Bu gün hər bir Azərbaycan gənci üçün Vətəni, torpağı müdafiə etməkdən müqəddəs vəzifə yoxdur

 

 

 

 

 

 

 

 

 

 

 

 

Hər bir vətəndaş vətənpərvər olmalıdır. Əgər öz
Vətənini, torpağını, xalqını sevməsən, öz xalqının
mənəvi dəyərlərinə sadiq olmasan, şübhəsiz ki, başqa
şeyləri də qiymətləndirə bilməzsən. İndi bizim əsas vəzifəmiz
gənclərdə vətənpərvərlik ruhunu, milli ruhu, döyüş
ruhunu qaldırmaqdır. Vətəni, torpağı müdafiə etmək,
hər bir gənc üçün müqəddəs vəzifə olmalıdır.

Heydər ƏLİYEV
Ümummilli lider


Bu gün qəhrəman oğullarımızın qəsbkar erməni işğalçılarına qarşı döyüşlərdə
qazandıqları misilsiz qəhrəmanlıqlar əsl vətənpərvərlik tərbiyəsidir.
Onlar müharibə cəbhələrində igidliklə vuruşaraq, doğma respublikamızın
ərazi bütövlüyünü qoruyub saxlamaq üçün öz canlarını qurban verirlər.
Azərbaycan torpaqları işğalçı qüvvələrdən azad olunacaq, bizim
soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqlar.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Hind xalqının böyük oğlu Mahatma Qandi çıxışlarından birində demişdir ki,  şüurlu insanların hər biri nəinki eyni ayda, ildə, hətta eyni anda onlarca vəzifəni yerinə yetirmək zərurəti ilə üz-üzədir. Bu vəzifələri bizim üzərimizə evimiz, ailəmiz, cəmiyyətdə tutduğumuz mövqe, xalqımız, ölkəmiz və dövlətimiz qoyur. Ən böyük vəzifəmiz isə zamanın çağırışlarına cavab vermək, yaşadığımız dövrün problemlərinin həllində fəal iştirak etməkdən ibarətdir.

Hind müdrikinin həmin tezisini bugünkü azərbaycanlının həyatına tətbiq etsək, onda  zamanın bizim üzərimizə daha böyük vəzifələr qoyduğunu   görərik. Çünki torpaqlarımızın 20 faizi işğal altında, ölkəmiz isə müharibə vəziyyətindədir. Yəni bizim hər birimizdə  öncə hərbi -vətənpərvərlik tərbiyəsi yüksək səviyyədə olmalıdır. Xüsusən, gənclərdə. Həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev bu sahədə kifayət qədər uğurlu addımlar atmışlar. Professor Yaqub Mahmudovun təbirincə desək, əslində, Heydər Əliyevin həyatı başdan-başa bütün azərbaycanlı gənclər üçün vətənpərvərlik nümunəsidir.

Prezident İlham Əliyevin  bu istiqamətdə reallaşdırdığı tədbirlərdən danışmaq istədikdə  isə qeyd edə bilərik ki, dövlət başçımızın gündəlik fəaliyyətinin əhəmiyyətli  bir  hissəsi məhz  gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin  artırılmasına xidmət edir.   Belə ki, onun qarşıya qoyduğu əsas vəzifələrdən biri işğal altında olan torpaqlarımızı yağı tapdağından azad etmək və Ermənistanda həyata keçirilmiş etnik təmizləmə siyasətindən əziyyət çəkən insanların həyat səviyyəsini yaxşılaşdımaq, yurd-yuvalarından didərgin salınmış soydaşlarımızı öz ata-baba torpaqlarına qaytarmaqdır. Təbii ki, Heydər Əliyev siyasi kursuna sədaqət nümayiş etdirən dövlət başçımız bu münaqişənin dinc yolla, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə nail olmaq üçün bütün imkanlardan istifadə edir. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, hələlik sülh potensialı tükənməyib. Azərbaycanın işğal altında olan torpaqları sülh yolu ilə azad edilməsə, o zaman başqa vasitələrdən istifadə olunacaq. Çünki bu, bizim  tarixi hüququmuz, beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazilərimizin geri qaytarılması üçün üzərimizə düşən vəzifə, borcdur: “Biz nəyi necə edəcəyimizi çox yaxşı bilirik” deyən Prezident İlham Əliyev,  sözün həqiqi mənasında, ölkənin inkişafı, problemlərinin həlli üçün konkret plan və proqramlarla fəaliyyət göstərir.

Ölkədə hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi üçün uşaq bağçalarından başlayaraq, təhsilin bütün mərhələlərində aparılan iş hamının gözü qarşısındadır. Bundan başqa, yaradıcılıq təşkilatlarının, xüsusən, kütləvi informasiya vasitələrinin hamısı həmin məsələdə həqiqətən günün tələbləri səviyyəsində fəaliyyət göstərir. Ancaq son zamanlar eşitdiyimiz bir fakt bu istiqamətdə atılmış ən uğurlu addımlardan biri kimi qiymətləndirilir. Paytaxtda yaşayan “Əfqanıstan veteranları”nın böyük bir hissəsi cəbhəyə, bilavasitə döyüş bölgələrinə yollanıblar. Bu, artıq  gənclərin hərbi xidmətə yola salındığı gün ağsaqqallardan və veteranlardan eşitdiyi tövsiyə və tapşırıqlardan tamamilə fərqli bir məsələdir. Keçmiş döyüşçülər bilavasitə səngərdə gənclərə praktiki olaraq hərbçi peşəsinin müəyyən sirləri barədə danışacaq, müəyyən konkret məsələləri öyrədəcəklər. Əlbəttə, əsgərlərimiz döyüş prosesində nəyin necə edilməsini, hansı texnikadan necə istifadə edilməsini öz komandirlərindən yüksək səviyyədə öyrəniblər. Keçmiş döyüşçülərin cəbhəyə getməsi isə sadəcə hərbi-vətənpərvərlik  tərbiyəsinin daha da yüksəldilməsi məqsədini daşıyır.

Ancaq ekspertlərin fikrincə, hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsinin ən yaxşı variantlarından biri bilavasitə qüdrətli ordunun formalaşdırılmasıdır ki, bu  da hazırda Azərbaycanda real həllini tapmaqdadır.  Bu gün ölkəmizdə  ordu quruculuğu prosesi uğurla davam etdirilir.   Silahlı Qüvvələrimiz  inkişaf edir, güclənir. Ən başlıcası, orduda nizam-intizam artır, aparılan islahatlar öz bəhrəsini verir. Hərbi birləşmələrimizin  döyüş qabiliyyəti artır, maddi-texniki təminat yaxşılaşır. Bütün bunlar son nəticədə işğalda olan ərazilərimizin düşmən tapdağından azad olunmasını təmin edəcək. Hələlik isə həmin məsələlər ölkə gənclərinin vətənpərvərlik ruhunun yüksəldilməsinə stimul verir.

Bu,  bir faktdır ki,  ölkəmizin  dövlət büdcəsinin  xeyli hissəsi hərbi xərclərə ayrılır. Üstəlik, dövlət başçımız deyir ki, biz bundan sonra da hərbi xərclərimizi ən yüksək səviyyədə saxlayacağıq və ordunun bütün tələbatını ödəyəcəyik. Məhz hərbi xərclərin ildən-ilə artmasının nəticəsidir ki, son zamanlar  ordumuzun maddi-texniki bazası böyük dərəcədə artmışdır.  Dövlət büdcəsindən hərbi məqsədlərə ayrılan vəsaitin həcminə baxmaq kifayətdir ki, bunu hər kəs görsün. Prezidentin dediyi kimi, on il bundan əvvəl bizim hərbi xərclərimiz heç 200 milyon dollara çatmırdı. Bu gün  isə həmin  xərclər 3 milyard dollardan artıqdır. Müqayisə üçün deyə bilərik ki, Azərbaycanın hərbi xərcləri Ermənistanın dövlət büdcəsindən təxminən 2 dəfə çoxdur. Bu, əlbəttə ki, ölkəmizin gücünü göstərir, eyni zamanda, orduya göstərilən diqqətin təzahürüdür. Ancaq bütün bunlardan başqa, həmin rəqəmlər Azərbaycan gəncinin orduya, Silahlı Qüvvələrə olan inamını artırır, onun vətənpərvərlik tərbiyəsinin daha bir stimuluna çevrilir.

Başqa bir əyani sübut barədə söz açaq. Müstəqilliyin ilk illərindəki Azərbaycan həqiqətləri sırasında “fərarilik” termini özünə möhkəm yer tutmuşdu. Son on ildə isə hətta ən radikal  mətbuat vasitələri də həmin ifadəni  sanki unudublar. Nə üçün o tendensiya bizdə var idi və nə üçün indi yoxdur? Ona görə var idi ki, həmin illərdə ordumuzda nizam-intizam yox idi. Zabit  heyətinin dövlətə, əsgərlərin isə öz komandirlərinə inamı gündən-günə tükənirdi. Bir tərəfdən də xarici havadarlarının  silahı, pulu-parası hesabına quduzlaşan ermənilər günü-gündən həyasızlaşır, torpaqlarımızın işğalını davam etdirirdilər. İndi isə Azərbaycan dövlətinin yeritdiyi siyasət nəinki ermənilərin, hətta onların havadarlarının da əl-qolunu bağlayıb. Hərbi hissələrimizə doğru bir addım atan ermənilər dərhal öz layiqli cavablarını alıb geri çəkilirlər.  Üstəlik, Azərbaycan Ordusundakı nizam-intizam düşməni lərzəyə saldığı kimi,  gənclərimizi də öz sıralarına cəlb edir. Bu isə ən yaxşı tərbiyə üsullarından biridir.

Bundan başqa, ölkə gəncliyi görür ki, bu gün hərbçilərin məişət problemləri  öz  həllini tapır, onların maaşları  mütəmadi olaraq  artırılır və 20 il orduda qüsursuz xidmət edən hərbçilərə dövlət tərəfindən təmənnasız mənzillər verilir.  Prezidentin göstərişi ilə  respublikanın  bütün bölgələrində yeni bazalar, hərbi hissələr, şəhərciklər tikilir.  Həmin yerlərdə çalışan  hərbçilərin məişət və xidmət problemləri də yüksək səviyyədə həll olunur. Dövlət başçısının dediyi kimi, hərbi infrastrukturun yaradılması prosesi bundan sonra da davam etdiriləcək.

Dövlət başçımız istər siyasi, istər iqtisadi və istərsə də elmi-mədəni məzmunlu olsun, bütün yerli və beynəlxalq tədbirlərdə Azərbaycan gəncliyinin yadına salır ki, bizim ən böyük problemimiz torpaqlarımızın işğal altında qalmasıdır. Uzun illər bu ədalətsizlik davam edir:  “1990-cı illərin əvvəllərində o vaxtkı Azərbaycan rəhbərliyinin səriştəsizliyi, xəyanəti nəticəsində torpaqlarımız işğal altına düşmüşdür. Əfsuslar olsun ki, bütün beynəlxalq təşkilatların qərarlarına rəğmən bu işğal davam edir. Beynəlxalq hüquq normaları kobudcasına pozulur, ancaq dünya ictimaiyyəti buna biganə qalır. BMT-nin Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdir. Orada da göstərilir ki, erməni silahlı qüvvələri torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmalıdır. İyirmi ildən çox vaxt keçib, ancaq bu qətnamələr icra edilmir. Bu, bizə, dövlətimizə, xalqımıza qarşı böyük ədalətsizlikdir. Ancaq bugünkü dünya, əfsuslar olsun ki, ədalətsizlik üzərində qurulur. Beynəlxalq hüquq pozulur, işğalçı dövlətə heç bir təzyiq göstərilmir, işğala məruz qalan ölkəyə də heç bir dəstək göstərilmir”.

 Prezident Azərbaycan gəncliyinin bilməli olduğu başqa məqamları da dilə gətirir: “Nəinki Dağlıq Qarabağ bizimdir, hətta bugünkü Ermənistan tarixi Azərbaycan torpaqları üzərində qurulubdur. Biz hamımız bunu yaxşı bilirik. Dünya da bunu artıq bilir. İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır və biz azərbaycanlılar o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq... Keçən ilin yayında Ermənistan təmas xəttində təxribat törətməyə cəhd göstərmişdi. Ancaq bu təxribatın qarşısı layiqincə alındı, düşmən yerinə oturduldu. Bizdə olan məlumata görə, keçən ilin iyul-avqust aylarından bu günə qədər yüzdən çox işğalçı məhv edilib. Bəzi hallarda bizə irad tutulur ki, təmas xəttində gərginlik yaranır, Ermənistan tərəfində çoxsaylı itkilər var. Bizim isə buna cavabımız çox sadədir. Rədd olsunlar bizim torpaqlarımızdan! O zaman münaqişə öz həllini tapar, sülh yarana bilər”.

Fəxr edilməli məqamdır ki, dövlət başçımızın dilə gətirdiyi bu fikirlərin hamısı Azərbaycan hərbçilərinin, ölkə gəncliyinin fikirləridir.  “Rədd olsunlar bizim torpaqlarımızdan!” Xalq, ordu,  dövlət başçısı  və dövlət eyni mövqedən çıxış edirsə, deməli, biz torpaqlarımızı işğaldan azad etmək üçün yuxarıda  haqqında söz açdığımız hərbi- vətənpərvərlik tərbiyəsi öz təsirini göstərir. İndi qalır Ali Baş Komandanın əmrini gözləmək. Ancaq beynəlxalq ekspertlərin fikrincə, Ermənistan rəhbərliyində normal düşünə bilən kimsə tapılarsa, işğalçılar bizim ərazilərimizdən qeyd-şərtsiz çəkilib gedər və o zaman problemin hərb yolu ilə həllinə   ehtiyac qalmaz. Məsələnin dinc yolla həlli indi hamıdan çox erməni xalqına lazımdır. İnsafən, bəzi erməni saytlarından oxuyuruq ki, İrəvanda da artıq bu həqiqəti etiraf edənlərin sayı durmadan artır: “Münaqişənin Azərbaycanın istədiyi kimi həll edilməsi  daha çox ermənilərin  xeyrinədir”.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında