Yunanıstan: sərt qənaət siyasəti yolunda

Bir müddət öncə Yunanıstan rəhbərliyi ilə kreditorlar arasında danışıqların növbəti mərhələsi başlayıb. Danışıqların mövzusu Yunanıstana qarşıdakı üç il ərzində borc şəklində ayrılacaq 86 milyard avro (95 milyard dollar) maliyyə paketinin qarşılığında hökumətin büdcə xərclərini bir qədər də azaltmaq üçün görəcəyi tədbirləri müəyyənləşdirməkdir.

Məlum olduğu kimi, Yunanıstanda keçirilən 7 iyul referendumunda seçicilərin 60 faizi Avropa Mərkəzi Bankı (AMB), Avropa Komissiyası (AK) və Beynəlxalq Valyuta Fondundan (BVF) ibarət “üçlüyün” təklif etdiyi növbəti kəmərsıxma paketinə “yox” dedi. Buna baxmayaraq, bir sıra ekspertlərin gözləntilərinin də əksinə olaraq, Tsipras hökuməti sərt tədbirlər planını qəbul etdi. Yeni proqram təqaüd yaşının 67-yə yüksəldilməsi, əhalinin bəzi azgəlirli hissəsinə verilən sosial müavinətlərin ləğvi, iş yerlərinin ixtisarı, vergilərin artırılması kimi tədbirləri də nəzərdə tutur. Təsadüfi deyil ki, bu qərar ölkədə kütləvi narazılıq və etiraz aksiyaları ilə qarşılandı.

Rəsmi Afinanın kreditorların şərtlərini qəbul etməsi ilə Yunanıstana 7,2 milyard avro dəyərində borc ayrıldı və hökumət dərhal həmin vəsaitin demək olar ki, hamısını BVF və digər maliyyə qurumlarına olan borclarının ödənməsinə sərf etdi. Yalnız bundan sonra həftələrlə bağlı qalan bankların fəaliyyəti bərpa olundu, ölkədəki maliyyə gərginliyi nisbətən səngidi. Göründüyü kimi, tətbiq olunan kəskin büdcə qənaətinin qarşılığında Yunanıstana ayrılan borc maliyyə vəsaiti ölkənin büdcəsinə daxil olmur, yaxud əhalinin rifahının yaxşılaşmasına xərclənmir, əvəzində, Almaniya və Fransa bankları da daxil olmaqla ölkədəki özəl sektor kreditorlarına olan borcların ödənilməsinə yönəldilir. Dolayısı ilə, Yunanıstana verilən borc yenidən həmin maliyyəni ayıranların özünə qayıdır. Bununla belə, Yunanıstana veriləcək növbəti borc paketinin qarşılığında hökumətin görəcəyi tədbirlərin yekun variantının hazırlanması yönündə danışıqlar davam etdirilir. Başqa bir tərəfdən, maliyyə paketinin verilməsinədək “üçlüy”ün və Almaniyanın rəhbərliyi ilə kreditorlar əlavə qənaət tədbirlərinin icrasını, yəni fermerlər üçün vergilərin bir qədər də artırılmasını, pensiyaların isə daha da azaldılmasını tələb edirlər.

 

Borcu alana da, verənə də
ziyan vuran proqram

 

Yunanıstana ayrılacaq üçüncü maliyyə paketinin qarşılığında irəli sürülən tələblərin ölkə iqtisadiyyatına necə təsir göstərəcəyi ilə bağlı ekspertlər öz rəylərini irəli sürürlər. Bu ölkənin borc problemini yaxından izləyənlərdən biri olan məşhur iqtisadçı, Nobel mükafatı laureatı Cozef Stiqlitz “Yunanıstan, qurbanlıq qoyun” adlı məqaləsində yeni proqramın nə Yunanıstan, nə də onun kreditorları üçün əlverişli olduğunu əsaslandırmağa çalışır.

Müəllif Beynəlxalq Valyuta Fondunun əvvəlki onilliklərdə Şərqi Asiya, Afrika və Latın Amerikası ölkələrində həyata keçirdiyi proqramların iqtisadi geriləmə, böhran, ardınca isə sosial iğtişaşlara səbəb olduğunu xatırladaraq, bənzər səmərəsiz proqramın indi Avropanın özündə tətbiq edildiyini bildirir. Proqramın nə dərəcədə qüsursuz icrasından asılı olmayaraq, o, borc səviyyəsinin qeyri-stabilliyinə, daha dərin böhrana səbəb olacaq. Bu səbəbdən də BVF-nin direktoru Kristin Laqard faktiki olaraq, Yunanıstanın borcunun bir hissəsinin silinməsini təklif edib, Almaniya isə buna qarşı çıxır. Ümumiyyətlə, başqa ekspertlər də bu məsələdə ölkələrə yanaşmada fərqli mövqelərin sərgilənməsinə diqqət yetirirlər. Belə ki, ərazilərində hərbi münaqişənin yaşandığı və maliyyə durumu kəskinləşən Ukraynanın borclarının bir hissəsinin silindiyi halda, bənzər addımın defolt həddində olan Yunanıstana qarşı atılmaması sual doğurur.

Stiqlitz hesab edir ki, Yunanıstanın hazırkı böhranının əsas səbəbi büdcə qənaəti siyasətidir. Qənaət tədbirlərinin nəticəsində 2008-ci ildən indiyədək Ümumi Daxili Məhsul istehsalı 25 faiz azalıb, işsizliyin səviyyəsi 25 faizə, gənclər arasında isə 50 faizə yüksəlib. Yeni proqram isə sosial-iqtisadi sfera üzərindəki təzyiqi bir qədər də artıracaq, çünki layihəyə əsasən, hazırda 1 faiz olan büdcə gəlirinin 2018-ci ilədək 3,5 faizə çatdırılması nəzərdə tutulub. Müəllifin fikrincə, bu məqsədə qoyulan vaxt çərçivəsində nail olmaq mümkün olmayacaq, çünki elə proqramın mahiyyəti də bundan ibarətdir. Proqramın tam icra olunmaması əlavə qənaət tədbirlərini zərurətə çevirəcək və proses zəncirvarı şəkildə davam edəcək. Nəticədə isə əhalinin yaşayış səviyyəsi daha da pisləşəcək.

Stiqlitzə görə, bu siyasət borc verənlərin özləri üçün də sərfəli deyil, çünki Yunanıstan iqtisadiyyatında böhranın dərinləşməsi onun borclarını ödəməsini daha da çətinləşdirir. Bu isə ölkənin kreditorları üçün heç də ürəkaçan hal deyil. Ümumiyyətlə, Yunanıstana qəbul etdirilən qənaət siyasətinin irrasional tərəfləri ekspertləri düşündürən məsələlərdəndir. Bəziləri baş verənləri iqtisadi eksperiment adlandırır, digərləri isə bunu Avropa İttifaqı strukturlarının ölkə üzərində əzici dominantlıq iddiası ilə izah etməyə çalışırlar.

 

Qənaət siyasətinin qaranlıq
və ikili məqamları

 

Stiqlitz öz yazısında göstərir ki, “üçlüy”ün təkidi ilə həyata keçirilən struktur islahatlarının mahiyyətinin ictimaiyyətə aydın çatdırılmaması və mövcud informasiya qıtlığı cəmiyyətin aldanması hallarına gətirib çıxarır. Müəllif bununla bağlı analoji müqayisə olaraq, Yunanıstanın avrozonaya üzvlüyü nəticəsində süd bazarında gedən dəyişikliyi nümunə gətirir. Belə ki, Yunanıstanda istehsal olunan süd başqa Avropa ölkələrindən gətirilən süddən özünün təzəliyi ilə seçilir, bu səbəbdən də xarici məhsulların rəqabətini çətinləşdirirdi. Avropa Mərkəzi Bankı, Avropa Komissiyası və Beynəlxalq Valyuta Fondu “üçlüy”ünün təzyiqi ilə 2014-cü ildə Yunanıstanda istehsal olunan südün qutusunun üzərində “təzə” sözünün yazılması qaydası ləğv olundu və yararlılıq müddəti artırıldı. Bununla da iri korporasiyaların və xarici ölkələrin o qədər də təzə olmayan və yararlılıq müddəti uzadılmış məhsullarının rəqabətqabiliyyətliliyinin gücləndirilməsi qarşıya məqsəd qoyulub. Doğrudur, rəqabətliliyin güclənməsi istehlakçıların məhsulları daha ucuz qiymətə almasına şərait yaradır. Lakin alıcılar xarici məhsullara ödədikləri vəsaitin ölkədən kənara çıxdığını və son nəticədə öz ciblərinə ziyan vurduğunu çox zaman anlamırlar. Alıcının informasiya məhdudluğundan isə xarici şirkətlər yararlanır.

Stiqlitzə görə, Yunanıstanda həyata keçirilən antiböhran siyasətinin lazımi səmərə verməməsinin səbəblərindən biri də mühüm tədbirlərin, xüsusən də vergi islahatlarının çox zaman oliqarxlardan yan keçməsidir. Onun fikrincə, bəzən “üçlük” də hökumətin bu siyasətinə göz yumaraq, oliqarxların tərəfində olduğunu nümayiş etdirir. Üstəlik, BVF, adətən, yüksək vergilərin təhlükəsi barədə ölkələri xəbərdar etsə də, Yunanıstana gəlincə, aşağı gəlirlər üzərində də yüksək vergilərin tətbiqini dəstəkləyir. Ağır vergi siyasəti orta və kiçik sahibkarlığı sıradan çıxarır. Müəllifə görə, yardım paketində Yunanıstanın daxilindəki və xaricindəki bəzi dairələrin iqtisadi maraqlarının nəzərə alındığı özünü göstərir.

Beləliklə, büdcə xərclərinin kəskin azaldılması siyasətinin davam etdirilməsi əlavə sosial-iqtisadi problemlər meydana çıxaracaq, AMB, AK və BVF “üçlüyü” bu dəfə də ənənəvi olaraq, yəni Yunanıstanı günahkar görəcək. Yaranmış vəziyyətə görə məsuliyyəti üzərinə götürməkdən imtina edən “üçlük” tətbiq etdiyi modelin uğursuzluğunu etiraf etmək belə istəmir.

Məsələnin ironik tərəfi isə ondan ibarətdir ki, “üçlüy”ün təkidi ilə həyata keçirilən qənaət siyasəti digər Avropa ölkələrində olduğu kimi, Yunanıstanda da əhalinin böyük hissəsinin istəyinə, iradəsinə zidd olaraq gerçəkləşdirilir. Hətta, Yunanıstandakı referendumun bu siyasətə “yox” deyən nəticəsi də Aİ liderlərini mövqeyindən daşındıra bilmədi, əksinə, qənaət siyasətindən imtina edəcəyi təqdirdə xalqın seçdiyi iqtidarın başqası ilə əvəzlənə biləcəyi mesajları da verildi. Bu isə demokratiya, insan haqları dəyərləri üzərində qurulduğu iddia olunan Avropa İttifaqında faktiki olaraq diktə siyasətinin hökmranlığını nümayiş etdirir.

Newtimes.az


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında