“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi qərargahında 2015-ci ilin birinci yarısının yekunlarına dair hesabat iclası keçirilmişdir. İctimai Birliyin İdarə Heyətinin sədri, icma rəhbəri Bayram Səfərov ilin birinci yarısında görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat vermişdir.
Qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin Bakıda Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının mərkəzi qərargahının açılışında iştirakı və səsləndirdiyi fikirlər icmanın fəaliyyətinin əlaqələndirilməsi və bu sahədə həyata keçirilən işlərin səmərəsinin daha da artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Dövlət başçısının diqqət və qayğısı icmanın qarşısında duran vəzifələrin həyata keçirilməsinə stimul vermişdir. İctimai birlik öz fəaliyyətini genişləndirərək, Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, eləcə də təcavüzkarın ifşası istiqamətində Azərbaycanda fəaliyyət göstərən müxtəlif ölkələrin səfirlikləri və beynəlxalq qurumların nümayəndələri ilə müntəzəm olaraq görüşlər keçirmişdir.
2015-ci ilin birinci yarısında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması tərəfindən ayrı-ayrı vaxtlarda beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına, eləcə də dünya ictimaiyyətinə ünvanlanmış müraciətlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həll edilməsi üçün ardıcıl səylərin göstərilməsi qeyd edilmişdir. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindən məcburən köçkün düşmüş azərbaycanlı əhalinin bu çağırışına onların biganə qalmayacağı, münaqişənin ədalətli həlli üçün daha qətiyyətli və prinsipial mövqe tutacaqları öz əksini tapmışdır. Bu baxımdan, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi 20 Yanvar hadisələri, ermənilərin Xocalıda və Qaradağlıda törətdikləri soyqırımları, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü, Şuşanın və Azərbaycanın digər ərazilərinin işğalı ilə əlaqədar xarici ölkələrin parlamentlərinə, beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə etdiyi müraciətlərdə Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları və hərbi təcavüzü haqqında daha dolğun təsəvvür yaratmaq və onları bu məsələyə biganə qalmamağa çağırış öz əksini tapmışdır. Bununla yanaşı, ictimai birlik Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsində 2015-ci il mayın 3-də keçirilmiş qondarma “parlament seçkiləri”ni pisləyən bəyanatla çıxış etmişdir.
B. Səfərov icmanın beynəlxalq təşkilatlarla əlaqələri barədə də məlumat vermişdir. Bildirmişdir ki, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi qərargahında Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyəti, eləcə də Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya Baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiçin başçılıq etdiyi nümayəndə heyətinin görüşü olmuşdur. Bununla yanaşı, İctimai Birliyin mərkəzi qərargahında Türkiyənin tanınmış media nümayəndələri və aparıcı TV rəhbərləri ictimai birliyinin idarə heyətinin üzvləri ilə görüşmüşlər.
İcma rəhbəri dövlət başçısı İlham Əliyevin Azərbaycan ictimaiyyəti qarşısında qoyduğu erməni təbliğatının ifşa edilməsi məsələsinin çox mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir: “Xocalı soyqırımının tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlər artıq daha ciddi nəticələr vermiş və bu proses genişlənməkdə davam edir. Heç şübhəsiz, bütün bunlar Azərbaycan dövlətinin apardığı səmərəli təbliğat işinin nəticəsidir və Ermənistanın ölkəmizə qarşı təcavüzünün dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir”.
Tədbirdə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, dosent Elçin Əhmədov icmanın həm respublikamızda, həm də xarici ölkələrdə gördüyü işlər, həyata keçirəcəyi tədbirlər, eləcə də qarşıda duran vəzifələr haqqında ətraflı məlumat vermişdir. E.Əhmədov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin birgə təsis etdikləri Qarabağ Araşdırmalar Mərkəzində ali məktəb tələbələri üçün “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə qısamüddətli kursların keçirilməsi məqsədlərindən danışmışdır. Qeyd olunmuşdur ki, bu tədbirlərdə əsas vəzifə son iki əsrdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar olunmamasına çalışmaq olmuşdur. Bununla yanaşı, bu kursların keçirilməsinin ideyası gənclərin maarifləndirilməsi və vətənpərvərlik ruhunun artmasına kömək olmaqla yanaşı, Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin daha çox məlumatlandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı mühüm işlərə töhfə verməkdir. O, Qarabağ Araşdırmalar Mərkəzində 2015-ci ildə də ali məktəb tələbələri üçün Qarabağ həqiqətləri haqqında qısamüddətli kursların davam etdirildiyini, eləcə də respublikanın bütün İctimai Birlik və strukturlarının gənclərinin də bu işə cəlb ediləcəyini bildirmişdir.
Təbliğat işinin gücləndirilməsinin vacibliyini diqqətə cəkən E.Əhmədov qeyd etmişdir ki, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəsmi saytı olan www.karabakh.az yenidən qurulmuş və təkmilləşdirilmişdir. Bununla yanaşı, Qarabağ Araşdırmalar Mərkəzinin www.karabakhresearchcenter.com və özündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektlərini əks etdirən filmlərdən ibarət www.therealstoriesofkarabakh.com saytları da təkmilləşdirilmişdir.
Ölkəmizdə fəaliyyət göstərən saytlar içərisində məlumat bazasının dolğunluğu baxımından fərqlənən bu saytlarda, xüsusilə Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən www.karabakh.az saytında 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş rayonların statistik göstəriciləri, dağıdılmış və məhv edilmiş maddi-mədəniyyət nümunələrinin siyahısı ilə yanaşı, bu işğal və təcavüzün faktlarla sübuta yetirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən fotolar da öz əksini tapmışdır.
E.Əhmədov diqqətə çatdırmışdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-2014-cü illər ərzində 6 beynəlxalq təşkilatın - BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən qəbul etdiyi 100-ə qədər sənədin (qərar, qətnamə və bəyanatlar və s.) də ardıcıllıqla və sistemli şəkildə verilməsi münaqişənin beynəlxalq-hüquqi aspektlərinin öyrənilməsi baxımından çox dəyərlidir. Eyni zamanda, bu sənədlər Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsasdır. Bundan əlavə, www.therealstoriesofkarabakh.com saytında Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal olunmuş ərazilərimizin hər biri haqqında ümumi məlumatla yanaşı, azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı, terror aktları, ümumiyyətlə, Qarabağ həqiqətləri haqqında 150-dək müxtəlif dillərdə sənədli filmlərin yerləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Hazırda Qarabağ Araşdırmalar Mərkəzinin www.karabakhresearchcenter.com adlı saytının ingilis və rus dillərində bölmələrinin qurularaq məlumatların yerləşdirilməsi üzərində iş gedir.
Natiq bildirmişdir ki, biz də hər zaman olduğu kimi, Azərbaycan dövlətinin apardığı bu siyasəti müdafiə edərək, Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində keçirilən tədbirlərin coğrafiyasını daha da genişləndirməli və dövlət başçısı İlham Əliyevin Azərbaycan alimləri, ziyalıları və diplomatları qarşısında qoyduğu və dəfələrlə vurğuladığı missiyanı - hücum diplomatiyasını yaddan çıxarmamalı, Ermənistanın təcavüzkar siyasətinin bütün dünyada ifşa edilməsinə nail olmalıyıq.
İctimai birliyin idarə heyətinin üzvləri - Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Milli Məclisin deputatı Elman Məmmədov və digərləri çıxışlarında ötən dövr ərzində qurumun fəaliyyətini müsbət qiymətləndirdilər. Toplantıda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya birliyinə çatdırılması istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanımışdır. Çıxışlarda, həmçinin icmadaxili və beynəlxalq ictimaiyyət arasında daha səmərəli, genişmiqyaslı fəaliyyətin qurulması məqsədilə yeni fəaliyyət istiqamətlərinin vacibliyi diqqətə çatdırılmışdır.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.