Bizi fərqləndirən əlamət ondan ibarətdir ki, harada yaşamağımızdan
asılı olmayaraq, öz Vətənimizə bağlıyıq. Bura bizim Vətənimizdir,
hamımızın Vətənidir. Müstəqil Azərbaycan bütün azərbaycanlıların Vətənidir.
bizim bir vətənimiz var - azərbaycan! bizim bir dilimiz var - Azərbaycan dili!
Bizim ümumxalq ideologiyamız var - azərbaycançılıq məfkurəsi!
Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə
bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü
Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Ümummilli lideri Heydər Əliyevin qurub- yaratdığı müstəqil Azərbaycan Respublikası bu gün regionun və dünyanın söz sahibi kimi qəbul edilən dövlətlərindən birinə çevrilmişdir. Həm siyasi gücü , həm də iqtisadi qüdrəti gündən-günə artan dövlətimiz aparılan hərtərəfli islahatların və elmi şəkildə əsaslandırılmış dövlət proqramlarının icrasının nəticəsi olaraq daha böyük nailiyyətlərə imza atır. Getdikcə daha yüksək inkişaf müstəvisinə qalxan sahələrdən biri də Azərbaycan diasporunun dövlət ətrafında birləşdirilməsi istiqamətində reallaşdırılan tədbirlər və dövlətin diaspor təşkilatlarına göstərdiyi qayğıdır.
Bu tendensiyanı yüksək qiymətləndirən Prezident İlham Əliyev demişdir: “Azərbaycan dövləti özünü qoruyur və qoruyacaqdır. Ancaq mən çox şadam ki, diaspor təşkilatlarımız da nəinki erməni lobbi təşkilatlarına tutarlı cavab verir, eyni zamanda, onlar özləri orada Ermənistana qarşı çox ciddi və real faktlar əsasında qurulmuş təbliğat işləri aparırlar. Mən xaricdə çalışan səfirlərimizlə görüşlərdə həmişə demişəm və bu gün də demək istəyirəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır. Bizim diplomatiyamız müdafiə, özünümüdafiə xarakteri daşımamalıdır. Hücum diplomatiyamız nəticə verir. Xüsusilə nəzərə alsaq ki, Ermənistan-Azərbaycan münaqişəsində haqlı tərəf və zərər çəkən tərəf bizik, əlbəttə, arqumentlərimiz daha da ciddidir və daha da tutarlıdır. Hesab edirəm ki, növbəti dövrdə də erməni lobbisinə qarşı bütün dünyada mübarizəmizi davam etdirməliyik, onların yalanlarını ifşa etməliyik, Azərbaycan həqiqətlərini təbliğ etməliyik və Azərbaycan reallıqlarını olduğu kimi təqdim etməliyik”.
Dövlət başçımız eyni zamanda Azərbaycan diasporunun qarşısında getdikcə daha böyük vəzifələrin durduğunu qeyd edir:" Həm ölkəmizin inkişafı, həm diaspor təşkilatlarımızın güclənməsi qarşımızda indi böyük imkanlar açır. Soydaşlarımız - azərbaycanlılar yaşadıqları ölkələrdə dövlət, hökumət qurumlarında təmsil olunmalıdırlar. Onların sayı da bəzi hallarda buna imkan verir. Qanunvericilik orqanlarında təmsil olunmalıdırlar. Bunu etmək üçün azərbaycanlılar arasında qarşılıqlı dəstək və birlik daha da güclü olmalıdır. Mən hesab edirəm ki, bu, realdır... Bu, həm orada yaşayan azərbaycanlılar üçün bir dəstək olacaq, dayaq olacaq, həm ölkəmiz üçün. Çünki xaricdə azərbaycanlılar nə qədər güclü olsa, dövlətimizin maraqları da o qədər müdafiə olunacaqdır. Nə qədər Azərbaycan güclü olsa, soydaşlarımız özlərini o qədər də əmin, rahat hiss edəcəklər. Ona görə də hesab edirəm ki, diaspor təşkilatlarının bütövlükdə və onların üzvlərinin fərdi qaydada real siyasətə, real işlərə daha da fəal cəlb edilməsi çox arzuolunan bir məsələdir".
Xatırladaq ki, dünya diaspor tarixi barədə söz açan mütəxəssislər bu məsələnin çox ağır bir proses olduğunu dönə-dönə deyiblər. Hətta bir çox xalqların diaspor təşkilatlarının dövri olaraq dağılıb yenidən qurulması faktları da mövcuddur. Ancaq Azərbaycan diaspor təşkilatlarının bir mərama qulluq etməsi, müstəqil dövlətimizin ətrafında birləşmək istəyi çox qısa bir zamanda öz tərəfdarlarını başına toplaya bilmişdi. Bu, bir tərəfdən bizim əsrlərdən bəri milli dövlətçilikdən məhrum edilməyimizlə bağlı idisə, digər tərəfdən də, diaspor quruculuğunun beşiyi başında Heydər Əliyev kimi siyasət dahisinin dayanması ilə bağlı idi.
Xalqımızın xoşbəxtliyidir ki, ulu öndər Heydər Əliyevin birləşdirib bir araya gətirdiyi Azərbaycan diasporunun fəaliyyətini Prezident İlham Əliyev beynəlxalq aləmdəki türk diasporu ilə əlaqələndirməyi bacarmışdır. Prezidentimiz bu istiqamətdə olan ilk addımları hələ Azərbaycan parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri olarkən atmışdı. Məhz onun təşəbbüsü ilə AŞPA -dakı Azərbaycan və Türkiyə parlamentariləri eyni məqsədə xidmət edən qərarlar qəbul etmiş, sonra bu addım Avropadakı Azərbaycan və türk diaspor təşkilatları tərəfindən yaradıcılıqla davam etdirilmişdir. İlham Əliyev 2003-cü ilin payızında ölkəmizdə dövlət başçısı seçildikdən sonra isə bu məsələni daim diqqət mərkəzində saxlamış, beynəlxalq aləmdəki diaspor təşkilatlarının hamısı üçün nümunə olacaq bir əməkdaşlıq formulunun ərsəyə gəlməsinə nail olmuşdur.
Bu bir faktdır ki, 2008-ci il noyabr ayının 19-da Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti nəticəsində dünyanın hər yerində yaşayan soydaşlarımızla müstəqil Azərbaycan dövlətinin əlaqələri yaradılmış, bütün soydaşlarımızın suveren Azərbaycan Respublikasının ətrafında birləşdirilməsi üçün daha müasir yollar seçilmiş, daha çevik layihələr reallaşdırılmışdır. İndi artıq dünyanın hansı ölkəsində nə qədər soydaşımızın yaşadığı və onların qarşıya qoyulan mərama hansı şəkildə xidmət etdiyi dəqiq öyrənilmiş faktlar və rəqəmlərdir. Bu gün artıq hamıya məlumdur ki, sayı təxminən 50 milyon nəfər olan dünya azərbaycanlılarının 10 milyondan çoxu hazırda mühacirətdə yaşayır. Dünyanın 5 qitəsində məskunlaşan soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir. Azərbaycan diasporu mövzusunun aktuallığı azərbaycanlıların yayılma coğrafiyasının araşdırılmasını və soydaşlarımızın sayının dəqiqləşdirilməsini zərurətə çevirmişdir. Bu dəqiqləşdirmələri , qeyd etdiyimiz kimi Diasporla İş üzrə Dövlət Komitəsi aparmışdır. Təbii ki, konkret statistik göstəriciləri ifadə etmək hələ mümkün deyil. Çünki bəzi ölkələrdə əsrlərdən bəri yaşayan on minlərlə soydaşımız müəyyən səbəblər üzündən hələ də başqa millətin nümayəndəsi kimi təmsil olunurlar. Belə faktlar yaxın qonşumuz olan ölkələrdə daha çoxdur.
Mətbuatda verilən son məlumatlarda göstərilir ki, Azərbaycan diasporunun yayılma coğrafiyası və say tərkibinə görə geniş olduğu qitə Avropadır. Son statistik məlumatlara görə , “Avropa azərbaycanlılarının” sayı Türkiyədə və Rusiyada milyonlarla, Ukraynada və Belarusda, Almaniyada, Böyük Britaniyada yüz minlərlə, Norveçdə, Danimarkada, İsveçdə, Macarıstanda, Fransada, İtaliyada on minlərlə, Polşada, İspaniyada, Avstriyada, Albaniyada, Finlandiyada, Portuqaliyada isə on mindən çox göstərilir. Digər Qərb ölkələrində məskunlaşmış azərbaycanlıların sayı müvafiq olaraq hər bir ölkədə 2-10 min nəfər arasındadır. Hollandiya, Belçika, Danimarka, İsveçrə və Almaniyada yaşayan soydaşlarımızın əksəriyyəti Türkiyədən köçmüş azərbaycanlılardır. Böyük Britaniya, Çexiya, Slovakiya, Polşa, Avstriya, Estoniya, Belarus, Rusiya, Ukrayna, Moldova və Fransadakı soydaşlarımız isə İrandan və Azərbaycan Respublikasından köçənlərdir.
Dövlət başçımızın bu sahəyə ayırdığı diqqətin nəticəsidir ki, Azərbaycanın müvafiq dövlət strukturlarına, dövlət şirkətlərinə və özəl şirkətlərə çalışdığı ölkələrdə azərbaycanlıların daha da çox işlərə cəlb edilməsi tövsiyə olunmuşdur. Bu proses davam edir. Şirkətlərimiz xaricdə güclənən zaman orada yaşayan azərbaycanlılar bu işlərə daha da çox cəlb edilirlər. Dövlət başçımızın mövqeyi ondan ibarətdir ki, burada söhbət təkcə azərbaycanlıları işə götürüb hansısa vəzifə verməkdən getmir. Xaricdə fəaliyyət göstərən şirkətlər Azərbaycan şirkətləri, dövlət şirkətləri tərəfindən icra edilən layihələrdə iştirak etməlidirlər. Podratçı, müqaviləçi kimi iştirak etməlidirlər. Onlar daha da çox pul qazanmalıdırlar.
Artıq xeyli müddətdir ki, dövlətimiz xaricdə Azərbaycan mədəniyyət evlərinin yaradılmasına başlamışdır. Bu, uğurlu bir təşəbbüsdür. Aparıcı ölkələrin mərkəzi şəhərlərində Azərbaycan dövləti mülkiyyət almaq niyyətini reallaşdırır. Göstəriş verilib ki, paytaxt şəhərlərinin mərkəzi yerlərində, mərkəzi küçələrində Azərbaycan mərkəzləri yaradılsın. Həmin mərkəzlərdə Azərbaycan məhsullarının təqdim edilməsi, satılması, digər təbliğat xarakterli materialların yayılması nəzərdə tutulur. Xatırladaq ki, Azərbaycanın beynəlxalq aləmdə təbliği məsələsində ən uğurlu addımları Heydər Əliyev Fondu atır.
Sonda onu qeyd edə bilərik ki, bu gün dünyanın istənilən ölkəsində yaşayan soydaşlarımız Azərbaycan dövlətinin ətrafında birləşmək, Heydər Əliyev siyasi kursunu dəstəkləmək, müstəqil Azərbaycan dövlətinin daha da qüdrətləndirilməsi prosesinə öz töhfələrini vermək üçün əllərindən gələni əsirgəmirlər. Bunun üçün ən qısa yol isə həmin ölkələrdəki diaspor təşkilatlarının fəaliyyətində iştirak etməkdən keçir.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.