Azərbaycan informasiya müharibəsində uğurlar qazanır

 

 

 

 

 

 

 

 

 

 

 

 

Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı bizə qarşı informasiya müharibəsi
ən şiddətli mərhələyə qədəm qoymuşdu. Ancaq bu informasiya müharibəsində
Azərbaycan xalqı və dövləti qalib gəlib. Çünki bu kampaniya və bu kampaniyanın
son mərhələsi bir daha göstərib ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


 

Son zamanlar beynəlxalq aləmdə gedən ictimai-siyasi proseslər dünya xalqlarını və dövlətləri öz mənafelərini qoruyub saxlamaq üçün çox müxtəlif vasitələrdən istifadəyə vadar edir. Diplomatik hücumlar, siyasi təzyiqlər, iqtisadi sanksiyalar, informasiya müharibələri kimi daha çox istifadə edilən  sivil mübarizə yolları ilə yanaşı, kiber hücumlar, terror və təxribat, separatçılıq, işğalçılıq (məsələn, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı), qarşılıqlı münasibətlərdə ikili standartların yolverilən hesab edilməsi də daxil olmaqla  (bəzi Avropa və Qərb siyasətçilərinin

fikrincə)  bir çox naqis mübarizə üsulları da çoxalmaqdadır. Təəssüf ki, nüfuzlu beynəlxalq təşkilatların çoxsaylı cəhdlərinə baxmayaraq, ikinci qəbildən olan “mübarizələr”in gündəlikdən çıxarılması hələ  mümkün deyil. Məsələn, ermənilərin Azərbaycana haqsız ərazi iddiaları nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi kimi.

Beynəlxalq təşkilatlar işğalçı Ermənistanın Azərbaycan ərazisindən qeyd-şərtsiz çəkilib getməsini tələb edən  çoxsaylı qərar və  qətnamə qəbul etsələr də, İrəvan rəhbərliyi hələ də həmin sənədləri qulaqardına vurur. Məhz həmin arqument və Ermənistanın  Azərbaycana qarşı apardığı qara piar təbliğatı rəsmi Bakını mükəmməl informasiya müharibəsinə start verməyə məcbur etmişdi. Üstəlik,  bəzi ölkələrin və beynəlxalq təşkilatların açıq şəkildə nümayiş etdirdiyi antiazərbaycan mövqe də bizim başladığımız həmin müharibəni zəruri edirdi. Dövlət başçımız diplomatlarla keçirilən ənənəvi illik toplantılarda bu müharibənin vacibliyindən danışır və konkret tövsiyələr verirdi. Son zamanlar isə həmin müharibədə Azərbaycanın əldə etdiyi uğurlar barədə fikirlər səsləndirilir.

Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında  geniş nitq  söyləyən Prezident İlham Əliyev regionda gedən informasiya müharibəsinin nəticələrindən də bəhs etmişdir: “Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı bizə qarşı informasiya müharibəsi ən şiddətli mərhələyə qədəm qoymuşdu. Ancaq bu informasiya müharibəsində Azərbaycan xalqı və dövləti qalib gəlib. Çünki bu kampaniya və bu kampaniyanın son mərhələsi bir daha göstərib ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Ancaq görün və Azərbaycan xalqı bir daha görsün ki, nə qədər bunlar şərəfsiz hərəkətlər edirlər. Avropa Oyunlarının açılışına iki gün qalmış Avropa Parlamenti antiazərbaycan qətnaməsini müzakirəyə çıxarıb və çalışıb ki, bu qətnamə qəbul edilsin. Baxmayaraq ki, Avropa Parlamentinin sədri Şults, onun müavini Lunaçek və onların əlaltıları qatı antiazərbaycan mövqeyindədirlər,  ancaq bu qətnamə keçmədi, 136 deputat lehinə, 136 deputat əleyhinə səs verdi. Əslində bu, Şultsun, Lunaçekin və onlar kimilərin siyasi iflası idi. Əgər bunlarda bir balaca vicdan varsa, ondan sonra istefa verməli idilər. Gördülər ki, bu, keçmir, bəs nə etməli? Almaniya Bundestaqı Oyunların açılışı günündə — iyunun 12-də yığışır, qətnamə qəbul edir. Bu qətnamənin mövzusu antiazərbaycan və yalan üzərində qurulubdur”.

Yeri gəlmişkən, Almaniya Bundestaqının bütün siyasi-diplomatik hüdudları aşaraq, beynəlxalq hüququn heç bir tələbinə məhəl qoymayaraq, Azərbaycanın daxili işlərinə qarışmağa cəhd etdiyi  həmin günlərdə ölkə ictimaiyyəti, xüsusən, siyasətçilər və ziyalılar çox ciddi şəkildə etiraz etmişdilər ki, heç bir xarici qüvvə Azərbaycanın daxili işlərinə qarışa bilməz. Ölkə əhalisi ilə bərabər xaricdəki  soydaşlarımız, hətta, Almaniyada yaşayan azərbaycanlılar da bizim haqq səsimizə səs vermişdilər. Azərbaycan mətbuatının bütün təmsilçiləri Almaniya Bundestaqının öz səlahiyyətlərindən kənara çıxmasını açıq şəkildə qınamış və kiminsə bizim dövlətimizə yuxarıdan-aşağı baxmasını yolverilməz adlandırmışdı. Dövlət başçımız isə adıçəkilən nitqində həmin məsələyə daha kəskin münasibət bildirir:  “Sual olunur: Almaniya Bundestaqının bizimlə nə işi var və Almaniya Bundestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı? Dünyaya hakimdirmi? Hamı onlara tabe olmalıdırmı? Görünür ki, onlar pis öyrəşiblər. Amma bizi başqaları ilə müqayisə etməsinlər. Bizim onlarla münasibətlərimiz distansiya səviyyəsindədir. Bizim onlardan heç bir istəyimiz yoxdur, əksinə, bizim təbii qazımız, kontraktlarımız, neftimiz, bu ərazidə, bu coğrafiyada fəaliyyətimiz onlara lazımdır. Biz isə onlardan texnologiya alırıq. Onlardan almasaq, başqa yerdən alarıq. Onlardan heç bir asılılığımız yoxdur. Ona görə, Almaniya Bundestaqı kimdir ki, antiazərbaycan qətnamə qəbul etsin?! Getsin öz işi ilə məşğul olsun”.

 Prezident  növbəti dəfə qeyd edir ki, bizim siyasətimiz Azərbaycanın maraqları üzərində qurulubdur. Bəyan etmişik ki, heç bir kənar qüvvə bizim siyasətimizə təsir edə bilməz.  Amma bizə qarşı çox çirkin kampaniya aparılır: “Bu kampaniya dayanmır, önəmli beynəlxalq tədbirlər ərəfəsində daha da alovlanır, güclənir, əgər belə demək mümkündürsə, ondan sonra bir az səngiyir. Ancaq bu, daimi bir kampaniyadır, səbəbləri də aydındır. İlk növbədə, dünya erməniliyi, erməni lobbisi bizi hədəf seçib, onların himayəsində olan riyakar, rüşvətxor siyasətçilər bu işlərə qoşulub. Xüsusilə, bu, Qərb siyasətçilərinə aiddir. Erməni pulları ilə özünə həyat quran konqresmenlər, senatorlar, deputatlar, islamofob siyasətçilər və s. ünsürlər Azərbaycana qarşı müharibə elan ediblər. Əfsuslar olsun ki, bu gün Avropada faşizm, irqçilik, islamofobiya, ksenofobiya, antisemitizm baş qaldırır. Yəni, bu hərəkət təkcə müsəlmanlara qarşı deyil. Əlbəttə ki, onlar müsəlman ölkəsinin bu qədər inkişaf etməsini istəməyən qüvvələrdir. Onlar, eyni zamanda, Azərbaycanda “beşinci kolon”un qalıqlarının himayədarları ilə birləşib bizə qarşı hücuma keçiblər".

Ulu öndər Heydər Əliyevin bütün dövlətlər, eləcə də beynəlxalq təşkilatlarla bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq  qurmaq siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Avropanın bəzi siyasətçilərinin qərəzli mövqeyini ciddi şəkildə qınasa da, bu qitə ilə  təmasların  perspektivinə də inanır:  “ Bununla bərabər Avropa ölkələri ilə ikitərəfli formatda bizim problemlərimiz yoxdur. Bir çox hallarda Avropanın aparıcı ölkələrinin liderləri ilə görüşlər əsnasında mən, əlbəttə ki, bütün bu iradları deyirəm. Deyirlər ki, fikir verməyin, onlar o fikrə layiq deyillər. Biz fikir vermirik. Əgər fikir versəydik, onların dediklərini edərdik. Burada heç kim onların dediklərinin birini də etməyəcək. O qətnamələr bizim üçün kağız parçasıdır. Ona görə, heç kim onları heç vaxt icra etməyəcək. Bunu bilsinlər, Azərbaycan xalqı bilsin və o çirkin yazıları tərtib edənlər də bilsinlər. Azərbaycanla diktat dili ilə danışmaq olmaz, Azərbaycanla dost, tərəfdaş olmaq olar. Biz buna hazırıq və gələcəkdə, bax, bu istiqamətdə gedəcəyik”.

Bəs nə üçün bir çox bədxahlar bizim ünvanımıza şər və böhtan yağdırırlar?  Çünki Azərbaycan  uzun illərdir  bölgədə multikulturalizm dəyərlərinin  üstünlük təşkil etməsinə çalışır. Çalışırıq ki, bölgədə sülh, əmin-amanlıq, mehriban qonşuluq meyilləri güclənsin. Bu, bir faktdır ki, Azərbaycan tərəfindən  həmin  istiqamətdə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə çox önəmli addımlar atılır. Avropa ölkələrində  isə  mənəvi böhran, iqtisadi böhran bu gün artıq  reallıqdır. Ona görə də sadəcə, bəzi adamlar bizim inkişafımızdan xoflanırlar.

Ekspertlərin fikrincə, bəzi  Avropa siyasətçilərin antiazərbaycan mövqeyinin arxasında xoflanmaqdan daha çox paxıllıq hissləri dayanır. Çünki bütün avropalıların gözü qarşısında Yunanıstan böhranı davam edir. Hələ ki, heç bir nəticə əldə edilməyib. Hamı  bilir ki, vaxtilə Yunanıstanda müəyyən səhvlər buraxılmışdır və həddindən artıq borc alma tendensiyası getmişdir. Çünki siyasətçilər öz işlərinə o qədər də məsuliyyətlə yanaşmayıblar.  Prezident İlham Əliyev isə həmişə deyir ki, Azərbaycanda xarici dövlət borcumuz minimum səviyyədə olmalıdır. Xatırladaq ki, hazırda  həmin borc təqribən 10-11 faiz  həddindədir.  Gənc müstəqil dövlətin bu siyasi və iqtisadi göstəriciləri “Köhnə qitə”nin bəzi siyasətçiləri tərəfindən qətiyyən qəbul edilmir.

Dövlət başçımız  Azərbaycan-Avropa münasibətlərinin nəticələrinə nəzər saldıqdan sonra hər bir azərbaycanlı üçün maraqlı olan nəticə çıxarır: “Bax, dediyim bu mənzərənin fonunda bizim uğurlarımız doğrudan da tarixi xarakter daşıyır. Altı ay ərzində iqtisadiyyatımız inkişaf edib, baxmayaraq ki, neftin qiyməti aşağı səviyyədədir. Baxmayaraq ki, qonşuluqda iqtisadi vəziyyət hələ ki, o qədər də müsbətə doğru dəyişməyib, Azərbaycan iqtisadiyyatı inkişaf edir. Bax, indi gətirəcəyim rəqəmlər bunu göstərəcək və sübut edəcək ki, bu, doğrudan da tarixi nailiyyətdir. Beləliklə, 6 ayda iqtisadiyyat 5,7 faiz artmışdır. Bu, çox gözəl göstəricidir, ölkəmizin dinamik inkişafını sübut edir. Bundan da gözəl göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da biz 9,2 faiz artımı görürük. Yəni, bundan yuxarı nəticə ola bilməz. Sənaye istehsalı təxminən 4 faiz artmışdır. Qeyri-neft sənayesi 14 faizdən çox artmışdır. Bu da son illərdə sənayeləşmə, yeni sənaye zonalarının yaradılması ilə bağlı görülmüş işlərin, tədbirlərin nəticəsidir”.

Deməli, Azərbaycan təkcə sosial-iqtisadi inkişafda,ordu quruculuğunda və demokratik cəmiyyət quruculuğu prosesində deyil, eləcə də, öz bədxahlarına qarşı apardığı informasiya müharibəsində xüsusi uğurlara nail olur. Bu da təbiidir. Çünki bizim mübarizəmiz ədalətli  olduğu kimi, informasiya müharibəsində istifadə etdiyimiz vasitələr də əsaslı, məntiqli, faktlara və güclü arqumentlərə istinad edən vasitələrdir. Bu “arsenal”la müharibəyə girişən tərəfin qələbəsi isə həmişə şəksiz olub.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında