Azərbaycan iqtisadiyyatının sürətli inkişafı davam edir. Son 12 il ərzində ölkəmiz dünyada iqtisadi artım tempinə görə ən sürətlə inkişaf edən dövlətlər sırasında olmuşdur. Azərbaycan Prezidenti cənab İlham Əliyev respublikamızda əldə edilən uğurlardan danışarkən demişdir: “Dünyada və bölgədə müxtəlif proseslər getdiyi bir zamanda Azərbaycan öz sürətli inkişaf tempini saxlaya bilmişdir. Ölkəmizin təhlükəsizliyi təmin edilmişdir, iqtisadi və sosial proqramlar icra olunmuşdur. Bu, bir daha onu göstərir ki, bizim tutduğumuz yol düzgün yoldur. Azərbaycan müstəqillik, inkişaf yolu ilə gedir. Bir neçə il bundan əvvəl dünyanı bürümüş iqtisadi və maliyyə böhranı, eyni zamanda, bölgədə baş verən xoşagəlməz hadisələr, toqquşmalar Azərbaycanın uğurlu inkişafına təsir etməmişdir. Bunun başlıca səbəbi Azərbaycanda ictimai-siyasi vəziyyətin sabit olmasıdır, xalqla iqtidar arasındakı birlikdir və bizim bütün proqramlarımızın uğurla icrasıdır. Azərbaycanın apardığı xarici və daxili siyasət xalq tərəfindən dəstəklənir və əminəm ki, görüləcək işlər nəticəsində Azərbaycan daha da güclənəcək”.
Son illər Azərbaycanda həyata keçirilən düşünülmüş və düzgün iqtisadi siyasət nəticəsində ölkədə möhkəm maliyyə-iqtisadi baza yaradılmış, qeyri-neft sektorunun dinamik inkişafı və ölkə iqtisadiyyatının diversifikasiyası, regionların tarazlı inkişafı, səmərəli beynəlxalq iqtisadi əməkdaşlıq, dünya iqtisadiyyatına inteqrasiya prosesi sürətlənmiş və son nəticədə Azərbaycanın hər bir vətəndaşının rifahının yüksəldilməsi ilə bağlı müsbət dəyişikliklər baş vermişdir. Sevindirici haldır ki, əldə olunan bu uğurlar daimi xarakter almışdır. Respublika Statistika Komitəsinin hesabatında göstərilir ki, 2015-ci ilin yeddi ayında Azərbaycanın həm iqtisadi, həm də sosial sahələrində dinamik inkişaf davam etmişdir. Ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 2015-ci ilin yanvar-iyul aylarında 32,1 milyard manatlıq və ya ötən ilin müvafiq dövründəkindən 5,6 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. Əlavə dəyərin 35 faizi sənayedə, 12,5 faizi ticarət, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahələrində, 13,6 faizi tikinti kompleksində, 5,7 faizi nəqliyyatda, 6 faizi kənd təsərrüfatında, 1,9 faizi rabitədə, 17,2 faizi digər sahələrdə yaradılmışdır. Məhsula və idxala xalis vergilər ÜDM-in 8,1 faizini təşkil etmişdir.
2014-cü ilin eyni dövrü ilə müqayisədə əlavə dəyər qeyri-neft sektorunda 9 faiz, neft-qaz sektorunda isə 1 faiz artmışdır. Yanvar-iyul aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 15,8 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Mədənçıxarma bölməsində məhsul istehsalı 2 faiz, o cümlədən əmtəəlik qaz hasilatı 10,6 faiz artmış, neft hasilatı isə 1,8 faiz azalmışdır.
Bu gün Azərbaycanın qeyri-neft sektoru sürətli yüksəliş dövrünü yaşayır. Bu, həm də daxili investisiyaların həcminin artımında özünü göstərir. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir.
Son illərdə Azərbaycan xaricdən sərmayə alan ölkədən xaricə sərmayə yatıran ölkəyə çevrilmişdir. Hazırda Türkiyə, Ukrayna, Gürcüstan, Moldova, İsveçrə, Rusiya və digər dövlətlərin iqtisadiyyatına böyük həcmdə investisiya qoyulur. Bütün bunlar həm də respublikamızın inkişaf etməkdə olan ölkədən inkişaf etmiş ölkəyə çevrilmək əzmini nümayiş etdirir. Əslində, Azərbaycan bu gün adambaşına düşən 7 min dollarlıq milli gəlirlə orta inkişaf etmiş ölkələr qrupunda yer alır. Ölkə başçısı bununla bağlı demişdir: “İnvestisiyalar artır və daxili investisiyalar üstünlük təşkil edir. Düzdür, daxili investisiyaların böyük hissəsi dövlət investisiyalarıdır. Bu da təbiidir. Çünki hələ də dövlət xətti ilə infrastruktur layihələrinə, o cümlədən sosial infrastruktur layihələrinin icrasına vəsait ayrılmalıdır. Ancaq Azərbaycana özəl sərmayə də qoyulur. Azərbaycanda çox müsbət sərmayə iqlimi vardır, yerli və xarici investorlar bizim ölkəmizə inanırlar, ölkəmizin gələcəyinə inanırlar. Buna görə Azərbaycana çox böyük həcmdə investisiyalar qoyulur”.
Hazırda dünyanın əksər ölkələri xarici investisiyaları cəlb etmək üçün rəqabət aparır. Çünki hər bir ölkənin iqtisadi inkişafını investisiyalar müəyyən edir. Bu gün Avrozonada müşahidə olunan vəziyyət onu göstərir ki, investisiyalar olmasa, Avropa iqtisadiyyatının böhrandan çıxması çox çətin olacaq. Azərbaycan iqtisadiyyatına yatırılan sərmayənin həcmi isə ilbəil artmaqdadır. Bununla bağlı bir fakta diqqət yetirək. Bu ilin yanvar-iyul aylarında əsas kapitala 9368,5 milyon manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz çox vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 6259,6 milyon manatı və ya 66,8 faizi məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 5494 milyon manatı daxili vəsaitlər olmuşdur. Bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş vəsait 2014-cü ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz artaraq 6998,2 milyon manat təşkil etmişdir.
Son illərdə Azərbaycanda yüzlərlə yeni iri və orta sənaye müəssisəsi fəaliyyətə başlayıb. Bu müəssisələrin bir çoxunun məhsulları xaricə ixrac olunur və dünya bazarında analoji məhsullarla uğurla rəqabət apararaq özünə alıcılar tapır. İndi ölkəmizin qarşısında duran əsas məqsəd inkişaf etmiş dövlətlər sırasına çatmaqdır. Buna nail olmağın yeganə yolu isə ölkənin müasir texnologiyalara əsaslanan güclü sənaye potensialının yaradılmasıdır. Hazırda ölkədə aparılan iqtisadi siyasətin başlıca hədəfi də budur.
Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Azərbaycanın gələcək inkişafı sənayenin inkişafı ilə sıx bağlıdır. Hazırda Azərbaycan dövlətinin kifayət qədər vəsaiti var və dövlət investisiyaları da strateji əhəmiyyət daşıyan sənaye sahələrinə cəlb edilir.
Yeri gəlmişkən, sənayenin inkişafından danışarkən bir məqama da xüsusi diqqət yetirmək istərdik. Bu da müasir sənaye məhəllələrinin yaradlmasıdır. Xatırladaq ki, Azərbaycan Prezidenti sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında 8 oktyabr 2014-cü il tarixli fərman imzalamışdır. Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının dövlət siyasəti iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsini, o cümlədən yüksək texnologiyalar əsasında sənayenin dinamik inkişafını və şaxələndirilməsini nəzərdə tutur.
Uğurla həyata keçirilən bu siyasətin nəticəsi olaraq son illərdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində müxtəlif təyinatlı çoxlu sənaye müəssisəsi tikilib istifadəyə verilib, yüzminlərlə yeni iş yeri yaradılıb. Ölkədə rəqabətədavamlı sənaye məhsulları istehsalını daha da artırmaq məqsədilə hazırda sənaye parklarının yaradılması istiqamətində böyük işlər görülür.
Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsində və yerli ehtiyatlardan səmərəli istifadə edilməklə sənaye sahələrinin inkişaf etdirilməsinin daha bir istiqaməti ölkənin ayrı-ayrı şəhərlərində sənaye məhəllələrinin yaradılmasıdır. Sənaye məhəllələri istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və digər məsələlərin həlli baxımından böyük əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarında bir qayda olaraq Azərbaycanın kənd təsərrüfatında ənənəvi sahələr olan taxılçılığın, üzümçülüyün, meyvəçiliyin, pambıqçılığın, tütünçülüyün, çayçılığın, ipəkçiliyin və digər sahələrin inkişafı prioritet vəzifə kimi qarşıya qoyulmuşdur. Aqrar bölmənin sürətli inkişafı baxımından bu sahənin normativ hüquqi bazasının, elmi-metodik təminatının və kadr hazırlığı sisteminin təkmilləşdirilməsinə, onun xammal istehsalı və emalı sahələrinin əlaqəli inkişafına, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasının stimullaşdırılmasına, aqrar bölməyə maliyyə dəstəyinin artırılmasına və bu bölmənin maddi-texniki bazasının möhkəmləndirilməsinə həmişə xüsusi önəm verilmişdir.
Burada bir məqama da xüsusi diqqət yetirmək istərdik. Bu da Azərbaycanda sosial sahəyə mühüm önəm verilməsi ilə bağlıdır. Xatırladaq ki, hazırda ölkənin iqtisadi inkişafından, neft strategiyasının və sahibkarlığın inkişafının uğurlu nəticələrindən əldə edilən dividendlər bilavasitə insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilir. Minimum əməkhaqlarının, büdcə təşkilatlarında çalışan ayrı-ayrı vətəndaş kateqoriyalarının məvaciblərinin, pensiya və müavinətlərin, tələbə təqaüdlərinin artırılması, sosial müdafiə sisteminin davamlı şəkildə təkmilləşdirilməsi dövlətin vətəndaşlarına olan diqqət və qayğısının bariz təcəssümüdür.
Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin əsas mahiyyəti də əhalinin faydalı məşğulluğunun təmin edilməsindən, yeni iş yerlərinin açılmasından, sosial müdafiədə ünvanlılıq və səmərəlilik prinsipinə üstünlük verilməsindən, əlillərin, aztəminatlı, habelə şəhid ailələrinin, bu qəbildən olan digər şəxslərin həyat səviyyəsinin yüksəldilməsinə lazımi şərait yaradılmasından ibarətdir. Bu məsələdə Heydər Əliyev Fondu da mühüm rol oynayır. Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Azərbaycanda ənənə və dəyərlərin qorunub saxlanılması, gənc nəslin vətənpərvər ruhunda tərbiyəsi, mədəniyyətin, incəsənətin inkişafı və dünyada təbliği, cəmiyyətin mənəvi-intellektual intibahı yönündə əzmkar fəaliyyət göstərir.
Fondun qarşıya qoyduğu əsas məqsədlər sırasında bir cəhəti xüsusi vurğulamaq istərdim. Bu da təhsili çağdaş dövrün tələbləri səviyyəsinə yüksəltməkdir. Bunun üçün ölkədə müasir tipli yeni məktəblərin inşasının, tədris prosesinə normal şərait yaradılmasının zəruriliyini düzgün qiymətləndirən fond qarşıya qoyduğu strateji hədəflərə doğru inamla addımlamış, bir sıra uğurlu nəticələr əldə etmişdir. Azərbaycanın birinci xanımının cəmiyyətin maariflənməsinə və milli-mənəvi intibaha xidmət edən təhsil layihələrinin ümdə məqsədi həm də bölgələrdə yeni məktəblərin inşası, onların maddi-texniki təchizatının yaxşılaşdırılmasıdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin bəzi strukturlarının da dəstəklədiyi “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində son illər ərzində onlarla yeni məktəb binası inşa olunaraq lazımi avadanlıqlarla təchiz edilmişdir. Keçmiş ittifaqın iqtisadi cəhətdən ən qüdrətli dövründə belə Azərbaycanda məktəb tikintisi belə vüsət almamışdır. Amma Heydər Əliyev Fondu sübut etdi ki, yüksək əzm və iradə, ən əsası, vətənpərvərlik milli inkişafda son dərəcə vacib amildir.
Avratlantik məkana inteqrasiya kursunu uğurla davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin lokomotivinə çevrilən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan Azərbaycan bu gün bütün sahələrdə dinamik inkişaf edir. Son illərdə makroiqtisadi sabitliyin qorunub saxlanılması, qeyri-neft sektorunun nəzərəçarpacaq dərəcədə artması, inflyasiyanın optimal həddə saxlanılması da hökumətin həyata keçirdiyi inkişaf kursunun səmərəliliyinin əyani göstəricisidir.
Məhərrəm MƏMMƏDOV,
fəxri dəmiryolçu,
iqtisadçı ekspert
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.