Dövlətçiliyin inkişafı modelinin konturları

Ulu öndərin Azərbaycan KP MK-nın 1969-cu il 5 avqust tarixli plenumundakı nitqi bu gün də cəmiyyət üçün aktualdır

“Tarix tarixdir. Onun hər bir mərhələsinin, hər bir səhifəsinin özünəməxsus mənası, müsbət və mənfi cəhətləri vardır. O illərdə yaşamış, yazıb-yaratmış yazıçılarımız, şairlərimiz, mədəniyyət xadimlərimiz, şübhəsiz ki, həmin illərin çərçivəsində olmalı idilər. İndi kimsə istəyir desin ki, belə olmamalı idi, o, sadəcə həqiqətdən kənardır”. - Ulu öndərin “tarixi qaralamaq olmaz”, “tarix təkrar olunur” fəlsəfəsinə söykənərək söylədiyi bu  fikirlərə uyğun olaraq bugünkü dövlət quruculuğunun əsaslarının hələ XX əsrin 70-ci illərindən vüsət aldığını demək olar.

 Bu yaxınlarda işıq üzü görmüş ikicildlik “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” monoqrafiyamda ulu öndərin 1993-cü ildən ömrünün sonunadək olan nitq, çıxış, bəyanatları tədqiq olunmuşdur. Heydər Əliyev nitqlərinin araşdırıcısı kimi həm özüm üçün, həm də dəyərli oxucularımıza 46 il öncə-46 yaşında Azərbaycanın hakimiyyət sükanının arxasına keçən ümummilli liderimizin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 5 avqust tarixli məşhur plenumda respublika auditoriyası qarşısında söylədiyi nitqin həm siyasi, həm də dilçilik nöqteyi-nəzərindən bəzi məqamlarını bölüşmək maraqlı olardı.  Böyük natiqin analitik təfəkkürə söykənən dərin məna çıxışları kimi bu plenumdakı nitqə də heyran qalmamaq  mümkünsüzdür. Respublika ictimaiyyətinin—kolxozçudan Mərkəzi Komitə üzvlərinədək, tikinti fəhləsindən nazirədək, neftçidən akademikədək və s. toplaşdığı bu əhatəli auditoriyanı fəth etmək hər natiqə müyəssər ola bilməzdi. Haqqında hələ də danışılan bu plenum  Heydər Əliyevin simasında təkcə Azərbaycana yox, SSRİ adlı böyük bir məkana, XX əsr dünyasına müasir təfəkkürlü lider  kimi  gəlişindən xəbər verdi.  Mühüm güc strukturu hesab olunan Dövlət Təhlükəsizlik Komitəsinin ilk azərbaycanlı sədri vəzifəsinə yüksəlmiş Heydər Əliyevin  respublika həyatının bütün sahələrinə belə dərindən bələdliyi auditoriyanı heyrətləndirməklə yanaşı  heyran qoydu.

Nitqin geniş kütlələrə təsir gücü onun öncəgörmələrlə, proqnozlarla zənginliyindədir. Hələ 1969-cu ildə neft strategiyamızın əsasının elə həmin plenumda Heydər Əliyev tərəfindən qoyulduğunu görə bilirik: “Neft və qaz sənayesinin geri qalması ilə əlaqədar olaraq biz geologiya, dərin neft və qaz yataqları problemləri, Neft Kimyası Prosesləri İnstitutlarının, Azərbaycan Elmi-Tədqiqat Neftqazma İnstitutunun, Azərbaycan Neft Maşınqayırma İnstitutunun, Dövlət Dəniz Neft Qurğularını Layihələşdirmə İnstitutunun, yataqlardan ayrılıqda istifadə olunmasına dair xüsusi konstruktor bürosunun və başqalarının rəhbərlərini və əsas işçilərini ciddi məzəmmət edirik”.

Rəqəmlər Heydər Əliyevin dilində gah müqayisə etmək baxımından, gah da auditoriyanın diqqətini cəlb etmək, nitqin ekspressivliyini gücləndirmək baxımından mühümdür:  “1968-ci ildə respublika sənayesi məhsul satışı planını 100,8 faiz yerinə yetirmişdir. Kənd təsərrüfatının ümumi məhsulu 1967- ci ildəkinə nisbətən 4,4 faiz artmışdır. Dövlətə taxıl, üzüm, tütün, barama, çay, ət, süd, yun, yumurta satışı tapşırıqları yerinə yetirilmişdir”. Şifahi şəkildə söylənilən rəqəmlər böyük natiqin dilində  dinləyicilər üçün quru olmaqdan xilas olur. Rəqəmlər mahiyyətin açıqlanması yolunda açar rolunu oynayır: “Biz respublika inşaatçılarının  xidmətlərinə yaxşı bələdik və bunları yüksək qiymətləndiririk. Təəssüf  ki, 1969-cu ildə tikintidə vəziyyət pisləşmişdir. 1968-ci ildə əsaslı tikinti üzrə əsas fondların istifadəyə verilməsi planın yalnız 76 faizini, bu ilin birinci yarısında daha az —58 faizini təşkil etmişdir”.

Heydər Əliyevin nitqlərinin əsas gücü onun fəlsəfi dünyagörüşü ilə səciyyələnməsidir. Bu fəlsəfi dünyagörüşü ritorik sualların köməyi ilə auditoriyalara ayaq açır.

İzahedici ədatların işlənməsi ilə fəlsəfi fikirlər şüurlara çatdırılır: “Bunu nə ilə izah etmək olar? Aydındır ki, hər bir sahənin öz xüsusi səbəbləri vardır. Lakin təhlil göstərir ki, bir çox sahə üçün səciyyəvi olan ümumi səbəblər də az deyildir. Bu, hər şeydən əvvəl, etibar edilən iş sahəsi üçün bəzi rəhbərlərin məsuliyyət hissini itirməsindən ibarətdir. Odur ki, tabelikdə olan müəssisələrə rəhbərliyin səviyyəsi aşağıdır, lazımi tələbkarlıq və intizam yoxdur. Məhz buna görə istehsal prosesinin təşkilində nöqsanlar meydana çıxır, qurğuların gücü ləng artır, avadanlıqdan zəif istifadə edilir, xeyli iş vaxtı hədər gedir, məhsulun keyfiyyəti aşağı olur, kadrların axıcılığına yol verilir”.

Heydər Əliyevin Azərbaycan elminin inkişafına qayğısı, Azərbaycan elmi qarşısında qoyduğu tələblər bu plenumda öz əksini tapır. O elm sahəsində özünü göstərən neqativ halları alimlər üçün sadalayır, feilin əmr və icra şəkilləri ilə qətiyyət yaradaraq alimlər ordusunu bu günümüzə hazırlamağın təməlini qoyur: “Son vaxtlar respublikada elmlər namizədlərinin və doktorlarının sayı xeyli artmışdır. Bu, elmi fikrin daim inkişaf etdiyini göstərir. Təəssüf ki, dissertasiyaların heç də hamısı lazımi nəzəri səviyyədə yazılmır. Dissertasiyaların bəzisini Ali Attestasiya Komissiyası çox mənfi qiymətləndirmiş, elmi və əməli əhəmiyyəti olmayan əsərlər kimi rədd etmişdir. Aspiranturada vəziyyət yaxşı deyildir. Aspirantların xeyli hissəsi namizədlik dissertasiyalarını vaxtında hazırlaya bilmir. Bununla yanaşı, aspiranturadan kənarda çoxlu dissertasiya müdafiə edilir. Alimlik dərəcəsi alanlar arasında nazirliklərin və digər mərkəzi idarələrin rəhbər işçiləri də az deyildir. Onlar özlərinə tapşırılmış işin zərərinə olaraq dissertasiya yazır, bəzən bunun üçün hətta öz vəzifələrinin imkanlarından istifadə edirlər. Biz aspiranturaya münasibəti kökündən dəyişməli, ona elmin tələbləri ilə, kadrlar hazırlanması vəzifələri ilə heç bir əlaqəsi olmayan mülahizələrə görə qəbul hallarını aradan qaldırmalıyıq. Dissertasiya işlərinə tələbkarlıq xeyli artırılmalıdır, elə etmək lazımdır ki, elmə yalnız onu həqiqətən zənginləşdirməyə, irəlilətməyə qabil olan adamlar gəlsinlər”.

Heydər Əliyevin təhsilə qayğısı elə ilk gündən özünü göstərir: “Məktəblər, məktəbəqədər tərbiyə ocaqları tikintisi tapşırıqları ilbəil yerinə yetirilmir. Məsələn, plana görə yarımildə 11 məktəb tikilməli idi. Əslində isə bir məktəb belə tikilib qurtarmamışdır”.

Heydər Əliyevin nitqlərində fəlsəfə, xüsusilə də etik fəlsəfə mühümdür. “Əxlaqi dəyərlər daşımayan kadrlarla dövlət qurmaq olmaz”-prinsipi öndədir: “Biz ayrı-ayrı vəzifəli şəxslərin davranışında özünü büruzə verən nalayiq hallara, pozğunluq təzahürlərinə göz yuma bilmərik. Biz işimizə ziyan vuran dedi-qoduçuları, böhtançıları, intriqabazları, mənsəbpərəstləri ifşa etməliyik”.

 Filosoflar və sosioloqlar müasir cəmiyyət üçün səciyyəvi olan bir sıra problemlər—inflyasiya, işsizliyin artması, biganəlik, süstlük, narazılıq, dəyərlərin böhranı, alkoqolizm, narkomaniya, korrupsiya və sair göstərir ki, bunlar bu gün cəmiyyətin üzləşdiyi təhlükələrdəndir. Həmin təhlükələr, onların mövcudluğu, bu təhlükələrin aradan qaldırılması yollarını Heydər Əliyev bir filosof kimi auditoriyalar üçün çözə, qiymət verə, çıxış yollarını göstərə bilir: “Azərbaycanda gənclər arasında cinayətkarlığın artması, əxlaq pozğunluğunun olması, sərxoşluğa, narkomaniyaya meylin çoxalması haqqında məlumatları ürək ağrısı ilə qarşılayırıq. Gənclər bizim gələcəyimizdir. Azərbaycanın gen fondu gənclərdir. Biz onları hərtərəfli qorumalıyıq. Şübhəsiz ki, dövlət orqanları da bu mənfi halların gənclərə sirayət etməsinin qarşısını almaq üçün lazımi tədbirlər görməlidirlər. Ancaq bunlar təkcə cəza tədbirləri olmamalıdır. Birinci növbədə profilaktik tədbirlər görülməli, təlim-tərbiyə işləri aparılmalı, valideynlər tərəfindən təhsil ocaqlarında gənclərin tərbiyəsinə ciddi fikir verilməlidir”. Bu tip çıxışların hələ sovetlər dönəmində —1969-cu ildə səslənməsi bir daha Heydər Əliyev uzaqgörənliyini sübut edir: “Xuliqanlıq, sərxoşluq və cəmiyyətə zidd olan digər hallar böyük bəladır. Belə hallara qarşı mübarizə aparmaq üçün müxtəlif tədbirləri, daimi vasitə və metodları sıx əlaqələndirmək lazımdır. Bu, ailə və məktəbdən başlayaraq, geniş tərbiyə sistemindən, ictimai və inzibati təsir tədbirlərini bacarıqla əlaqələndirməkdən, istirahəti maraqlı təşkil etməkdən, spirtli içki düşkünlərini məcburən müalicə etməkdən, spirtli içkilər satışında müəyyən bir qayda qoymaqdan və bir çox başqa tədbirlərdən ibarətdir”.

Dövlət başçısı kimi rüşvətxorluğa qarşı mübarizəni əsas işi hesab edən Heydər Əliyev inzibati üsulların az effektli olduğunu bilərək profilaktikanın gücləndirilməsini ön planda saxlayır:"Biz rüşvətxorluq faktlarına qarşı ən qəti və ən amansız mübarizə aparmalı, rüşvətxorluğu doğuran səbəblərin kökünü kəsməliyik. Bizim vəzifəmiz inzibati tədbirlərlə yanaşı, profilaktika işini hər yerdə gücləndirməkdən, bu biabırçı halın tamamilə aradan qaldırılması üçün adamlarımızda və kadrlarımızda məsuliyyət hissini artırmaqdan ibarətdir".  Bu gün tələbə qəbulu ilə əlaqədar keçirilən və təkmilləşən test üsulu həmin “profilaktikanın ” bariz nümunəsidir ki, bu fikirlər 46 il öncə ulu öndərimiz tərəfindən Sovetlər məkanında ilk dəfə olaraq səsləndirilmişdir.

Auditoriya “rəhbər işçi necə olmalıdır” sualına dəqiq, hərtərəfli, aydın cavabı “nə qədər” kəmiyyət zərfinin təkrarı və qüvvətləndirici ədat “daha da”, “daha”nın köməyi ilə alır: “Rəhbər işçi kütlələrin əməli təcrübəsinə nə qədər çox arxalansa, onlardan nə qədər çox öyrənsə, öz nümunəsi ilə adamları nə qədər çox cəlb etsə, kollektivi qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün nə qədər yaxşı təşkil etsə onun nüfuzu daha da artar, fəaliyyətinin nəticəsi isə daha müvəffəqiyyətli olar”.

Heydər Əliyevin çıxışlarının bir gücü də “şəxsiyyət, onun cəmiyyətdə yeri” barədə fəlsəfi fikirləri ilə zənginliyindədir: “Kadrlara səmimi və qayğıkeş münasibətlə yanaşı, mövqeyindən və keçmiş xidmətlərindən asılı olmayaraq, onların gördükləri işin nəticələrinə tələbkarlıqla yanaşılmalıdır. Bunsuz düzgün rəhbərlik etmək, təsərrüfat və mədəniyyət quruculuğunun əməli məsələlərini müvəffəqiyyətlə həll etmək olmaz, halbuki, son vaxtlar bizdə kadrlara qarşı tələbkarlıq azalmışdır”.  Məhz böyük siyasətçinin XX əsrin 70-80-ci illərində hazırladığı kadrlar ordusu bu gün ölkə Prezidentinin həyata keçirdiyi islahatların aparıcı qüvvəsidir.

Hüquqi dövlət quruculuğu yolunda Heydər Əliyevin düşüncələri 5 avqust 1969-cu il plenumunda  xalqa kifayət qədər aydın çatdırılır: “ Cəzasızlıq yeni cinayət törədir. Zəhmətkeşlərin ərizə və şikayətləri böyük və gündəlik diqqət tələb edir.   Zəhmətkeşlərin ərizə və şikayətlərinə səthi və vicdansız münasibət adamların şikayət etdikləri nöqsanları dərinləşdirir, haqqında şikayət verilən şəxslərdə belə bir əqidə yaradır ki, onlar öz hərəkətləri üçün heç bir cəza almayacaqlar”.

Qətiyyətlilik, xüsusilə güc strukturlarının fəaliyyətilə bağlı məqamlarda özünü göstərərək inzibati orqanları səfərbər edir:  “Cinayətkarlıq əleyhinə mübarizə işində milisə, prokurorluğa, məhkəmələrə qarşı xüsusilə tələbkar olmaq lazımdır. Həmin vəzifənin həlli onların peşəkarlıq qabiliyyətindən çox asılıdır.  Daxili İşlər Nazirliyinin fəaliyyətində hələ də bir sıra ciddi nöqsanlar vardır. Nazirliyin rəhbərliyi bu nöqsanları ən qısa müddətlərdə aradan qaldırmalıdır. Daxili işlər orqanlarının hər bir işçisi, hər şeydən əvvəl, onların komandir heyəti nizam-intizamda,  xidmət və vətəndaşlıq borcunu yerinə yetirməkdə nümunə olmalıdır”.

 Rəsmi-dövlətçilik üslubuna söykənən bu çıxış terminologiyalarla zəngin elmi üslubla çulğalaşır. Auditoriya sanki müxtəlif sahələrin—sənaye (müəssisə, neft sənayesi, əmək məhsuldarlığı, işçi qüvvəsi, texnoloji intizam, maddi-texniki təchizat və s.), kənd təsərrüfatı (meliorasiya, heyvandarlıq mədəniyyəti, dənli bitkilər, yem istehsalı, maya dəyəri, pambıqçılıq və s.), elm, ədəbiyyat və incəsənət, fəlsəfə və ictimai elmlər və s.—aparıcı mütəxəssis alimini görür.

Bu plenumdakı nitq ulu öndərin Azərbaycan nitq mədəniyyətinin inkişafına verdiyi ilk töhfələrdəndir.  Tez-tez belə bir ifadənin şahidi oluruq—fenomenal nitq, fenomenlik və s. Sonda Heydər Əliyevin nitqlərinin araşdırıcısı kimi qeyd edirəm ki, fenomenal nitq yoxdur. Geniş, çoxşaxəli dünyagörüşü var! Ensiklopedik bilik var! Bu dünyagörüş və biliyə aparan yolda böyük və gərgin zəhmət var!  Elə ulu öndərin özü demiş: “Mənim də həyatımda çox əziyyətli günlərim, illərim olubdur. Çox faciəli illərim olubdur. Ancaq yenə də taleyimdən çox razıyam. Bu mənim taleyimdir—onun çox parlaq cəhəti də, faciəvi cəhəti də mənim taleyimdir. Amma bu gün zəhmətdən, əziyyətdən savayı heç bir şey yoxdur. Mən bunu da özümə böyük  xoşbəxtlik hesab edirəm ki, xalqıma belə böyük çərçivədə xidmət etmək imkanı əldə etmişəm”.

O zəhmət də, o dünyagörüşü də liderin xalqına, millətinə, Vətəninə, dünyaya sevgisi ilə harmoniya yaratmalıdır. Fenomenallığın kökündə   Allaha məxsus olan Sözə intəhasız, sonsuz sevgi dayanır. Heydər Əliyev sözü sevirdi, dili sevirdi!  Və dünya Heydər Əliyevi siyasi xadim kimi tanıdığından ulu öndər haqqında deyirik: Fenomenal siyasi natiq!

Nağdəli ZAMANOV,
Azərbaycan Tibb
Universitetinin dosenti,
tibb üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında