Prezident İlham Əliyev: Xarici siyasətlə bağlı bizim düşünülmüş addımlarımız ölkəmizin imicini yüksəldir

 

 

 

 

 

 

 

 

 

 

 


Xarici siyasətimizin əsas problemi Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsidir. Burada  bizim siyasətimiz
və mövqeyimiz birmənalıdır. Birincisi, Dağlıq Qarabağ əzəli,
tarixi Azərbaycan torpağıdır. Erməni lobbisinin çirkin səylərinə
baxmayaraq, hesab edirəm, biz son illər ərzində apardığımız
siyasət nəticəsində sübut edə bilmişik ki, bu, əzəli Azərbaycan
torpağıdır. İkincisi, Dağlıq Qarabağ bütün beynəlxalq birlik
tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır.
Biz BMT-yə üzv olduqda Dağlıq Qarabağ da bütün dünya tərəfindən
Azərbaycanın tərkib hissəsi, Azərbaycanın bir parçası kimi qəbul edildi.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 


 

Yeni əsrin ilk iki onilliyi  müstəqil Azərbaycan dövlətinin hərtərəfli uğurları ilə yaddaşlara yazılır. Ölkəmizdə misli görünməmiş tikinti- quruculuq işləri həyata keçirilir, sosial-iqtisadi sahədəki nailiyyətlərin ildən-ilə artması tendensiyası dönməz xarakter alır, cəmiyyətin daha da demokratikləşdirilməsi istiqamətində reallaşdırılan tədbirlər beynəlxalq  aləmdə təqdir olunur, elm, təhsil, səhiyyə və  idmana  böyük qayğı göstərilir.

Cənc müstəqil Azərbaycan dövlətinin BMT Təhlükəsizlik Şurası və Avropa Şurasının Nazirlər Komitəsi kimi mötəbər beynəlxalq təşkilatlara sədrliyi reallaşdırması, ölkəmizin “kosmik ailə”nin üzvlüyünə qəbul edilməsi, paytaxtımızın ən mötəbər beynəlxalq təşkilatların dünya miqyaslı tədbirlərinə ev sahibliyi etməsi və bir çox başqa məqamlar məhz yeni əsrin ilk illərindən bəri qazandığımız nailiyyətlərdəndir. 2015-ci ilin yayında dünya idman tarixinə yazdığımız birinci Avropa Oyunları səhifəsi isə  respublikamıza daha böyük beynəlxalq nüfuz qazandırmışdır. Bütün bunlar mükəmməl dövlət idarəçiliyinin, xalqın öz liderinə inamının, aparılan köklü islahatların və ən başlıcası, dövlətimiz və xalqımız qarşısında dayanan vəzifələrin yüksək səviyyədə icrasının nəticəsidir.

Dövlət başçımızın da dediyi kimi, bizim daxili siyasətlə bağlı  çox konkret proqramlarımız var. Azərbaycanda daxili sabitlik qorunur, bütün azadlıqlar təmin edilir. Prezident əminliklə  bildirir ki, gələcəkdə Azərbaycanda demokratiyanın inkişafı prosesi daha da sürətlə gedəcək.  Bütün azadlıqlar bundan sonra da təmin ediləcək. Mətbuat azadlığı, söz azadlığı, siyasi fəaliyyət azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan, din azadlığı tam şəkildə təmin edilir və Azərbaycan dövləti  gələcəkdə də bu yolla gedəcək. Ölkəmizdə möhkəm demokratik əsaslar qurulur ki,  inkişafımız dayanıqlı və uzunmüddətli olsun. Əksər yerli və əcnəbi ekspertlərin fikrincə, Azərbaycan dövlətinin beynəlxalq aləmdəki nüfuz və imicinin durmadan artmasının əsas səbəblərindən biri məhz yeridilən xarici siyasətdir.

 Azərbaycanda  çoxsaylı siyasi tədbirlər, dövlət və hökumət başçılarının iştirakı ilə müzakirələr, mədəniyyətlərarası forumlar keçirilir.  Ölkəmizin paytaxtında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları və Qlobal Bakı Forumu, beynəlxalq humanitar forumlar keçirilmişdir. Bu tədbirlər, eyni zamanda, idman tədbirləri, Avropa Oyunları, İslam Həmrəylik Oyunları, digər beynəlxalq idman yarışları Azərbaycanı dünyaya inkişaf edən, müasir, güclü dövlət kimi təqdim edir. Bu, özlüyündə Azərbaycana qoyulan investisiyaların həcmində də, turistlərin artan sayında da özünü göstərir. Yəni, həm imic, həm təqdimat, həm də real iqtisadiyyat baxımından bunlar çox önəmli tədbirlərdir. Təbii ki,  gələcəkdə də Azərbaycanda müxtəlif qlobal tədbirlərin keçirilməsi təmin ediləcək.

Bütün bunları nəzərə alan dövlət başçısı qeyd edir ki, xarici siyasətlə bağlı bizim düşünülmüş addımlarımız ölkəmizin imicini yüksəldir: “Biz bütün ölkələrlə bundan sonra da bərabərhüquqlu əlaqələrin inkişafını təmin edəcəyik. Bu, xarici siyasətimizin əsas prinsiplərindən biridir. Biz daha çox ikitərəfli formata üstünlük veririk. Biz görürük ki, ikitərəfli formatda çox böyük nailiyyətlər əldə etmək olar - həm siyasi əlaqələr, həm də iqtisadi investisiya baxımından. Azərbaycanın ikitərəfli formatda heç bir ölkə ilə heç bir problemi yoxdur. Əksinə, biz bütün ölkələrlə çox sağlam əlaqələr yarada bilmişik. Bu əlaqələr əlbəttə ki, prinsiplər üzərində qurulmalıdır və qurulubdur. Bizim siyasətimiz həmişə bundan ibarət olmuşdur ki, burada bərabərhüquqlu, bir-birinə hörmət və bir-birinin işinə qarışmamaq prinsipləri əsasında üfüqi əlaqələr olmalıdır. Biz buna nail oluruq. Bizim həmişə təbliğ etdiyimiz bu prinsiplər bu gün başqa ölkələrlə əlaqələrimizdə üstünlük təşkil edir”.

Beynəlxalq hüquq normalarına xüsusi önəm verən ölkə kimi bizim  bütün beynəlxalq təşkilatlarla normal əməkdaşlığımız var və hamıdan tələb edirik ki,  nümayiş etdirdiyimiz səmimi münasibətin və açıq siyasətin qarşılığını görək. Bu məqamı dövlət başçımız daha aydın şəkildə dilə gətirir: “Beynəlxalq təşkilatlarla əlaqələrimiz də yüksək səviyyədədir. Biz beynəlxalq təşkilatlarda fəal iştirak edirik və bundan sonra da fəal iştirak edəcəyik. İlk növbədə, BMT-də və Qoşulmama Hərəkatında. Bu qurum BMT-dən sonra ölkələrin sayına görə ikinci təşkilatdır. Azərbaycan Qoşulmama Hərəkatına bir neçə il bundan əvvəl üzv olmuşdur və dərhal bu qurum Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü əsasında həlli ilə bağlı qətnamə qəbul etmişdir.

Azərbaycan müsəlman aləminin bir parçasıdır və İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının baş katibi ölkəmizdə olarkən Azərbaycanın rolu haqqında danışırdı. Eyni zamanda, biz Avropa Şurasının üzvüyük və bu yaxınlarda Avropa Şurasına sədrlik edirdik. Bu əməkdaşlıq da həm bizim, həm də Avropa Şurası üçün çox önəmlidir. Bu yaxınlarda III Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində qeyd edilirdi ki, məhz Azərbaycan “Bakı prosesi”nin müəllifi olmuşdur. “Bakı prosesi” Avropa Şurası ilə İslam Əməkdaşlıq Təşkilatı arasında mədəniyyət sahəsində və başqa sahələrdə dialoqun əsasını təşkil etmişdir".

Prezident İlham Əliyevin də  dediyi kimi, bizim həmin  nadir rolumuz bu gün həm müsəlman aləmində, həm də Avropada yüksək qiymətləndirilir: “  Çünki Azərbaycanda bu müsbət prosesin inkişafı üçün çox möhkəm tarixi əsaslar var. Əsrlər boyu Azərbaycanda multikulturalizm meyilləri yaşayıb. Sadəcə olaraq bu, yeni söz olduğu üçün biz bu sözü bilmirdik və bu sözü tələffüz etmək o qədər də asan deyil. Ancaq bu anlayış Azərbaycanda həmişə var idi. Üstəgəl bu gün bizim dövlət siyasətimiz də bu əsaslar üzərində qurulur və bu siyasət real siyasətdir. Bu, hansısa şüar naminə deyilən sözlər deyil. Çünki, bilirsiniz, beynəlxalq aləmdə, hər kəs şüarı real işdən ayıra bilir. Ona görə, bu nadir rolu Azərbaycan öz üzərinə götürüb. Götürməyə də bilərdi. Götürməsəydik də, bilirsiniz, hər halda bizim iqtisadi, siyasi inkişafımız üçün heç bir problem yaranmazdı. Amma biz bu rolu üzərimizə götürürük. Çünki biz istəyirik ki, dünyada müsbət meyillər üstünlük təşkil etsin. Biz istəyirik ki, dinlərarası əlaqələr normal, sağlam məcrada olsun. Əks təqdirdə, dünyada parçalanma meyilləri daha da güclənəcək. Biz onu görürük. Hazırda dini, milli zəmində, məzhəb əsasında qarşıdurmalar, qanlı toqquşmalar dünyanı fəlakətə aparır. Əlbəttə ki, ölkəmizin dünya xəritəsindəki coğrafi yeri o qədər də böyük deyil. Amma gördüyümüz işlər çox böyükdür. Biz bundan sonra da bu istiqamətdə səylərimizi göstərəcəyik”.

Təbii ki, Azərbaycanın yeritdiyi həm daxili, həm də xarici siyasətin əsas prioritetləri ölkəmizin dövlət müstəqilliyinin əbədiləşdirilməsi, əhalimizin sosial-rifah halının daha da yaxşılaşdırılması və ərazi bütövlüyümüzün bərpa edilməsidir. Bu barədə söz açan Prezident İlham Əliyev məsələni bir qədər konkretləşdirir: “Xarici siyasətimizin əsas problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Burada da bizim siyasətimiz və mövqeyimiz birmənalıdır. Birincisi, Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Erməni lobbisinin çirkin səylərinə baxmayaraq, hesab edirəm, biz son illər ərzində apardığımız siyasət nəticəsində sübut edə bilmişik ki, bu, əzəli Azərbaycan torpağıdır. İkincisi, Dağlıq Qarabağ bütün beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır. Biz BMT-yə üzv olduqda Dağlıq Qarabağ da bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi, Azərbaycanın bir parçası kimi qəbul edildi. Bu gün siyasi müstəvidə, əlbəttə ki, Azərbaycanın siyasi çəkisi Ermənistanın çəkisi ilə müqayisəedilməz dərəcədədir. Üçüncüsü, iqtisadi amildir. Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatından ən azı on dəfə böyükdür və güclüdür. Əlbəttə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Postsovet məkanında buna oxşar münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası qətnamə qəbul etməyib. Ancaq bu məsələ ilə bağlı qəbul olunmuş qətnamələrdə açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır. Ermənistan bunu nə qədər təhrif etməyə çalışsa da, mümkün deyil, çünki bu, yazılıb və dərc edilib. Odur ki, siyasi, tarixi, hüquqi əsaslar var, onların hamısı bizim mövqeyimizi dəstəkləyir”.

Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, bizim ölkəmizin ərazi bütövlüyü heç bir başqa ölkənin ərazi bütövlüyündən az əhəmiyyət kəsb etmir: “Bunu hamı bilməlidir. Məsələ ərazi bütövlüyü çərçivəsində həllini tapacaq. Dağlıq Qarabağa heç vaxt heç bir müstəqillik verilməyəcək. Azərbaycan bunu heç vaxt qəbul etməyəcək və dünya bunu heç vaxt tanımayacaq. Bu yaxınlarda orada separatçı rejim və Ermənistan tərəfindən keçirilmiş saxta və qanunsuz ”seçkilər" bir daha onu göstərdi ki, heç kim bunu tanımayıb və ölkələrin bir çoxu bu “seçkilər”i qınayıb".

Əlbəttə, beynəlxalq hüququn norma və prinsipləri bizə  imkan verir ki, ölkəmizin ərazi bütövlüyünü istənilən yolla həll edək. Doğrudur, dövlətimiz humanizm nümunəsi göstərərək münaqişənin danışıqlar yolu ilə həll edilməsinə üstünlük verir və sülh yoluna sədaqət nümayiş etdirir. Ancaq bu danışıqlar və diplomatik fəaliyyət bir nəticə verməyəcəyi təqdirdə biz torpaqlarımızı daha məqbul yollarla azad etmək məcburiyyətində qalacağıq. Bunun üçünsə, güclü ordu formalaşdırılmasının zəruriliyini qeyd etməyə ehtiyac yoxdur. Ona görə də Azərbaycan Prezidenti xatırladır: “Ordu quruculuğu prosesi bundan sonra da sürətlə gedəcək. Bu, bizim diplomatik sahədə apardığımız səylərə böyük dəstəkdir. Son vaxtlar, keçən ilin yayından başlayaraq bu günə qədər Azərbaycan Ordusu təmas xəttində tam üstünlüyü təmin edib və düşmənə sarsıdıcı zərbələr endirib. Bu gün artıq Ermənistan rəhbərliyi etiraf edir ki, xarici yardım olmadan Azərbaycanın qabağını almaq mümkün olmayacaq. Biz isə həmişə deyirik ki, siz əgər ölmək istəmirsinizsə Dağlıq Qarabağdan, işğal edilmiş torpaqlardan çəkilin. Ondan sonra sülh yarana bilər, ondan sonra Azərbaycan və erməni xalqları barışa bilərlər. Biz hər halda gələcəyi belə görürük. Biz hesab edirik ki, bu ədavət və düşmənçilik əbədi ola bilməz. Amma buna, ilk növbədə, sülhə nail olmaq üçün erməni silahlı qüvvələri Dağlıq Qarabağdan və işğal edilmiş torpaqlardan çəkilməlidir. Burada ən məqbul variant mərhələli həlldir. Biz dəfələrlə bu barədə öz sözümüzü demişik. Ancaq mərhələli həll burada məsələnin həllinə gətirib çıxara bilər. Əks təqdirdə, Ermənistan bundan sonra da daim qorxu, təşviş, isterika, vahimə içində yaşayacaq və gün gələcək ki, artıq Azərbaycan Ordusu öz sözünü deməli olacaq”.

Yuxarıda qeyd etdiyimiz digər məqamlarla yanaşı, sonda xatırlatdığımız bu fakt – ərazimizi işğal etmiş dövlətə heç zaman, heç bir dövlətin öz düşməninə etmədiyi güzəşti edərək sülh danışıqlarına üstünlük verməyimiz Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu və imicini daha da artırır. Eyni zamanda, rəsmi Bakı bildirir ki, sülh yolu ilə danışıqlar lazımi nəticə verməzsə, Azərbaycan dövləti bütün vasitələrdən istifadə etməklə ölkənin ərazi bütövlüyünü və suverenliyini təmin edəcək.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında