Ulu öndər Heydər Əliyevin Azərbaycana ikinci rəhbərliyi dövründə ümummilli lider müstəqil dövlətimizin gələcək hərtərəfli inkişafını təmin edəcək siyasi kursu müəyyənləşdirdi. Elmin, təhsilin, aqrar sahənin, mədəniyyətin, ümumiyyətlə, Azərbaycanın gələcək inkişafını elmi əsaslarla, dövlət proqramları ilə təmin etmək qarşıya qoyulan prioritet vəzifələrdən idi. Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasını sürətləndirmək, nüfuzunu yüksəltmək, elmi nəticələrin praktikaya tətbiqini təmin etmək, biliklərə əsaslanan yeni tipli iqtisadiyyatı formalaşdıracaq elmi tədqiqatların, yüksək ixtisaslı kadrların hazırlanması sahəsində dövlət proqramlarının təsdiq edilməsi zərurətini yaratmışdı.
Azərbaycanı xaosdan, anarxiyadan, iqtisadi böhrandan, parçalanmadan, vətəndaş qarşıdurmasından xilas edən ulu öndər tədricən respublikanı tərəqqi, inkişaf yoluna çıxardı və bugünkü uğurlara geniş yol açıldı. Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkəmizin iqtisadi qüdrətini artırmaqla yanaşı, dünya birliyində yeri və roluna, nüfuzuna və siyasi çəkisinə də öz müsbət təsirini göstərdi. Dahi şəxsiyyət dünya təcrübəsinə istinadən bildirmişdir ki, heç bir dövlət qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi, səylərin birləşdirilməsi və elmi əsaslara söykənən dövlət proqramları olmadan iqtisadi inkişafa nail ola bilməz. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan birgə addımların atılmasında maraqlı olduğunu bir daha nümayiş etdirdi. Müqavilənin imzalanması ilə ölkəmizin iqtisadi qüdrətinin, dünya iqtisadi sisteminə inteqrasiyanın təməli qoyuldu.
Ulu öndərin siyasi uzaqgörənliklə təsdiqlədiyi dövlət proqramlarının uğurlu icrası gənclərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsində, ölkənin sosial-iqtisadi problemlərinin həllinin təmin olunmasında böyük rol oynadı. Dövlət quruculuğunda gənclərin artan rolu, onların mənəvi inkişafı, vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşdırılması və inkişafı üçün yaradılmış şərait bu diqqət və qayğının nəticəsidir. Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında, bu sahədə dövlət proqramlarının təsdiqlənməsində və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında ümummilli liderin təşəbbüsü və xidmətləri də danılmazdır.
Prezident İlham Əliyevin bu siyasi kursu qətiyyətlə və ardıcıl şəkildə davam və inkişaf etdirməsi respublikamızı dünya birliyinin layiqli üzvlərindən birinə, sürətli sosial-iqtisadi və mədəni-mənəvi inkişafa gətirib çıxarmışdır. Bu inkişafın nəticəsi olaraq hazırda Azərbaycanda mütərəqqi dəyişikliklər baş vermiş, elmi-texiniki potensialın qorunub saxlanılması, yüksək ixtisaslı kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artması istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. Azərbaycan elminin, mədəniyyətinin, incəsənətinin beynəlxalq məkana inteqrasiyasını sürətləndirmək, nüfuzunu yüksəltmək, elmi nəticələrin praktikaya tətbiqini təmin etmək, yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində əhəmiyyətli işlər görülmüşdür.
Son illərdə dövlət tərəfindən gəncliyin, regionların sosial - iqtisadi, elmin, təhsilin, mədəniyyətin inkişafına yönəldilmiş çoxlu sayda dövlət proqramları işlənib hazırlanmış və hazırda bu sahədə əsaslı işlər aparılır. Dünyanı maliyyə sıxıntıları bürüsə də, dövlət proqramlarında nəzərdə tutulan iri layihələr reallaşdırılır. Bu proqramlar regional inkişafın və bu inkişafa yönəlmiş dövlət siyasətinin hüquqi əsasını təşkil edir. Regional iqtisadi inkişaf proqramları hazırlanarkən xarici bazara daha çox rəqabət qabiliyyətli məhsul çıxarılması, əhalinin sosial problemlərinin həlli, yerli məhsullar hesabına tələbatın ödənilməsi səviyyəsinin yüksəldilməsi, istehsal potensialından səmərəli istifadə ön plana çəkilir.
Prezident İlham Əliyevin ölkə rəhbərliyinə başladığı illərdə respublikamızın sürətli inkişafını elmi əsaslarla tənzimləyən dövlət proqramlarının təsdiq olunması istiqamətində ilk ciddi addım 2004-cü ildə atıldı. Prezidentin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” qarşıdakı illər üçün ölkənin sosial-iqtisadi inkişafının əsasını qoydu. Bu proqram çərçivəsində nəzərdə tutulmuş tədbirlərin uğurla reallaşdırılması nəticəsində regionların iqtisadi potensialı hərəkətə gətirilmiş, istehsal və sənaye müəssisələrinin yenidən qurulması istiqamətində konkret vəzifələr müəyyənləşdirilmişdir. Ölkənin davamlı inkişafına yönəldilmiş bu proqramın icrasına başlanması ilə Azərbaycanda regional inkişafın təməli qoyulmuş, bölgələrin iqtisadi qüdrəti artmış, yeni iş yerləri yaradılmış, yerli sakinlərin gələcəyə olan inamı artmış və onlarda təşəbbüskarlıq hissi güclənmişdir.
Azərbaycan Prezidentinin 2009-cu il 14 aprel tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etmişdir. Artıq bu sahədə təcrübə qazanmış müvafiq icra hakimiyyəti orqanları sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yüksəldilməsində, yoxsulluq həddinin aşağı düşməsində və əhalinin rifah halının yaxşılaşdırılmasında irəliyə doğru daha bir uğurlu addım atdılar. Birinci və ikinci regional inkişaf proqramları çərçivəsində qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi regionlarda müsir tələblərə cavab verən yeni müəssisələrin yaradılmasına imkan vermişdir.
Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, eləcə də digər analoji proqramlar – “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “Azərbaycan Respublikasında Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”, “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” və digərləri aqrar sahə mütəxəssislərinin qarşısında duran əsas vəzifələri müəyyənləşdirmişdir. Prezident İlham Əliyev 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan—2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyri-neft sektorunun inkişafı istiqamətində və ərzaq təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edən sahələrdən biri kimi kənd təsərrüfatı məhsullarının istehsalı və emalına xüsusi diqqət yetirilməsinin nəzərdə tutulmasını da aqrar sahəyə göstərilən diqqətin nümunəsi hesab etmək olar.
Ölkə başçısının bütün sahələr üzrə təsdiqlədiyi dövlət proqramları respublikamızın beynəlxalq aləmdəki reytinqinin yüksəlməsinə də öz təsirini göstərmişdir. Yeni iş yerlərinin sayı getdikcə artmış, gənclərin beynəlxalq aləmə inteqrasiyası sürətlənmiş, elm, təhsil, səhiyyə və mədəniyyətin inkişafı yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycan Prezidentinin 2005-ci il 30 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)” dövlət gənclər siyasətinin həyata keçirilməsi yolunda mühüm fəaliyyət sənədi olmuşdur. Həmin proqramın icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş vermiş və uğurlar əldə olunmuşdur. Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş aparılmış, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilmişdir. Ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılmış və bu sahədə irəliləyişlərə nail olunmuşdur. Dövlətin qayğısı sayəsində gənclər təşkilatlarının dövlət gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilmiş, onların layihə və proqramlarına mütəmadi dəstək verilmişdir. Beynəlxalq əməkdaşlıq sahəsində gənclər təşəbbüskarlıq və davamlı fəaliyyət nümayiş etdirmişlər.
Gəncliyin inkişafında növbəti mərhələnin təmin edilməsi məqsədilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi zərurəti yaranmışdır.
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamında da qeyd edildiyi kimi, ölkəmizdə gənclər siyasəti gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında xalqımızın tarixi- mədəni irsinə, milli - mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətimizin ictimai- siyasi, sosial- iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsi, gənclərin intellektual və yaradıcılıq potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi istiqamətində aparılır.
Hazırda beynəlxalq münasibətlərdə siyasi, iqtisadi, elmi-texniki, ekoloji və informasiya xarakterli amillər müstəsna rol oynayır. Bu baxımdan elmin inkişafı Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Bu isə ilk növbədə Azərbaycan Respublikasının milli maraqlarının ödənilməsində elmin inkişafını tələb edir. Nəzərə almaq lazımdır ki, dövlətin sosial-iqtisadi qüdrəti, ölkənin müdafiə qabiliyyəti və milli təhlükəsizliyi, cəmiyyətin mədəni-mənəvi tərəqqisi və xalqın rifahı elmin inkişaf səviyyəsi ilə birbaşa əlaqəlidir. Cəmiyyətin inkişafında elmin fəal iştirakının təmin olunması elmin özünün təkmilləşdirilmiş təşkilati strukturunun yaradılmasını zəruri edir.
Son illər dinamik inkişaf yolunda olan Azərbaycan Respublikası regionun lider dövlətinə çevrilmişdir. Azərbaycanın sürətli sosial-iqtisadi və mədəni-mənəvi inkişafı mükəmməl elmi-təşkilati struktur formalaşdırılmasını ön plana çıxarmışdır. Həmin struktur yeni elmi biliklərin əldə olunmasına və onların cəmiyyətin növbəti inkişaf mərhələsinə qədəm qoyması üçün daha əlverişli şərait yaratmalıdır. Qloballaşma dövründə informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılması Azərbaycanın mövcud intellektual potensialının qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi zərurətini meydana çıxarır.
Hazırda dövlət səviyyəsində aparılan siyasətin nəticəsi olaraq müstəqil Azərbaycanın optimal inkişaf modeli dünyanın inkişaf tendensiyalarına uyğun proqnozlaşdırıldığı kimi, Azərbaycanda elmi tədqiqatların prioritetləri də ölkənin mühüm sosial-iqtisadi və ictimai-mədəni problemlərinin həllinə istiqamətləndirilməlidir. Bu baxımdan Azərbaycanın dövlət müstəqilliyinə, sosial-iqtisadi və mədəni-mənəvi inkişafına, ictimai-siyasi sabitliyinə, milli təhlükəsizliyinə, ölkənin beynəlxalq aləmə fəal inteqrasiyasına, eyni zamanda, bu prosesdə maddi-mənəvi dəyərlərin qorunmasına xidmət edən Azərbaycan elminin inkişafı üzrə milli strategiyanın hazırlanmasına ehtiyac yaranmışdır. Bu məqsədlə də “Azərbaycan Respublikasında 2009 - 2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı” təsdiq edilmişdir. Bunlarla yanaşı, təhsilin, səhiyyənin və mədəniyyətin inkişafı ilə əlaqədar da dövlət proqramları qəbul edilmişdir. Təkcə təhsil sahəsinin müasirləşməsi ilə əlaqədar 20-dən artıq Dövlət Proqramı qəbul olunmuşdur.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.