Dövlət tərəfindən ziyalılara olan qayğı, dəstək artır,
son zamanlar özünü daha da çox büruzə verir.
Sovet İttifaqı dağıldıqda və müstəqilliyin ilk illərində imkanlarımız da yox idi.
Dövlətin imkanları da yox idi ki, ziyalılara daha da çox diqqət göstərsin.
Ancaq indi imkanlar artdıqca, ilk növbədə, bu məsələyə diqqət göstərilir.
Yüzlərlə ziyalımız Prezident təqaüdü alır, mükafatlandırılırlar...
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycanda milli dövlətçilik ənənələrinin qorunub saxlanılması və möhkəmləndirilməsi, demokratik dəyərlərin bərqərar olması və bu yolda ziyalılara böyük etimad göstərilməsi, onlara diqqət və qayğının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderin ikinci dəfə ölkəyə rəhbərliyi dövründə elmə, təhsilə, ziyalılara böyük qayğı göstərilməsi, digər sahələrdə olduğu kimi, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində də uğurlu addımlar atılmasına zəmin yaratdı. Bu, həm də respublikamızın dünya birliyinə inteqrasiyasının sürətlənməsinə təkan vermiş, ölkəmizin nüfuzunu getdikcə artırmışdır.
Müstəqilliyimizin ilk illərində dərin tənəzzül dövrünü yaşayan respublikamızın sonradan tədricən iqtisadi-siyasi, sosial-mədəni sahələrdə əldə etdiyi nailiyyətlər beynəlxalq aləmdəki reytinqini artırmış, ölkə hüdudlarından kənarda yaşayan milyonlarla azərbaycanlının qəlbini böyük qürur hissi ilə doldurmuş, soydaşlarımızın doğma Vətənə bağlılığını artırmış, xalqımızın ümumi tərəqqisinə, milli həmrəyliyin inkişafına xüsusi təkan vermişdir. Bu nailiyyətlərdə ziyalıların rolu danılmazdır.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk vaxtlar ölkədə yaranmış anarxiya, xaos və özbaşınalıq bütün sahələrə olduğu kimi, elm, təhsil sahəsinə də ciddi zərbə vurmuşdu. O dövrdə ölkəyə rəhbərlik edənlərin dövlət idarəçiliyində naşılığı, ziyalılara, elm xadimlərinə laqeyd münasibətləri vəziyyəti daha da ağırlaşdırırdı. Ölkəyə rəhbərlik edənlərin xalqın taleyüklü problemlərini unudaraq yalnız öz maraqları barədə düşünmələri ziyalıların, elmin, təhsilin və mədəniyyətin vəziyyətinə də öz mənfi təsirini göstərmişdi. Ölkənin üzləşdiyi tənəzzülün getdikcə dərinləşməsi bir çox ənənələrimizin də məhvinə gətirib çıxarırdı. Xalqımızın daim maariflənməyə, təhsil almasına, ziyalı mövqeyinin yüksək dəyərləndirilməsinə meyilli olmasına baxmayaraq, bu dövrdə çoxları artıq ümidsizliyə qapanmışdı. Vəziyyət o həddə çatmışdı ki, hakimiyyətdə olan qüvvələr Elmlər Akademiyasının bağlanmasına dair fikirlər səsləndirirdilər. Bu da elmi ictimaiyyətə, ziyalılara bütövlükdə mənfi təsir göstərirdi. Həmin dövrdə elmə, alimə, ziyalıya belə laqeyd münasibət, ilk növbədə, xarici himayədarlarının vasitəçili ilə hakimiyyətə gələnlərin uzun illər elmi müəssisələrdə çalışmalarına baxmayaraq, bu sahədə heç bir uğur qazanmamaları ilə əlaqələndirilirdi. Belələri bunun təqsirini elmi müəssisələrdə görür, ona görə də Elmlər Akademiyasının bağlanılması barədə çağırışlar edir, ziyalılarımıza, alimlərimizə, elm xadimlərimizə qarşı aqressiv münasibət göstərirdilər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “İctimai və humanitar elmlər: Zaman kontekstində baxış” məqaləsində bu məsələlərə münasibət bildirərək yazıb: “Sovet İttifaqı dağıldıqdan sonra bütün postsovet ölkələrində olduğu kimi, bizdə də ideologiyasızlaşdırma deyilən prinsip bəyan edildi. Bu prinsip marksizm-leninizm ideologiyası ilə bağlı nə varsa, hamısından tamamilə imtina olunmasını nəzərdə tuturdu və totalitarizmin, kommunist ideologiyasının təzədən baş qaldırmasına imkan verməməli idi. Lakin həmin dövrdə baş verən mürəkkəb proseslər nəticəsində yaranmış boşluğu qısa müddətdə müxtəlif növ surroqat ideya və yanlış ideologiyalar doldurdu. Belə qondarma ideologiyaların hamısında inkar amili dominant rolunu oynayırdı. İnkarçılıq kommunizm idealları ilə mübarizədə yox, Azərbaycanın keçmişinə olan münasibətdə özünü ən parlaq şəkildə büruzə verirdi. Tarixi nailiyyətlərimizin üstündən xətt çəkilir, qürur doğuran hadisələr belə, qaralanırdı. Əslində, neobolşevizmin bu yeni forması hər şeyi dağıdaraq bizə xarabalıqlar üzərində yeni dünya qurmağı təklif edirdi. Hadisələrin təhlükəli istiqamətdə cərəyan etdiyi bu dövrdə cəmiyyətə yeni bütlər təqdim olunurdu. Müstəqilliyin ilk illərində ali məktəblərdə də yeniləşmə prosesi bir çox cəhətdən kosmetik səciyyə daşıyırdı. Elmi ateizm kafedraları dinşünaslıq kafedraları adlandırılır, ”Elmi kommunizm" ifadəsi mexaniki olaraq “politologiya” sözü ilə əvəzlənir, dialektik və tarixi materializm kafedraları fəlsəfə kafedralarına çevrilirdi və s. Uzun illər Sov.İKP tarixi ilə məşğul olmuş şəxslər də birdən-birə dönüb Vətən tarixi üzrə mütəxəssislərə çevrilirdilər. 1992-1993-cü illərin siyasi həyatında baş verən hadisələrin milli elitaya mənfi təsiri haqqında çox danışmaq olar. Əlbəttə, obyektiv informasiyanın olmadığı bir şəraitdə bir çox əyintilərin və səhvlərin meydana çıxması mümkün idi. Əsl həqiqəti ictimaiyyətə çatdırmaq vəzifəsi məhz alimlərin üzərinə düşürdü. Ziyalılarımızın böyük bir qismi isə yaxşı bilirdi ki, milli mədəni-mənəvi oriyentasiyanın olmaması, xarici dövlətlərin stereotip inkişaf modellərinə kor-koranə riayət edilməsi hökmən millətin öz simasını itirməsi ilə nəticələnir. Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirmiş ümummilli lider Heydər Əliyevin bütün cəmiyyəti səfərbər edərək, onu düzgün yola istiqamətləndirməsi sayəsində 1990-cı illərin çətinliklərini artıq geridə qoymuşuq".
Həmin dövrdə ölkəmizin tanınmış alimləri və elm xadimləri onlara qarşı göstərilən laqeyd münasibətə və saymamazlığa dözməyərək xarici ölkələrə üz tutdular və elmi fəaliyyətlərini həmin ölkələrdə davam etdirdilər. Fikir verin, ulu öndər Heydər Əliyev hələ sovet dönəmində respublikaya rəhbərlik etdiyi bir dövrdə milli kadrların yetişdirilməsi, azərbaycançılıq ideyasının təbliğinin müxtəlif vasitələrlə gücləndirilməsi, kommunist ideologiyasının sərt rejimində azərbaycanlı ziyalıların, alimlərin İttifaq miqyasında tanıdılması sahəsində böyük zəhmət çəkmiş və buna nail olmuşdur. Müstəqilliyin ilk illərində respublikaya rəhbərlik edən AXC-Müsavat cütlüyü isə bu uğurları yerlə-yeksan etdi və ziyalıları ölkədən didərgin saldı. Lakin ulu öndərin müstəqil Azərbaycana rəhbərliyi dövründə həyat yenidən öz məcrasına qaytarıldı. Azərbaycanı tərk etmiş alimlər, ziyalılar, elm, mədəniyyət və incəsənət xadimləri yenidən doğma Vətənə üz tutdular, bilik və bacarıqlarını yetişən gənc nəslə öyrətdilər. Bütün bunlar ulu öndərin ziyalılara verdiyi böyük dəyərin nəticəsi idi.
Ulu öndər Heydər Əliyevin ziyalılara böyük qayğı göstərməsini dünyanın tanınmış mədəniyyət və incəsənət xadimləri də təsdiqləyirlər. Rusiyanın Xalq artisti Aleksandr Kalyaginin dediklərindən: “Brejnev dövründə SSRİ-nin bütün yaradıcı ziyalıları yalnız Heydər Əliyevi öz müdafiəçisi kimi görürdü. Biz Heydər Əliyevlə yalnız iki dəfə görüşmüşük, lakin, o güclü təsirə malik idi. O, cəsarət nümayiş etdirərək, “Belə qələbə qazanaq” və “İstintaq” bədii filmlərini lobbiləşdirib. Həmin dövrdə bütün yaradıcı ziyalılar yalnız Heydər Əliyevi öz müdafiəçisi kimi görürdü. O, vaxtilə yol verilən çərçivələrdə demokrat idi".
Xalqın elmi, mədəni səviyyəsinin yüksəldilməsində maarif və mədəniyyət ocaqlarının və bu müəssisələrə rəhbərlik etmək qabiliyyətində olan ziyalıların rolu çox böyükdür. XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının əksəriyyətinin məhz ziyalı təbəqəsinin nümayəndələrinin olması da danılmaz faktdır. Xalqımızın kəşməkeşli və zəngin tarixi də bunu təsdiqləyir. Bütün təzyiqlərə, sıxıntılara baxmayaraq, xalqımızın mənəvi sərvəti olan intellektual potensial tükənməmiş, milli məfkurəçiliyin inkişafında, cəmiyyəti ümumi mənafelər ətrafında birləşdirəcək idealların müəyyənləşdirilməsində həlledici rol oynamışdır. Mədəni yüksəlişə daim böyük qayğı və diqqət göstərən ulu öndərin həmin sahədə gördüyü işlər bu gün də öz bəhrəsini verir.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs azərbaycançılıq ideyalarının təşəkkül tapmasında, milli-mənəvi dəyərlərimizin qorunmasında, adət-
ənənələrimizin daha geniş formada təbliğində böyük rol oynayır. Eyni zamanda, xarici ölkələrdə yaşayan azərbaycanlı ziyalıların bu prosesə cəlb edilməsi də mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı, digər sahələrdə olduğu kimi, elmin, təhsilin, mədəniyyətin inkişafını öz fəaliyyətinin prioriteti hesab etmişdir. Respublikamızın rəhbəri qeyd etmişdir ki, Azərbaycan ziyalısı tarix boyu ümummilli əhəmiyyət daşıyan proseslərin ön sıralarında gedən aparıcı qüvvə olmuşdur: “Azərbaycan cəmiyyətində həmişə ziyalılara böyük hörmət olub. Dövlət tərəfindən ziyalılara qayğı, dəstək artır. Yüzlərlə ziyalımız Prezident təqaüdü alır, mükafatlandırılır. Ziyalılar vətəndaşlıq mövqeyi ilə ümumi işimizə töhfə verməlidirlər”.
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinin 90 illik yubileyi mərasimindəki çıxışında, həmçinin ziyalılarla keçirdiyi çoxsaylı görüşlərində Azərbaycanın hərətərəfli inkişafında onların rolunu yüksək qiymətləndirmişdir: “Mən ziyalılarla tez-tez görüşürəm, həm bölgələrdə, həm Bakıda. Bu görüşlərin çox böyük mənası, çox böyük əhəmiyyəti vardır. Həm xarici, həm daxili siyasətlə, həm də sosial sahə ilə bağlı bütün məsələlər həll olunur. Ancaq dövlətimizin əsasları bizim milli, mənəvi dəyərlərdir. Mən bu barədə dəfələrlə fikirlərimi bildirmişəm, bir daha demək istəyirəm ki, bu, sadəcə gözəl sözlər deyil, həqiqətdir. Əgər biz dövlətçiliyimizi güclü milli dəyərlər üzərində qurmasaydıq, bugünkü inkişaf yarımçıq olardı, uzunmüddətli olmazdı”.
Azərbaycan Prezidenti gənc nəslin intellektual səviyyədə yetişməsində, respublikamızın tarixinin onlara əhatəli öyrədilməsində ziyalıların əvəzsiz rolu olduğunu vurğulayıb. Qeyd edib ki, gənclərin vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə almalarında əsas vəzifə, əlbəttə ki, ilk növbədə dövlətin, dövləti idarə edənlərin, eyni zamanda, ziyalıların üzərinə düşür: “Mən çox istərdim ki, bizim ziyalılar bundan sonra da əsərləri, fikirləri, baxışları ilə bu müsbət meyilləri daha da gücləndirsinlər. Azərbaycan cəmiyyətində ziyalılara bütün dövrlərdə böyük hörmət olub - ictimai-siyasi quruluşdan asılı olmayaraq, sovet dövründə də, ondan əvvəlki dövrdə də, müstəqillik dövründə də. Bu, çox müsbət bir haldır. Biz heç də hər bir cəmiyyətdə buna rast gələ bilmərik. Bu, bizim xüsusiyyətimizdir və biz bu ənənəni yaşatmalıyıq”.
Ölkə başçısı bildirib ki, dövlət tərəfindən ziyalılara olan qayğı, dəstək artır, son zamanlar özünü daha da çox büruzə verir...Uzun fasilədən sonra kitabların nəşri bərpa edilib və bu gün daha geniş vüsət almalıdır. Ziyalılar da öz növbəsində, əlbəttə, vətəndaşlıq mövqeyi ilə ümumi işimizə töhfəsini verməlidirlər, verirlər. Öz əsərləri, fikirləri ilə qarşıda duran məqsədlərimizə çatmaq üçün səylərini daha da artırmalıdırlar.
Hər bir dövrdə millətin aparıcı dayağı hesab edilən ziyalılarımız dövlət tərəfindən onlara göstərilən diqqət və qayğını yüksək dəyərləndirirlər. Biz əminik ki, ziyalılarımız bundan sonra da milli-mənəvi dəyərlərimizin qorunması və təbliği, xarici ölkələrdə yaşayan və fəaliyyət göstərən soydaşlarımızın doğma Vətənlə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlılarının vahid ideologiya ətrafında birləşdirilməsi və Azərbaycanın dünya birliyində reytinqinin daha da yüksəldilməsi istiqamətində səylərini artıracaqlar.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.