Bütün dünya ictimaiyyəti Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz
hissəsi kimi tanıyır və Azərbaycanın ərazi bütövlüyü bu məsələnin
həllində əsas rol oynayacaqdır. Bu münaqişə beynəlxalq hüququn
norma və prinsipləri əsasında, ölkələrin ərazi bütövlüyü
çərçivəsində öz həllini tapmalıdır. Ölkələrin ərazi bütövlüyü
ölkələrin razılığı olmadan dəyişdirilə bilməz. Bu, beynəlxalq
hüququn əsas baza prinsipləridir və Helsinki Yekun Aktında məhz
bu prinsiplər əsas götürülmüşdür.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Gənc müstəqil Azərbaycan dövlətinə SSRİ-nin son illərindən miras qalmış Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması regionun bütün ölkələrinin sosial-iqtisadi inkişafına öz mənfi təsirini göstərir. Əlbəttə, ən böyük zərəri ərazisinin 20 faizi erməni işğalı altında olan, artıq üçüncü onillikdir ki, bir milyondan artıq qaçqın-köçkünün problemlərini həll edən Azərbaycanın iqtisadiyyatı görür. Ancaq Azərbaycan dövlətinin düşünülmüş siyasəti, elmi şəkildə əsaslandırılmış idarəetmə və təbii sərvətlərimizin dünya bazarlarına çıxarılması nəticəsində ölkəmiz öz inkişafını yüksək səviyyədə təmin edə bilir. Ermənistan rəsmiləri isə etiraf etmək məcburiyyətində qalıblar ki, sərsəm daşnak ideoloqlarının cəfəng və uydurmaları əsasında yaranmış Dağlıq Qarabağ münaqişəsinin ən böyük zərərdidəsi, məhz erməni xalqı və dövlətidir.
“Mən əminəm ki, bu münaqişə ədalətli və beynəlxalq hüquq əsasında öz həllini tapacaq, Azərbaycan ərazi bütövlüyünü, suverenliyini bərpa edəcəkdir. Biz azərbaycanlılar Dağlıq Qarabağa, işğal edilmiş digər torpaqlara və bütün tarixi Azərbaycan torpaqlarına qayıdacağıq. Mən buna əminəm, buna şübhə etmirəm və buna nail olmaq üçün biz daha da güclü olmalıyıq,”– deyə xalqını, bütün ədalətli insanları əmin edən Azərbaycan Prezidenti iştirak etdiyi yerli və beynəlxalq tədbirlərin hamısında öncə Dağlıq Qarabağ münaqişəsini yada salır və qeyd edir ki, bu problemin həll edilməmiş qalması Qafqazda marağı olan hər bir ölkənin inkişafına mane olur.
Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında giriş nitqi ilə çıxış edən Prezident İlham Əliyev Azərbaycan-Avropa Şurası əməkdaşlığı barədə söz açarkən demişdir: “Biz oraya üzv olmuşuq ki, ilk növbədə Qarabağ problemi həll edilsin. Məsələ bunda idi. Biz bilirdik ki, Ermənistan Avropa Şurasına üzv olmağa can atır. Biz istəyirdik ki, biz də orada olaq və bu məsələ ədalətli şəkildə həll edilsin. Ancaq biz nəyi görürük: ədalətsizlik, ikili standartlar, islamafobiya, paxıllıq, bədniyyət. Bax, bu yaxınlarda Avropa Oyunları zamanı qətnamə qəbul edirlər. Qətnamənin məruzəçilər tərəfindən təklif edilmiş mətnində yazılmışdır ki, assambleya nəzərə alır ki, Azərbaycan torpaqları işğal altındadır. Götürüb o cümləni dəyişirlər, yazırlar ki, assambleya nəzərə alır ki, Dağlıq Qarabağ münaqişəsi mövcuddur. Yəni, bu, nə deməkdir?! Bu, açıq-aydın antiazərbaycan mövqeyidir. Ona görə, yenə də bu mövzuya qayıdıram. Biz heç yerə inteqrasiya olmuruq. Hara olmuşuq, kifayətdir. Lazım olarsa, yenə də başqa birliklərə də üzv olarıq, ancaq bərabərhüquqlu tərəfdaş kimi, ləyaqətli ölkə kimi”.
Dövlət başçımızın həmin ifadələri qısa müddətdə dünyanın hər yerindəki soydaşlarımız tərəfindən bəyənilmiş və geniş əks-səda vermişdi. Çünki söhbət təkcə Qarabağ münaqişəsinin həllindən və ya işğal altında olan ərazilərimizin düşmən tapdağından təmizlənməsindən getmirdi, söhbət həm də xalqın milli ləyaqətindən gedirdi. Prezident israr edir ki, biz istənilən beynəlxalq təşkilat və ya ölkə ilə “kiçik qardaş” qismində deyil, məhz ləyaqətli ölkə kimi əməkdaşlıq etməliyik, edirik və edəcəyik. Dövlət başçımız, eyni zamanda, münaqişənin həll edilməmiş qalmasının konkret səbəblərini göstərir: “ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində heç bir irəliləyiş yoxdur. Ermənistan, sadəcə olaraq danışıqlar prosesini boykot edir və çalışır ki, bu məsələni maksimum dərəcədə uzatsın. Ancaq məsələ uzandıqca Ermənistan daha da çox tənəzzülə uğrayır. Qeyd etdiyim kimi, ölkə dərin siyasi, mənəvi, psixoloji və maliyyə böhranı içindədir. Ölkənin inkişafı üçün heç bir resurs yoxdur. İqtisadiyyat çöküb, sənaye ölüb, insanlar ölkəni tərk edir, yəni, insan resursları da yoxdur. Belə getsə, gələcəkdə Ermənistan kimi ölkə, bəlkə də, dünya xəritəsində heç olmayacaq da. Əgər belə olarsa, bunun günahkarı ancaq bugünkü kriminal diktatura rejimidir”.
Azərbaycan Prezidenti istənilən nitq və çıxışında ikili standartlardan əl çəkə bilməyən dünya ictimaiyyətinə tam çılpaqlığı ilə, həm də qətiyyətlə mesaj göndərir ki, siz bəzi həqiqətləri kimdənsə gizlətmək istəsəniz də, Azərbaycan xalqı hər şeyi bilir və biz hamının öz adı ilə çağırılmasını tələb edirik: “Mən bu auditoriyada bir dəfə demişəm ki, bizim torpaqlarımızı işğal edən təkcə Ermənistan deyil. Bizim torpaqlarımızı işğal edən Ermənistanın havadarları, ermənipərəst, islamofob siyasətçilər, antiazərbaycan qüvvələrdir. Ermənistan bizim torpaqlarımızı işğal edə bilərmi? Bir həftə ərzində orada daş daş üstündə qalmaz. Bu da reallıqdır və yenə də deyirəm, biz real dünyada yaşayırıq, öz tədbirlərimizi görürük və gün gələcək Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək. Hələ ki, biz bu istiqamətdə bütün hazırlıq işlərini görürük”.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bu ilin iyul ayında, Bakıda Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə birgə keçirdiyi mətbuat konfransında da bu məsələyə çox qətiyyətli və konkret şəkildə münasibət bildirmişdi: “Biz bu gün regional təhlükəsizlik məsələlərini, xüsuslə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsini və bu münaqişənin həlli yollarını müzakirə etdik. Mən danışıqların hazırkı vəziyyəti və münaqişənin tarixi barədə məlumat verdim. Münaqişə 20 ildən artıqdır ki, davam edir. Beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınan Dağlıq Qarabağ və 7 ətraf rayon 20 ildən artıqdır ki, erməni işğalı altındadır”.
Prezident mətbuat təmsilçiləri üçün səsləndirdiyi bəyanatla, əslində, Avropa rəsmisinin nəzərinə çatdırmışdı ki, BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib, lakin bu qətnamələr yerinə yetirilmir. O, Avropa rəsmisini əmin edib ki, münaqişənin müvafiq hüquq normaları və BMT qətnamələri əsasında ən qısa müddətdə həlli Cənubi Qafqazda bütün xalqların xeyrinədir: “Hesab edirəm ki, işğaldan azad olunma prosesi başlayan kimi Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşması prosesi də başlaya bilər. Azərbaycanın ərazi bütövlüyü digər ölkələrin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir və münaqişə bu əsasla həll edilməlidir”.
Dövlət başçımız həmin qətiyyəti bu il fevral ayının 7-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr’’ mövzulu panel müzakirəsində də nümayiş etdirərək demişdir ki, vasitəçilər işğalçı dövlətə qarşı adekvat təzyiq göstərmək üçün siyasi iradəyə malik deyillər. Məhz bu, münaqişənin uzanmasının, Azərbaycan torpaqlarının işğalının davam etməsinin, Ermənistanın beynəlxalq hüququn elementar normalarına əməl etməməsinin ciddi səbəblərindən biridir. Əlbəttə ki, işğalçı dövlətə göz yuman, ona açıq-aşkar dəstək verən Minsk qrupunun həmsədrlərinin ikili standartları olmasa, oxşar vəziyyət yaranmazdı. Burada Ukraynanın ərazi bütövlüyündən danışan həmin aparıcı dövlətlər unudurlar ki, bu bütövlük digər ölkələr kimi, Azərbaycan üçün də eyni dəyərə malikdir.
Azərbaycan Prezidenti dünyanın əksər ölkələrini təmsil edən jurnalistlərin və Avropanın çoxsaylı siyasətçilərinin iştirak etdiyi konfransda demişdir: “Əgər Ermənistan-Azərbaycan münaqişəsi vaxtında və ədalətlə həll olunsaydı Ukrayna da bu hadisələrlə qarşılaşmazdı, çünki bu hadisələr bir-birinin güzgüdəki əksi kimidir. Eyni zamanda, keçmiş Sovet məkanındakı digər münaqişələrdən fərqli olaraq Ermənistan-Azərbaycan münaqişəsi barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi mövcuddur. Əlbəttə ki, onların yerinə yetirilməməsi öz qərarlarına qarşı hörmətsizlikdən xəbər verir”. Həmin tədbirdə Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsinin xalqların öz müqəddəratlarını həlletmə hüququ və atəşkəsin pozulması ilə bağlı suallarına cavab verən İlham Əliyevin məntiqi uzun müddət mətbuatın gündəliyində qalmışdı: “Bizi ittiham edənlər torpaqlarımızı işğal etmiş, beynəlxalq hüququn normalarını pozmuş, Xocalıda soyqırımı törətmiş, tarixi və dini abidələrimizi məhv etmiş insanlardır... Erməni əsgəri Azərbaycanın işğal olunmuş ərazilərində nə gəzir? Ağdamda və Füzulidə? Niyə onlar öz şəhərlərinə - Yerevan və Gümrüyə qayıtmırlar? Ermənistanda o qədər də çox adam qalmayıb və Azərbaycanın işğal olunmuş ərazilərindəki insanlar üçün orada kifayət qədər yer var. Bunun əksinə, Ermənistan Azərbaycan torpaqlarında genişmiqyaslı hərbi təlimlər keçirir?”
Bir sözlə, Azərbaycan Prezidenti tam qətiyyətlə çalışır ki, Azərbaycanın ərazi bütövlüyü də digər ölkələrin ərazi bütövlüyü kimi bərpa edilsin və Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilsin. Xalqımız və beynəlxalq aləmdəki tərəfdaşlarımız əmindir ki, dövlət başçımızın həmin prinsiplərinin reallığa çevriləcəyi gün uzaqda deyil.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.