Azərbaycan beynəlxalq arenada özünü etibarlı tərəfdaş və dost kimi təsdiq edə bilmişdir

 

 

 

 

 

 

 

 

 

 

 


Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, gələcəyini özü müəyyən edir,
tam şəkildə müstəqil siyasət aparır. İqtisadi gücümüz, dünyada artan
nüfuzumuz bizə imkan verir ki, bundan sonra da prinsipial xarici siyasətimizi aparaq.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Çoxsaylı ictimai-siyasi proseslərlə zəngin olan, maliyyə böhranlarının və iqtisadi geriləmələrin bir-birini əvəz etdiyi bugünkü beynəlxalq aləmdə əsas söz sahiblərindən birinə çevrilmək, olduqca çətin məsələdir. Ancaq cəmi 24 il müstəqillik tarixi olan  Azərbaycan Respublikası, sözün həqiqi mənasında bütün ölkələrin etibarlı tərəfdaşlarından biri kimi nüfuz qazana bilib. Biz bu arqumentin təsdiqini  Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurası kimi mötəbər beynəlxalq quruma sədrlik etmək statusu qazandığı günlərdə də müşahidə etmişdik, ölkəmizin Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyi müddətdə də.  İki il qabaq  azərbaycanlı həmkarı İlham Əliyevin dəvəti ilə Bakıya gəlmiş Rusiya Prezidenti Vladimir Putin dünyanın, demək olar ki, bütün qütblərini təmsil edən kütləvi informasiya vasitələri təmsilçilərinin qarşısında demişdi: “Dünya iqtisadiyyatındakı ümumi mürəkkəb vəziyyətə baxmayaraq, ölkələrimiz arasında münasibətlər kifayət qədər uğurla inkişaf edir. Ötən il qarşılıqlı ticarət dövriyyəsinin inkişafı 47 faiz təşkil edib, bu, bizim üçün rekordlardan biridir. Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi rekord templə inkişaf edir”.

Yəni, rəsmi Bakı özünün əməkdaşlıq etdiyi ölkələrin hamısı ilə açıq və səmimi münasibətlər qurduğuna görə bu  münasibətlərin qarşılığını da görür. Məsələn, Bakı — Vaşinqton münasibətlərindəki dostluq və tərəfdaşlıq əlaqələri də ildən-ilə   yaxşılaşır. Həmin faktı   ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini xanım Viktoriya Nuland   bu şəkildə dilə gətirmişdi:  “ABŞ Azərbaycanla 20 ildən artıq tarixə malik əməkdaşlığı yüksək qiymətləndirir. Rəsmi Vaşinqton ötən illər ərzində qurulmuş güclü əlaqələri davam etdirmək istəyir”.  ABŞ-la Azərbaycanın  birgə həyata keçirdiyi ilk layihə Bakı-Tbilisi-Ceyhan layihəsi olub. Hazırda “Cənub” qaz dəhlizi layihəsinin reallaşması istiqamətində də birgə çalışırıq. ABŞ rəsmilərinin fikrincə, həmin layihə  təkcə Azərbaycan deyil, eyni zamanda, Avropada indiyə qədər yalnız bir mənbədən asılı olan bütün ölkələr üçün əhəmiyyət kəsb edir. Bu, ABŞ, Avropa və Azərbaycan üçün müştərək bir layihədir.

Dünyanın müxtəlif qütblərini təmsil edən politoloq, siyasətçi və konfliktoloqlar bu fikirdədirlər ki,  rəsmi Bakının yürütdüyü prinsipial siyasətin nəticəsi olaraq, regionda sülh, sabitlik və iqtisadi əməkdaşlığa ciddi təhlükə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq səviyyəli müzakirələrin son vaxtlar yenidən intensivləşməsi müşahidə olunur. Aşkar görünür ki, dünyada baş verən mühüm geosiyasi dəyişikliklər fonunda Cənubi Qafqazdakı münaqişə ocaqlarının söndürülməmiş qalması ümumi siyasi mənzərəyə mənfi təsir göstərməklə yanaşı, bölgədə iqtisadi və siyasi maraqları olan dövlətlərin mənafelərini ciddi şəkildə təhdid edir. Münaqişənin həlli məsələsinin regional müstəvidən çıxaraq, beynəlxalq səciyyə daşıması da məhz bu amillə şərtlənir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il fevralın 7-də 51-ci Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Ukraynadan əlavə — Avropada həll olunmamış münaqişələr” mövzusunda  keçirilmiş panel müzakirəsində çıxışı hələ də dünya ictimaiyyətinin, xüsusən, ATƏT-n Minsk qrupu həmsədrlərinin qulağında səslənməkdədir: “Bizim timsalımızda Ermənistan və Azərbaycan arasında münaqişənin 20 ildən çox tarixi var. Bu münaqişə hətta Sovet İttifaqı dağılmamışdan əvvəl başlamış və dağılandan sonra daha da kəskinləşmişdir. Münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı ilə nəticələnmişdir. Ərazilərimizin 20 faizi işğal altındadır və Azərbaycanın tarixi hissəsi olan Dağlıq Qarabağ zəbt olunub. Dağlıq Qarabağdan bütün azərbaycanlılar zorla çıxarılıb. 700 min nəfər əhalinin yaşadığı 7 ətraf rayon da Ermənistanın işğalı altındadır. İşğal olunmuş ərazilərdə hər şey məhv edilib və biz hər hansı bir nəticə əldə etmədən 20 ildən çoxdur ki, danışıqlar aparırıq. ATƏT bu məsələ ilə məşğul olur. ATƏT-in bu münaqişənin həlli ilə məşğul olan, BMT Təhlükəsizlik Şurasının üç daimi üzvünün - Rusiya, Fransa və ABŞ-ın həmsədrlik etdiyi Minsk qrupu adlı xüsusi qrupu var. İyirmi iki ildən artıqdır ki, bu qrup fəaliyyət göstərir, lakin heç bir nəticə hasil olunmayıb”.

O zaman dövlət başçımızın həmin  konfransdakı çıxışına  münasibət bildirən avropalılar  daha çox bir məqamı yada salırdılar.  Həmin  məqam ondan ibarət idi  ki, Azərbaycan Prezidenti öz çıxışında Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll ediləcəyi təqdirdə Ermənistan iqtisadiyyatının da dirçələcəyini vəd edirdi. Heç kəsə sirr deyil ki, bu gün Avropada və dünyada Ermənistanın mövcud böhrandan çıxmasını arzulayan qüvvələr olduqca çoxdur. Ancaq onların həmin məqsədə çatmaq üçün müəyyənləşdirdikləri yollar kəskin şəkildə fərqlənir.

Biri  təklif edir ki, Bakının və Ankaranın heç bir marağı nəzərə alınmadan  bu iki ölkənin Ermənistanla olan sərhədləri açılsın və İrəvan hərtərəfli böhranlar girdabından qurtara bilsin. Digər düşüncə tərzinə malik olan avropalılar isə deyirlər ki, Ermənistan Türkiyə və Azərbaycana olan ərazi iddialarından əl çəksə və Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çəkilib getsə, bu ölkədə gündən-günə dərinləşən iqtisadi böhrandan xilas yolları tapıla bilər.

Prezident İlham Əliyev isə heç kəsin dedikləri ilə razılaşmayaraq məsələnin bilavasitə Bakının tələbləri əsasında həll edilməsini məqbul sayır: “Bizim üçün ən əhəmiyyətlisi bu münaqişənin həll yolunun tapılmasıdır. Biz ümid edirik ki, həll yolunun tapılmasına şərait yaratmaq üçün Minsk qrupunun həmsədrləri daha çox iş görəcəklər. Hesab edirik ki, Ermənistan-Azərbaycan münaqişəsi həll olunarsa və sülh bərqərar edilərsə bu, bütün tərəflərin maraqlarına xidmət edəcək. Buna görə də, əlbəttə ki, regional əməkdaşlığı artırmaq üçün biz çoxlu işlər görürük. Məsələn, bizim Gürcüstanla ikitərəfli əlaqələrimiz regional əməkdaşlığın və Cənubi Qafqazda əməkdaşlığa necə nail olmağın çox yaxşı nümunəsidir. Əgər Ermənistan-Azərbaycan münaqişəsi öz həllini taparsa, o zaman Ermənistan enerji, təhlükəsizlik, nəqliyyatın təhlükəsizliyi kimi layihələrimizə qoşula bilər. Ümid edirik ki, Rusiya hökumətinin də eyni maraqları var. Çünki hər bir ölkə öz sərhədləri xaricində sülh və dostluq mühitinin olmasında maraqlı olmalıdır. Buna görə də hesab edirəm ki, münaqişənin həlli yolunun tezliklə tapılması çox vacibdir. Çünki süni gərginliklərin olması siyasətinin istənilən qonşuya fayda verməsini düşünmürəm. Qonşu sabitlikdə maraqlı olmalıdır, regionda sabitlik isə sizin ölkənizdə və bölgənizdə sabitlik deməkdir”. Yəni dövlət başçımız bir daha sübut edir ki, biz öz siyasətimizi özümüz müəyyən edirik. Məhz həmin prinsipiallıq bizi beynəlxalq aləmdə nüfuz sahibi edir.

Dövlətimizin yeritdiyi xarici siyasət barədə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə ən çox işlədilən ifadələr belədir ki, bu siyasət Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu gündən-günə artırır. Məhz həmin nüfuzdan istifadə edərək biz dövlətimizin və xalqımızın yeganə problemi olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaq istəyirik. Bizim xarici siyasətimizin prioritet istiqamətlərindən biri məhz işğalçı Ermənistanın qatil rəhbərliyinin beynəlxalq miqyasda ifşasına nail olmaqdan ibarətdir. Prezident İlham Əliyev  ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu istiqamətdə atdıqları addımların Ermənistan rəhbərliyi tərəfindən heçə endirildiyini söyləyəndə də həmin məqsədə xidmət edirdi: “Prezident Putin mənimlə prezident Sarkisyan arasında bir görüş təşkil etdi. Sentyabr ayında NATO sammiti zamanı ABŞ dövlət katibi Kerri üçümüzün iştirakı ilə belə bir görüş keçirdi. Oktyabrın sonunda Prezident Olland məni və prezident Sarkisyanı Parisə dəvət etdi. Bizim çox yaxşı və konstruktiv görüşümüz oldu. Hər iki tərəf — həm Azərbaycan, həm Ermənistan tərəfi ictimaiyyətə bu görüşün çox uğurlu keçdiyini və təmas xəttində gərginlikləri azaltmağa çalışacağını bəyan etdi. Bundan sonra nə baş verir? Heç 10 gün keçməmiş Ermənistan işğal olunmuş ərazilərdə, xüsusilə Ağdamda genişmiqyaslı hərbi təlimlər təşkil edir. Onların özlərinin verdiyi məlumata görə, işğal olunmuş ərazilərdə 47 minlik ordunun iştirakı ilə təlimlər keçirilmişdir”. Dövlət başçımız bu faktı dilə gətirməklə növbəti dəfə yada salır ki, Ermənistan rəhbərliyi münaqişənin həllində maraqlı deyildir.

 Əcnəbi ekspertlər etiraf edirlər ki, Prezident İlham Əliyevin  qətiyyəti nəticəsində son illər həm siyasi, həm də iqtisadi islahatların aparılması ölkəmizin çox böyük inkişafına səbəb olmuşdur. Həmin tezisə münasibət bildirən dövlət başçımızın  dediyi kimi, bu gün Azərbaycan nadir ölkələrdəndir ki, gələcəyini özü müəyyən edir, tam şəkildə müstəqil siyasət aparır. İqtisadi gücümüz, dünyada artan nüfuzumuz bizə imkan verir ki, bundan sonra da prinsipial xarici siyasətimizi aparaq.

 Prinsipial xarici siyasətin  uğurla icra edilməsi üçün isə mütləq hər dövlətin özünə layiq tərəfdaşları olmalıdır. Bu baxımdan fəxr edə bilərik ki, Azərbaycan dünyada özünü etibarlı tərəfdaş və etibarlı dost kimi təsdiq edə bilmişdir. Beynəlxalq təşkilatlarda Azərbaycana olan rəğbətin nəticəsidir ki, ölkəmiz BMT Təhlükəsizlik Şurasına seçkilər zamanı tarixi bir nailiyyətə imza atmışdı.  Dünyanın birinci aparıcı qurumu olan BMT Təhlükəsizlik Şurasına seçilməyimiz gənc müstəqil dövlət üçün böyük diplomatik və siyasi uğur idi. Ümumiyyətlə, beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığımız   dünyadakı imicimizi  müsbət mənada çox dəyişmişdir. Yəni Azərbaycanın kifayət qədər  uğurlu xarici siyasəti vardır və  təbii ki, gələcək illərdə ölkəmizin artan gücü və nüfuzu hesabına  dövlətimizin  beynəlxalq arenadakı  mövqeyi daha da möhkəmləndiriləcək.

Ulu öndərin böyük siyasi uzaqgörənliklə müəyyən etdiyi və Prezident   İlham Əliyevin uğurla yeritdiyi  müstəqil xarici siyasətimizin əsas  istiqamətləri hamı tərəfindən müsbət qarşılanır.   Qonşularla münasibətlərimiz çox müsbətdir.  Bütün qonşularla, — təbii ki, Ermənistan istisna olmaqla, — bizim çox sağlam münasibətlərimiz vardır. Bu münasibətlər bərabərhüquqlu münasibətlərdir, çox möhkəm zəmin üzərində qurulubdur. Burada həm siyasi, həm iqtisadi komponent mövcuddur.  Xalqımız və dövlətimiz istəyir ki, hər yerdə inkişaf, hər yerdə sülh olsun və əlbəttə ki, qonşuluğumuzda da vəziyyət daim sabit olsun.   Azərbaycanın  xarici siyasəti daim axtarışdadır, daim yeni əməkdaşlıq formaları haqqında fikirləşir, təşəbbüslər  göstərilir ki,  istənilən sahədə uğurlarımız  daha çox olsun.

Bu,  bir fakt, günün reallığıdır ki, Azərbaycanın siyasəti, iqtisadiyyatı, sosial həyatı kimi, diplomatiyası da özünün yeni  inkişaf mərhələsini yaşayır. Xalqımızın və dövlətimizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll olunması üçün seçilmiş hücum diplomatiyası  da elə həmin inkişafın göstəricilərindən biridir. Bəzi politoloqların fikrincə, Azərbaycanın beynəlxalq aləmdə söz sahibinə çevrilməsinin əsas səbəblərindən biri də məhz kəsərli diplomatiyanın  və hamı ilə səmimi əməkdaşlığın, dostluq və tərəfdaşlığın qurulmasıdır.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında