Mən 2003-cü ildə Prezident kimi fəaliyyətə təzə başlayanda demişdim ki,
bizim əsas vəzifəmiz iqtisadi kapitalı, daha doğrusu, “qara qızıl”ı insan
kapitalına çevirməkdir. Bugünkü gənclər – müstəqillik dövründə böyümüş,
tərbiyə almış gənclər bizim üçün qürur mənbəyidir... Doğrudan da bizim
gələcəyimiz etibarlı əllərdədir. Azərbaycanın gələcək inkişafı gənclərin əlində olmalıdır.
Gənclər bilikli, savadlı, peşəkar və vətənpərvər olmalıdırlar.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun
mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir.
Bu gün iftixar və qürur hissi ilə bildirmək istəyirəm ki, müasir
Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi,
ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi indi də qoruyub yaşadır.
Heydər ƏLİYEV
Ümummilli lider
Həm ulu öndər Heydər Əliyevin , həm də Prezident İlham Əliyevin ən böyük önəm verdiyi sahələrdən biri də dövlət gənclər siyasətinin zamanın tələbləri səviyyəsində qurulması və reallaşdırılması olmuşdur. Ulu öndər ölkəmizə birinci dəfə rəhbərlik etdiyi 1969-82-ci illərdə də, 1993-cü ilin yayından sonrakı on ildə də daim gənclər siyasətini diqqət mərkəzində saxlamış, ölkə gəncliyinin dövlətdən görə biləcəyi qayğının tam miqyasda həyata keçirilməsinə nail olmuşdur. 2003-cü ilin payızından sonra isə ölkəmizdə həmin siyasət daha geniş miqyasda, müasir zamanın tələbləri əsasında davam etdirilir. 1995-ci ildən bəri dövlət qurumlarında çalışan və parlamentdə fəaliyyət göstərən gənclərin sayı ildən-ilə sürətlə artır.
Əslində dövlət gənclər siyasəti – gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir. Ötən əsrin 90-cı illərinin əvvəllərində pərakəndə və başıpozuq şəkildə fəaliyyət göstərən Azərbaycan gənclərinin bu amallar uğrunda birləşdirilməsini və gəncliyin qüvvəsini gənc müstəqil Azərbaycan dövlətinin daha da qüdrətləndirilməsinə istiqamətləndirilməsini qarşıya qoyan ümummilli liderimiz öz məqsədinə yüksək səviyyədə nail olmuşdu. Həmin illərdə ölkədə Gənclər və İdman Nazirliyi yaradılmış (26 iyun, 1994-cü il), Gənclər forumlarının keçirilməsi ənənəsinin təməli qoyulmuş ( 2 fevral, 1996-cı il),"Gənclər siyasəti haqqında" Qanun qəbul edilmişdi (9 aprel, 2002-ci il).
Yeni nəslin inkişafının əsas vasitəsi - gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsi, ümumiyyətlə, ölkədə dövlət gənclər siyasətinin həyata keçirilməsi məsələləri bunun üçün əsas cavabdeh dövlət qurumu olan Gənclər və İdman Nazirliyinə tapşırılmışdır.Gənclər siyasətinin əsas istiqamətləri “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilir. Buraya gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, gənclərin sağlamlığının qorunması və fiziki inkişafı, onların məşğulluğunun təmin edilməsi, gənc ailələrə və gənclər təşkilatlarına dövlət yardımının göstərilməsi məsələləri daxildir.
Heydər Əliyevin ölkədə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə ümummilli lider tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşşəbbüsü irəli sürülmüşdir.1996-cı il fevralın 2-də ulu öndər Heydər Əliyevin iştirakı ilə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir. Sonrakı il fevralın 1-də forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən ulu öndər 2 fevral – Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında sərəncam imzalamışdır. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.
Həmin siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci ildə imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər) məqsədinə uyğun olaraq icra olunmuş və qarşıya qoyulan vəzifələr yüksək səviyyədə həyata keçirilmişdir. 2011-ci il dekabrın 19-da isə Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu” yaradılmışdır. Dövlət başçımız 2014-cü il oktyabrın 29-da Bakıda keçirilən “Gənclər siyasəti üzrə Birinci Qlobal Forumdakı nitqində demişdir: “Gənclər siyasəti ilə bağlı ilk forumun burada keçirilməsindən fərəh hissi duyuruq. Əlbəttə ki, gələcəkdə bir çox digər forumlar da keçiriləcək. Lakin bu forum tarixdə ilk forum kimi qalacaq. Biz qəbul edən ölkə kimi Azərbaycanı seçdiklərinə görə təşkilatçılara minnətdarıq. Bunu hökumətimizin idman və gənclər, fəal inkişaf siyasəti sahəsində göstərdiyi səylərin yüksək qiymətləndirilməsi kimi qəbul edirik. Gənclər, idman, incəsənət bir-biri ilə bağlıdır. Ölkəmiz və hökumətimiz həyatımızın bu sahələrinə böyük əhəmiyyət verir. Bizim üçün mühüm prioritetlərdən biri də təhsildir. Fərəhlənirik ki, Azərbaycanda savadlılıq səviyyəsi demək olar ki, yüz faiz təmin edilib. Gənclər siyasətinə gəldikdə, həmçinin olduqca mükəmməl qanunvericilik bazası mövcuddur. Gənclər siyasəti ilə bağlı qanun var. Azərbaycanda gənclərlə bağlı iki Dövlət Proqramı qəbul edilib və uğurla həyata keçirilib. Bu yaxınlarda biz Gənclər Fondunu yaratmışıq. Dövlət büdcəsindən bu fonda ayrılan vəsaitlər gənclərə özlərini cəmiyyətdə təqdim etməyə şərait yaradır. Onlar mədəniyyət, təhsil və sosial sahələrə, eləcə də siyasi islahatlara aid olan layihələr üzərində işləyirlər. Başqa sözlə desək, bu fond gənc nəslə öz istedadını müəyyən etməyə, özünü cəmiyyətə təqdim etməyə və beləliklə, ölkəmizin inkişafına töhfə verməyə yardım edir".
Təbii ki, söhbət gənclikdən və gənclərdən gedirsə, daha çox yada salınmalı iki istiqamət vardır: təhsil və idman . Ona görə də dövlət başçımız adıçəkilən forumda bu iki sahəni daha çox qabardırdı: “ Həmçinin bildirmək istəyirəm ki, təhsil də hökumətimiz üçün əsas prioritetlərdən biridir. Çünki biz tamamilə əminik ki, yalnız təhsilli, müxtəlif sahələrdə biliklərə malik insanlar həm ölkənin, həm özlərinin inkişafına kömək edə bilərlər. Əgər dünyada inkişaf etmiş ölkələrin keçdiyi yola və əldə etdiyi nailiyyətlərə nəzər yetirsək, görərik ki, uğurlu inkişafın əsas vasitələri enerji sərvətləri, mineral ehtiyatlar, neft və qaz yox, məhz təhsil, elm və texnoloji yeniliklərdir. Yalnız təhsil, bilik və texnologiya bütün bəşəriyyətin aparıcı qüvvəsidir. Bütövlükdə bəşəriyyət innovasiyalardan, müasir texnologiyalardan faydalanır. Buna görə də təhsil Azərbaycanda prioritetlərdən biridir. Hesab edirik ki, beynəlxalq təhsil mərkəzləri ilə sıx əməkdaşlıq edərək biz daha böyük nailiyyətlər qazana bilərik. Bu səbəbdən uzun illər ərzində hökumətimiz gənc nəsillərimiz üçün dünyanın aparıcı universitetlərində təhsil proqramlarını maliyyələşdirir. Bu il təqribən 40 milyon avroya yaxın vəsait gənclərimizin xaricdə təhsili üçün sərf edilib. Eyni zamanda, biz Azərbaycanda təhsilin səviyyəsini artırmaq üçün bu sahəyə böyük sərmayələr yatırırıq və universitetlərimizlə dünyanın aparıcı təhsil ocaqları arasında beynəlxalq əlaqələri daha da artırmağa çalışırıq. Biz bu siyasətin faydasını görürük. Bu gün Azərbaycanın gənc nəsli yeni, müasir və müstəqil ölkənin qurulmasında fəal iştirak edir”.
İdmançılarımızın uğurları barədə söz açarkən isə dövlət başçımız sanki Azərbaycan gəncləri ilə fəxr edirmiş kimi qürurla danışırdı: “Hökumətimiz üçün prioritetlərdən biri də idmandır. Həmçinin bizim burada da yaxşı nailiyyətlərimiz var. İdmançılarımız Azərbaycanı beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, eləcə də Olimpiya Oyunlarında layiqincə təmsil edirlər. Sonuncu Olimpiya Oyunları bizim üçün tarixi əhəmiyyətə malikdir. Çünki 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycan əvvəlki illərlə müqayisədə ən yüksək nəticəni əldə etdi. Azərbaycan demək olar ki, 200 ölkə arasında 30-cu oldu. Gənclər arasında Olimpiya Oyunları da Azərbaycan üçün əlamətdar oldu. Yığmamız təxminən 200 ölkə arasında 10-cu oldu. Bu, onu göstərir ki, Olimpiya hərəkatının inkişafı, müasir idman qurğularının yaradılması siyasəti nəticə verir. Eyni zamanda, idman cəmiyyətimizin həyatının ayrılmaz hissəsinə çevrilib. Gənc nəslin idman fəaliyyətinə qoşulması və həvəsləndirilməsi məqsədini daşıyan Dövlət proqramları nəinki ölkənin beynəlxalq yarışlarda nüfuzu, o cümlədən gənclərə uğurlu yolun göstərilməsi baxımından vacibdir. Eyni zamanda, fiziki sağlamlıq gənclərə bütün həyatları boyu yardımçı olur. Bunun sayəsində gənclər pis vərdişlərdən, alkoqoldan, siqaret çəkməkdən və narkotik maddələrdən uzaq olurlar”.
Yeri gəlmişkən, Prezident İlham Əliyev bu il iyunun 12-dən 28-dək Bakıda keçirilmiş birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olan xarici tərəfdaşlarla görüşdəki nitqində Azərbaycan gəncliyinə daha böyük minnətdarlıq ifadə etmişdir: “Əlbəttə, bu gün mən idmançıların uğurlarını, qələbələrini xüsusilə qeyd etmək istəyirəm. Təbii ki, biz bu Oyunları yüksək səviyyədə keçirməli idik və keçirdik. Bu, bir daha ölkəmizin potensialını, gücünü göstərdi. Biz bu potensialı əlbəttə ki, bilirdik. Bu potensialı biz yaratmışıq. Cəmi 24 il ərzində Azərbaycan elə zirvələrə qalxıb ki, bəzi ölkələrə bu səviyyəyə qalxmaq üçün bəlkə yüzilliklər lazımdır. Bu Oyunlar sadəcə olaraq bizə imkan verdi ki, bu potensialı dünyaya, Avropaya, eləcə də öz ictimaiyyətimizə nümayiş etdirək. Həm insani potensial, həm dövlətimizin iqtisadi potensialı, həm cəmiyyətdə hökm sürən xoş əhval-ruhiyyə, xalqla iqtidar arasındakı birlik, milli ideyalar ətrafında birləşməyimiz, milli həmrəylik - məhz budur bizim uğurlarımızın əsas şərtləri... İdmançıların uğurlarına qayıdarkən bu, xüsusilə böyük əhəmiyyət daşıyır. Çünki onların qələbələri bu Oyunları daha da böyük zirvəyə qaldırdı. Mən tam əminəm ki, bəlkə burada oturanlar və ümumiyyətlə ictimaiyyət arasında yəqin müxtəlif fərziyyələr var idi ki, bizim komandamız neçənci yeri tutacaq. Amma bəlkə heç kim inanmırdı ki, bu, ikinci yer olacaqdır. Bu, tarixi qələbədir. Azərbaycan idmanının, Azərbaycan dövlətinin qələbəsidir. Əziz idmançılar, mən sizi öpürəm, bağrıma basıram. Sağ olun”.
Xatırladaq ki, həmin tədbirdə Azərbaycan gənclərinin başqa bir qrupu da dövlət başçımızdan möhtəşəm təşəkkürlər eşitdi : “Könüllülərin fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Oyunların keçirilməsinin yükünün böyük hissəsi onların üzərinə düşmüşdür. Konüllülər bir daha onu göstərdi ki, ölkəmizin çox böyük potensialı, insan kapitalı var. Mən 2003-cü ildə Prezident kimi fəaliyyətə təzə başlayanda demişdim ki, bizim əsas vəzifəmiz iqtisadi kapitalı, daha doğrusu, “qara qızıl”ı insan kapitalına çevirməkdir. Bugünkü gənclər müstəqillik dövründə böyümüş, tərbiyə almış gənclər bizim üçün qürur mənbəyidir. İyirmi minə yaxın könüllü, - onların böyük əksəriyyəti yerli uşaqlardır, insanlardır, gənclərdir, - gecə-gündüz çalışmışdır. Onlar gecə-gündüz peşəkarlıqla, ustalıqla, məharətlə çalışaraq idmançılara, qonaqlara böyük mədəniyyət, hörmət, Azərbaycan xalqına xas olan qonaqpərvərlik və mehribanlıq göstərmişlər. Bu günlər ərzində xarici qonaqlarla təmaslar əsnasında könüllülər haqqında daim bu xoş sözləri eşidirəm. Doğrudan da bizim gələcəyimiz etibarlı əllərdədir. Könüllülər bu Oyunlardan sonra əminəm ki, cəmiyyətdə öz layiqli yerlərini tutacaqlar. Onlar bizim gələcəyimizdir. Azərbaycanın gələcək inkişafı gənclərin əlində olmalıdır. Gənclər bilikli, savadlı, peşəkar və vətənpərvər olmalıdırlar. Necə ki, bizim könüllülərimiz peşəkar, bilikli və vətənpərvərdirlər".
Bir sözlə, Azərbaycan dövləti ölkə gənclərinin bütün problemlərini həll edib, onlara hərtərəfli qayğı və diqqət göstərdiyi kimi, gənclərimiz də dövlətin etimadını hər addımda doğruldur, bütün sahələrdə xalqımıza üz ağlığı gətirirlər. Biz hər gün, hər addımda şahidi oluruq ki, “Azərbaycan gəncliyi öz dövləti və lideri ətrafında sıx birləşmişdir”-deyimi həqiqətən, günün reallığıdır.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.