Beynəlxalq aləmdə mövcud olan ədalətsizlik və ikili standartlar Dağlıq Qarabağ probleminin həllini uzadır

Azərbaycan hazırda dünya birliyinin layiqli üzvlərindən birinə çevrilməkdədir. Ölkəmiz beynəlxalq aləmdə siyasi sabitliyin, əmin-amanlığın, iqtisadi yüksəlişin məkanı kimi tanınır. Respublikamızın tərəqqi və yüksəliş dövrünü yaşaması, dünya birliyində söz sahibinə çevrilməsi beynəlxalq aləmdə də etiraf olunur. Sovetlər birliyinin süqutundan sonra postsovet dövlətləri ilə müqayisədə Azərbaycanın reytinqinin sürətlə artması demokratik dəyərlərə, beynəlxalq hüququn norma və prinsiplərinə, qanunçuluğa və hüquq qaydalarına ciddi riayət olunmasına söykənir. Ölkəmizdə demokratik proseslərin inkişafına xüsusi önəm verilməsi, davamlı ictimai-siyasi sabitliyin qorunub saxlanılması  iri investorların diqqətini çəkmiş və bu da respublikamıza sərmayə axınını daha da sürətləndirmişdir.

Azərbaycanın son illərdə  siyasi, iqtisadi və mədəni sahələrdə əldə etdiyi nailiyyətlərə nəzər yetirdikdə bir daha aydın olur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar ölkəmizin dinamik inkişafını daha da sürətləndirmişdir. Həyata keçirilən məntiqli strategiya ölkə iqtisadiyyatının davamlı artımını təmin etməklə yanaşı, əhalinin maddi rifahının durmadan yaxşılaşmasına da öz təsirini göstərib. Müstəqil  xarici siyasət yeridən dövlətimiz yalnız regionda deyil, beynəlxalq miqyasda da söz sahibi olan ölkə kimi tanınır. Hazırda respublikamız yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilmiş və Cənubi Qafqazda lider dövlətdir.

Son illər qazanılan uğurlara nəzər yetirməklə Azərbaycanın sürətli inkişaf yolunda  inamla irəlilədiyinin şahidi olarıq. Bu ilin 6 ayının sosial-iqtisadi yekunları da bunu təsdiqləyir. Gəlin faktlara diqqət yetirək. Son 6 ayda iqtisadiyyat 5,7 faiz, qeyri-neft sektoru 9,2 faiz artıb. Sənaye istehsalı təxminən 4 faiz, qeyri-neft sənayesi 14 faizdən çox artıb. Ölkədə inflyasiya 3,5 faiz, əhalinin pul gəlirləri 6,2 faiz olub. Kənd təsərrüfatında 7,3 faiz artım qeydə alınıb. Son 6 ayda ölkəmizə 12,7 milyard manat sərmayə qoyulub. Xarici siyasətdə də nailiyyətlərimiz az olmayıb. Azərbaycan bütün ölkələrlə, bütün beynəlxalq təşkilatlarla bərabərhüquqlu münasibətlər qurmuş və bundan sonrakı  fəaliyyətimizi də bu prinsiplər üzərində davam etdiririk. Avropa İttifaqı və digər  nüfuzlu beynəlxalq təşkilatlarla  əməkdaşlıqda ölkəmizin milli maraqları əsas götürülür.

Xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində dövlət başçımızın həyata keçirdiyi tədbirlər, görüşlər və dialoqlar xarici siyasətin prioritetlərindəndir.  Proseslərin gedişi göstərir ki, beynəlxalq hüquq müstəvisində Azərbaycanın Ermənistan üzərində qazandığı diplomatik üstünlüyün miqyası getdikcə  genişlənir. Şübhəsiz ki, bu, həm də işğal altındakı ərazilərin azad olunması prosesini bir qədər də sürətləndirəcək.

Xatırladaq ki, ötən il Azərbaycan və Ermənistan prezidentlərinin münaqişənin nizamlanması ilə əlaqədar  bir neçə ölkədə görüşləri keçirilmişdir. Paris görüşü  prezidentlərin ötən il üçüncü görüşü oldu. Bunadək iki ölkə başçısının görüşü ABŞ-ın dövlət katibi Con Kerrinin iştirakı ilə həmin ölkədə baş tutmuşdu. Görüşdə də tərəflər danışıqların indiki mərhələsinə və Qarabağ münaqişəsinin həlli perspektivlərinə aid məsələləri müzakirə etmiş, danışıq prosesi üzrə mövqelərini ortaya qoymuşdular.

Ondan əvvəl isə, Azərbaycan və Ermənistan Prezidentləri Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Soçidə üçtərəfli görüş keçirmişdilər. Bu görüşdə Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qoşunların təmas xəttində yaranmış gərgin vəziyyətin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılmışdı. Bir sözlə, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü və bu görüşün nəticələri böyük maraq doğurur. Artıq dünya ictimaiyyətinə də bəllidir ki, Ermənistan silahlı qüvvələri 24 ildir Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayır və bu işğal nəticəsində bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Təəssüf ki, beynəlxalq birlik hələ də bu ədalətsizliyə göz yumur və Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün ciddi tədbir görülmür. 

Beynəlxalq təşkilatların bütün çağırışlarına və tövsiyələrinə məhəl qoymayan Ermənistan dövləti hələ də işğalçılıq siyasətindən əl çəkmir, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan  qeyri-qanuni əməllərini davam etdirir. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasının hələ 90-cı illərin əvvəllərində qəbul etdiyi 4 qətnamədə, eləcə də Təhlükəsizlik Şurası sədrinin qəbul etdiyi 7 bəyanatda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. Bu qətnamələrdə  Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini qeyd - şərtsiz azad etməsi öz əksini tapıb. Həmin qətnamələr bu günə qədər icra olunmayıb. Bundan başqa, Avropa Parlamenti, AŞPA, İslam Konfransı Təşkilatı, Qoşulmama Hərəkatı və digər nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyıb. Beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrdə birmənalı olaraq göstərilir ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Ermənistan dövləti isə bütün bunlara məhəl qoymayaraq işğalçılıqdan əl çəkmir. Bunun da əsas səbəblərindən biri iqtisadi məngənədə çabalayan Ermənistanın işğal etdiyi ərazidən  beynəlxalq narkoticarətdə tranzit  kimi istifadə etməsidirsə, digər səbəbi də beynəlxalq aləmdə mövcud olan ədalətsizlik, ikili standartlar, islamofobiya və paxıllıqdır.

Azərbaycana qarşı çirkin kampaniyanın aparıldığını, önəmli beynəlxalq tədbirlər ərəfəsində bunun daha da alovlandığını vurğulayan  Prezident İlham Əliyev bəzi Qərb siyasətçilərini, habelə ikili mövqedə olan beynəlxalq qurumları kəskin tənqid edərək demişdir: “Əfsuslar olsun ki, bu gün Avropada faşizm, irqçilik, islamofobiya, ksenofobiya, antisemitizm baş qaldırır. Yəni, bu hərəkət təkcə müsəlmanlara qarşı deyil. Əlbəttə ki, onlar müsəlman ölkəsinin bu qədər inkişaf etməsini istəməyən qüvvələrdir. Onlar, eyni zamanda, Azərbaycanda ”beşinci kolon"un qalıqlarının himayədarları ilə birləşib bizə qarşı hücuma keçiblər. Yəni, Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı bizə qarşı informasiya müharibəsi ən şiddətli mərhələyə qədəm qoymuşdu. Ancaq bu informasiya müharibəsində Azərbaycan xalqı və dövləti qalib gəlib".

Nüfuzlu beynəlxalq təşkilatların riyakarlığını təsdiqləyən bir fakta diqqəti cəlb etmək istərdik. 2005-ci il yanvarın 25-də AŞPA tərəfindən qəbul edilən qətnamədə Ermənistanın işğalçı dövlət olması birmənalı şəkildə öz əksini tapır. Bu qətnamə AŞPA-nın Dağlıq Qarabağ məsələsi üzrə dəqiq mövqeyini ortaya qoymuşdu. Qətnamədə yer alan müddəalar bir daha Ermənistanın işğalçı dövlət olduğunu təsdiqləyir, Dağlıq Qarabağ regionunun isə separatçı qüvvələrin nəzarəti altında olduğu vurğulanır. Bununla bağlı qətnamənin xülasə hissəsində qeyd olunur: “Azərbaycan ərazisinin böyük bir hissəsi hələ də Ermənistan qoşunlarının işğalı altındadır. Hərbi əməliyyatlar və bu əməliyyatlardan qabaq geniş surətdə yayılmış etnik düşmənçilik etnik mənsubiyyətinə görə insanların geniş miqyasda yerlərindən qovulmasına və dəhşətli etnik təmizləmə konsepsiyasını xatırladan monoetnik ərazilərin yaradılmasına gətirib çıxarmışdır. Dağlıq Qarabağ regionu hələ də separatçı qüvvələrin nəzarəti altındadır. Assambleya üzv dövlət tərəfindən xarici ərazinin işğal edilməsini bu dövlətin Avropa Şurası qarşısında götürdüyü öhdəliyinin ciddi pozulması halı olduğunu bir daha təkrar edir və münaqişə ərazisindən olan məcburi köçkünlərin təhlükəsizlik şəraitində və ləyaqətlə öz evlərinə qayıtmaq hüquqlarının olduğunu bir daha təsdiqləyir”.

Kifayət qədər obyektiv xarakter daşıyan bu qətnamənin ardınca AŞPA tərəfindən 1690 saylı tövsiyə qəbul olunmuş və Avropa Şurasının Nazirlər Komitəsinə ünvanlanan tövsiyələrdə bilavasitə 1416 saylı qətnamənin şərtlərinə istinad edilir. Qətnaməyə istinadən Nazirlər Komitəsinə ünvanlanan tövsiyələrin birinci bəndində qeyd olunur: “Müvafiq tərəfləri təkidlə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə əməl etməyə, xüsusilə, istənilən hərbi əməliyyatlardan çəkinməyə və silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarmağa çağırmaq”. Həmçinin tövsiyələrdə 1416 saylı qətnamənin milli, ikitərəfli və beynəlxalq səviyyələrdə dəstəklənməsi üçün üzv dövlətlərin hökumətlərinə göndərilməsinə də diqqət yetirilir.

AŞPA-nın birinci Avropa Oyunları zamanı qəbul etdiyi qətnamə isə bu qurumun riyakarlığını bir daha təsdiqlədi. Həmin vaxt bu qurumun Azərbaycana dair qəbul etdiyi qətnamə siyasi riyakarlığın bariz nümunəsidir. Prezident İlham Əliyev də həmin qərəzli qətnamə  ilə bağlı kəskin narazılığını bildirmişdir: “Qətnamənin məruzəçilər tərəfindən təklif edilmiş mətnində yazılıb ki, assambleya nəzərə alır ki, Azərbaycan torpaqları işğal altındadır. Götürüb o cümləni dəyişirlər, yazırlar ki, assambleya nəzərə alır ki, Dağlıq Qarabağ münaqişəsi mövcuddur. Bu, nə deməkdir?! Bu, açıq-aydın antiazərbaycan mövqeyidir. Ona görə yenə də bu mövzuya qayıdıram. Biz heç yerə inteqrasiya olmuruq. Hara olmuşuq, kifayətdir. Lazım olarsa, yenə də başqa birliklərə də üzv olarıq, ancaq bərabərhüquqlu tərəfdaş kimi, ləyaqətli ölkə kimi”.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda beynəlxalq təşkilatların, o cümlədən problemin aradan qaldırılmasında vasitəçilik missiyasını üzərinə götürmüş, lakin 20 ildən çoxdur ki, heç nəyə nail ola bilməyən  ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi Ermənistanı daha da həyasızlaşdırır. Belə riyakar siyasətin nəticəsidir ki, münqaişənin nizamlanması ildən-ilə uzanır, eyni zamanda, aparılan sülh danışıqlarına, beynəlxalq birliyin regionda sülh və əməkdaşlıq yaratmaq təşəbbüslərinə və  dialoq imkanlarına köklü zərbə vurur. 

Bütün dünyaya bəllidir ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki tanınmamış qanunsuz rejim azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında Ermənistan tərəfindən təşkil olunmuş cinayətkar qurumdur. Cinayətkar qurumun vandal aktları, özbaşınalıqları və beynəlxalq hüquqa hörmətsizliyi Dağlıq Qarabağ bölgəsindən məcburən köçkün düşmüş 75 mindən çox azərbaycanlını bu gün də ev-eşiksiz qoyub.

Beynəlxalq təşkilatlara da məlumdur ki,  Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını narkotik məhsulların yetişdirilməsi və qaçaqmalçılığı yuvasına çevirib. Ermənistanın nəzarətində olan Azərbaycan ərazilərindən əsas beynəlxalq narkotrafik marşrutlarından biri keçir. Söz yox ki, beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycan hazırda işğal edilmiş ərazilərində baş verənlərə, eləcə də narkotiklərin tranzitinə və digər transmilli cinayətlərə görə məsuliyyət daşımır.  Çünki həmin ərazilər 24 ildir ki, Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bu ərazilər beynəlxalq hüquq baxımından nəzarətsiz zonadır və burada nəinki narkotrafik, eləcə də  beynəlxalq təhlükə mənbəyi olan digər əməllərin - terrorçuların hazırlanması və tranziti, narkotiklərin yetişdirilməsi, təhlükəli materialların ötürülməsi və digər məqsədlərlə istifadə edilməsi üçün əlverişli şərait var. Təəssüf ki, bütün bunlar beynəlxalq birliyin gözü qarşısında baş verir. Yəni doğrudanmı dünya birliyi ianələr, yardımlar hesabına yaşayan Ermənistanın qarşısında bu qədər acizdir? Əslində, bu “acizliyin”bir səbəbi var: Azərbaycanın siyasi, iqtisadi və mədəni sahələrdə qazandığı yüksək nailiyyətlər, müstəqil siyasət yeritməsi, heç bir ölkədən asılı olmaması və qüdrətli dövlətə çevrilməsi dünyanın güclü dövlətlərində qısqanclıq yaradıb. Bir sıra inkişaf etmiş dövlətlərin  neft və qaz sahəsində Azərbaycanın əlinə baxmaları, görünür, onların “ad-sanlarına” ləkə gətirir. Düşünürlər ki, niyə Azərbaycan da Ermənistan kimi, kölə vəziyyətində olmamalıdır. Elə bu baxımdan Ermənistanı əllərində bir vasitə kimi saxlayıb vaxtaşırı üstümüzə qısqırdırlar. Hadisələrin gedişi göstərir ki, bu oyunlar da onların düşündükləri səviyyədə alınmır.

Azərbaycan xalqı ümidvar olduğunu bildirir ki, nəhayət, ikili  standartlara, ədalətsizliyə, islamofobiya və paxıllığa son qoyulacaq, Ermənistanın qeyri-konstruktiv hərəkətləri beynəlxalq birlik tərəfindən  kəskin şəkildə qınanılacaq, bu ölkənin işğalçı siyasətinə son qoyulması üçün ən təsirli tədbirlər görüləcəkdir.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında