Demokratik islahatlar Azərbaycana dünya birliyində böyük inam və etimad qazandırıb

Heydər Əliyevin xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər  ölkənin iqtisadi yüksəlişi üçün önəmli tədbirlər görməyə başladı. Müstəqilliyin ilk illərində respublikada yaranmış anarxiya və xaos, qeyri-qanuni silahlı birləşmələrin özbaşınalıqları vəziyyəti getdikcə ağırlaşdırmışdı. Digər tərəfdən, hakimiyyət rəhbərliyinin dövlət idarəçiliyindəki naşılığı, cəsarətsizliyi və siyasi səbatsızlığı ölkəni uçuruma  yaxınlaşdırmışdı. Respublikada baş verən qarşıdurma beynəlxalq aləmdə Azərbaycana qarşı inamsızlıq yaratmışdı.

Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə tədricən həyat öz axarına düşdü, xalqda gələcəyə inam yarandı. Ulu öndər ilk növbədə  ictimai-siyasi sabitliyin bərpası istiqamətində qətiyyətli addımlar atdı. Sonra isə demokratik islahatların həyata keçirilməsi prosesi başlandı. Respublikamızın əldə etdiyi nailiyyətlər onun beynəlxalq aləmdəki nüfuzunu getdikcə yüksəldir, tərəfdaşlarının sayını artırırdı. Heydər Əliyevin dövlət idarəçiliyindəki zəngin təcrübəsi və dərin siyasi baxışları dünyanın tanınmış siyasi xadimlərinə və dövlət başçılarına yaxşı tanış idi. Bir tərəfdən ölkədə aparılan demokratik islahatlar bizə olan inamı getdikcə artırır, dünyanın ən iri şirkətləri Heydər Əliyevə inanaraq və güvənərək, respublikamıza sərmayə qoymaq barədə fikirlərini qətiləşdirirdilər, digər tərəfdən Azərbaycanda uğurla, cəsarətlə həyata keçirilən yeni neft strategiyası iri şirkətlərin diqqətindən yayınmırdı.

1994-cü ilin sentyabrında  Bakıda  Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” dərinsulu yataqlardakı neftin birgə işlənməsi haqqında dəyəri 7,4 milyard dollar olan  hasilatın pay bölgüsü müqaviləsi imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandırıldı. Bu müqavilədə dünyanın 8 ölkəsinin 13 ən məşhur neft şirkətinin iştirak etməsi  dünya birliyində Azərbaycana olan inam və etibarın bariz nümunəsi idi.

“Əsrin müqaviləsi”nin gerçəkləşməsi və beynəlxalq neft şirkətləri ilə sazişlərin imzalanması sayəsində ölkəyə çoxmilyardlı xarici investisiyalar cəlb edildi. Müqavilənin imzalanması ilə xalqın öz sərvətləri üzərində sahiblik hüququ bir daha təsdiq edildi və eyni zamanda, Azərbaycan iqtisadiyyatının dünyaya açıq olması bir daha nümayiş etdirildi. Bundan əlavə, dünyanın ən iri şirkətləri, həmçinin dövlətləri ilə səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün əsaslı təməl quruldu, ölkəmizə inam artdı. Ümumiyyətlə, Heydər Əliyevin 1993-2003-cü illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə imzalanmış 30-dək saziş çərçivəsində respublikamızın beynəlxalq aləmdəki nüfuzu xeyli artdı.

Xarici siyasət sahəsində əldə olunan uğurlar Azərbaycanın Avropaya və dünya birliyinə inteqrasiyasını daha da sürətləndirdi. Respublikamız müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara, o cümlədən, Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı  (İƏT), Müstəqil Dövlətlər Birliyi (MDB) və çoxlu sayda digər təşkilatlara üzv oldu və bu təşkilatlarla əməkdaşlığı daha da möhkəmləndirdi. Bunlarla yanaşı, NATO və Avropa İttifaqı kimi mötəbər beynəlxalq qurumlarla əlaqələr yaradıldı. Bu təşkilatlarda və regional təşəbbüslərdə iştirakı ilə Azərbaycan öz milli maraqlarını gerçəkləşdirir, eyni zamanda, dünya birliyinə töhfəsini verirdi.

Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi strategiyanın əsas vəzifəsi dövlət müstəqilliyimizi qorumaq və möhkəmləndirmək, ölkənin təhlükəsizliyini, milli dövlətçilik hüquqlarını təmin etmək və beynəlxalq təhlükəsizlik sistemi ilə bağlamaqdan ibarət olmuşdur. Prezident İlham Əliyev tərəfindən davam etdirilən həmin siyasi kursun  prioritetləri bu gün də Azərbaycana dünya birliyində böyük inam və etimad yaradıb. Bu gün ölkəmiz beynəlxalq təşkilatların fəal üzvüdür. Azərbaycanla daha  sıx münasibətlər qurmaq istəyən ölkələrin sayı ildən-ilə artır. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət dövlətimizi  beynəlxalq aləmdə söz sahibinə çevirib. İnamla deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi müstəqil  xarici siyasət məhz bu əsaslar üzərində qurulmuş, ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmlənmiş, bütün bunlar isə diplomatik reallıqlar fonunda respublikamızın imicini xeyli yüksəltmişdir.

Azərbaycan bu gün dünya üçün əhəmiyyətli ölkəyə çevrilib. Təsadüfi deyil ki, dövlətimizi beynəlxalq aləmdə dəstəkləyən ölkələrin sayı sürətlə artmaqdadır. Dünyanın 155 ölkəsinin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyimiz  və mötəbər quruma iki dəfə sədrlik etməyimiz də bir daha bunu sübut edir. Beynəlxalq təşkilatlara üzvlük, eyni zamanda, dünyada mövcud olan təhlükələrə qarşı birgə fəaliyyət Azərbaycana bir sıra beynəlxalq səviyyəli layihələrin həyata keçirilməsi üçün geniş imkanlar vermişdir.

Azərbaycana olan inam ölkəmizi nüfuzlu beynəlxalq qurumların öz tədbirlərini keçirdiyi məkana çevirib. Yaxın keçmişə nəzər salsaq, biz bir sıra beynəlxalq tədbirlərin, humanitar forumların Azərbaycanda keçirilməsinin şahidi olarıq. Dünya Dini Liderlərinin Bakı Sammitinin keçirilməsi böyük əhəmiyyət kəsb edir. 2009-cu ildə Bakı İslam Mədəniyyətinin paytaxtı elan olunmuşdur. Həmin il İKT-yə üzv ölkələrin, eləcə də Avropa ölkələrinin mədəniyyət nazirlərinin toplantısı keçirilmiş, 2008-ci ildə Azərbaycan bütün qitələri əhatə edən beynəlxalq qadınlar konfransına ev sahibliyi etmişdir. Bu konfransda mədəniyyətlərarası dialoqda qadınların roluna dair Bakı Bəyannaməsi qəbul edilmişdir. Azərbaycanda keçirilən həm iqtisadi, həm də siyasi sahələri əhatə edən beynəlxalq tədbirlərin sayı ildən–ilə artır.

Bu gün Azərbaycan müstəqil dövlət olaraq artıq  nüfuzlu beynəlxalq təşkilatlarda özünün maraq və mənafeyini maksimum dərəcədə təmin edib. Respublikamız  Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən maksimum  yararlanmış, diplomatik fəaliyyət sahəsində hər bir mərhələ üçün qarşıda duran hədəfləri düzgün müəyyənləşdirmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz layihələrinin reallaşdırılması, eyni zamanda Bakı-Tbilisi-Qars dəmir yolu kimi beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin həyata keçirilməsi bunu bir daha sübut edir. Bunların nəticəsidir ki, Azərbaycan artıq Qərb sivilizasiyasına qoşulur.

Respublikamızın beynəlxalq aləmdəki reytinqinin getdikcə yüksəlməsinin səbəblərindən biri iqtisadi qüdrətimizin artmasıdırsa, digər amillər həyata keçirilən siyasi strategiyanın sülhməramlı, xoşniyyətli olmasıdır. Məhz buna görə də ölkəmizə inanan və güvənən dövlətlərin sayı getdikcə artır. Dövlətimizin başçısı  bu məsələyə münasibət bildirərkən  demişdir: “Azərbaycanın güclü olması, mən hesab edirəm ki, bölgə üçün, dünya üçün çox vacib olan məsələdir. Çünki bizim siyasətimiz xoşniyyətlidir. Bizim siyasətimiz əməkdaşlığa yönəldilibdir. Bizim enerji siyasətimiz də düşmənçiliyə yox, dostluğa yönəldilibdir. Biz enerji siyasətində də bir çox hallarda dostlarımıza kömək göstəririk. Çünki əvvəla, buna onların ehtiyacı vardır. İkincisi, ona görə ki, bizim fəlsəfəmiz belədir. Üçüncüsü isə, dostluq münasibətləri bizim biznes maraqlarımızı daha da böyük dərəcədə təmin edəcəkdir. Biz görürük ki, bu gün enerji sahəsində Azərbaycan ilə işləmək istəyənlərin sayı artır. Azərbaycanı, SOCAR-ı özəlləşdirmə layihələrinə dəvət edirlər. Yəni, bizə inanırlar, güvənirlər və bizimlə hesablaşırlar”.

Həyata keçirilən uğurlu tədbirlər, səmərəli islahatlar ölkəmizi Avropa İttifaqı, Avropa Şurası, ATƏT və dünyanın digər inkişaf etmiş, güclü dövlətlərinin yer aldığı beynəlxalq təşkilatların  üzvləri sırasına qoşub. Bunun sayəsində də ölkəmiz dünyada gedən ictimai-siyasi proseslərdə fəal iştirak edir, müstəqil dövlət olaraq öz haqlarını müdafiə edir və maraqlarını qoruyur. Məhz bu baxımdan ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı getdikcə artır.

Hazırda Azərbaycanın xarici ölkələrdə 57 səfirliyi, 5 beynəlxalq təşkilat yanında daimi nümayəndəliyi, 9 baş konsulluğu, 7 təmsilçilik ofisi və 7 fəxri konsulluğu fəaliyyət göstərir. Respublikamızda isə 58 dövlətin səfirliyi, 4 baş konsulluq, 10 fəxri konsulluq və 20 beynəlxalq təşkilatın nümayəndəliyi mövcuddur.

Göründüyü kimi, dünya siyasətini istiqamətləndirən  qüdrətli dövlətlərlə ikitərəfli əməkdaşlığı genişləndirmək, ölkədə həyata keçirilən səmərəli iqtisadi, siyasi, hüquqi islahatlar,  güclü diaspor və lobbi formalaşdırmaq  respublikamızın mövqelərini daha da möhkəmləndirmiş və investisiya axınını gücləndirmişdir. Təkcə bu ilin yanvar-may aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən qoyulan vəsait bunu təsdiqləyir : 2 625,3 milyon manat!  Qeyd edək ki, xarici investisiyaların həcmində ötən ilin eyni dövrü ilə müqayisədə 44,8 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, xarici ölkələrin və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2 343 milyon manatı (89,3 faizi) Böyük Britaniya, Norveç, Türkiyə, Rusiya, İran, ABŞ, İsveç və Yaponiya sərmayədarlarına məxsus olub.

Xarici sərmayələrin 32 faizi və ya 839 milyon manatı Böyük Britaniya, 14,1 faizi və ya 370,5 milyon manatı Norveç, 13,8 faizi və ya 363,3 milyon manatı Türkiyənin payına düşüb.

Respublikamızla qarşılıqlı əməkdaşlığın coğrafiyasının getdikcə genişlənməsi Azərbaycanın nəinki regionda, ümumən, dünya siyasətində söz sahibi olan bütün ölkələrlə əlaqələrinin yüksələn xətt üzrə inkişafından xəbər verir. Ölkəmizin sülh, sabitlik və iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal şəkildə dəstəkləməsi artıq bir reallıqdır. Bu reallıqlar, həmçinin, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən demokratik islahatlar Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşur.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında