Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Bu, doğrudan da tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir.
Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə,
hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük.
Prezident İlham Əliyevin “Azərspace-1”
telekommunikasiya peykinin orbitə
buraxılması münasibətilə Azərbaycan xalqına təbrikindən
8 fevral, 2013-cü il
Müstəqil Azərbaycan hazırda sürətli inkişaf yolunda inamla irəliləyir. Dünyada baş verən qlobal dəyişikliyin və maliyyə böhranının Azərbaycanın iqtisadi inkişafına, nəzərdə tutulan iri layihələrin reallaşdırılmasına bir o qədər də təsir etməməsi həyata keçirilən strategiyanın məntiqi nəticəsidir. Azərbaycanda sürətli inkişaf prosesinin getdiyi, düşünülmüş, müstəqil siyasətin uğurla aparıldığı beynəlxalq birlik tərəfindən də öz təsdiqini tapır.
Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycanın necə sürətlə inkişaf etdiyini, böyük bir inkişaf mərhələsini artıq geridə qoyduğunu faktlar da təsdiqləyir. Müqayisələr və qarşılıqlı təhlillər aparmaqla hər bir ölkənin bütün sahələr üzrə inkişafını və sosial-iqtisadi durumunu real qiymətləndirmək bir o qədər də çətin deyil. Bu baxımdan son 12 ildə Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni sahələrdə qazandığı nailiyyətlərin, əhalinin yaşayış tərzinin yaxşılaşdırılması sahəsində irəliləyişlərin, maliyyə imkanlarının daha da genişlənməsinin, ölkəmizin regionda lider dövlətə çevrilməsinin və dünya birliyində nüfuzunun artmasının şahidi oluruq.
Azərbaycanın dünyada analoqu olmayan sürətli sosial-iqtisadi inkişaf yolu keçdiyini faktlar da təsdiqləyir. Bu illər ərzində respublikamız öz iqtisadiyyatını davamlı olaraq genişləndirən və ümumi daxili məhsul istehsalında 3,4 dəfə artıma nail olan nadir ölkələridən biridir. Hazırda Cənubi Qafqaz regionunun iqtisadiyyatının təxminən 75 faizi məhz Azərbaycanın payına düşür və hər hansı regional layihənin icrası respublikamızın iştirakı olmadan qeyri-mümkündür. 2004-cü ildən bəri respublikamızın sənaye istehsalı 2,7 dəfə artıb, ölkənin sənaye xəritəsinə 500-dən çox yeni istehsal müəssisəsi əlavə olunub. Respublikamızın sənaye potensialı o səviyyədə yüksəlib ki, artıq bir sıra məhsullara olan daxili tələbat tam yerli istehsal hesabına ödənilir. Qarşıdakı illərdə isə yeni ixrac imkanlarının yaradılması hədəflənib.
Qısa müstəqillik tarixi ərzində Azərbaycanın kosmik və müdafiə sənayesinə malik ölkəyə çevrilməsi qürurverici haldır. Ölkəmizin “kosmik ailə”nin üzvünə çevrilməsi isə xüsusi qeyd olunmalıdır. Çünki Sovetlər Birliyinin süqutundan sonra Azərbaycan MDB ölkələri arasında və postsovet məkanında Rusiya, Qazaxıstan və Ukraynadan sonra “kosmik ailə”nin üzvü olan dördüncü ölkədir. Bu uğurlara yalnız iqtisadi cəhətdən qüdrətli olan və heç bir ölkədən asılı olmayan dövlətlər imza ata bilərlər. Bəli, Azərbaycan bu gün məhz belə ölkələrdəndir.
Təsadüfi deyildir ki, ötən 12 il ərzində ölkə iqtisadiyyatına 180 milyard dollardan çox investisiya qoyulub. Eyni zamanda, Azərbaycan investisiya idxalçısından ixrac edən ölkəyə çevrilib və dünyada donor qismində çıxış edir. Bu müddət ərzində respublikamızın strateji valyuta ehtiyatlarının 50 milyard dolları ötməsi də ölkəmizə gələcək layihələrin reallaşdırılmasında böyük inam verir. Hazırda Azərbaycanın xarici borcu ümumi daxili məhsula nisbətdə cəmi 8 faiz təşkil edir ki, bu da, hətta, inkişaf etmiş ölkələrlə müqayisədə çox yaxşı göstəricidir. Baxmayaraq ki, dünya bazarında neftin qiyməti düşüb, böyük valyuta ehtiyatlarımız, düşünülmüş makroiqtisadi siyasət imkan verir ki, Azərbaycan vətəndaşları bu böhranı hiss etməsinlər. Hər bir insan bunu öz gündəlik həyatında da hiss edir. Təbii ki, bütün bunlar, o cümlədən ölkəmizin “kosmik ailə”nin nüfuzlu üzvünə çevrilməsi dövlət başçısının düşünülmüş məntiqi siyasətinin nəticəsidir.
Rabitə və informasiya texnologiyaları sahəsinin neft sahəsindən sonra Azərbaycan iqtisadiyyatının ən inkişaf etmiş sektoruna çevriləcəyi barədə səsləndirilən fikirlər artıq özünü doğrultmaqdadır. İKT-nin geniş tətbiqi ölkənin hərtərəfli inkişafına xidmət etməklə yanaşı, informasiya sahəsində milli təhlükəsizliyin təmin olunması baxımından da xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın Avropa və Asiya qitələri arasında əlverişli geoiqtisadi, coğrafi, eləcə də informasiya magistrallarının kəsişdiyi məkanda yerləşməsi informasiya mübadiləsində xarici ölkələrdən asılılığını aradan qaldırılmasını zərurətə çevirib. İqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması Azərbaycanı regionda informasiyanın ötürülməsi sahəsində də lider ölkəyə çevirib.
Kosmik sənayenin inkişafının dövlətin diqqət mərkəzində saxlanılması böyük əhəmiyyət kəsb edir. Bu sahəyə və peyk texnologiyalarına əsaslanan yenilikləri ümummilli inkişaf proqramına daxil etməkdə əsas məqsəd ölkənin iqtisadi cəhətdən gücləndirilməsi, eyni zamanda, mövcud intellektual potensialın inkişaf etdirilməsi və informasiya təhlükəsizliyinin təmin edilməsidir.
Mütəxəssislərin fikrincə, kosmik fəaliyyət sahəsində istehsal potensialının yaradılması və inkişaf etdirilməsi kosmik sahə üzrə müxtəlif istiqamətlərdə beynəlxalq inteqrasiyanın genişləndirilməsinə, habelə, kosmik fəaliyyəti tənzimləyən hüquqi bazanın təkmilləşdirilməsinə təkan verəcək. Qeyd olunduğu kimi, İKT-nin ölkə iqtisadiyyatında neftdən sonra ikinci əsas sahə elan olunduğu, bu sahənin iqtisadiyyatda xüsusi çəkisinin yüksələn xətlə inkişaf etdiyi və bu mənada peyk rabitəsinin xüsusi əhəmiyyəti nəzərə alındıqda, yaxın illərdə həyata keçirilməsi nəzərdə tutulan peyk layihələrinin yalnız siyasi və ya kommersiya səciyyəsi daşımadığını, ölkənin uzunmüddətli inkişaf strategiyasına yönəldiyini əminliklə demək olar. “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” ölkə başçısının sərəncamı, həmçinin, “Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” nın təsdiq edilməsi ölkədə kosmik sahənin inkişafına xüsusi zəmin yaratmışdır. Bütün bunlardan sonra Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması reallaşmışdır.
Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin, o cümlədən digər çoxməqsədli peyklərin orbitə çıxarılması ilk növbədə informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması və informasiya təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda, ölkədə yeni iqtisadi sahələr üzrə mövcud insan ehtiyatları və intellektual potensialın inkişaf etdirilməsi, elmtutumlu yeni layihələrin həyata keçirilməsi, nəticə etibarilə innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması istiqamətində aparılan işlər arasında öz xüsusi və strateji əhəmiyyəti ilə seçilir.
İnformasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafına xüsusi önəm verilməsi, ilk süni peykin orbitə buraxılması heç də təsadüfi deyidir. Təbii ki, bu qürurverici hadisə hər ölkəyə nəsib olmur. Prezident İlham Əliyev də ölkəmizdə bu sahənin inkişafını yüksək dəyərləndirmişdir: “İnformasiya-kommunikasiya texnologiyaları sahəsi həm bilik, zəka, intellekt, eyni zamanda, biznes sahəsidir. Peykin fəaliyyəti nəticəsində Azərbaycan dövləti, eyni zamanda, maliyyə məsələlərini həll edəcəkdir. Yəni, bu peykin fəaliyyəti iqtisadi cəhətdən də səmərəli olacaqdır. Eyni zamanda, informasiya-kommunikasiya texnologiyalarının inkişafı, ümumən, hər bir ölkənin inkişafını müəyyən edir. Gələcəkdə bu sahənin hər bir ölkə üçün nə qədər vacib olduğunu, əminəm ki, hər kəs görəcəkdir. Hər bir ölkənin uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rol oynayacaqdır. Mən buna əminəm. Mən çox şadam ki, biz bu istiqamətdə bütün işləri planlı, məqsədyönlü şəkildə aparırıq. Bütün addımları atırıq ki, ölkəmiz daha da güclənsin, Azərbaycan daha da müasir dövlətə çevrilsin”.
2013-cü il fevralın 8-i Azərbaycanın müstəqillik tarixinin ən önəmli hadisələrindən biri kimi yaddaşlara əbədi həkk olunub. Həmin gün Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki – “Azərspace-1" uğurla orbitə buraxılmışdır. Bu nailiyyət Azərbaycanda yüksək texnologiyaların tətbiqinə və ölkədə kosmik sənayenin yaradılmasına böyük diqqət göstərilməsinin məntiqi nəticəsi kimi dəyərləndirilir.
Bu gün Azərbaycanın dünyanın “kosmik ailə”sinin nüfuzlu üzvlərindən birinə çevrilməsi Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin prioritet elan olunması, 2013-cü ilin ölkədə “informasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani təsdiqidir. Buna qədər imzalanan sərəncamlar, həyata keçirilən zəruri tədbirlər, “kosmik ailə”nin üzvü olan dövlətlərlə sıx əməkdaşlıq bu sahənin inkişafında dövlətin kifayət qədər maraqlı olduğunu nümayiş etdirdi. Bunun ardınca dövlətimizin başçısı 2010-cu ildə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında sərəncam imzalamış və həmin quruma telekommunikasiya peykinin istehsalı və orbitə çıxarılması, əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin yaradılması ilə bağlı xüsusi tapşırıq vermişdir.
Azərbaycanda və Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” mövcud olduğu iki il ərzində ölkədə teleradio yayım və telekommunikasiya xidmətlərinin göstərilməsi, hökumət və korporativ müştərilərin tələblərinə cavab verən yüksək etibarlı rabitə platformalarının təmin edilməsi istiqamətində iş aparır.
“Azerspace-1" peykinin vəd etdiyi üstünlüklər bu gün özünü açıq şəkildə büruzə verir. Həmin üstünlüklər iqtisadiyyatın şaxələndirilməsi və yeni sənaye sahələrinin inkişafından, informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması və informasiya təhlükəsizliyinin təmin edilməsindən, yeni iqtisadi sahələr üzrə mövcud insan ehtiyatları və intellektual potensialın inkişaf etdirilməsi, elmtutumlu yeni layihələrin həyata keçirilməsindən, nəticə etibarilə innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılmasından, Azərbaycanın regional və beynəlxalq nüfuzunun genişləndirilməsindən, teleradio yayım və rabitə xidmətlərinin göstərilməsindən, ölkənin ən ucqar yaşayış məntəqələrində belə internetə qoşulmanın, elektron dövlət, təhsil, səhiyyə və digər xidmətlərin həyata keçirilməsininin təmin edilməsindən, ölkənin mümkün informasiya blokadası riskindən qorunması və informasiya müharibəsində Azərbaycanın mövqelərin möhkəmlənməsindən, telekommunikasiya peyk xidmətlərinə görə xarici ölkələrə ödənilən maliyyə axınının Azərbaycan iqtisadiyyatına yönəldilməsi və peyk tutumlarının xaricə satılmasından və digər zəruri amillərdən ibarətdir. Gözlənidliyi kimi, kommunikasiya peyki artıq ölkəmizin dünyada olan şöhrətini artırmaqdadır. Hazırda peyk üzərindən 100-ə yaxın televiziya və 20-dək radio kanalı yayımlanmaqdadır. Milli kosmik sənayenin inkişafı məqsədilə qarşıdakı illərdə ölkənin daha bir neçə süni peykinin hazırlanaraq orbitə buraxılması nəzərdə tutulmuşdur. Artıq bu istiqamətdə ciddi hazırlıq işləri aparılır. Azərbaycanın ikinci telekommunikasiya peyki olan “Azerspace-2” layihəsi üzərində iş gedir. Proqnozlara əsasən, bu peykin 2017-ci ildə orbitə buraxılacağı gözlənilir.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.