Azərbaycan nümayəndə heyətinin Yaponiyaya rəsmi səfəri çərçivəsində Baş nazirin müavini Əli Həsənov Tokioda bir sıra görüşlər keçirib

Avqustun 26-da Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Yaponiyaya rəsmi səfəri başlayıb. 

Yaponiya hökumətinin dəvətinə əsasən avqustun 31-dək davam edəcək rəsmi səfərdən məqsəd hər iki ölkə arasında dostluq əlaqələrinin və humanitar sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsindən ibarətdir.

Səfərin ilk günündə Azərbaycan nümayəndə heyətinin rəhbəri Əli Həsənov Yaponiya xarici işlər nazirinin müavini, hakim Liberal Demokratik Partiyadan parlamentin üzvü Kentaro Sonoura ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Yaponiya arasında münasibətlərin cari vəziyyəti haqqında fikir mübadiləsi aparılıb.

Yaponiyaya rəsmi səfərə dəvətə görə Xarici İşlər Nazirliyinə təşəkkür edən Əli Həsənov ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb, göstərilən humanitar yardımlara görə Azərbaycan hökuməti adından minnətdarlığını bildirib. Baş nazirin müavini bundan sonra da Azərbaycan ilə Yaponiya arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini vurğulayıb, bunun hər iki ölkə üçün mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.

Ölkələrimiz arasında əməkdaşlığın son illər sürətlə inkişaf etdiyini bildirən Kentaro Sonoura qarşılıqlı yüksək səviyyəli rəsmi səfərlərin intensivləşdiyini vurğulayıb. Qeyd edib ki, bu səfərlər qarşılıqlı münasibətlərin inkişafına müsbət təsir göstərir. O deyib ki, Yaponiya Baş nazirinin müavini Taro Asonun cari ilin mayında Azərbaycana səfəri bu baxımdan mühüm əhəmiyyətə malikdir.

Yaponiyanın azərbaycanlı qaçqın və məcburi köçkünlərə ayırdığı yardımları yüksək qiymətləndirən Baş nazirin müavini Ə.Həsənov “Fuji optical” şirkətinin bu sahədə fəaliyyətini xüsusi qeyd edib.

Əli Həsənov Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verərək bildirib ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və bunun nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkün ordusu yaranıb. Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti hələ ki, bir nəticə vermir. Yaponiyanın münaqişə ilə bağlı ədalətli mövqeyinə görə minnətdarlığını çatdıran Əli Həsənov bundan sonra da yapon tərəfinin Azərbaycanın haqq işini dəstəkləyəcəyinə əmin olduğunu bildirib.

Kentaro Sonoura Yaponiyanın qaçqın və məcburi köçkünlər, eyni zamanda, narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə sahəsində beynəlxalq nəzarətin gücləndirilməsinə dəstək verdiyini, ərazi münaqişəsinin onun ölkəsi üçün də tanış mövzu olduğunu söyləyib. O, Azərbaycanın sürətli iqtisadi inkişafını diqqətlə izlədiklərini qeyd edib. Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirildiyi, dünya iqtisadi böhranına baxmayaraq ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində uğurlu addımlar atıldığı barədə məlumatlı olduqlarını bildirib.

Azərbaycan ilə Yaponiya arasında siyasi və iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdıran Baş nazirin müavini Əli Həsənov gələcəkdə münasibətlərin daha da yaxınlaşması istiqamətində addımlar atılacağını bildirib.

Görüşdə Azərbaycanın iqtisadi inkişafına toxunan Baş nazirin müavini qeyd edib ki, ölkəmiz iqtisadi cəhətdən regionun lider dövlətinə çevrilib. Əli Həsənov Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası barədə ətraflı məlumat verərək bildirib ki, qarşıdakı illərdə Azərbaycanda işsizlik minimum həddə enəcək, ölkəmiz inkişaf etmiş dövlətlər sırasına daxil olacaq, milli iqtisadiyyatın neftdən asılılığı aradan qaldırılacaq.

Kentaro Sonoura ölkəsinin Azərbaycan ilə yüksək səviyyəli əlaqələr qurmaqda maraqlı olduğunu bildirib. Qeyd olunub ki, Yaponiya Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyır və ona hörmətlə yanaşır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən Yaponiyanın hakim Liberal Demokratik Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

* * *

Həmin gün Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JİCA) vitse-prezidenti xanım Kae Yanaqisava ilə də görüşüb.

Görüşdə əsasən JİCA-nın Azərbaycandakı nümayəndəliyinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı  indiyədək həyata keçirdiyi və keçirəcəyi tədbirlər müzakirə edilib.

Əli Həsənov Azərbaycanda həyata keçirilən investisiya layihələrində Yaponiya hökumətinin və şirkətlərinin iştirakını xatırladaraq, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasında Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin rolunu yüksək qiymətləndirib. Baş nazirin müavini bunu ölkələrimiz arasındakı əməkdaşlığın yüksək səviyyədə olması ilə əlaqələndirib.

Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Əli Həsənov qeyd edib ki, işğalçı Ermənistanın havadarlarının köməyi ilə sərgilədiyi qeyri-konstruktiv mövqe, 20 ildən çoxdur ki, problemin həllində vasitəçilik missiyası ilə məşğul olan ATƏT-in Minsk qrupunun konkret bir nəticəyə nail olmaması, dünyada baş alıb gedən ədalətsizlik, aparıcı dövlətlərin daha çox regiondakı maraqlarını qorumaları səbəbindən Dağlıq Qarabağ münaqişəsi bu gün də həll olunmamış qalmaqdadır.

Azərbaycanın bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən qabaqcıl ölkələrindən birinə çevrildiyini, respublikamızın gündən-günə inkişaf etdiyini, dövlətimizin başçısının bütün sahələrdə müstəqil siyasət yeritdiyini bildirən Əli Həsənov xüsusi vurğulayıb ki, gec-tez haqq-ədalət öz yerini tapacaq və Azərbaycan Prezidentinin də dəfələrlə bəyan etdiyi kimi, biz bir qarış da torpağımızı güzəştə getməyəcəyik.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən daha çox doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın əziyyət çəkdiyini, ancaq Azərbaycan dövlətinin bu təbəqədən olan vətəndaşların problemlərinin həllini öz üzərinə götürdüyünü, bütün sosial-texniki infrastrukturu ilə birlikdə 90 müasir qəsəbə salındığını, 240 mindən çox qaçqın və məcburi köçkünün bu qəsəbələrə köçürüldüyünü bildirən Baş nazirin müavini qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı JİCA-nın Azərbaycandakı fəaliyyətini müsbət qiymətləndirib, bu sahədə işlərin gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini bildirib.

Ətraflı məlumata və təmsil etdiyi qurumun ünvanına deyilən xoş sözlərə görə minnətdarlığını bildirən JİCA-nın vitse-prezidenti Kae Yanaqisava Azərbaycanın inkişafını heyranlıqla izlədiklərini, Yaponiyanın Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarında maraqlı olduğunu, ölkəsinin daim Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini bildirib. O, təmsil etdiyi qurumun təhsil və səhiyyə sahəsində Azərbaycanla birgə yeni layihələrin həyata keçirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Vüqar AĞAYEV,
AZƏRTAC-ın xüsusi müxbiri

Tokio


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında