Azərbaycan dünyanın ən rəqabətqabiliyyətli ölkələri sırasına daxildir

Ölkə  Prezidenti cənab  İlham Əliyevin işləyib hazırladığı uzaqgörən inkişaf strategiyası nəticəsində son illərdə Azərbaycan dayanıqlı və davamlı iqtisadi inkişafını daha da sürətləndirmiş,  regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmişdir. Azərbaycan iqtisadiyyatının bir çox sahələrində, xüsusilə də qeyri-neft sektorunda nəzərə çarpan yüksəliş bir tərəfdən ölkəmizin geniş inkişaf potensialını əks etdirir, digər tərəfdən isə bu potensialdan tam istifadə olunması məqsədilə əlavə tədbirlərin həyata keçirilməsi zərurətini ortaya qoyur. Yaxın illərdə qarşıda duran əsas məsələlərdən biri iqtisadiyyatda karbohidrogen ehtiyatlarından asılılığı aradan qaldırmaq və iqtisadi artımı qeyri-neft sektorunun, o cümlədən onun aparıcı tərkib hissəsi olan sənayenin hesabına təmin etməkdir. Bu sahənin inkişafının innovasiyalar əsasında təmin olunması, texnoparkların sənayeləşmədə strateji layihələr kimi yer alması Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da başlıca hədəflər sırasındadır.

Birləşmiş Millətlər Təşkilatının (BMT) ekspertləri tərəfindən hazırlanmış sonuncu “İnsan inkişafı hesabatı”nda Azərbaycanla bağlı amillər – yaşayış səviyyəsi, orta ömür uzunluğu,  savadlılıq dərəcəsi, səhiyyə, təhsil almaq imkanı, adambaşına düşən ÜDM və s. yüksək qiymətləndirilmişdir. Bu, ölkə əhalisinin rifah halının yüksəlməsinə xidmət edən sosial siyasətin 2003-cü ildən  Prezident İlham Əliyev tərəfindən dövrün tələblərinə adekvat şəkildə, həm forma, həm də məzmun etibarilə zənginləşdirilərək yeni keyfiyyət mərhələsinə daxil olmasının bariz ifadəsidir. Hazırda yoxsulluğun azaldılması, regional inkişafın təmin edilməsi istiqamətində qəbul olunan çoxsaylı dövlət proqramlarının uğurla icrası, aparılan iqtisadi islahatlar nəticəsində əhalinin maddi rifah halının və yaşayış, eləcə də məşğulluq səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsi özünü qabarıq şəkildə büruzə verir.

Ümumiyyətlə, Azərbaycanda  əhalinin sosial müdafiəsinin günün tələblərinə uyğun təşkilinin, bu sahədəki problemlərin aradan qaldırılması istiqamətində görülən işlərin, həyata keçirilən tədbirlərin  nəticəsidir ki,  ölkəmizdə yoxsulluq həddində yaşayanların sayı getdikcə azalır. Bu məsələnin ardıcıl şəkildə həll olunması üçün görülən tədbirlər kompleks xarakter daşıyır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında demişdir: “Sosial sahədə bütün proqramlar icra edilir. Baxmayaraq ki, bizim gəlirlərimiz azalıb, bu, təbiidir. Biz büdcəni qəbul edəndə neftin qiymətini 90 dollardan hesablamışıq, əslində indi 60 dollar səviyyəsindədir. Bir neçə ay bundan əvvəl daha da aşağı səviyyədə idi, əlli dollardan aşağı düşmüşdü. Ancaq bütün sosial proqramlar vaxtında icra edilir və bu da siyasətimizin əlamətidir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə, biz yeni təşəbbüslər haqqında fikirləşirik... Sosial infrastruktur yaradılır. Məktəblər, xəstəxanalar tikilir. İndi təxminən 20-dən çox məktəb, 30-dan çox tibb müəssisəsi təmir olunur, tikilir. Yəni, bu proses də gedir. Demək olar ki, biz bu sahədə əsaslı dönüş yarada bildik. Növbəti illərdə çalışmalıyıq ki, bir dənə də təmirsiz məktəb olmasın və hər bir yerdə, hər bir kənddə insanlar normal tibbi xidmətə malik olsunlar. Yəni, sosial və iqtisadi vəziyyət bundan ibarətdir. Bu, bir daha onu göstərir ki, hətta böhranlı illərdə Azərbaycan sürətlə inkişaf edə bilər. Çünki bizim düşünülmüş siyasətimiz var. Bizim proqramlarımız reallıq üzərində qurulubdur”.

Ötən 12 ildə həyata keçirilən iqtisadi siyasət nəticəsində əhalinin gəlirləri  6 dəfədən çox artmışdır. Bu müddət ərzində sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər 9 dəfə, mülkiyyətdən gələn gəlirlər 45 dəfə, işçilərin əmək ödənişləri isə təxminən 7 dəfə yüksəlmişdir.

Sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən gələn gəlirlərin sürətlə artması bazar iqtisadiyyatı sisteminin formalaşdırılması və özəl mülkiyyətin əsaslarının möhkəmləndirilməsi fonunda baş vermişdir ki, buna da səbəb qanunvericilik bazasının təkmilləşdirilməsi, müxtəlif dövlət proqramları həyata keçirilərək iqtisadiyyatın ayrı-ayrı sahələrinə dövlət qayğısının artırılması  və iqtisadiyyatın idarə edilməsinə müasir yanaşmanın ortaya qoyulması olmuşdur. Gəlirlərin artımının inflyasiyanı ciddi faizlərlə üstələməsi həm son istehlaka,  həm də yığıma yönəldilən vəsaitlərin səmərəli artımına gətirib çıxarmışdır.

Azərbaycan bu gün makroiqtisadi mühit göstəricisinə görə  dünya ölkələri arasında 8-ci yeri tutur. Bu, təsadüfi deyil. Belə ki, hazırda  Azərbaycan əksər xarici dövlətlərdən fərqli olaraq investisiya yatırılması baxımından dünyanın ən cəlbedici ölkələrindən birinə çevrilmişdir. Bunun nəticəsidir ki, respublikamız adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə MDB məkanında birinci yerdədir.

Xatırladaq ki, Azərbaycanda mövcud qanunvericilik çərçivəsində investorların sərmayələri lazımi səviyyədə qorunur. Vergi və gömrük qanunvericiliyi sahəsində etibarlı hüquqi bazanın yaradılması da xarici investorların ölkəmizə cəlb olunması baxımından əhəmiyyətli rol oynayır. Azərbaycanın enerji sektoru ilə yanaşı, digər sahələr də xarici investorlar üçün cəlbedici olaraq qalır. Potensial investorlar isə Azərbaycanda maliyyə, inşaat (xüsusilə də iri biznes komplekslərinin yaradılması), kənd təsərrüfatı, alternativ enerji, turizm, informasiya texnologiyaları, qida və s. sektorlara böyük maraq göstərirlər.

Dünyanın aparıcı investisiya şirkətləri, maliyyə qurumları ölkəmizə irihəcmli sərmayə yatırır, kreditlər ayırırlar. Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş xarici investisiyanın çox hissəsi Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç, Çexiya, Türkiyə və Koreyaya məxsusdur. Azərbaycanda reallaşan strateji əhəmiyyətli infrastruktur layihələrin icrasında türk şirkətləri daha fəal iştirak edirlər. Ölkəmizə qoyulan əsaslı investisiyalar, yerli şirkətlərin fəaliyyətinin genişlənməsi, sahibkarlığın inkişafına ayrılan vəsait, kredit, subsidiyaların artırılması xarici investorların fəaliyyətinə əlverişli şərait yaratmaqla güclü infrastruktur layihələrinin tətbiqini də genişləndirir.

Özəl investisiyalar sahəsində həyata keçirilən siyasətin əsas istiqamətlərini müəssisələrin yenidənqurulması məqsədilə müasir texnoloji avadanlıqların Azərbaycana gətirilməsi və bunun üçün xarici ticarət rejiminin təkmilləşdirilməsi, daxili investisiyalarla yanaşı, birbaşa xarici investisiyaların ixracyönümlü və əlavə dəyərin xüsusi çəkisi yüksək olan sahələrə yönəldilməsi kimi məsələlər təşkil edir.

İqtisadiyyatın bir çox sahələrində olduğu kimi, xaricə investisiya qoyuluşu sahəsində də ölkəmiz uğurlar qazanır. Azərbaycan şirkətlərinin xarici bazarlara çıxması dövlət siyasətinin əsasını təşkil edir. İqtisadi potensialımızın güclənməsi xarici dövlətlərə investisiya qoyuluşuna əlverişli şərait yaradır. Türkiyə, Gürcüstan, Ukrayna, Belarus, Moldova, Polşa kimi ölkələr Azərbaycan investisiyalarının potensial hədəfləri sırasında yer alır.

Respublikamızın güclü maliyyə resurslarına malik olması, bölgədə ən iri kommunikasiya - infrastruktur layihələrinin reallaşmasının təşəbbüskarı kimi iştirak etməsi xarici investorları ölkə iqtisadiyyatına daha böyük maraqla cəlb edir. Ölkəyə qoyulan investisiyaların həcminin ildən-ilə artması dövlətimizin bu sahəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bütün bu amillər onu deməyə əsas verir ki, dünyada etibarlı tərəfdaş kimi qəbul edilən Azərbaycanda əlverişli biznes mühiti formalaşmışdır. Əldə olunan nəticələr iqtisadiyyatın daha da güclənəcəyinə əlverişli zəmin yaradır.

Son illər Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, “Qoldman Saks” Təşkilatı, Beynəlxalq Maliyyə Korporasiyası, Müstəqil Dövlətlər Birliyinin Statistika Komitəsi və digər qurumların hesabatlarında Azərbaycanda investisiyalar üçün əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin qeydiyyat prosesinin təkmilləşdirilməsi, əcnəbi sərmayəçilər üçün hökumət tərəfindən əlverişli sərmayə imkanlarının təmin edilməsi, eləcə də digər tədbirlərin intensiv xarakter alması əksini tapmışdır. Ümumdünya İqtisadi Forumunın açıqladığı ənənəvi qlobal rəqabətlilik əmsalında respublikamız əksər MDB və Avropa ölkələrini geridə qoymuşdur.

Əldə olunmuş iqtisadi nailiyyətlər əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı zəruri tədbirlərin gerçəkləşdirilməsinə, xüsusilə də əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atılmasına daha əlverişli şərait yaratmış, bütün sahələrdə olduğu kimi, sosial sferada da aparılan islahatlar əhalinin etibarlı sosial müdafiə sisteminin inkişafını təmin etmişdir.

“Fitch Ratings” agentliyi tərəfindən ilk dəfə olaraq ölkəmizə investisiya reytinqi verilmişdir. Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatları arasında investisiya reytinqi almış ilk və indiyədək yeganə iqtisadiyyatlı ölkə olaraq qalmaqdadır. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycanın kredit reytinqinin yaxşılaşlması Avropanın bəzi inkişaf etmiş ölkələrinin suveren reytinqlərinin aşağı salınması fonunda baş verir.

Bir sıra alt göstəricilərə görə Azərbaycan dünya üzrə ilk iyirmilikdə, o cümlədən “mülkiyyətin qeydiyyatı” üzrə 10-cu, “biznesin yaradılması” üzrə 15-ci, “investisiyaların qorunması” üzrə 20-ci yerdə bərqərar olmuşdur.  “The Heritage Foundation”  fondu və “The Wall Street Journal” məcmuəsi tərəfindən dünya ölkələrində iqtisadi azadlıq səviyyəsini xarakterizə edən ənənəvi illik son “İqtisadi azadlıq indeksi” hesabatında Azərbaycan hökumətinin ölkədə iqtisadi azadlığın yaxşılaşdırılması istiqamətində islahatlar aparması, eləcə də vergi azadlığı, valyuta azadlığı və korrupsiyadan azadlıq göstəriciləri üzrə müsbət nəticələr qazandığı qeyd edilmişdir.

Qlobal maliyyə böhranı şəraitində belə Azərbaycan iqtisadiyyatının davamlı inkişaf etməsi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiəsi respublikanın neft amillərindən asılılığını əhəmiyyətli dərəcədə azaltmışdır. Qeyri-neft sektorunda qazanılan iqtisadi uğurlar Azərbaycan iqtisadiyyatının neftdən asılılığını azaldır. Bu  ilin yeddi ayında 2014-cü ilin eyni dövrü ilə müqayisədə əlavə dəyərin  qeyri-neft sektorunda 9 faiz, neft-qaz sektorunda isə 1 faiz artması, ilk növbədə, regionların inkişafı istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir.

Son 12 ili əhatə edən bir dövr sosialyönümlü büdcə siyasəti, əhalinin sosial müdafiəsinin beynəlxalq standartlara uyğunlaşdırılması və maddi rifah halının yaxşılaşması, neft gəlirlərini qeyri-neft sektoruna yönəltməklə və modern texnologiyalara əsaslanmaqla yeni və qabaqcıl sənaye sahələrinin yaradılması, iqtisadi və sosial infrastrukturun, yol-nəqliyyat sektorunun davamlı inkişafı, eyni zamanda, dövlətimizin hərbi qüdrətinin yüksəldilməsi ilə əlamətdar olmuşdur. Bu müddət ərzində ölkə boyu nəhəng tikinti-quruculuq və abadlıq işləri aparılmış, çoxsaylı körpülər və yollar, yüzlərlə məktəb, idman-sağlamlıq kompleksləri, xəstəxana-müalicə ocaqları, sosial-mədəniyyət müəssisələri, turizm-istirahət mərkəzləri tikilib istifadəyə verilmiş, təhsil, mədəniyyət, səhiyyə, idman, turizm, ekologiya sahələrində böyük irəliləyiş baş vermişdir.

Ölkə rəhbərliyi səviyyəsində qəbul olunan və ictimai-siyasi, sosial-iqtisadi, humanitar-mədəni həyatın çoxşaxəli spektrini əhatə edən 60-a yaxın konseptual-strateji mahiyyətli sənəd və dövlət proqramları hazırda icra edilməkdədir. On iki illik  bir müddətdə görülən işlər və nəticələr bu gün deməyə əsas verir ki, Azərbaycan dünyaya özünün uğurlu inkişaf modelini təqdim edə bilmiş və qısa zaman kəsiyində ölkəmizdə, sözün əsl mənasında, inqilabi yeniləşmə və tərəqqiyə nail olunmuşdur.

Qeyd olunanlar bir daha göstərir ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün bütün sahələrdə real bəhrələrini verir. Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılan bu strategiya Azərbaycanın iqtisadi-sosial həyatında da mühüm nailiyyətlərə imkan yaratmışdır. Respublikamız postsovet məkanında keçid dövrünü uğurla başa vuran ilk ölkə olaraq, bununla əslində, yürütdüyü iqtisadi-sosial islahatların dünyada ən mükəmməl inkişaf modellərindən biri olduğunu təsdiq etmişdir. Hazırda dünyanın tədqiqatçı-mütəxəssisləri, həmçinin iqtisadiyyat elmi “İnkişafın Azərbaycan modeli”ni inkaredilməz fakt kimi qəbul edir, araşdırır və öyrənir.

“Güclü dövlət, yüksək rifah” prinsipinə əsaslanan, uğurları dünyada yüksək qiymətləndirilən Azərbaycan dövlətinin düşünülmüş və uzaqgörən siyasəti gələcəkdə də ölkəmizin davamlı inkişafını təmin edəcəkdir. Heç şübhəsiz ki, əvvəlki illərdə olduğu kimi, bu siyasətin ana xətti yenə də vətəndaşlarımızın həyat səviyyəsinin daha da yüksəldilməsi olacaqdır. Bütün bunlar isə ölkənin gələcək sosial-iqtisadi inkişafına yeni yanaşma tələb edir. Bu baxımdan Azərbaycanın perspektiv inkişafının hədəf və istiqamətlərini müəyyənləşdirən  “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası müstəsna əhəmiyyət kəsb edir. Konsepsiyada nəzərdə tutulmuş hədəflər bir daha göstərir ki, bütün sahələri əhatə edən irimiqyaslı tədbirlərin həyata keçirilməsi bundan sonra da ölkəmizin davamlı inkişafını, onun dünyada mövqeyinin daha da möhkəmlənməsini və xalqımızın rifahının yaxşılaşmasını təmin edəcək və 2015-ci il də əvvəlki illər kimi, milli inkişaf strategiyasının ən uğurlu dövrlərindən olacaqdır. Bir sözlə, bu gün  inkişafın yeni mərhələsinin əsas hədəfi milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə Azərbaycanda dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında