Bütün fəaliyyətləri dövründə Azərbaycana qarşı düşmən münasibət sərgiləyən Leyla Yunusovanın və onun həyat yoldaşı Arif Yunusovun Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham olunmaları konkret əməli fəaliyyətin, eyni zamanda, törədilən faktiki cinayətlərin məntiqi nəticəsidir. Əslində bu, çoxdan gözlənilirdi. Çünki onlar “hüquq müdafiəçisi” adı altında maskalansalar da, cəmiyyət və dövlət üçün son dərəcə təhlükəli əməlləri ilə tanınırdılar.
Ən ağrılı məqam isə o idi ki, hər iki şəxs ermənipərəst mövqelərini heç vaxt gizlətmirdi. Əksinə, bu mövqeni, bu əməlləri hər zaman açıq şəkildə qabardır, öz milləti və dövlətinə qarşı apardıqları destruktiv, cinayətkar fəaliyyətləri ilə utanmazcasına fəxr edirdilər. Belə olan halda isə şübhəsiz ki, hüquq-mühafizə orqanları tədbir görməli idi...
Leyla Yunusova Azərbaycanda bərqərar olan demokratik şəraitdən yararlanaraq, Cinayət Məcəlləsinin maddələrini, necə deyərlər, hətta ayaq altına atmaqdan belə çəkinmirdi. Polis əməkdaşına qarşı iyrənc davranışını yəqin ki, heç kim unutmayıb. Ümumiyyətlə, o, dövlət maraqlarını öz şəxsi maraqları kontekstində görürdü və buna görə də həmişə Vətən, millət anlayışları arxa planda saxlanılırdı. Adı çəkilən “hüquq müdafiəçisi”nin Azərbaycan və azərbaycanlılar əleyhinə “işləməsi” ilə bağlı kifayət qədər sübut və fakt var. Məsələn, yaxşı xatırlayırıq, o, 1992-ci ildə Müdafiə Nazirliyinin informasiya və təhlil şöbəsinin rəisi işləyərkən əslində casusluq fəaliyyəti göstərirdi, Xocalı soyqırımı haqqında məlumatları təkzib edirdi, həlak olan insanların sayını dəfələrlə azaltmağa cəhd göstərirdi, bununla da ermənilərə açıq və birmənalı dəstək verirdi.
Bəli, bu, bizim bildiklərimiz, cəmiyyətə məlum həqiqətlərdir. Ancaq gör hələ onun Vətən, millət xəyanəti ilə bağlı istintaqda açılan nə qədər əməlləri var. Antiazərbaycançı “hüquq müdafiəçisi”nin digər əməllərini xatırlayanda bu şərəfsizin xəyanətinin miqyası adamı dəhşətə gətirir. Yenə də yaxın keçmişə qayıdıram. “Sülh və Demokratiya İnstitutu”nun rəhbəri “xalq diplomatiyası” adı altında Ermənistandakı “Region” araşdırmalar mərkəzi ilə əlaqələr qurmuş, ermənilərlə birgə sayt yaratdıqlarını bəyan etmişdi. Lakin həmin sayt elə ilk gündən erməni təbliğat maşınının ruporuna çevrilmişdi, Azərbaycanın əleyhdarı kimi çıxış edirdi. Sözügedən saytda işğal olunmuş, erməni tapdağında qalan torpaqlarımız “Dağlıq Qarabağ Respublikasının əraziləri” kimi təqdim edilirdi. Bax, budur mənəviyyatsızlıq, əxlaqsızlıq... Yaxud, Leyla Yunusovanın Azərbaycana həqarətlə yanaşmasına, respublikamızı sevməyən xarici qüvvələrin yanında olmasına, onların çirkin niyyətlərini həyata keçirməkdən çəkinməməsinə, ölkəmizə düşmən kəsilən kəslərin əlaltısına çevrilməsinə, bu yolla pul-para qazanmasına, varlanmasına dair başqa bir fakt.
Ermənilərlə “qarşılıqlı anlaşma yaratmaq” məqsədilə Qarabağa getmişdi və orada keçirilən tədbirdə ermənicə sərbəst danışırdı və Azərbaycan dili ilə bağlı isə deyirdi ki, “mən bu dildə yalnız söyüş söyə bilirəm”. Bu, eyni zamanda, üzdə Vətəndən, vətənpərvərlikdən dəm vuran Leyla Yunusovanın öz ana dilinə həqarətlə yanaşmasından, onun kimliyindən, əsil-kökündən xəbər verir. Bax, elə buna görə də Yunusovların Ermənistan tərəfindən dövlətimizə qarşı başlanan təcavüzkar müharibə, torpaqlarımızın işğal olunması, bir milyondan çox soydaşımızın məcburi köçkün və qaçqına çevrilməsi məsələsində həmişə səssiz qalmaları, heç bir mövqe bildirməmələri təəccüblü deyil. Məhz bütün bunlar bir daha Leyla və Arif Yunusovların insan hüquqlarının deyil, şəxsi maraqlarının, mənafelərinin müdafiəçisi olduğunu təsdiqləyir. Leyla və Arif Yunusovlar daim dövlətimizə və xalqımıza qarşı fəaliyyət göstərmişlər.
Hələ AXC-Müsavat hakimiyyəti dövründə yüksək vəzifə tutan bu şəxslər bütün imkanlarını ermənilərin müdafiəsinə yönəltməyə, onların tapşırıqlarını yerinə yetirməyə səfərbər etmişlər. Ermənilər Qarabağı işğal edərkən məhz bu və bunlar kimi kəslərin ötürdükləri kəşfiyyat materiallarından yararlanmışlar. Eyni zamanda, onlar Xocalı soyqırımını ört-basdır etməyə, Sumqayıtda baş verən erməni təxribatlarını xalqımızın adına yazmağa cəhd göstərmişlər.
Leyla və Arif Yunusovların Avropa qurumları üçün ölkəmizdə “siyasi məhbus” siyahıları hazırlayaraq bu yolla sərvət əldə etmələri, Azərbaycanda “Eurovision” mahnı müsabiqəsi, habelə digər mötəbər tədbirlər keçirildiyi, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına üzv seçildiyi, Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etdiyi vaxtlarda antiazərbaycan fəaliyyətləri də xəyanətlərinin tərkib hissəsidir. Leyla Yunusovanı ermənilərlə xisləti, xarakteri ilə yanaşı, həm də qohumluq telləri bağlayır. Başqa sözlə, artıq heç kəsə sirr deyil ki, bütün fəaliyyəti boyu daim özünü ermənipərəst mövqedən təsdiqləyən Leyla Yunusovanın ermənilərlə yaxın qohumluq əlaqələri var. Belə ki, o, erməni ailəsinin gəlinidir, əri Arif Yunusov erməni ailəsində böyüyüb, tərbiyə alıb. Sonradan bu amil onun özünün və həyat yoldaşının ömür yolunun müəyyənləşməsinə öz təsirini göstərib.
Xatırladaq ki, bu qohumluq, həmçinin Ermənistan kəşfiyyatının məxfi agentlərindən olan Laura Baqdasaryanla uzun müddətli əməkdaşlıq Yunusovlar ailəsinə həm də əməlli-başlı sərvət qazandırıb. Banklardakı avro, dollar, manat hesabları, xarici ölkələrdə daşınmaz əmlakları... Leyla Yunusova Azərbaycandakı mövcud azadlıqlardan sui-istifadə edərək, xaricdə əleyhimizə təbliğat aparmaqdan, dezinformasiya həyata keçirməkdən, ictimai rəyi çaşdırmaqdan da belə çəkinmirdi, ölkəmizin bugünkü uğurlarına qısqanclıqla yanaşırdı, bu uğurların əldə edilməsində xidmətləri olan insanları təhqir edirdi.
Yunusovların qanunsuz əməlləri təkcə yuxarıda qeyd edilənlərlə kifayətlənmir, onların vergidən yayınma, dələduzluq, qeyri-qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları ilə bağlı da istintaq çox ciddi faktlar üzə çıxarmışdır. Sonda bir məqamı da xatırlatmağımız yerinə düşərdi. Yunusovların antiazərbaycançı fəaliyyətlərinə görə ölkə məhkəməsi qarşısında cavab vermələri, məsuliyyətə cəlb edilmələri və Vətənə, dövlətə qarşı törətdikləri əməllərin cəzasını almaları bu cür niyyətdə olan digər şəxslərə də dərs olacaq.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.