Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasət tədbirləri və davamlı islahatlar milli iqtisadiyyatın bütün sahələrində dinamizm meyillərini gücləndirmişdir. Məhz belə uğurlu strategiya nəticəsində respublikamızda davam edən inkişaf dinamikası iqtisadiyyatın bütün sahələrinə müsbət təsir göstərir. Xüsusilə də qeyri-neft sektorunda müşahidə olunan artım tempi Azərbaycan iqtisadiyyatında davamlı inkişafın təmin olunması istiqamətində dövlət siyasətinin müvəffəqiyyətlə həyata keçirildiyini təsdiqləyir.
Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirdiyi fikirlər ölkənin gələcək iqtisadi inkişaf istiqamətlərini müəyyənləşdirən strategiyanı da özündə ehtiva edir. Tezis şəklində irəli sürülmüş bu fikirlərdən də göründüyü kimi, son 20 ildə daha çox neft-qaz sektoruna söykənən ölkə iqtisadiyyatı artıq qeyri-neft strategiyasına istiqamətlənməyə başlamışdır. Yeni inkişaf strategiyasının əsasını da informasiya-kommunikasiya texnologiyaları (İKT), kənd təsərrüfatı və turizm sahələrinin təşkil edəcəyi məlumdur. Bu üç sahənin iqtisadiyyatın şaxələnməsi ilə yanaşı, regionların sosial-iqtisadi inkişafının daha da sürətlənməsinə gətirib çıxaracağı şübhə doğurmur.
Əlbəttə, son onillikdə neft gəlirlərinin artım dinamikası ölkənin ümumi iqtisadi inkişafında özünü aydın göstərir. Belə ki, neft gəlirləri hesabına qeyri-neft sektoruna dövlət dəstəyi artmışdır və bunun sayəsində ayrı-ayrı sahələrdə inkişaf tendensiyası müşahidə olunmaqdadır. Dinamik inkişafın təmin edildiyi Azərbaycanda qeyri-neft sektorunun 14 faiz artmasının da məhz son illər ərzində aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində mümkün olduğu məlumdur. Prezident İlham Əliyevin dediyi kimi, uzun illər Azərbaycan iqtisadiyyatına qoyulan vəsait, şaxələndirmə siyasəti qeyri-neft sektorunun da inkişafına imkan vermişdir. Qeyri-neft sektorunun inkişafı da öz növbəsində milli iqtisadiyyatımızın dayanıqlı surətdə inkişaf etməsinə zəmin yaradır. Günün reallığı budur ki, dünya bazarlarında neftin qiyməti qeyri-sabit olaraq qalır və Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “qara qızıl”ın kəskin ucuzlaşması fonunda Azərbaycanda ümumi iqtisadi inkişafın davam etməsi hökumətin iqtisadi modelinin unikallığını və əldə olunmuş mübət göstəricilər seçilmiş yolun düzgün olduğunu göstərir.
Neft tükənən təbii sərvətdir və bu amil qeyri-neft sektorunun diqqət mərkəzində saxlanılmasını vacib edir. Qeyri-neft sektorunu iqtisadi siyasətində prioritet kimi önə çıxaran Azərbaycan hökuməti də bu istiqamətdə fəaliyyətini daha da gücləndirir və ölkənin neft-qaz faktorundan asılılığının azalmasına kömək edən addımları dəstəkləyir. Prezident İlham Əliyev çıxışlarında qeyri-neft sektorunun ümumi daxili məhsul istehsalında payının artmasını böyük uğur kimi qiymətləndirir və bu məsələdə əldə olunmuş nailiyyətin getdikcə daha da artacağına əmin olduğunu bildirir. Neftin kəskin ucuzlaşmasının ölkədə ümumi dinamik inkişafa təsir göstərməməsinin qeyri-neft sektorunun iqtisadi yükü öz üzərinə götürməsi ilə əlaqədar olduğunu da qeyd etmək vacibdir. Buna görə də, məhz qeyri-neft sektorunun inkişafının uğurlu iqtisadi inkişafın təmin olunmasında böyük rol oynayacağını tam əminliklə demək olar.
Qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatı sahəsinin inkişafı da xüsusi aktuallıq kəsb edir. İlin ilk 6 ayının nəticələrinə görə kənd təsərrüfatında 7 faiz səviyyəsində artım qeydə alınmışdır və gələcəkdə bu sahədə artımın daha da yüksək olacağı gözlənilir. Aqrar sektorun prioritet elan edilməsini müsbət dəyərləndirən mütəxəssislər də hesab edirlər ki, dayanıqlı inkişafa nail olmaq üçün kənd təsərrüfatına diqqət yetirilməsi, kənd təsərrüfatının idarə olunmasında ciddi dəyişikliklərin aparılması və onun həyata keçirilməsi mexanizmlərinin hazırlanmasının yaxın illərdə daha da sürətli artıma təkan verəcəyi şübhə doğurmur. Kənd təsərrüfatının infrastrukturunun inkişaf etməsi də kənd əhalisinin sosial təminatının daha da yüksəlməsinə gətirib çıxaracaq və aqrar sektorun qeyri-neft sahəsinin inkişafına öz müsbət təsirini göstərməsinə imkan verəcək.
Ümumiyyətlə, Azərbaycanla sıx tərəfdaşlıq edən Asiya İnkişaf Bankı da kənd təsərrüfatını və turizmi ölkədə qeyri-neft sektorunun inkişafının aparıcı istiqamətləri hesab edir. Bank hesab edir ki, regionlarda infrastrukturun yaxşılaşması, kənd təsərrüfatı məhsulları istehsalçılarının subsidiyalaşdırılması və onlar üçün vergi güzəştlərinin saxlanması Azərbaycanda böyük potensiala malik olan kənd təsərrüfatı sahəsinin inkişafına yardım göstərir. Bankın hesablamalarına görə, ölkənin turizm imkanlarından tam istifadə qeyri-neft sektorunda ÜDM-in artımına gətirib çıxaracaq. Belə ki, Azərbaycanın zəngin turizm potensialına malik olması və ölkədə turizm infrastrukturunun son illər sürətli inkişafı qeyri-neft sektorunun bu istiqaməti üzrə ölkəyə böyük gəlirlər gətirəcək.
Qeyri-neft sahəsinin inkişafını təmin edən faktorlardan biri də həmin sahəyə yatırımların yönəldilməsidir. Hazırda dünyada maliyyə axınlarının kəskin azaldığı bir dövrdə Azərbaycana xaricdən gələn investisiyaların həcminin kifayət qədər böyük səviyyədə olması ölkə iqtisadiyyatnın malik olduğu potensiala olan inamın göstəricisidir. Belə ki, son 6 ayda Azərbaycana 12,7 milyard manat sərmayə qoyulmuş və burada xarici investisiyalar üstünlük təşkil etmişdir. İnvestisiyaların artması həm də onu göstərir ki, Azərbaycan sərmayədarlar üçün çox cəlbedici ölkədir və xarici sərmayə ölkəmizdə lazımi səviyyədə qorunur. Əsas məqamlardan biri daxili investisiyaların həcminin getdikcə artmasıdır. Söhbət həm dövlət proqramları çərçivəsində, həm də Azərbaycan şirkətlərinin fəaliyyəti nəticəsində qoyulmuş vəsaitlərdən gedir. Belə ki, cari ilin 6 ayında dövlət büdcəsinin vəsaiti hesabına investisiya xərcləri 3 milyard 102 milyon manat təşkil etmişdir. Həmin vəsaitin 1 milyard 656 milyon manatı elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin, o cümlədən paytaxtımızda ilk Avropa Oyunlarının keçirilməsi, 1 milyard 150 milyon manatı ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisi və yenidən qurulması üçün istifadə olunmuşdur.
Bir sözlə, 2015-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafın davam etməsi, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunması əhalinin rifahının daha da yüksəldilməsini təmin etmişdir. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən uğurlu islahatlar ölkəmizin dayanıqlı inkişafını təmin edərək, real büdcə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə imkan vermişdir. Bu da respublikada iqtisadi sahədə həyata keçirilən siyasətin kifayət qədər praqmatik olduğunu və reallıqlara əsaslandığını, detallarına qədər uzaqgörənliklə düşünüldüyünü bir daha təsdiq edir. Məhz bunun nəticəsidir ki, son illərdə ölkədə iqtisadi artım əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin olunmuşdur. Xüsusilə qeyd olunmalıdır ki, cari il ərzində qeyri-neft sektorunda iqtisadi islahatların davam etdirilməsi, innovativ, bilik iqtisadiyyatının formalaşması, idxaldan asılılığın azaldılması, gündəlik tələbat malları ilə özünü təminetmə, ölkənin ixracının şaxələndirilməsi, həmçinin yerli resurs və xammalla işləyən və ixrac qabiliyyətli məhsullar istehsal edən sənaye komplekslərinin yaradılması, rəqabətədavamlı məhsul istehsalının, eləcə də, dövlət əhəmiyyətli müəssisələrin fəaliyyətinin dəstəklənməsi, biznes mühitinin əlverişliyinin artırılması, xarici və yerli investisiyaların cəlb edilməsi, özəl müəssisələrin fəaliyyətinə dəstək verilməsi, özəl sektorun inkişafını təşviq edən və rəqabət mühitini təkmilləşdirən institutlara diqqətin artırılması istiqamətində əhəmiyyətli işlər görülmüşdür.
Eyni zamanda, iqtisadiyyatın davamlı inkişafını və rəqabət qabiliyyətinin artırılmasını, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsini, elmi tədqiqatlar aparılmasını və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslər yaradılmasını təmin etmək məqsədi ilə bir sıra mühüm layihələr həyata keçirilmişdir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində son illər ərzində bir sıra müəssisələr, sosial obyektlər və infrastruktur layihələri istifadəyə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırıqlarına əsasən Sumqayıt Kimya Sənaye Parkı, Bakı şəhərində Balaxanı Sənaye Parkı və Sumqayıt şəhərində Yüksək Texnologiyalar Parkı yaradılmışdır. Sənaye parklarında vergi sahəsində stimullaşdırıcı tədbirlərin tətbiqi barədə təkliflər nəzərə alınmışdır. Balaxanı Sənaye, Sumqayıt Kimya-Sənaye və Sumqayıt Yüksək Texnologiyalar parklarının yaradılması xarici və yerli investorların cəlb olunmasına, müasir texnologiyalardan istifadə etməklə rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılmasına və yeni iş yerlərinin açılmasına, ümumilikdə sahibkarlığın və qeyri-neft sektorunun inkişafına müsbət təsir göstərəcək.
Beləliklə, Azərbaycan özünün zəngin neft-qaz ehtiyatlarından uzunmüddətli və davamlı iqtisadi inkişafa nail olmaq üçün uğurla faydalanır. “Qara qızıl”ın qeyri-neft sektorunun inkişafı üçün aparıcı qüvvə olan insan kapitalına çevrilməsi, neft-qaz gəlirlərindən istifadə etməklə gələcəkdə bu gəlirlərdən asılı olmayan güclü, rəqabətədavamlı iqtisadiyyat qurulması strategiyası öz nəticələrini verir. Həyata keçirilən çoxşaxəli islahatlar və güclü dövlət dəstəyi də qeyri-neft sektorunun milli iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilməsi prosesinə öz töhfəsini verəcək.
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.