Azərbaycan: yeni xarici siyasət və gələcəyə baxış modeli

Dünyanın qarşı-qarşıya duran iki bloka bölünməsi ilə nəticələnən İkinci Dünya müharibəsi başa çatdıqdan sonra beynəlxalq münasibətlərin NATO-da və Varşava Paktında fərdiləşdirilmiş ikiqütblü strukturu təsbit olunmuşdu. Uzun illər boyu bu blokların mərkəzləri bir-biri ilə qarşıdurma vəziyyətində olan iki fövqəldövlət - ABŞ və SSRİ idi.Bu dövlətlərin qarşıdurma illərində dünyada üstün rol və geosiyasi nüfuz uğrunda rəqabəti qlobal xarakter almışdı və ideoloji əsaslara söykənirdi. Məhz həmin dövrdə tərəflər öz məqsədlərinə nail olmaq üçün bütün mövcud resurslardan istifadə etməyə hazır olduqlarını nümayiş etdirməyə başladılar. Nüvə silahı tətbiq ediləcəyi təqdirdə qaçılmaz fəlakətdən müəyyən zəmanət yalnız bu idi ki, tərəflər həmin halda hər ikisinin də məhv ola biləcəyini anlayırdı.

Sovet İttifaqı dağıldıqdan və “Soyuq müharibə” başa çatdıqdan sonra dünyada vəziyyət tamamilə dəyişdi. Hər şeydən əvvəl, ikiqütblü dünyanın ideya-siyasi oxu dağıldı, yuxarıda qeyd edilən strateji imperativ köhnəldi.

XX əsrin 90-cı illərində SSRİ-nin və “sosializm düşərgəsi”nin dağılması qloballaşma proseslərini sürətləndirdi. Qeyri-dövlət aktorlarının beynəlxalq qarşılıqlı fəaliyyət sferasına kütləvi şəkildə müdaxiləsi, qeyri-hökumət təşkilatlarının yaranması, transmilli korporasiyaların sayının artması və ümumdünya bazarının formalaşmasında onların rolunun kəskin şəkildə yüksəlməsi, demokratiya və insan hüquqları ilə bağlı şablonların yayılması, “yeni nəsil” münaqişələrin meydana çıxması və nəhayət, İnternetin yaranması və onun təsir dairəsinin fasiləsiz genişlənməsi - bütün bunlar belə nəticəyə gəlməyə əsas verir ki, beynəlxalq siyasi inkişafda yeni bir mərhələ başlanmışdır. Yeni dünya nizamının qurulmasını nəzərdə tutan qloballaşma prosesi yenicə yaranmış ölkələrə bir sıra aparıcı dövlətlər tərəfindən qeyri-sivil təzyiq şəraitində cərəyan edir, mədəni mühitin, ənənəvi dəyərlərin, milli identikliyin dağıdılması cəhdləri ilə müşayiət olunur. Dövlətlərin suverenliyinə, milli mədəniyyətlərə, təsərrüfat ənənələrinə, milli-etik imperativlərə məhəl qoymamaq, daxili və xarici siyasət məsələləri barədə öz anlamlarını başqa ölkələrə zorla qəbul etdirmək cəhdləri müşahidə olunmaqdadır.

 

Yeni dünya nizamı eyforiyası

 

Yeni dünya nizamı Qərb ölkələrinin maliyyə və ticarət asılılığını və Avropa vətəndaşlarının rifahını nümayiş etdirən Qərb dəyərlərinin yayılması şəraitində formalaşmaqdadır. Öz dəyərlərinin universallığına əmin olan avropalılar arxayın idilər ki, qarşılıqlı iqtisadi asılılıq və ümumi həyat tərzi gələcəkdə bütün dünyada təhlükəsizliyin üstün mənbəyi olacaq.

Şəxsi innovasiyalardan eyforiyaya qapılan Qərb müəyyən mənada reallıqla əlaqəni itirmişdir. Başqa təsəvvürlər sistemlərini anlamağa çalışmaq əvəzinə, Qərbi yalnız başqa dövlətlərin Avropa standartlarına uyğun olub-olmadıqları maraqlandırır. Yeni Avropa ideyasının istisnalıq və universallıq iddiası avropalılar üçün qitədə alternativ inteqrasiya layihələrinin qəbulunu mümkünsüz etdi.

Əksər analitiklərin fikrincə, dünyada bu dərəcədə mürəkkəb və gərgin bir vəziyyətin yaranmasına əsas səbəb dünyanın aparıcı dövlətlərinin beynəlxalq hüququn norma və prinsipləri ilə açıq-aşkar hesablaşmadan öz maraqlarını reallaşdırmağa cəhd göstərmələridir ki, bu da Rusiya-Qərb münasibətlərində ciddi böhrana gətirib çıxarmaya bilməzdi. Ukrayna hadisələri və Qərbin sonrakı addımları, onun Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq etməsi də bu məsələdə az rol oynamadı.

Bütün bunlar postbipolyar dünya nizamının iflası və yeni “Soyuq müharibə”nin başlamasından danışmağa əsas verdi.

 

Geosiyasətin nəzəriyyə və təcrübəsi

 

Bu kontekstdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri, professor Novruz Məmmədovun “Xarici siyasət: reallıqlar və gələcəyə baxış” monoqrafiyası (2013) elmi və politoloji ictimaiyyət üçün böyük maraq doğurur.

Monoqrafiyada yeni beynəlxalq münasibətlər sisteminin və yeni dünya nizamının formalaşması, güclü dövlət və regional liderlik konsepsiyaları, xarici siyasət prioritetlərinin parametrləri, bunların qloballaşan dünyada cərəyan edən iqtisadi proseslərlə, Yer kürəsinin müxtəlif regionlarında, hər şeydən əvvəl, dövlətlərin ərazi bütövlüyünün və regional təhlükəsizliyin təminatı ilə bağlı böhranlı hallarla qarşılıqlı əlaqəsi kimi mühüm problemlərə toxunulmuşdur. Müəllif dünyanın aparıcı dövlətlərinin xarici siyasətində geosiyasi ideyaların “sərt gücdən” “yumşaq gücə” (və ya “ağıllı gücə”) doğru təkamülünü təfərrüatı ilə açıqlayır. Kitabda geosiyasətin nəzəri və praktik tərəfləri qarşılıqlı əlaqədə nəzərdən keçirilir. Müasir dünyada müşahidə edilən əsas dəyişikliklər məhz bu problemlər baxımından araşdırılır. Kitabda XX əsrin birinci yarısının bir neçə geosiyasət klassikləri nəslinin (F.Ratsel, R.Çellen, H.Makinder, K.Haushofer, N.Spaykmen və b.), müharibədən sonrakı dövr (H.Kissincer, Z.Bjezinski, S.Koen, S.Hantinqton, F.Fukuyama, J.Attali və b.), həmçinin müasir dövrün aparıcı politoloqlarının və beynəlxalq hüquq mütəxəssislərinin (C.Nay, A.Koen, D.Zolo, E.Leyk, Y.Moin, F.Hayek, A.Fredberq, C.Fridman, Ə.Davudoğlu və b.) nəzəriyyələrinin elmi cəhətdən əsaslandırılmış analizi verilir. Müəllif, xüsusilə son onillikdə müşahidə olunan beynəlxalq münasibətlərin birqütblü sistemdən tədricən çoxqütblü sistemə keçidi şəraitində informasiya-texnologiya inqilabının rolu, əhəmiyyəti və bu inqilabın beynəlxalq proseslərin gedişinə artmaqda olan təsir istiqamətlərini açıqlayır. Ölkənin xarici siyasət kursunun ümumsiyasi prosesin mühüm elementlərindən biri kimi dərin və hərtərəfli təhlilinin verildiyi kitabın özəlliklərindən biri də bundadır ki, əsərin hər fəslinin sonunda həmin fəslin məzmunundan irəli gələn əsas məntiqi nəticələr yığcam şəkildə ifadə edilir və ümumiləşdirmələr aparılır.

Monoqrafiyada dünya səhnəsində geosiyasi qüvvələrin müasir bölgüsündə aparıcı dövlətlərin – ABŞ, Çin, Böyük Britaniya, Fransa, Yaponiya, Rusiya və başqalarının yeri və rolu ətraflı xarakterizə edilir. Bütün bunlar böyük dövlətlərin xarici siyasətdə seçdiklərı geosiyasi və geoiqtisadi hədəflərə nail olma forma və metodlarının transformasiyası prosesini anlamağa imkan verir.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun müəllifi olduğu, müasir mərhələdə bu mövzuların tədqiqatı sahəsində yeni istiqamət açan, dövlət siyasətinin elmi əsaslarının sistemli öyrənilməsinin əsasını qoyan “Azərbaycanın geosiyasəti” adlı dərslik də bu kontekstdə böyük maraq kəsb edir.

Müəllif haqlı olaraq qeyd edir ki, müstəqil gənc ölkə kimi ölkəmizin beynəlxalq miqyasda tutduğu mövqe və malik olduğu nüfuz beynəlxalq və regional səviyyələrdə reallaşdırılan milli inkişaf strategiyasından, həyata keçirdiyi geosiyasətin ustalığından və effektivliyindən və beynəlxalq arenada qurulmuş geosiyasi əlaqələrdən asılıdır.

Professor Əli Həsənovun kitabında beynəlxalq münasibətlərin müasir sisteminin xüsusiyyətləri ilə yanaşı, Azərbaycan Respublikasının müasir dünya siyasətində iştirakı məsələləri də tədqiq olunur. Bundan başqa, Azərbaycan Respublikasının beynəlxalq təhlükəsizlik sistemindəki, həmçinin enerji təhlükəsizliyinin təminatındakı yeri və rolu da nəzərdən keçirilir. Qeyd olunur ki, bu siyasət sayəsində Bakı-Tbilisi-Ceyhan və Baki-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmiryolu xətti kimi layihələrin reallaşması və onları təhlükəsizliyi mümkün olub. Kitabda qitənin enerji təhlükəsizliyinin təminatında ölkəmizin Avropa təhlükəsizlik sisteminin etibarlı tərəfdaşı kimi oynadığı mühüm roldan bəhs edilir.

Əsərdə XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Sovet hakimiyyətinin ermənipərəst Qafqaz siyasəti, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisini işğal etməsi və münaqişənin BMT-nin Təhlükəsizlik Şurasında müzakirəsi, ATƏT-in Minsk qrupunun yaradılması və fəaliyyəti, münaqişə ilə bağlı digər beynəlxalq təşkilatların mövqeyi və onların qəbul etdikləri sənədlər, həmçinin bu istiqamətdə Azərbaycanın diplomatik fəaliyyəti dərindən təhlil olunur.

Bu dəyərli dərsliyin hazırlanması zamanı Azərbaycanda və xaricdə nəşr olunan elmi ədəbiyyatdan, müxtəlif sənəd və materiallardan, dövri nəşrlərdən və İnternet resurslarından geniş istifadə olunub. Bu isə dərsliyin dərin təhlilə, həmçinin elmi əsaslara malik olduğunu sübut edir. Ümumilikdə, beynəlxalq münasibətlər sahəsində çoxsaylı əsərlərin müəllifi olan professor Əli Həsənovun Azərbaycanda və onun sərhədlərindən kənarda nəşr olunan elmi-siyasi əsərləri sırasında mühüm yer tutan və müasir mərhələdə böyük əhəmiyyət kəsb edən “Azərbaycanın geosiyasəti” adlı kitabı bu sahədə ilk və dəyərli dərslik olmaqla yanaşı, həm də elmi-nəzəriyyə və sistemli ümumiləşdirmə baxımından Azərbaycan siyasi elminin böyük nailiyyətidir.

 

“Rəngli inqilablar” haraya aparır?

 

Bu gün gözlərimiz önündə dünya nizamında ciddi dəyişikliklərlə müşayiət olunan coşqun proseslər gedir, bəzi dövlətlər əvvəlki qüdrətini itirir, yeni güc mərkəzləri yaranır, onların təsir sahəsi genişlənir. “Rəngli inqilablar”, “Ərəb baharı” və s. kimi adlandırılan çoxsaylı lokal münaqişələr dünyanın geosiyasi xəritəsinin dəyişməsinə gətirib çıxarır.

“Soyuq müharibə” başa çatdıqdan dərhal sonra irimiqyaslı kəskin geosiyasi qarşıdurmada Qərb ölkələrinin siyasi elitası dünya səhnəsində Rusiyanın mövqeyini zəiflətməyi və onu öz strateji maraqlarına tabe etdirməyi əsas prioritet kimi seçdi. Rusiyanın Qərb tərəfdaşları, ilk növbədə, ABŞ, geosiyasi qarşıdurma fonunda özlərinə hesabat vermirdilər ki, keçmiş rəqibin həddən artıq zəifləməsi heç də həmişə mütləq mənada onların xeyrinə olmur, əksinə, kəskin mənfi reaksiya doğuraraq, əvvəlki opponentdən daha böyük təhlükəyə səbəb ola bilər.

Birtərəfli qaydada hərəkət edən Birləşmiş Ştatlar bəzi regionlarda güc tətbiq etməklə bütün dünyada antiamerika əhval-ruhiyyələrinin misilsiz dərəcədə artmasına ciddi təkan verib. Yekunda ABŞ zəruri olaraq başqa dövlətlərin iqtisadi və hərbi güc potensialından asılı olmayaraq onların birgə müqaviməti ilə qarşılaşmalı idi. Təsadüfi deyil ki, məşhur Amerika siyasətçisi Henri Kissincer bununla əlaqədar xəbərdarlıq edərək bildirirdi: “Bərqərar olmuş dünya nizamı və Amerika cəmiyyətinin sabitliyi üçün ən böyük təhdid mənbəyi ABŞ-ın hegemonluğudur”.

 

Geosiyasət və müasir dünya nizamı

 

Bu mənada “Geosiyasətə giriş” ikicildliyinin nəşr edilməsi (2011) dünyada gedən proseslərin dərki və təhlili baxımından mühüm hadisədir. Əsərin müəllifi Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müavini, administrasiyanın xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovdur. Bu kitab elmin bir sahəsi kimi geosiyasətin və onun tədqiqat obyektinin - dünyanın geosiyasi strukturunun hərtərəfli öyrənilməsinə həsr edilmiş Azərbaycan dilində ilk nəşrlərdən biridir.

Müəllif öz əsərini müasir Azərbaycan dövlətinin banisi, dahi siyasi və dövlət xadimi Heydər Əliyevin nurlu xatirəsinə həsr edib. Regionumuzda yeni geosiyasi şəraitin yaranmasında, Azərbaycanın bütün Qafqazda güc mərkəzinə çevrilməsində ümummilli liderin rolu, onun keçən əsrin sonunda və yaşadığımız əsrin başlanğıcında dünyada baş verən proseslərə təsiri müstəvisində bu, tamamilə təbiidir.

Novruz Məmmədov ikicildliyə müəllif müqəddiməsində yazır: “Cəmiyyətdə inqilabi dəyişikliklər və dünyanın geosiyasi strukturunun radikal transformasiyası geosiyasətin “yenidən kəşf olunmasını" tələb edir". Onun sözlərinə görə, müasir beynəlxalq münasibətlərdə geosiyasət mühüm yer tutur. “Ölkənin gələcəyini geosiyasi proqnozlarsız təsəvvür etmək mümkün deyil. Açıq və qapalı cəmiyyətlərin və iqtisadiyyatların mövcudluğu ilə səciyyələnən çoxqütblü dünyada dövlət xadimi geosiyasi təfəkkürə malik olmalıdır”.

Əsərin birinci cildində müasir geosiyasi nəzəriyyələr və məktəblər, o cümlədən müasir atlantizm, mondializm, yeni avrasiyaçılıq təfərrüatı ilə təhlil edilir, postmodernizm dövrünün geosiyasi təlimlərindən söhbət açılır.

İkinci cild müasir geosiyasi proseslərə həsr edilib. Burada ABŞ-ın, Avropanın, Rusiyanın, Çinin, Hindistanın, Yaponiyanın və müsəlman dövlətlərinin geosiyasətinə xüsusi diqqət yetirilir. Kitabda müasir dünya nizamı, dünyada baş verən əsas geosiyasi hadisələr təhlil edilir, planetin geosiyasi səciyyəsi verilir, geosiyasi güc mərkəzləri və onların münasibətləri, qloballaşan dünyada geosiyasi məsələlərə yeni baxışlar, dövlətlərin öz milli maraqları uğrunda mübarizəsi, inkişafın indiki mərhələsində beynəlxalq təşkilatların və maliyyə təsisatlarının artmaqda olan rolu, bəşəriyyətin qarşılaşdığı təhlükələr və təhdidlər, iqtisadi, siyasi və enerji təhlükəsizliyi məsələləri hərtərəfli araşdırılır.

Beləliklə, “Soyuq müharibə”nin başa çatması keçmiş rəqibləri birləşdirmədi. Qərarlar qəbul edilən mərkəzi Avropanın müxtəlif regional təşkilatlar məkanına keçirmək cəhdləri də nəticə vermədi. Bunun əvəzində, həmin strukturların tribunalarından tələbkar pedaqoqun nəsihətlərini xatırladan çağırışlar və müraciətlər səslənməyə başladı. Faktiki olaraq, təcrübə göstərdi ki, əsas vəzifəsi belə vəziyyətləri nizama salmaqdan ibarət olan mövcud təşkilatlardan heç biri yaranmış böhranların və münaqişələrin, o cümlədən Ukrayna böhranının effektiv həllini tapmaq iqtidarında deyil. NATO-nun öz sərhədlərini genişləndirmək qərarı, həmçinin Rusiyanın öz maraqları üçün təhdidə cavab tədbirləri də Rusiya ilə Qərbin münasibətlərində ciddi problemlərin mənbəyinə çevrilmiş oldu.

 

Xarici siyasət və milli maraqlar

 

Azərbaycan öz xarici siyasətini beynəlxalq hüququn norma və prinsipləri, BMT-nin Nizamnaməsi əsasında həyata keçirir. Azərbaycan dövlətlərarası münasibətlərdə də daim qanunun aliliyi və dövlətlərin öz öhdəliklərinə əməl etməsi prinsipinin tərəfdarıdır. Nəticədə, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul edilir, getdikcə daha çox dövlətlər onunla sıx əməkdaşlıq etmək arzusunu bildirir. 2011-ci ildə Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına seçilərkən ona göstərilmiş dəstək deyilənlərin əyani sübutudur. O vaxt Şərqi Avropa qrupundan bir yerə Avropa İttifaqının üzvü olan iki başqa dövlət də iddia edirdi.

Ermənistanın ölkəmizə qarşı təcavüzünə son qoyulması, Azərbaycan torpaqlarının işğalının nəticələrinin aradan qaldırılması, dövlətin ərazi bütövlüyünün, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpa edilməsi, ölkəmizin müstəqilliyinə və suverenliyinə qarşı xarici hücumların və təhdidlərin dəf edilməsi, ikitərəfli və çoxtərəfli əsaslarda əlaqələrin inkişaf etdirilməsi, ticari-iqtisadi əlaqələrin genişlənməsi, enerji və nəqliyyat strategiyasının inkişafının dəstəklənməsi, xalqımızın maddi-mədəni irsinin təbliğ edilməsi və humanitar diplomatiya, xaricdə yaşayan Azərbaycan vətəndaşlarının haqlarının müdafiəsi, diasporla əlaqələr, beynəlxalq sülhə, təhlükəsizliyə və davamlı inkişafa töhfə verilməsi və digər məsələlər əvvəlki kimi yenə də Azərbaycanın xarici siyasətinin prioriteti olaraq qalır.

Bununla əlaqədar olaraq, ölkəmizin milli inkişaf və təhlükəsizlik siyasətinin öyrənilməsi baxımından Azərbaycanın geosiyasi proseslərinin və beynəlxalq münasibətlərinin dərin və hərtərəfli təhlilinin aparıldığı professor Əli Həsənovun “Azərbaycanın geosiyasəti” adlı dərsliyini bir daha qeyd etmək lazımdır.

Kitabda qeyd olunur ki, dünyanın geosiyasi reallıqları və təhlükəsizlik sistemlərinə təsir edən, müxtəlif xüsusiyyətlərə malik amillərdən biri bu yaxınlarda Xəzər və Qara dəniz hövzəsində, Mərkəzi Asiyada və Cənubi Qafqazda müstəqillik əldə edən dövlətlərin milli inkişaf və təhlükəsizlik sahəsində həyata keçirdiyi geosiyasətdir. Müəllif müasir mərhələdə qloballaşmanı, geosiyasi proseslərin və çağırışların tələbləri fonunda hərbi-strateji, siyasi, iqtisadi və digər sahələrdə baş verən mühüm prosesləri araşdırır.

Azərbaycanın müstəqil xarici siyasətinin prioritetləri ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilib. Bu siyasət, milli maraqlara uyğun olaraq, bərabərhüquqlu münasibətlər, qarşılıqlı faydalı əməkdaşlıq, bir-birinin daxili işlərinə qarışmamaq, şaxələndirmə, çeviklik və şəffaflıq prinsipləri əsasında həyata keçirilir.

“Xarici siyasət: reallıqlar və gələcəyə baxış” kitabının müəllifi - professor Novruz Məmmədov bu əsərində son iki onillik ərzində Azərbaycan Respublikasının xarici siyasətinin təşəkkülü və inkişafı prosesinin, onun şəksiz uğurlarının və gələcək perspektivlərinin dolğun mənzərəsini yaratmışdır. Kitabda Ulu Öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış xarici siyasət kursunun qlobal və regional dəyişikliklər kontekstində analizinə xüsusi yer ayrılır.

Novruz Məmmədovun bu əsərinin özəyini yeni dünya nizamına keçid kontekstində Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərinin və prioritetlərinin təhlili təşkil edir. Müəllif tarazlaşdırılmış xarici siyasətin mahiyyətini güclü dövlət quruculuğu ilə regional liderlik statusu arasında sıx əlaqə kontekstində tədqiq edir. Bu kontekstdə regional inteqrasiya sistemində Azərbaycanın yeri və rolu araşdırılır. Regionda mövcud münaqişələrin tənzimlənməsi imkanları xarici siyasətin prioritetləri prizmasından nəzərdən keçirilir.

Kitabda çoxsaylı faktlar əsasında inandırıcı şəkildə sübut edilib ki, Heydər Əliyev məhz geosiyasi təfəkkür tərzi və dünya arenasında rəqabət aparan dövlətlərin geostrateji maraqlarının, regionda real qüvvələr nisbətinin nəzərə alınması, “neft amili”ndən rasional istifadə edilməsi sayəsində çox qısa müddət ərzində ölkəni beynəlxalq təcrid vəziyyətindən çıxarmağa, onu ümumdünya inteqrasiya proseslərinə qoşmağa nail oldu. Məhz bu dövrdə Azərbaycan aparıcı və nüfuzlu beynəlxalq strukturlarla (BMT, NATO, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və b.) münasibətlərini qaydaya salıb, dünyanın həm aparıcı, həm də regional dövlətləri ilə, xüsusən də qardaş Türkiyə ilə qarşılıqlı faydalı siyasi və iqtisadi münasibətlər qurub. Kitabda qonşu ölkələrlə, ilk növbədə, Rusiya və İranla konstruktiv münasibətlərin qaydaya salınması məsələlərinə də xeyli yer ayrılır.

Bu, müəllif tərəfindən çoxlu sayda ilkin məxəzlərin, araşdırılan problem üzrə yüzlərlə müasir sənədli və monoqrafik tədqiqatı əhatə edən yerli və xarici elmi ədəbiyyatın, həmçinin müvafiq İnternet-saytlardan bir sıra analitik materialların yaradıcılıqla öyrənilməsi sayəsində mümkün olub. ABŞ-da və aparıcı Avropa ölkələrində dərc olunmuş, müasir diplomatiya nəzəriyyəsinə və praktikasına, aparıcı beynəlxalq strukturların fəaliyyətinə aid olan, Azərbaycan politologiya elmində ilk dəfə elmi dövriyyəyə daxil edilmiş sənədli materiallar xüsusi maraq doğurur.

 

Azərbaycan geosiyasi kontekstdə

 

Novruz Məmmədovun yuxarıda qeyd etdiyimiz “Geosiyasətə giriş” ikicildliyində Azərbaycanın müasir regional geosiyasi kontekstdə təqdim olunduğu fəsil xüsusi maraq doğurur. Burada ölkəmizin müstəqillik illərində keçdiyi yol sistemli şəkildə təhlil edilir, XX əsrin sonu - XXI əsrin başlanğıcında dünyada baş vermiş geosiyasi dəyişikliklər şəraitində Azərbaycan dövlətçiliyinin təşəkkülünün və inkişafının əsas tendensiyaları göstərilir, ölkənin inkişafının başlıca, müəllifin yazdığı kimi, “ilk növbədə, onun milli maraqlarının formalaşması və təmin edilməsi ilə bağlı olan” prioritetlərindən bəhs edilir.

Novruz Məmmədov “Xarici siyasət: reallıqlar və gələcəyə baxış” adlı digər kitabında vurğulayır ki, 1991-1993 illərdə Azərbaycanın daxili və xarici siyasəti ölkəni parçalanma həddinə çatdırmışdı. Müstəqilliyini yenicə əldə etmiş gənc dövləti bəzi xarici qüvvələr, ümumiyyətlə, dünyanın geosiyasi xəritəsindən silmək niyyətində idilər. Sistemli surətdə həyata keçirilən tədbirlərdən sonra Azərbaycanın xarici siyasətində yüksəliş başladı. Heydər Əliyev qısa müddətdə bu prosesin dönməzliyini təmin etdi. Azərbaycanın xarici siyasəti qarşısında duran vəzifələrin yerinə yetirilməsi nəticəsində regionda və qlobal miqyasda əsas geosiyasi güclərin maraqlarının tarazlaşdırılması addımbaaddım reallaşır. Hətta Cənubi Qafqazın ən böhranlı dövrlərində belə, Azərbaycan çevik reaksiyalar hesabına həmin tarazlığı qoruyub saxlaya bilib.

Bu gün çoxvektorlu xarici siyasət ölkənin indiki Prezidenti İlham Əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə davam edir.

Azərbaycan öz yolu ilə gedir. Bu ölkənin milli maraqlarının təmin edilməsi və dünya ölkələri ilə münasibətlərin qarşılıqlı maraqlar çərçivəsində qurulması yoludur. Azərbaycan regionda tarazlaşdırılmış, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq siyasətini seçib.

 

Dünya oyunçularının “ikili standartları”

 

Azərbaycan bütün dövlətlərlə münasibətlərini mehriban qonşuluq, bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi, qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq prinsipləri əsasında qurmağa çalışır. Dost ölkələrlə əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi, iqtisadi maraqlarımızın, enerji və nəqliyyat strategiyamızın təşviq edilməsi, ölkəmiz haqqında həqiqətin dünya ictimaiyyətinə çatdırılması, mədəni və humanitar diplomatiyanın inkişaf etdirilməsi, xaricdəki Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiə edilməsi və Azərbaycan diasporu ilə əlaqələrin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasət fəaliyyətinin mühüm prioritetlərindəndir.

Təəssüf ki, bu gün bir sıra beynəlxalq təşkilatların, həmçinin ATƏT-in Minsk qrupunu formalaşdırmış aparıcı dövlətlərin “ikili standartları”, onların münaqişə edən iki tərəfi bərabərləşdirmək cəhdləri, beynəlxalq strukturların mexanizmlərinin natamamlığı iyirmi ildən artıq davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qəti nizamlanması üçün ciddi maneədir. Daxildə təcavüzkar separatizmlə və Ermənistan tərəfindən təcavüzlə üzləşmiş ölkəmiz dünya “oyunçularının” ikili yanaşmalarının təsirini öz üzərində hamıdan çox və açıq-aydın hiss edib. Professor Novruz Məmmədovun yuxarıda qeyd etdiyimiz “Geosiyasətə giriş” adlı ikicildliyinin ayrıca bir bölməsi də Dağlıq Qarabağ münaqişəsinin geosiyasi aspektlərinə həsr edilib. Bu bölmədə Azərbaycanın təhlükəsizliyinə ən böyük təhdid olan münaqişənin tarixi, onun nizama salınması prosesi haqqında ətraflı söhbət açılır, regionda formalaşan, Azərbaycanın iqtisadi və hərbi gücünün artması, bütün sferalarda onun güclənməsi və Ermənistanın zəifləməsi ilə səciyyələnən yeni geosiyasi vəziyyət təhlil edilir və göstərilir ki, Ermənistan öz rəhbərliyinin yürütdüyü siyasətin girovuna getdikcə daha artıq dərəcədə çevrilir.

(ardını oxu...)

Kamal ADIGÖZƏLOV,
Elsevər ABDULLAYEV


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında