Müstəqil Azərbaycanın dinamik inkişafı davam edir. Bütün dünyanı bürüyən maliyyə böhranı və qlobal dəyişikliklər fonunda ölkəmizin iqtisadi inkişafı və nəzərdə tutulan iri layihələrin reallaşdırılması dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş siyasətin məntiqi nəticəsidir. Dünyanın nüfuzlu iqtisadi qurumları və tanınmış siyasətçilər də Azərbaycanın əldə etdiyi bu uğurları yüksək qiymətləndirir, bunun ölkə rəhbərliyinin yeritdiyi müstəqil siyasətlə birbaşa əlaqədar olduğunu qeyd edirlər.
Məlum olduğu kimi, ölkə rəhbərliyinin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindən biri iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və həmin sahəyə investisiya qoyuluşunun sürətləndirilməsidir. Bu siyasətə uyğun olaraq görülmüş işlərin nəticəsidir ki, son illərdə ÜDM-in artımı qeyri-neft sektoru hesabına təmin edilir, rəqabətədavamlı məhsul istehsalı durmadan artır.
Dövlət Statistika Komitəsinin hesabatında göstərilir ki, 2015-cü ilin yeddi ayında Azərbaycanın həm iqtisadi, həm də sosial sahələrində dinamik inkişaf davam etmişdir. Ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 2015-ci ilin yanvar-iyul aylarında 32,1 milyard manatlıq və ya ötən ilin müvafiq dövründəkindən 5,6 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. Əlavə dəyərin 35 faizi sənayedə, 12,5 faizi ticarət, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahələrində, 13,6 faizi tikinti kompleksində, 5,7 faizi nəqliyyatda, 6 faizi kənd təsərrüfatında, 1,9 faizi rabitədə, 17,2 faizi digər sahələrdə yaradılmışdır. Məhsula və idxala xalis vergilər ÜDM-in 8,1 faizini təşkil etmişdir.
2014-cü ilin eyni dövrü ilə müqayisədə əlavə dəyər qeyri-neft sektorunda 9 faiz, neft-qaz sektorunda isə 1 faiz artmışdır. Yanvar-iyul aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 15,8 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Mədənçıxarma bölməsində məhsul istehsalı 2 faiz, o cümlədən əmtəəlik qaz hasilatı 10,6 faiz artmış, neft hasilatı isə 1,8 faiz azalmışdır.
Sənaye məhsulunun 63,8 faizi mədənçıxarmada, 28,5 faizi emal bölməsində, 6,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatında, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur.
Emal bölməsində qida məhsullarının istehsalı 3,5 faiz, neft məhsullarının istehsalı 4,8 faiz, kimya sənayesi 2,2 dəfə, poliqrafiya fəaliyyəti 77,2 faiz, tikinti materialları istehsalı 14,8 faiz, metallurgiya sənayesi 7,8 faiz, hazır metal məmulatların istehsalı 40,7 faiz, elektrik avadanlıqlarının istehsalı 38,7 faiz artmışdır.
Sənayenin qeyri-neft sektorunda artım daha yüksək olmuşdur. Yeddi ay ərzində bu bölmədə məhsul istehsalı 14,7 faiz, neft-qaz sektorunda isə 0,1 faiz artmışdır. İstehsal edilmiş məhsulun 99,8 faizi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında avqust ayının 1-nə kimi 306,5 milyon manatlıq hazır məhsul qalmışdır.
Kənd təsərrüfatında avqustun 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 99,3 faizi, yaxud 909,1 min hektarı biçilmiş və həmin sahələrdən 2768,5 min ton məhsul götürülmüşdür. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 7,7 sentner artaraq 30,5 sentner təşkil etmişdir. Bundan əlavə, məhsulu toplanmış 3,9 min hektar qarğıdalı sahəsindən 14,8 min ton məhsul götürülmüşdür.
Yığım başlanandan sahələrdən 506,8 min ton və ya keçən ilin müvafiq dövründə olduğundan 40,7 min ton çox kartof, 765,4 min ton (47,6 min ton çox) tərəvəz, 356,4 min ton (31,3 min ton çox) bostan məhsulları, 179,7 min ton (3,1 min ton çox) meyvə və giləmeyvə, 3201 ton (27 ton çox) üzüm, 363,6 ton (47 ton çox) yaşıl çay yarpağı, 1495,8 ton (250 ton çox) tütün yığılmışdır.
Heyvandarlıq məhsulları istehsalı sahəsində də uğurlu nəticələr əldə edilmişdir. Yeddi ay ərzində ölkədə 256,9 min ton, yaxud 2014-cü ilin yanvar-iyul aylarına nisbətən 1,8 faiz çox diri çəkidə ət, 1144,8 min ton (3,7 faiz çox) süd, 898 milyon ədəd (1 faiz cox) yumurta, 15,6 min ton (1,8 faiz çox) yun istehsal olunmuşdur.
Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 15,8 faiz, heyvandarlıq məhsulları istehsalı 2,4 faiz, kənd təsərrüfatının ümumi məhsulu 8,9 faiz artmışdır.
Kənd təsərrüfatı məhsulları istehsalçılarının zəruri kənd təsərrüfatı texnikası ilə təchizatı yüksək rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların istehsalında mühüm rol oynadığından bu məsələ ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. İlin birinci yarısında “Aqrolizinq” ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına 35,6 milyon manat dəyərində 576 ədəd müxtəlif növ traktor, 386 ədəd kotan, 163 ədəd otbiçən, 127 ədəd taxılyığan kombayn, 71 ədəd gübrəsəpən maşın, digər aqreqat və texnika verilmişdir.
2015-ci ilin yanvar-iyul aylarında əsas kapitala 9368,5 milyon manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz çox vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 6259,6 milyon manatı və ya 66,8 faizi məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 5494 milyon manatı daxili vəsaitlər olmuşdur. Bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş vəsait 2014-cü ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz artaraq 6998,2 milyon manat təşkil etmişdir.
Müxtəlif mənbələrdən ayrılmış vəsaitlər hesabına yanvar-iyul aylarında 1039,2 min kvadratmetr yaşayış evləri, növbədə 180 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisələri, 4908 şagird yerlik ümumtəhsil məktəbləri, 442 yerlik məktəbəqədər təhsil müəssisələri, 280 yerlik klub və mədəniyyət evləri, Bakı şəhərində 110 kilovoltluq “Ağ şəhər-1”, ”Həzi Aslanov”, “Kürdəxanı” və 35 kilovoltluq 7 elektrik yarımstansiyası, Bakı Olimpiya Stadionu, Su İdman Sarayı, Atıcılıq Mərkəzi, Velopark, Avropa Oyunları Parkı, Atletlər və Media kəndləri, Bakı Konqres Mərkəzi, “Qafqaz Baku Sport Hotel” mehmanxana kompleksi, “Bulvar Hotel” oteli, “Dalga Beach-Aqua Park” ailəvi istirahət mərkəzi, Beynəlxalq Avtovağzal ərazisindən Bakı dairəvi yolunu birləşdirən körpü və Stend Atıcılığı Kompleksinə gedən yol, Sumqayıt şəhərində Beton məmulatı zavodu və “Alyans Tekstil” tikiş fabriki, Astara rayonunda Deqədi-Pəlikəş avtomobil yolu, Bərdə rayonunda Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolu, Qusar rayonunda “Park Chalet Shahdag” oteli və s. obyektlər istifadəyə verilmişdir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən yanvar-iyul aylarında 126,4 milyon ton yük və 1041,8 milyon nəfər sərnişin daşınmış, 2014-cü ilin eyni dövrünə nisbətən yük daşınması 1,4 faiz, sərnişin daşınması 3,7 faiz artmışdır. Yük daşınması hava nəqliyyatı ilə 8,5 faiz, sərnişin daşınması avtomobil nəqliyyatı və metro ilə hər birində 3,7 faiz, hava nəqliyyatı ilə 2,8 faiz artmışdır.
İlin yeddi ayı ərzində informasiya və rabitə müəssisələri tərəfindən əhaliyə, müəssisə və təşkilatlara 937,2 milyon manatlıq xidmət göstərilmişdir. 2014-cü ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 10,7 faiz artmış, xidmətlərin 72,6 faizi əhaliyə göstərilmiş və əldə edilmiş gəlirin 81 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
Yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 13979,2 milyon manatlıq istehlak malları satılmış, xidmət müəssisələri tərəfindən 3814,3 milyon manatlıq pullu xidmət göstərilmişdir. 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 12,5 faiz, pullu xidmətlərin həcmi isə 6,7 faiz artmış, ticarət şəbəkəsində 6943,7 milyon manatlıq qida məhsulları, içki və tütün məmulatı, 7035,5 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır.
Regionların üçüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq 2014-cü ilin yanvar ayından cari ilin iyul ayının 1-nə kimi ölkədə 187,9 min (153,1 mini daimi) yeni iş yeri, bu ilin altı ayında 60,6 min (48 mini daimi) yeni iş yeri açılmışdır. Bu müddətdə açılan yeni iş yerlərinin 75,1 faizi qeyri-dövlət sektoruna aiddir. Onların 68,8 faizi regionların, o cümlədən 19,8 faizi Aran, 14,3 faizi Gəncə-Qazax, 7,7 faizi Abşeron, 6,5 Lənkəran və digər iqtisadi rayonların payına düşür. Daimi iş yerlərinin 13,7 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 11,3 faizi isə mövcud müəssisə və təşkilatlarda yaradılmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, cari ilin birinci yarısında ölkənin hüquqi və fiziki şəxsləri xarici dövlətlərlə 10930,1 milyon dollar məbləğində ticarət əməliyyatları aparmışdır. Əmtəə dövriyyəsinin 57 faizini və ya 6231,5 milyon dollarını ölkədən ixrac olunmuş mallar, 43 faizini (4698,6 milyon dollarını) isə idxal məhsulları təşkil etmiş, ixracın idxalı üstələməsi nəticəsində 1532,9 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2014-cü ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 4,1 faiz, o cümlədən ixrac 1 faiz, idxal isə 12,6 faiz artmışdır. Əmtəə mübadiləsinin 11,7 faizi və ya 1277,7 milyon dollarlığı MDB üzvü ölkələri ilə, 46,9 faizi və ya 5130,6 milyon dollarlığı Avropa İttifaqı ölkələri ilə, 41,4 faizi (4521,8 milyon dollarlığı) digər dövlətlərlə aparılmışdır.
İdxal olunmuş malların 22 faizi və ya 1031,9 milyon dollarlığı MDB üzvü ölkələrinin, 28,2 faizi və ya 1325,4 milyon dollarlığı Avropa İttifaqı ölkələrinin, 49,8 faizi (2341,3 milyon dollarlığı) digər dövlətlərin payına düşür.
İxrac edilmiş malların 3,9 faizi və ya 245,8 milyon dollarlığı MDB üzvü ölkələrinə, 61,1 faizi və ya 3805,2 milyon dollarlığı Avropa İttifaqı ölkələrinə, 35 faizi (2180,5 milyon dollarlığı) digər dövlətlərə göndərilmişdir.
Yanvar-iyun aylarında qeyri-neft məhsullarının ixracı əvvəlki ilin eyni dövrünün göstəricisini 16 faiz üstələmiş və 870,6 milyon dollar həcmində olmuşdur. Qeyri-neft məhsullarından kənd təsərrüfatı mallarının ixracı 6,1 faiz, sənaye mallarının ixracı isə 18 faiz artmışdır.
İyun ayı ilə müqayisədə iyul ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,7 faiz ucuzlaşmış, qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri isə dəyişməmişdir.
2014-cü ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-iyul aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 3,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 5,8 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,9 faiz, xidmət tarifləri isə 1,2 faiz artmışdır.
Yanvar-iyun aylarında muzdla işləyənlərin orta aylıq əmək haqqı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq 457,2 manat təşkil etmişdir. Yeddi ay ərzində əhalinin gəlirləri 6,4 faiz artaraq 23,6 milyard manata çatmışdır. Göründüyü kimi, əhalinin gəlirləri inflyasiyanı təxminən 2 dəfə üstələyir. Gəlirlərin 74,1 faizi son istehlaka, 9,3 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 14 faizi əmanətlərin və kapitalın artırılmasına, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmişdir.
Maliyyə Nazirliyinin məlumatına əsasən, 2015-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinə 7,8 milyard manat vəsait daxil olmuş, büdcədən 8,6 milyard manat vəsait xərclənmiş, büdcənin icrasında yaranmış 770,9 milyon manatlıq kəsir ümumi daxili məhsulun 2,9 faizinə bərabər olmuşdur. Büdcə xərclərinin 4 milyard manatı iqtisadiyyatın inkişafına, 1 milyard manatı sosial müdafiə və sosial təminata, 945,4 milyon manatı isə təhsilə və səhiyyəyə yönəldilmişdir.
2015-ci il iyul ayının 1-nə kimi ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 20,3 milyard manat ekvivalenti məbləğində kredit ayırmışdır. Verilmiş kreditlərin həcmi 2014-cü il iyul ayının 1-i ilə müqayisədə 21,1 faiz artmış, onun 78,1 faizi və ya 15,8 milyard manatı uzunmüddətli olmuşdur. Kreditlərin 1,3 milyard manatının, yaxud 6,6 faizinin ödəmə vaxtı keçmişdir.
Əhalinin banklardakı əmanətlərinin məbləği də artmışdır. Ötən ilin eyni dövrü ilə müqayisədə əmanətlərin həcmi 13,9 faiz artaraq 2015-ci il iyul ayının 1-nə 7,7 milyard manata çatmışdır.
Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.