Güclü mühacir axını Avropada müzakirələri yenidən qızışdırır. İkinci dünya müharibəsinin bitməsindən sonra ilk dəfədir belə çoxsaylı mühacirin “hücumuna” məruz qalması “Köhnə dünya”nı yaranmış mürəkkəb vəziyyətdən çıxış yolları axtarmağa vadar edir. Amma aparılan müzakirələr və atılan addımlar mühacir böhranının həllində ciddi nailiyyətlər əldə etməyə imkan vermir. Hətta bəzi ölkələr Şengen zonasından çıxmağın mümkünlüyünü müzakirə predmetinə çevirməyə meyil göstərir. Belə müzakirələri təhlükəli hesab edən mütəxəssislər düşünürlər ki, qitədə belə mənzərənin yaranması, ilk növbədə, Avropa İttifaqı ölkələrində mühacirətlə bağlı qəbul olunmuş qanunlarla əlaqədardır.
Son vaxtlar Avropada müşahidə edilən kəskin mühacir böhranı Almaniya Kansleri Angela Merkeli və Fransa Prezidenti Fransua Ollandı bu məsələyə xüsusi diqqət ayırmağa vadar edir. Hər iki lider Ukrayna Prezidenti Pyotr Poroşenko ilə görüş öncəsində problemi müzakirə etsələr də, konkret təklif irəli sürmədilər və konket addımların atılmasını nəzərdə tutan sənədə imza atmadılar. Doğrudur, görüş öncəsi bildirilmişdi ki, danışıqlar məsləhət xarakterli olacaq. Qərb mətbuatı yazır ki, Avropa İttifaqının məsələ ilə bağlı proqram xarakterli sənədi cari ilin noyabr ayında keçirilməsi nəzərdə tutulan Aİ-Afrika sammitinə hazırlana bilər. Ancaq siyasi müşahidəçilər böhranlı vəziyyətin daha da dərinləşməməsi üçün təcili qərarlar qəbul edilməsini zəruri sayırlar. Çünki soyuqlar düşənədək Avropaya üz tutan mühacirlərin sayı durmadan artacaq. Ötən həftə Avropa Sərhədlərinin Mühafizəsi Agentliyinin (“Frontex”) məlumatlarına görə, bu ilin yanvar ayından iyul ayınadək sığınacaq almaq üçün edilən müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydə alınmış müraciətlərdən xeyli çoxdur. Avropa Komissiyasının da məlumatları vəziyyətin ürəkaçan olmadığını təsdiqləyir. Belə ki, Aİ sərhədlərini keçərək, sığınacaq almaq istəyənlərin sayının ilk dəfə olaraq ayda 100 min nəfərə çatdığı bildirilir. Son altı ay ərzində qitədə özünə yer tapmağa çalışanların sayının da 400 min olduğunu nəzərə alsaq, o zaman “Köhnə dünya”nın mühacirlərlə bağlı ciddi böhran yaşadığını düşünmək olar.
Mühacirlərin qəbul edilməsində əsas yükun Almaniyanın üzərinə düşdüyü bildirilir. Hesablamalara görə, bu il 800 min nəfər Almaniya torpaqlarında sığınacaq tapmağa çalışacaq. “Alman dalğası” radiosu xəbər verir ki, Almaniyanın regional hökumətləri güclü mühacir axınına hazırlaşır. Mühacirlərlə bağlı xərclərin də ildə 6 milyard avroya yüksələcəyi proqnozlaşdırılır. Bundan başqa, mühacirlərin sığınacaq yerlərinin tikintisi üçün təcili olaraq munimim 2 milyard avro tələb olunacaq. Almaniya polisinin məlumatına görə, mühacirlərin əksər hissəsi Eritreya və Suriya vətəndaşlarıdır. Bu qədər mühacirin də Almaniyaya üz tutması ölkə əhalisini ciddi şəkildə qıcıqlandırır. Ötən bazar günü Saksoniyada Haydenau şəhərində mühacirlərin qəbuluna etiraz edənlərlə polislər arasında baş verən qarşıdurma Almaniyada məsələ ətrafında gərginliyin bundan sonra da davam edəcəyi ehtimalını gücləndirir. Belə gərginlik fonunda da rəsmi Berlin Avropa İttifaqı ölkələrini həmrəyliyə və sığınacaq almaq barədə ilk dəfə müraciət etmiş ölkənin məsuliyyət daşıdığını nəzərdə tutan Dublin razılaşmasına yenidən baxmağa çağırır. Amma bu məsələ ilə bağlı Aİ ölkələri arasında kompromis hələlik yoxdur. İqtisadi çətinliklər fonunda heç kim mühacir yükünü çəkmək istəmir.
Maraqlıdır ki, Avropa Komissiyasının mühacir böhranının həll olunması məqsədilə ayırdığı 2,4 milyard avro da qitənin varlı ölkələrində sığınacaq tapmaq istəyən qaçqın axınının qarşısını almağa kömək etmir. Böhranın dərinləşməsi də Şengen zonasının fəaliyyətini təhlükə altına alır. Almaniyanın daxili işlər naziri Tomas de Mezyerin məsələ ilə bağlı dediklərini məhz bu prizmadan dəyərləndirmək mümkündür: “Hər yerdə qanun pozulursa, Şengen zonası təhlükə altına düşür. Buna görə də, bizə təcili qərar qəbul etmək lazımdır”. Belçikanın Baş naziri Şarl Mişelin də Amsterdam-Brüssel-Paris qatar reysində terrora cəhddən sonra vizasız məkanın saxlanılmasının məqsədəuyğunluğu barədə danışan zaman Şengen razılaşmalarının yenidən baxılmasının mümkünlüyünü açıqladığı vurğulanır. Mütəxəssislər deyirlər ki, avrointeqrasiyanın təməl daşı olan Şengen islahatlarının müzakirəsi Aİ-nin xarici və daxili işlər nazirlərinin oktyabr ayında baş tutacaq Paris görüşündə müzakirə edilə bilər.
Amma problemin tezliklə həll olunacağına inam böyük deyil. Mütəxəssislər bunu Aİ ölkələri arasında məsələyə fərqli yanaşma ilə izah edirlər. Məsələn, Aİ-nin iyul sammitində qeyri-qanuni mühacirlərin qəbulu ilə bağlı iki il müddətinə kvota müəyyənləşdirilmişdi. Lakin bir qədər sonra ittifaqın bəzi ölkərləri qaçqınların yerləşdirilməsi ilə bağlı öz təkliflərini irəli sürməyə başlamışdılar. Belə ki, Slovakiyanın daxili işlər naziri İvan Netik bildirmişdi ki, onun ölkəsi yalnız xristian dininə mənsub mühacirlərin qəbuluna hazırdır. İ.Netik bunu Slovakiyanın xristian ölkəsi olması ilə izah edir: “Slovakiya – burada xristianlara həqiqətən yeni ev tapmalarına kömək edəcək xristian ölkəsidir”. Müsəlman mühacirlərə gəldikdə isə, slovakiyalı nazir etiraf edir ki, ölkəsində bir neçə min müsəlman yaşayır. Ölkədə məscid yoxdur və tikintisi də planlaşdırılmır, buna görə də, müsəlmanların Slovakiya həyatına uyğunlaşması çətin olacaq. Amma məsələ ondadır ki, Avropa ölkələrinə qanuni və ya qeyri-qanuni üz tutan mühacirlərin böyük əksəriyyəti məhz müsəlman ölkələrinin vətəndaşlarıdır.
Göründüyü kimi, Avropa ciddi mühacir axını ilə üz-üzədir. Ortaq qərarın qəbul olunmasının gecikməsi də Aİ-nin bəzi ölkələrini birtərəfli qaydada addımlar atmağa vadar edir. Belə ki, Şengen zonasının üzvü olan Macarıstanın Serbiya ilə sərhəd zonasında 174 kilometr uzunluğunda ülgüclü məftillərdən hasar çəkdiyi bildirilir. Rəsmi Budapeşt mühacir axınının qarşısını almaq məqsədilə sərhəd zonasını havadan helikopterlərlə, qurudan isə polis dəstələri ilə müdafiə etməyə çalışır. Lakin bütün bu tədbirlər də Avropada sığınacaq tapmaq istəyən insanların qarşısını ala bilmir. Buna görə də, Avropanın böyük mühacir düşərgəsinə çevrilməmək üçün daha ciddi və təsirli mexanizmlər üzərində düşünməsinə böyük ehtiyacı var.
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.