorçunu zərərsizləşdirmiş, İraqın və Suriyanın şimalına hərbi hava qüvvələri yeridərək bölgəyə, xüsusilə, terrorçulara nəzarətini  gücləndirmişdir.

Bununla belə, PKK böyük zərbələr alsa da, yüzlərlə əlisilahlı quldurunu, silah-sursat anbarlarını, gizləndikləri mağaraları itirsə də, hələ təhlükəli olaraq qalmaqdadır. Bir sıra ekspertlər bunun səbəbini quru qoşunların  hələ də müdaxiləsinin olmamasında görürlər. Bəzi ekspertlər isə, müdaxilədən  öncə daxildəki terrorçuları və terrora dəstək verən qüvvələri zərərsizləşdirməyi vacib sayırlar. Türkiyənin daxilində qorxu və çaxnaşma kataklizmlər yaratmağa çalışan PKK terror təşkilatı, demək olar ki, partizan müqavimət üsulu ilə də olsa ölkəyə öz zərərini vurmaqdadır. Son günlərin hadisələri göstərir ki, Türkiyənin nəinki cənub-şərqi Anadolu bölgəsində, o cümlədən, İstanbulda və digər mərkəzi şəhərlərdə terrorçular tez-tez partlayışlar törədir, yük maşınlarını yandırır, dinc vətəndaşlara hücumlar təşkil edirlər. Bu, Türkiyə dövlətinin öncə daxildə nəzarəti gücləndirməsini, terrorun ölkə daxilinə nüfuz edən qollarını məhv etməsinin zəruriliyini ortaya qoyur. İllərdir Türkiyə İraq və Suriyada əməliyyatlar aparmaq istəyir, amma müəyyən qüvvələr daxildə kürd separatçılarını terrora cəlb edərək bu işə mane olurlar.  Bu baxımdan Türkiyənin Yaxın Şərqin söz sahibinə çevrilməsinin, müsəlman ölkələrini ətrafına toplamasının hər vəchlə qarşısı alınır.

 

Tarixi təcrübədən qaynaqlanan nüfuz

 

Bildiyimiz kimi, Türkiyənin regionu dərindən tanımasının, xalqların rəğbətini qazanan bir dövlət olmasının tarixi əsası vardır. Üç qitənin böyük torpaqlarını idarə edən Osmanlı dövləti 5 yüz ilə yaxın Yaxın Şərqin və Şimali Afrikanın şəriksiz sahibi olmuşdur. Üstəlik,  bu bölgələrin əhalisinin mütləq əksəriyyətinin sünni məzhəbindən olması Osmanlı xanədanı üçün əlverişli olmuşdur. Osmanlıda yüksək vəzifələrdə türklər olduğu kimi,  dövlətin idarəedilməsində ərəblər, kürdlər, farslar, hətta yunanlar da iştirak etmişlər. Bu baxımdan Osmanlı tarixən özünü millət dövləti kimi deyil, ümmət dövləti kimi tanıda bilmişdir. Abbasi və Əməvilərdən sonra Osmanlılar Sultan Səlimlə xəlifəliyi İstanbula gətirmiş və bundan sonra türk sultanları həm də xəlifə adlanmağa başlamışlar.

XX yüzilliyin əvvəllərində İngiltərə, Fransa və digər Qərb dövlətlərinin təhriki ilə ərəblər, ermənilər və  kürd əşirətləri Osmanlı xanədanına qarşı qiyam qaldırdılar. Bu qiyamlar rus-türk müharibələri ilə eyni vaxta təsadüf etdiyindən türklərin regionda siyasi nüfuzu aşağı düşdü, türk dövlətinin əlində olan torpaqlar ingilislərin, rusların, fransızların idarəsi altına düşdü. Baxmayaraq ki, bir sıra Yaxın Şərq ölkələri öz müstəqilliklərini elan etdilər, 100 ilin nəticələri sübut etdi ki, onların bir çoxu bu gün də Qərbin müəyyən dövlətlərindən asılıdırlar.  Tək - tük müstəqil siyasət yürüdən ölkələri də çox keçmir ki, sıradan çıxarılır. Regionda isə ümumiyyətlə hələ də qan su yerinə axır. Yəni türk hakimiyyətinin yoxluğu bölgə əhalisinin yalnız Türkiyənin bu qanlı olaylara son qoyacağı ümidini artırmağa kömək edir. Bu baxımdan Türkiyənin antiterror əməliyyatlara qoşulmağa cəhd etməsi həmin dövlətlərin əhalisi tərəfindən də alqışlanır. Lakin antiterror əməliyyatları start götürən  kimi daxildə terror tüğyan etməyə başlayır. Burada Türkiyənin tarixi təcrübədən qaynaqlanan nüfuzuna qarşı, sözün həqiqi mənasında, böyük iş aparılır. Vəhhabilik təmayüllü İŞİD-in ortaya atılması, kürd separatist təmayüllü PKK-nın, PYD-nin və YPG-nin güclənməsi də sonda qlobal aktorların Türkiyəni təsirsiz vəziyyətə gətirmə istəklərindən qaynaqlanır.

 

Paradoksal vəziyyət: Yeni hökumət,
hədəflər və problemlər

 

Bu günlərdə neçə aylardan bəri davam edən hökumətin kimlərdən təşkil olunması ilə bağlı müzakirələr yekunlaşdı. Beləliklə,  Türkiyə tarixində ilk dəfə koalisyon hökumət qurulur. Bu hökumətdə AKP (Ədalət və İnkişaf Partiyası) ilə HDP -nin (Xalqların Demokratik Partiyası)  ortaq anlaşması oldu və digər pariyalar dialoqa getmədilər. Paradoksal vəziyyət ondan ibarətdir ki, HDP-ni nəinki hökumətdə təmsil olunmasını istəməyən CHP (Cümhuriyyət Xalq Partiyası) ümumiyyətlə, bir partiya kimi mövcudluğunu qəbul etməyən MHP (Milliyyətçi Hərəkat Partiyası) belə AKP ilə qüvvələrini birləşdirmədilər. Çünki, onlar yaxşı başa düşürdülər ki, HDP  PKK terror təşkilatının siyasi qanadıdır və bu partiyanın rəhbərləri bütün təqdimatlarında PKK-nı dəstəklədiklərini, Öcalanın azadlığı üçün çalışdıqlarını bəyan edirlər. Bir çoxları diplomatik gedişlər etsələr də, bu partiyanın əsas hədəfi separatizmi dəstəkləmək və Kürdüstan adlı muxtariyyət və ya müstəqil dövlət yaratmaqdır. Yəni, belə qəliz  siyasi düyün nöqtəsində CHP və MHP-nin hökumətdə təmsil olunmaqdan imtina etməsi birmənalı qarşılanmayıb. Hər iki partiyanın elektoratı bu qərarla razılaşanlar və əleyhdarlar kimi iki yerə bölünüblər. CHP hökuməti formalaşdırmağa özü iddialı idi. Bu imkan onlara verilmədikdə, təbii ki, onlar da ümumiyyətlə, təmsilçilikdən imtina etdilər. MHP isə elə  əvvəldən AKP ilə hər hansı koalisiyaya getməyəcəyini bildirmişdi.

Hədəflərdən ən başlıcası terrorun kökünü kəsmək, Türkiyənin regionda hərbi və siyasi nüfuzunu artırmaq, iqtisadiyyatda sabitlik əldə etməkdir. Ən azı, növbədənkənar seçkilər keçirilənədək hökumətin formalaşdırılması vacibdir. Hazırda yeni hökumətdə AKP 11, HDP isə 3 nazirlə təmsil olunur. Digər 12 nazir postu isə müstəqil namizədlərə veriləcək. Problem ondadır ki, HDP terrorun tüğyan etdiyi bir vaxtda hakimiyyədə təmsil olunacaq. Bu isə AKP-nin PKK-ya qarşı daha kəskin mübarizə aparacağını sual altına qoyur. HDP terroru dildə dəstəkləməsə də, PKK-nın siyasi qanadı kimi terrora qarşı mübarizədə hökumətin sərt mövqeyini neytrallaşdıracaq. Bəhanə isə həmişə olduğu kimi, dinc insanların anti-terror əməliyyatlarda ölmək ehtimalı, Suriyada İŞİD-ə qarşı PKK-nın mübarizəsi və sair məsələlərdir.

Problemlərin belə qabarıq şəkildə özünü göstərməsi Türkiyə dövlətinin də hədəflərinə doğru getməsini çətinləşdirir. Vəziyyətdən çıxış yolu kimi ya təkrar seçkiyə gedilməsi, ya da terrorçu qrupların tam əzilməsi üzrə qətiyyət nümayiş etdirilməsi göstərilir. Bu arada MHP-nin qurucusu Alp Arslan Türkeşin oğlu, Ankaradan millət vəkili Toğrul Türkeş istisna hal kimi  Ə. Davudoğlunun təklifini qəbul edərək, Baş nazirin müavini postuna təyin olunub. D. Baxçalının və çoxsaylı MHP-linin tənqidlərinə baxmayaraq, o, doğru addım atdığını bildirib və belə gərgin məqamda HDP-nin təmsil olunmasına göz yuma bilmədiyini açıqlayıb. Əlbəttə, bəzi ekspertlər onun bu addımını doğru qiymətləndirib. İllərdir müxalifətçilik edərək konkret nəticə əldə etməməklə və qarşıya çıxan bütün şanslara yox deməklə HDP-nin bu qədər güclənməsinə şərait yaratmaq da Türkeşin vaxtında qurduğu amallarla ziddiyyət təşkil edir. Gətirilən əsaslar nə qədər doğru olsa belə, MHP-nin bu koalisiyada mütləq təmsil olunmalı olduğunu söyləyən partiya üzvləri də az deyil. Bütün siyasi strateqlər AKP-MHP dialoqunu üstün, uyğun variant kimi seçsə də, nəticədə tam başqa cür oldu. Belə gözlənilməz nəticənin sonluğu necə bitəcək, çox müəmmalıdır. Separatizm daha da alovlanacaq, yoxsa HDP onlara verilən çoxsaylı hüquqlara qane olub iddalardan əl çəkəcək ? Türkiyənin bütövlüyünə xələl gələcəkmi ? Əlbəttə, hazırkı reallıqlar Türkiyənin o qədər də xoşagələn duruma düşmədiyini göstərsə də, türk xalqının böyüklüyünü, ən çətin məqamlarda belə özündə qüvvət taparaq qələbə çalmaq əzmini və eyni zamanda, güclü  dövlətçiliyinin olmasını nəzərə alaraq ümid edirik ki, qardaş ölkə bu çətinliyin də öhdəsindən gələ biləcəkdir.

Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında