Sovet imperiyasının süqutundan sonra MDB ölkələri arasında respublikamızın sürətli inkişaf yoluna qədəm qoyması, hətta, müstəqillik illərində “kosmik ailə”nin üzvü olması düzgün müəyyənləşdirilmiş daxili və xarici siyasətin məntiqi nəticəsidir.
Ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra qarşıya çıxan problemlər tədricən aradan qaldırıldı və respublikamızın müstəqilliyi getdikcə möhkəmləndirildi. Azərbaycanın təbii sərvətlərinə göz dikənlər Heydər Əliyev siyasi kursu qarşısında aciz qaldılar. Onlar Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini qızışdırmaqla və Ermənistan silahlı qüvvələrinin ərazilərimizi işğal etməsinə şərait yaratmaqla respublikamıza təzyiq göstərir, müstəqil dövlətimizi bu yolla özlərindən asılı vəziyyətə salmaq istəyirdilər. Lakin, Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi və siyasi uzaqgörənliyi onların məkrli niyyətlərini puç etdi.
Onu da qeyd edək ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sanki bəzi dövlətlərin əlində ölkəmizə ən sərfəli təzyiq vasitəsi olub. Özlərini üzdə demokratiya, haqq-ədalət tərəfdarı kimi göstərən nüfuzlu beynəlxalq qurumlar, həmçinin güclü dövlətlər, arxada isə işğalçı ölkəyə dəstək verir, onu daha da şirnikləndirirdilər. Bu münaqişə başlanan vaxtdan sonra uzun müddət beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmədi. Bunun ilk səbəbi dünya ictimaiyyətinin Sovetlər Birliyinin süqut etməsini, necə deyərlər, səbirsizliklə gözləməsi idi. Ona görə də dünya dövlətləri münaqişənin aradan qaldırılmasında maraqlı deyildi. Söz yox ki, Dağlıq Qarabağ münaqişəsi Kremlin ssenarisi əsasında baş tutmuşdu. İttifaq rəhbərliyi müttəfiq respublikalarda yaranmış milli azadlıq hərəkatlarının genişlənməsini əngəlləmək üçün regional münaqişələr yaradır və bununla da diqqəti ölkənin əsas problemlərindən yayındırmağa çalışırdı.
Hadisələrin sonrakı gedişi göstərdi ki, Ermənistan tərəfi hələ münaqişə başlamamışdan əvvəl erməni lobbisinin imkanlarından yararlanaraq, beynəlxalq ictimaiyyətin dəstəyini almaq üçün ciddi kampaniya aparmışdı. SSRİ-nin süqutundan sonra beynəlxalq təşkilatların, həmçinin, bu gün müxtəlif beynəlxalq hüquq-müdafiə təşkilatları, Qərbi Avropa dövlətləri Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə göz yumdular. Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə bu qədər hörmətsizliyi, işğalçılıq siyasətindən əl çəkməməsi və özlərini demokratiya, insan hüquq və azadlıqlarının müdafiəçisi kimi göstərənlərin hələ də maddi dəstəyini alması dünənin, bugünün işi deyil. Bu, riyakarlığın, ikili siyasətin davamlı nəticəsidir.
Dünyada mövcud olan ikili standartlar digər münaqişələrin də yaranmasına zəmin yaradır. Prezident İlham Əliyev “The Business Year” jurnalına müsahibəsində də bu məsələyə münasibət bildirib. Dövlət başçısı qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi başda olmaqla, bu tipli problemlərin beynəlxalq hüquq normaları əsasında həll edilməsi Azərbaycan üçün çağırışdır:
“Biz 20 ildən artıqdır ki, Ermənistanın işğalından əziyyət çəkirik. Hesab edirəm ki, keçmiş sovet məkanındakı və ümumiyyətlə, dünyadakı bütün münaqişələrə eyni beynəlxalq hüquq normaları prizmasından baxılmalı, onların həlli üçün eyni yanaşma tətbiq edilməlidir. Çünki hər hansı münaqişə həll olunmursa və ya dondurulursa, onda digər münaqişələr üçün zəmin yaranır”.
Ölkəmizin qlobal təhdidlərə, o cümlədən terrorizmə qarşı mübarizənin fəal iştirakçısı və beynəlxalq antiterror koalisiyasının üzvlərindən biri olduğunu deyən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi dövrdə müzakirəyə çıxardığı iki məsələdən biri terrorizmə qarşı mübarizəyə həsr olunub: “Çünki terrorizmin müxtəlif təzahürləri ilə mübarizədə Azərbaycan kifayət qədər problemlərlə üzləşib. Ermənistan tərəfindən müxtəlif dövrlərdə ölkəmizə qarşı 30-dan çox terror aktı həyata keçirilib, nəticədə 2000-dən artıq soydaşımız qətlə yetirilib”.
Göründüyü kimi, faktlar da təsdiqləyir ki, beynəlxalq birlik hələ də Ermənistanın nazı ilə oynayır. Bunun da əsas səbəbi hansısa ölkəyə təzyiq etmət lazımdırsa, Ermənistandan bir vasitə kimi istifadə edilməsidir. Bunun nəticəsidir k, 1993-cü ildən bu vaxta qədər nüfuzlu beynəlxalq qurumların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar qəbul etdikləri qətnamələr hələ də icra olunmamış qalır. Mötəbər qurumların qətnamələri ikili standartların qurbanına çevrilib.
Müxtəlif dövrlərdə BMT-nin, ATƏT-in, Avropa Birliyinin, Avropa Şurasının və digər beynəlxalq qurumların Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququ norma və prinsipləri və dövlətlərin ərazi bütövlüyü çərçivəsində nizamlanması bu barədə qətnamələri qəbul olunmuş, bəyanatlar verilmişdir. Təəssüf ki, bu gün də həmin sənədlər kağız üzərində qalıb.
Maraqlıdır ki, BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycan və digər dünya ölkələri ilə bağlı kifayət qədər qətnamələr qəbul edilib. Amma bu günə qədər Qarabağla bağlı verilən tələblərlə yanaşı, kifayət qədər icra edilməyən qətnamələr var. Bu, böyük dövlətlərin maraqları ilə izah olunur.Yəni, hər hansı bir qətnamənin həyata keçirilməsi böyük dövlətlərin maraqlarına uyğundursa, həmin qətnamənin icrası həyata keçirilir. Diqqət yetirin: BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmaları ilə əlaqədar qəbul etdiyi qətnamədən 22 il keçir: 30 aprel 1993-cü il tarixdə qəbul olunmuş 822 saylı qətnamə, 29 iyul 1993-cü ildə qəbul olunmuş 853 saylı, 14 oktyabr 1993-cü ildə qəbul olunmuş 874 saylı və 12 noyabr 1993-cü il tarixdə qəbul olunmuş 884 saylı qətnamələrdə Azərbaycan ərazilərinin işğalı faktı təsdiqlənir, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu qeyd olunur və bölgədə hökm sürən vəziyyətdən narahatlıq ifadə edilir. Qətnamələrdə və bu məsələ ilə bağlı verilmiş bəyanatlarda vurğulanmışdır ki, ermənilər beynəlxalq birliyin hadisələrə obyektiv reaksiya verməməsindən istifadə edərək yeni təcavüz aktları həyata keçirir, Azərbaycan torpaqlarını zəbt edirlər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar qəbul olunan qətnamələr təkcə BMT Təhlükəsizlik Şurası ilə yekunlaşmır. Azərbaycanı AŞPA-da təmsil edən parlament nümayəndə heyətinin səyləri nəticəsində bu təşkilatın 2005-ci il yanvar sessiyasında qəbul etdiyi rəsmi sənəddə Ermənistan təcavüzkar dövlət kimi tanınmış, Azərbaycan torpaqlarının işğal altında saxlanılmasının yolverilməz olduğu vurğulanmışdır. Təşkilatın 1416 saylı qətnaməsində Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal olunduğu və separatçı qüvvələrin Dağlıq Qarabağ bölgəsinə nəzarət etdiyi göstərilmiş, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrində əks olunmuş tələblərin yerinə yetirilməsinin və silahlı qüvvələrin işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyi bildirilmişdir. Bu tələblər AŞPA-nin 2005-ci ildəki 1690 saylı tövsiyəsində də öz əksini tapmışdır.
ATƏT-in faktaraşdırıcı missiyası nümayəndələrinin 2005-ci ilin martında Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri zamanı isə orada ermənilərin kütləvi şəkildə qanunsuz olaraq məskunlaşdırıldığı təsdiq olunmuş, bu fakt təşkilatın yekun hesabatında əksini tapmışdır. Ötən illərdə Azərbaycanın haqlı mövqeyi təkcə Avropa Şurasında deyil, BMT, Avropa Birliyi, ATƏT, NATO, İƏT, GUAM və digər beynəlxalq təşkilatlarda da dəstəklənmişdir.
2010-cu il noyabrın 19-20-də Lissabonda keçirilmiş NATO-nun zirvə görüşünün yekun bəyannaməsində region ölkələrinin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi dəstəklənmiş, münaqişələrin məhz bu prinsiplər nəzərə alınmaqla həllinin vacibliyi vurğulanmışdır. Avropa Parlamenti tərəfindən qəbul edilmiş “Avropa İttifaqının Cənubi Qafqaz üçün strategiya ehtiyacı” adlı qətnamədə Dağlıq Qarabağ, eləcə də onun ətrafındakı ərazilərin işğal altında olması faktı təsdiq edilmişdir. Qətnamədə həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılması, doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin tezliklə öz daimi yaşayış yerlərinə qayıtması hüququnun təmin edilməsi tələb olunmuşdur.
2013-cü il oktyabrın 23-də Avropa Parlamentinin plenar sessiyasında qəbul edilən qətnaməni də xatırlatmaq vacibdir. Həmin vaxt Avropa Qonşuluq siyasəti üzrə qətnamə layihəsi qəbul edilib. Qətnamənin 16-cı paraqrafında Avropa Parlamenti tərəfindən Şərq Tərəfdaşlığı proqramında iştirak edən bir dövlət tərəfindən digərinin ərazisinin işğal edilməsinin Şərq Tərəfdaşlığının fundamental prinsip və məqsədlərinin pozulması olduğu barəsində mövqeyi xatırladılıb və bu xüsusda, Dağlıq Qarabağ münaqişəsinin həllinin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 4 qətnaməsi və 10 iyul 2009-cu il tarixli L’Aquila birgə bəyanatında ehtiva olunan ATƏT-in Minsk qrupunun baza prinsipləri əsasında həllinin vacibliyi vurğulanıb.
Ötən il ABŞ-ın Arizona ştatının ali qanunverici orqanının Senat və Nümayəndələr Palatasında Azərbaycana dair geniş qətnamə qəbul olunmuşdur. Qətnamədə Azərbaycanın ərazi bütövlüyünün ABŞ və Arizona tərəfindən dəstəkləndiyi və beynəlxalq birliyin Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımadığı bildirilir. Qeyd olunur ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupuna münaqişəni beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, eləcə də ATƏT-in qəbul etdiyi qərar və sənədlər əsasında həlli həvalə edilmişdir. Bu səpkidə vurğulanır ki, 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etmiş BMT Təhlükəsizlik Şurası, eləcə də NATO, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar da daxil olmaqla bütün dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Həmçinin qeyd olunur ki, münaqişənin həlli münaqişə nəticəsində yurd-yuvalarından didərgin salınmış yüz minlərlə azərbaycanlıya kömək edəcəkdir.
Göründüyü kimi, Azərbaycanın ərazi bütövlüyü bütün dünya ölkələri tərəfindən qəbul edilir və dəstəklənir. Bununla yanaşı, Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmaları barədə çoxlu sayda qətnamələr qəbul edilib. Dünyada baş verən ikili standart və riyakar siyasət bəzi beynəlxalq təşkilatların öz qətnamələrinə zidd olan digər qətnamələr verməsinə gətirib çıxarır. Belə ədalətsizliklər işğalçı Ermənistan hökumətinin rəhbərliyini daha da azğınlaşdırır.
Ölkəmizə qarşı belə qərəzli kampaniyalar və ikili standartlar heç bir nəticə verməyəcək. Çünki ölkəmiz heç bir dövlətdən asılı deyil və müstəqil siyasət yeridir. İkili standartlardan əl çəkməyən dövlətlər, həmçinin, beynəlxalq təşkilatlar unutmamalıdırlar ki, belə riyakarlıq heç bir fayda verməyəcək. Prezident İlham Əliyevin dediyi kimi, “Azərbaycanla diktat dili ilə danışmaq olmaz, Azərbaycanla dost, tərəfdaş olmaq olar.”
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.