Milli mədəniyyətimizin təbliğində, xeyriyyəçilik fəaliyyətində, idmanın inkişafında intibaha imza atmış Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyəti səmərəli və çoxşaxəlidir.
Mehriban Əliyeva Azərbaycanın birinci xanımıdır. Belə yüksək statusa malik olmasına baxmayaraq, genişmiqyaslı ictimai-siyasi fəaliyyəti Mehriban xanımın ictimai şüurda kök salmış və özündə xeyirxahlıq və mərhəmətlik düşüncəsini ehtiva edən portretinə yeni cizgilər əlavə etməyə və onun həll etmək istədiyi məqsədləri, ən əsası, peşəkar fəaliyyətinin mahiyyətini və motivini anlamağa imkan verir. Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin əsasında insanlara yardım etmək istəyi dayanır. Bu mənada birinci xanımın 2012-ci ildə “THE BUSINESS YEAR” jurnalına verdiyi müsahibə maraq doğurur: “Uğur xatirinə uğur, hakimiyyət xatirinə hakimiyyət və ambisiya mənim üçün heç vaxt aparıcı motiv olmayıb. Əsas məsələ odur ki, ehtiyacı olan insanlara kömək edəsən”. Bu sözlər bir daha təsdiqləyir ki, amalı insanlara əl tutmaq, kömək etməkdən ibarət olan Mehriban xanım fəaliyyətinin mərkəzində mərhəmətə ehtiyacı olan insan dayanır.
Günün reallığı budur ki, Azərbaycanda xeyirxahlıq fəaliyyətinin inkişafı məhz Heydər Əliyev Fondunun adı ilə bağlıdır. Ölkəmizin sürətli inkişafında, xüsusilə də Bakı şəhərinin simasının dəyişməsi prosesində Heydər Əliyev Fondu özünəməxsus yer tutur. Bu gün inkişaf və xeyirxahlıq sözlərinin sinoniminə çevrilən fondun keçdiyi yola qısa nəzər yetirdikdə, ötən illərdə görülmüş işlərin böyüklüyündən heyrətlənməmək mümkün olmur. 2004-cü ildə fəaliyyətə başlayan zaman fondun qarşısında xalqa, Vətənə xidmət məqsədi qoyulmuşdu və elə ilk günlərdən etibarən məqsədə doğru addımlar atılmağa başlanmışdır. Mehriban xanım Əliyeva 2014-cü ildə “Milli Məclis” jurnalına müsahibədə rəhbərlik etdiyi fondun fəaliyyətinin məqsəd və istiqamətlərini belə açıqlamışdı: “Fəaliyyətimizin çoxşaxəli olmasına baxmayaraq, prioritet istiqamətləri müəyyən etdik və daha çox diqqət tələb edən problemlərin həllində yaxından iştirak etməyə çalışdıq. Sözsüz ki, ilk növbədə cəmiyyətimizin daha çox qayğıya ehtiyacı olan təbəqələrinə - valideyn himayəsindən məhrum olmuş uşaqlara, qaçqın və məcburi köçkünlərə, qocalara və müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara yönəlmiş layihə və proqramların icrasına başladıq”.
Ötən müddət ərzində elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrdə həyata keçirdiyi proqram və layihələr Heydər Əliyev Fondunun elan etdiyi əsas məqsədlərinin reallaşdırılmasında necə böyük uğurlara nail olduğunu təsdiqləyir. Mehriban xanımın da dediyi kimi, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin real nəticələri göz qabağındadır: “Bu, yüz mindən çox şagirdin təhsil şəraitinin yaxşılaşmasına xidmət edən yüzlərlə yeni məktəb binasının istifadəyə verilməsi, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı göstərilməsi, müasir avadanlıqla təchiz edilmiş yeni tibb mərkəzlərinin inşası, gənc istedadların dəstəklənməsi, tarixi abidələrin bərpası, qədim mədəniyyət və incəsənətimizin təbliği və nəhayət, Azərbaycanın əsrlər boyu formalaşmış tolerantlıq ənənələrinin qorunub saxlanıldığı dünyəvi bir ölkə kimi dünyaya tanıdılmasıdır”.
Uşaq müəssisələrinin infrastrukturunun inkişaf etdirilməsi Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr arasında önəmli yerlərdən birini tutur. Ölkənin bütün ərazisində gələcəyimiz olan uşaqlarımızın rahat təhsil almaları, yüksək tibbi xidmət görmələri, istedadlarını inkişaf etdirmələri üçün müasir infrastruktur yaradılmış və bu proses davam edir. Mehriban xanım Əliyevanın belə bir xeyirxahlıq missiyasının nəticəsidir ki, bu gün Azərbaycanda qayğıya ehtiyacı olan övladlarımız Heydər Əliyev Fondunun sevgisi ilə əhatə olunmuşlar. Birinci xanımın “Şəfqət, basqasının halına yanmaq, xeyirxah işlər görməyə çalışmaq, qonaqpərvərlik və səvaxət kimi keyfiyyətlər həmişə Azərbaycan xalqının ən mühüm həyati dəyərləri olmuşdur və indi də belədir” fikirləri Mehriban xanımın məramının kömək gözləyən heç bir uşağın qayğıdan və diqqətdən kənarda qalmamasına nail olmaqdan ibarət olduğunu açıqlayır. Valideyn himayəsindən məhrum olmuş və müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara, qaçqın və məcburi köçkünlərə, yoxsulluq həddindən aşağı səviyyədə yaşayan insanlara, xəstələrə və qocalara yönələn diqqət və qayğısı birinci xanımın ali vətəndaş kimi xalq qarşısında yüksək mənəvi məsuliyyətinin təzahürüdür.
Türkiyənin 9-cu Prezidenti, mərhum Süleyman Dəmirəl Heydər Əliyev Fondu haqqında danışanda demişdi ki, “Bu fond, sadəcə, böyük bir şəxsiyyətin adının əbədiləşdirilməsi naminə yaradılmış xatirə təşkilati deyil. Bu, bir sosial qurumdur və bu sosial qurumun fəaliyyəti başqa ölkələri də əhatə edir. İdeoloji qurum deyil. Bir insanlıq qurumudur. Təhsilin inkişafı, yoxsulluğun aradan qaldırılması üçün çalışan bir təşkilatdır”.
Həqiqətən, Heydər Əliyev Fondu yarandığı gündən Azərbaycanda təhsilin inkişafına böyük töhvə verməkdədir. Fondun təşəbbüsü ilə başlanmış “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi respublikamızın bütün ərazisində geniş vüsət almış və ötən müddət ərzində 3 mindən artıq yeni orta məktəb binası inşa edilib istifadəyə verilmişdir. 2005-ci ildən həyata keçirilən bu proqramın əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaq, cəmiyyətin müxtəlif təbəqələrinin, yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirərək ümumi işin xeyrinə yönəltməkdir. Məktəblərin hər birində müasir laboratoriya, kitabxana, yeməkxana, ən son avadanlıqla təchiz edilmiş kompüter otaqları, emalatxana, idman zalları, geniş meydançalar və ayrıca istilik sistemi vardır.
Fondun önəmli layihələrindən biri də “Təhsilə dəstək” layihəsi çərçivəsində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və məktəb ləvazimatı hədiyyə olunmasıdır. Layihə çərçivəsində təhsilin birinci pilləsi sayılan məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması həyata keçirilir. Məktəbəqədər müəssisələrdə fond tərəfindən hazırlanmış müxtəlif mövzulu plakatlardan, multimedia disklərindən, tablolardan, oyun və digər əyani vəsaitlərdən istifadə edilir. Bu vəsaitlər mütəmadi olaraq hər il sözügedən müəssisələrə paylanır.
Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində Gürcüstan, Misir, Rumıniya, Rusiya Federasiyası, Pakistan və Hollandiyada bir sıra məktəblərin binaları yenidən qurulmuş və əsaslı təmir olunmuşdur. 2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gürcüstanın Dmanisi rayonunda yeni kompüter tədris mərkəzinin binası inşa edilmişdir. 2010-cu ildə fondun dəstəyi ilə Gürcüstanın Marneuli şəhərindəki 7 nömrəli Azərbaycan ümumtəhsil məktəbi, Tbilisidəki M.F.Axundzadə adına 73 nömrəli orta məktəb, Qardabanidəkı 3 nömrəli Azərbaycan məktəbi və Dmanisidəki 2 nömrəli Azərbaycan beynəlxalq orta məktəbi əsaslı təmir olunmuş, 2011-ci ildə Bolnisi rayonunun Həsən Xocalı və Cəfərli kəndlərində yeni məktəb binaları inşa edilərək istifadəyə verilmişdir. Fondun fəaliyyəti Rusiya Federasiyasını da əhatə edir. Belə ki, 2010-cu ildə şimal qonşumuzun Ulyanovsk şəhərindəki 78 nömrəli orta ümumtəhsil məktəbin binası əsaslı təmir edilmişdir.
“Uşaq evləri və internat məktəblərinin inkişafı” layihəsi də Heydər Əliyev Fondunun fəaliyyətində önəmli yerlərdən birini tutur. Mehriban xanım Əliyeva çıxışlarında bu layihənin əhəmiyyətini xüsusi vurğulamış və qayğıya möhtac uşaqların problemlərinin diqqət mərkəzində saxlanılmasının vacibliyini belə açıqlamışdı: “Fondun daim diqqət mərkəzində olan layihələri ölkəmizdə mövcud olan internat məktəbləri və uşaq evlərinin fəaliyyəti ilə bağlıdır. Bu müəssisələrin maddi-texniki bazalarının yenidən qurulması ilə yanaşı, biz çalışırıq kimsəsiz uşaqlara mənəvi dayaq alaq, onlar üçün bir növ ailə mühiti yaradaq. Artıq mən deyə bilərəm ki, bütün uşaqlar bizim üçün əziz və doğma olublar, biz mütəmadi olaraq onlarla görüşürük və bu gün mən bütün cəmiyyətimizi bu problemə diqqət yetirməyə çağırıram”. Birinci xanımın məhz misilsiz xidməti sayəsində bu gün Azərbaycanda xeyriyyəçilik ənənələri intibah dövrünü yaşayır və fondun təşəbbüsü və dəstəyi ilə gündəmə gətirilən bu layihələr uğurla həyata keçirilir. Mehriban xanım Əliyevanın “Xeyriyyəçilik, insansevərlik, mərhəmət Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, əsrlər boyu formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətlərdən biridir və biz bu gün Heydər Əliyev Fondu olaraq ənənələri davam etdirməyə çalışırıq” sözləri xeyriyyəçiliyin fondun kredosuna çevrildiyini bir daha təsdiqləyir.
Ulu öndər Heydər Əliyev deyirdi ki, “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Azərbaycan xalqının zəngin mədəni irsinin qorunması və təbliği işində Heydər Əliyev Fondunun əməyi çox böyükdür. Fondun mədəniyyətimizin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərdə göstərdiyi dəstək və fəaliyyəti nəticəsində bu gün Azərbaycan dünya mədəni irsinin zənginləşməsinə öz böyük töhfəsini verməkdədir. 1999-2009-cu illərdə UNESCO-nun baş direktoru olmuş Koişiro Matsuuranın Azərbaycanın birinci xanımı haqqında demişdir: “Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin qorunmasına və təbliğinə çalışmaqla təkcə öz xalqına xidmət etmir, eyni zamanda, UNESCO-nun qarşıya qoyduğu vəzifələri icra edir. Bu vəzifələr isə, ümumiyyətlə, bəşəriyyətə xidmət etməkdən ibarətdir. Xanım Əliyevanın fəaliyyəti təqdir olunmalıdır”.
UNESCO-nun indiki baş direktoru İrina Bokova da Heydər Əliyev Fondunun mədəniyyətin inkişafında oynadığı rolu yüksək qiymətləndirməklə yaponiyalı sələfin fikri ilə razılaşdığını nümayiş etdirir: “Biz tam əsasla deyə bilərik ki, əgər ölkənizin böyük mədəni irsi-şifahi ədəbiyyatın müxtəlif nümunələrindən müasir müsiqi sənətinə qədər-bütün dünyada bu cür nüfuz qazanmışdırsa, bu, xeyli dərəcədə şəxsən Sizin dəstəyiniz və prezidenti olduğunuz Heydər Əliyev Fondunun fəaliyyəti sayəsində mümkün olmuşdur”.
UNESCO-nun xoşməramlı səfiri Vitali İqnatenkonun dediyi “O, əbəs yerə UNESCO-nun xoşməramlı səfiri deyil. Bu, sadəcə, gözəl bir ad, gözəl bir vəzifə deyil. Deməliyəm ki, onun sayəsində dünya arenasında Azərbaycan tamamilə başqa rəğbətə malikdir”.
Mehriban xanım Əliyevanın mədəniyyətimizin inkişafı və təbliği işində əldə etdiyi böyük nəticələr Azərbaycan dövləti tərəfindən də yüksək qiymətləndirilir. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və ilk Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalamışdır. Mədəni irsimizin böyük nümunələrindən biri sayılan müğamın, aşıq sənətinin və Novruz bayramının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi İrsinin, tar sənəti və ifaçılığının isə Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil etməsi də məhz Heydər Əliyev Fondunun həyata keçirdiyi məqsədyönlü və davamlı işin nəticəsində mümkün olmuşdur. Mehriban xanım Əliyevanın “Muğam da, aşıq yaradıcılığı da, milli musiqi alətlərimizin bənzərsiz melodiyaları da bu günə qədər qoruyub saxladığımız və gələcək gün naminə qorumağa borclu olduğumuz irsin yalnız bir hissəsidir. Azərbaycan Mədəniyyətinin Dostları Fondunun fəaliyyəti məhz bu məqsədə yönəldilmişir, UNESCO-nun xoşməramlı səfiri kimi mənim bütün gələcək fəaliyyətim də bu məqsədə yönələcəkdir” sözləri bir daha təsdiqləyir ki, mədəni irsimizin müdafiəsi işi bundan sonra da uğurla davam etdiriləcək.
İdmanın inkişafı məsələsi də Mehriban Əliyevanın fəaliyyətində xüsusi yer tutur. Dövlətin qayğısı və diqqəti nəticəsində özünün genişmiqyaslı inkişaf mərhələsinə qədəm qoymuş idman sahəsində əldə edilmiş uğurların miqyasından hamı xəbərdardır. İdmançılarımızın Dünya və Olimpiya yarışlarında ölkəmizi layiqincə təmsil etmələri dövlətin göstərdiyi güclü dəstək sayəsində mümkün olduğu da hamıya məlumdur. Respublikada inşa edilən və ən müasir avadanlıqla təchiz olunan Olimpiya idman komplekslərinin sayı 40-ı ötmüşdür. Belə vacib prosesə fəal qoşulan Heydər Əliyev Fondu da idmanımızın inkişafına dəstək göstərir, sağlam gəncliyin yetişməsi işinə öz töhfəsini verir. “İdman sağlamlıq rəmzidir, idman gözəllik rəmzidir, idman milli qürur və milli həmrəylik rəmzidir”,- deyən Mehriban Əliyeva idmanın cəmiyyətin həyatında oynadığı rolu yüksək qiymətləndirərək, onun həm də birləşdirici gücünün olduğunu vurğulayır. Bundan başqa, bədii gimnastika üzrə 27-ci Dünya Çempionatının, son dəfə 30-cu Avropa Çempionatının ölkəmizdə uğurla keçirilməsi Azərbaycan Bədii Gimnastikası Federasiyanın prezidenti kimi Mehriban Əliyevanın bu idman növünün inkişafı ilə yanaşı, Azərbaycan idmanının təbliği istiqamətində də əldə etdiyi çoxsaylı nailliyyətlərdən biridir.
Birinci xanımın idmanın inkişafı və populyarlaşdırılması, eləcə də xalqlararası münasibətlərdə yeni səhifənin açılmasında böyük rol oynayan ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri kimi uğurlu fəaliyyətini də qeyd etmək vacibdir. Avropa Olimpiya Komitəsinin Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qəbul etdiyi qərardan sonra ölkəmizdə bu əhəmiyyətli beynəlxalq tədbirə geniş hazırlıq işləri başladı. Qısa müddətdə yeni idman obyektləri inşa olundu, mövcudları isə əsaslı şəkildə müasir formada yenidən quruldu. Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin dediyi kimi, “Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın böyük xidmətləri var. Onun yüksək peşəkarlığı, dərin zəkası nəticəsində bu Oyunlar həyata vəsiqə qazandı. Mən birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığımı bildirirəm”. Fransa mütəfəkkiri Jozef Juber deyirdi ki, “xeyirxahlıq həm də sevən insanlardan ibarətdir”. Mehriban xanım Əliyeva onu dərindən sevən ailə üzvlərinin əhatəsindədir. Birinci xanımın “Ailə mühitini müəyyənləşdirən amillər çoxdur, amma, yəqin ki, başlıcası bir ümumi dalğaya köklənən fikir və dəyərlərin birliyidir” sözlərini onun cəmiyyətin özəyini təşkil edən ailəyə verdiyi böyük qiymətin göstəricisi kimi qeyd etmək olar.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dediyi sözlər Mehriban xanımın qayğıkeş ana, mərhəmət və şəfqət simvolu olduğunu bir daha gözlər önünə gətirir: “Mən çox istəyirəm ona oxşayım, lap çox. Çünki o, xeyirxah insandır. O, mənim anamdır, eyni zamanda, mənim üçün prinsipcə hər cəhətdən idealdır”.
“Qadının gücü, güc mənbəyi ilk baxışdan çox sadə görünən xeyirxahlıq, sevgi və mərhəmət kimi əbədi duyğulardır”. Mehriban Əliyevanın bu sözləri bir daha təsdiqləyir ki, amalı xeyirxahlıq və kömək etmək olan birinci xanımın çoxşaxəli fəaliyyəti cəmiyyətin həyatında müsbət dəyişikliklərin baş verməsinə istiqamətlənəcək. Onun dediyi kimi, “illər ötdükcə, qarşımıza yeni ideya və planlar çıxdıqca məqsədlərimiz xaraktercə dəyişir, amma əsas amalımız-Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır və qalacaqdır”.
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.