ABŞ müasir dünyada status-kvonu saxlamağa, Çin isə mövcud qaydaları dəyişməyə çalışır

Beynəlxalq siyasətin son epizodlarına diqqətlə nəzər salsaq, görərik ki, Amerika Birləşmiş Ştatları tarixi təcrübəyə məhəl qoymadan, dünya hegemonluğu iddiasından bir addım belə geri çəkilmir və nəinki sürətlə silahlanan Rusiyanı, hətta iqtisadi möcüzəsi ilə bəşəriyyəti heyrətə salan Çini belə ciddi qəbul etmək istəmir.

London İqtisadiyyat Məktəbinin və Pekin Universitetinin tədqiqatçısı Jared Makkinni bu yaxınlarda “The Diplomat” jurnalına müsahibəsində qeyd edir ki, 2010-cu ildə ABŞ Prezidenti Barak Obama Adminstrasiyasının dəstəyi ilə Beynəlxalq Valyuta Fondunun struktur islahatlar paketi işlənib hazırlandı. Nəzərdə tutulurdu ki, BRİKS qrupunun nümayəndələri, onların dünya iqtisadiyyatı qarşısında xidmətlərini daha ədalətli şəkildə əks etdirən sayda səsvermə kvotası alsınlar. İslahatın layihəsi ABŞ Konqresi tərəfindən rədd edildi, çünki respublikaçıların əksəriyyəti beynəlxalq maliyyə əməkdaşlığının zəruriliyinə şübhə ilə yanaşır və bundan əlavə, yeni düzəlişlər Pekinin mövqeyini gücləndirəcək, Vaşinqtonun mövqelərini isə zəiflədəcəkdi.

Makkinni yazır: “Bu nümayişkaranə göstərici ABŞ-ın Çinin inkişafına qarşı işləyib hazırladığı mövqeyə tam uyğun gəlirdi, çünki Vaşinqton 2005-ci ildən “məsuliyyətlilik” çağırışı ilə daim Pekinə təzyiq göstərirdi və hətta Çini “başsız  qlobal atlı” adlandırırdı. BVF-də islahat aparmaqdan imtina etmək ziddiyyəti bir qədər də dərinləşdirdi və artıq tam aydın oldu ki, ABŞ ÇXR-lə nüfüz dairəsini bölüşmək istəmir: “Vaşinqtonu mövcud  qaydalar təmin edir”.

Ancaq Vaşinqtonun belə münasibəti Çini dünya maliyyə sistemində öz mövqeyini gücləndirmək və ədalətli haqqına sahib olmaq üçün yeni layihələr  işləyib hazırlamağa bir qədər də səfərbər etdi. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Çin iqtisadi potensialı və maliyyə imkanları baxımından sıradan bir ölkə deyil. Amerika isə dünya maliyyə sisteminə nəzarət etməsinə baxmayaraq, imkanları baxımından əvvəlki qüdrətini itirməkdədir.

2014-cü ilin yanvarında “Bloomberg” informasiya agentliyi xəbər verirdi ki, Çin 2013-cü ildə də Amerika hökumətinin borc öhdəliklərinə yatırımları əhəmiyyətli dərəcədə artırmışdır. Həmin tarixə ÇXR-in satın aldığı ABŞ dövlət borcunun həcmi rekord məbləğə - 1trilyon 317 milyard dollara çatırdı. Yəni o tarixdə Pekin, 3,82 trilyon məbləğində dəyərləndirilən valyuta ehtiyatlarının üçdən birini ABŞ-ın borc qəbzlərinə investisiya yatırmışdı. ABŞ Maliyyə Nazirliyinin açıqladığı statistikada göstərilirdi ki, Pekin təkcə 2014-cü ilin noyabr ayında ABŞ-ın Federal Xəzinədarlığının borc öhdəliklərinə 12 milyarddan çox vəsait yatırmışdır.

“Fox Business” isə yazırdı ki, Çinin ABŞ dövlət borcuna investisiyaları ildən ilə artmaqdadır. Bu ilin ilk aylarında belə Çin Amerikaya ən çox investisiya yatıran ölkə idi. Yaponiya isə bu sahədə ikinci sırada yer almışdı. Bununla belə, ABŞ iqtisadiyyatındakı mövcud problemlər ÇXR-i irəli getməkdən saxlamırdı. Ümumiyyətlə, tanınmış iqtisadçılar ABŞ-ın aşağı gəlirlərini, borc öhdəliklərini vəsait yatırmaq üçün ən etibarlı vasitə hesab edirlər. Bir sıra Amerika ekspertləri isə iddia edirlər ki, Çinin ABŞ-ın dövlət borclarının əhəmiyyətli hissəsini (ümumi həcmin 8 faizə qədərini) satın alması milli təhlükəsizlik üçün ciddi hədədir və Pekin Vaşinqtonla münasibətlərin sərt kəskinləşəcəyi zaman maliyyə hədələrinə əl ata bilər. 

Bu xəbərdarlıqlar tam deyildiyi kimi olmasa da, başqa şəkildə özünü doğrultdu. Makkinninin qeyd etdiyi kimi, “dünya dəyişir”. Çin paralel qlobal maliyyə strukturuna çevrilməkdə olan Asiya İnfrastruktur İnvestisiya Bankını (AİİB) yaradır, BRİKS qrupu isə 100 milyard dollar kapitala malik BRİKS İnkişaf Bankını təsis edir. ABŞ-ın “göstərişlərinə” baxmayaraq, Vaşinqtonun Qərb müttəfiqlərinin əksəriyyəti sürətlə AİİB-yə daxil olur və bu da elə bir münaqişə vəziyyəti yaradır ki, Vaşinqtonla Pekin arasında hərbi qarşıdurmanın ola bilməyəcəyini söyləməyə ehtiyat edirsən.

Makkinni öz şərhində London İqtisadiyyat Məktəbinin professoru Kristofer Kokerin “Mümkün olmayan müharibə: Çin, ABŞ və hegemon dövlətlərin münaqişə məntiqi” araşdırmalarına istinad edir. Koker Pekinlə Vaşinqtonun qarşıdurmasına tarixi analogiya kimi qədim Yunanıstanda Deloss İttifaqı (Afina) ilə Pelopenness İttifaqı (Sparta) arasında baş vermiş Pelopenness müharibəsini göstərir.  O zaman münaqişənin hər iki tərəfi Fukididin qurduğu tələnin əsirinə çevrilirlər -"qaçılmaz müharibə Afinanın əzəmətini daha da artırdı və bu da Spartada təlaş və qorxu yaratdı.”

Ekspert yazır: “Fukididin həqiqi dərsi belədir: elə şəraitə imkan verməyin ki, sizin dövlətiniz müharibəyə cəlb olunsun. Bu, qədim yunan tarixçisinin həqiqi mənada dediklərilə sıx əlaqəlidir: nə Afina, nə də Sparta müharibə istəyirdi, hər şey öz-özünə başladı – onları müharibəyə müttəfiqləri çəkdilər”.

Bir çox ekspert və politoloqlar bu mövzuda şərhlər verərkən tez-tez qarşıya belə sual qoyurlar: ABŞ və Çin müharibəyə nə qədər yaxındırlar? ABŞ cidd-cəhdlə heç nəyi dəyişmək istəmir və status-kvonu saxlamağa çalışır, Çin isə mövcud qaydaları dəyişməkdə israrlıdır. Bununla belə, Çin elitasının nümayəndələri öz ölkələrinin sürətli inkişafının riskini dərk edir və ABŞ-a “hegemon dövlətlərin qarşılıqlı münasibətlərinin yeni modelini” təklif edirlər. Lakin Amerikanın hakim və akademik dairələri bu çağırışlara etinasız yanaşırlar. Vaşinqton Pekinlə bərabər səviyyədə danışmaq istəmir və çinlilərin təklif etdikləri “diplomatiya nəzəriyyəsində və təcrübəsində innovasiyaları” “qəbul etmir”.

Koner öz təhlillərində münasibətlərin tarixinə nəzər salaraq yazır: “Çin -Amerika müharibəsi üçün ilkin zəmin dünya hegemonluğunun hazırki gücü ilə hegemonluğa iddialı olanlar arasındakı rəqabətdir, səbəb isə Çinin ABŞ-la onun satellitləri arasında münasibətləri korlamağa cəhd etməsi və ya adi “əzələlərlə oyun” çərçivəsindən çıxan dəniz disputları ola bilər... Pekinlə Vaşinqton arasında qarşıdurma üçüncü Tayvan böhranından (1995-1996) sonra aydın nəzərə çarpdı. 2010-cu ildən Çin hərbi gücünü daha da artırmağa, ABŞ isə Asiyaya, Pekinin qarşısını almağa istiqamət götürmüşdür." Bundan əlavə, etimadların böhranını da hesabdan silmək olmaz: Barak Obama Senkaku adalarının ABŞ-la Yaponiya arasında təhlükəsizlik haqqında birgə müqavilənin obyekti olduğunu bəyan etməklə, əslində Çinin fəailyyəti qarşısında “qırmızı xətti” çəkir. Yaxşı, əgər Çin bu xəttin tam yaxınına gəlsə, məsələn, Suriyadakı kimi, nə baş verə bilər? Cavab vermək, məncə, elə də çətin deyil.

Unutmaq olmaz ki, Yaponiya bir neçə aspektdən Vaşinqton üçün çox mühüm müttəfiqlərdən biri sayılır. Son ayda isə maliyyə fəlakəti qarşısında olan ABŞ üçün bu “gündoğar ölkə”nin əhəmiyyəti daha da artmışdır. Çünki ABŞ-ın Maliyyə Nazirliyinin aprelin 15-də dərc etdiyi statistik məlumatlara görə, fevralda Yaponiya Çini üstələyərək ABŞ-ın ən böyük kreditoruna çevrilmişdir. Fevral ayının nəticələrinə görə, Yaponiyanın ABŞ-ın dövlət səhmlərinə yatırımlarının məbləği 1,224 trilyon dollara çatıb. Bununla da Yaponiya 2008-ci ildəki maliyyə-iqtisadi böhranından sonra ilk dəfə olaraq ABŞ-ın dövlət borclarına yatırımlar üzrə Çini qabaqlamışdır. Fevralda Pekin Birləşmiş Ştatların 1,223 trilyon dollarlıq səhmlərinə sahib idi.

Bununla belə, Yaponiya yanvarla müqayisədə fevralda ABŞ-ın dövlət borcuna investisiyaları 14,2 milyard, Çin isə 15,4 milyard dollar ixtisar etmişdir. Lakin 2014-cü ilin fevralından bu ilin fevralına qədər Tokionun Amerika səhmlərinə yatırımları bütövlükdə 13,4 milyard dollar artdığı halda, Çinin investisiyaları əksinə, 49,2 milyard dollar azalmışdır.

ABŞ-ın ən nəhəng beş kreditoru sırasına Yaponiya və Çinlə yanaşı, 350,6 milyard dollarlıq səhmə sahib olan “Karib hövzəsi ölkələri bankı ”, 345,3 milyard dollarlıq səhmlə Belçika, həmçinin 296,8 milyard dollarlıq səhmlə “Neft ixrac edən ölkələr” daxildirlər.

Maraqlıdır ki, kreditorlar siyahısında Rusiya Federasiyası da var və 2015-ci ildə öz yatırımını 69,6 milyard dollara endirən Moskva kreditorlar sırasında 20-ci yeri tutur. Bütövlükdə, 2014-cü il ərzində Rusiya Federasiyasının Amerikanın qiymətli kağızlarına yatırımı 52,6 milyard dollar azalmışdır. Ümumilikdə isə bu gün ABŞ-ın bütün dünyaya 18,2 trilyon dollardan çox borcu var və bu borc hər gün artmaqdadır. Bu borcdan Amerika vətəndaşlarının hər birinə 56,6 min dollar, hər vergi ödəyicisinə isə 154 min dollar “pay” düşür. Barak Obamanın prezidentliyə başladığı dövrdən bu günə qədər dövlət borcu 71 faiz, yəni 7,5 trilyon dollar artıb.

Təbii ki, bu rəqəmlər, dünyanın super gücü olsa belə, Birləşmiş Ştatlar üçün heç də adi rəqəmlər deyil.

Buradaca bir faktı qeyd etmək lazımdır ki, Çinin ABŞ-ın dövlət borclarının nəhəng alıcısı olmasından imtina etməsi, Amerikanın  və onun Qərb müttəfiqlərinin iqtisadi sanksiyalarla çox sərt şəkildə sıxışdırdığı Rusiyaya böyük fayda gətirəcək. Azad olmuş milyardlar ÇXR-in maliyyə institutları vasitəsilə investisiyaya kəskin ehtiyacı olan Rusiya iqtisadiyyatını qidalandıracaq. Eyni zamanda, dünyanın ikinci və üçüncü supergüclərinin zərurətdən doğan yaxınlaşması sonda planetin yeni güc mərkəzinin yaranmasına gətirib çıxaracaq ki, bu da ABŞ-ı heç cür rahat buraxa bilməz.

Bu yaxın günlərdə ABŞ Konqresinin Vaşinqtonun Çinlə iqtisadi və təhlükəsizlik sahəsində münasibətlərinin öyrənilməsi komissiyası çox maraqlı bir sənəd dərc etmişdi. Özünün bu analitik sənədində komissiya bildirir ki, ÇXR-in indi sahib olduğu potensial ona “texnoloji cəhətdən daha güclü olan rəqibi məğlub etməyə və  Çin periferiyasında səmərəli fəaliyyət göstərməyə” geniş imkanlar açacaq.

Komissiyanın ekspertləri hesab edirlər ki, indi Çinin amerikalılara, miqyasına görə məhdud perventiv zərbələr endirməyə real hazırlığından söhbət gedir. Belə potensiala yiyələnmənin məramı ÇXR-in geniş dəniz sahili boyu rayonları - xüsusilə Şərqi Çin və Cənubi Çin dənizlərini - ABŞ-ın və onun müttəfiqlərinin silahlı qüvvələri üçün faktiki olaraq bağlamaqdır. Bu ərazilərdən isə  Sakit okeandan Hind okeanına və oradan Yaxın Şərqə mühüm strateji nəqliyyat xətləri keçir.

Çin isə hesab edir ki, Vaşinqton minimum vəzifə kimi Yaponiyanın Okinavasından Tayvana Cənubi Çin dənizindəki Spratli adalarından keçən “birinci adalar xətti” deyilən rayonun ərazisinə tam hərbi nəzarət etməyi qarşıya məqsəd qoymuşdur. Hərbi potensialın artırılması səviyyəsindən isə görünür ki, bu sahə ABŞ-a məxsus olan və onun strateji bombardmançı aviadaşıyıcıları və atom sualtı qayıqlarının bazalarının yerləşdiyi Quam adasından keçməklə “ikinci adalar xəttinə” qədər genişlənə bilər.

Görünür, bu məsələləri daha dərindən təhlil edən Çin hərbi elitası hələ 2010-cu ildə ÇXR-in dünyada güclü silahlı qüvvələr yaratması tələbi ilə çıxış edirlər. Xalq Azadlıq Ordusunun baş polkovniki, Milli Müdafiə Universitetinin pofessoru Lyu Minfu bu fikri ümumi şəkildə belə ifadə edir: “Çin ən güclü silahlı qüvvələr yaratmalı və ABŞ-ı dünyanın hökmran dövləti mövqeyindən sıxışdırmalıdır.” O özünün bu yaxınlarda işıq üzü görmüş “Çinin arzusu” kitabında sübut edir ki, əgər Çin XXI əsrdə dünyanın 1 nömrəli dövləti olmasa, o, orientirləri itirəcək və başqalarından geri qalacaq.

Keçmiş hərbi qulluqçu “Reuters” agentliyinə müsahibəsində bildirir ki, “Çin təkcə iqtisadi sahədə deyil, hərbi sahədə də yüksəlişə nail olmalıdır.” Çünki ABŞ bütün vasitələrlə Çini inkişafdan saxlamağa çalışır, dünyanın aparıcı dövləti olmaq uğrunda bu ölkələr arasında gedən mübarizə, gələcəkdə beynəlxalq münasibətlərin inkişafını müəyyənləşdirəcək. Çin ordusu o qədər güclü olmalıdır ki, Birləşmiş Ştatlar Tayvan boğazı ətrafında hərbi münaqişəyə müdaxiləyə cəsarət etməsin.  Əlbəttə, bu, çinli zabitin, bəlkə də bütün Çin hərbi elitasının arzusudur. Ancaq Almaniyanın ilk kansleri Otto fon Bismarkın belə bir fikrini də unutmaq olmaz: “Məni onların niyyətləri maraqlandırmır, məni onların imkanları maraqlandırır.”  İmkanlar, xüsusilə iqtisadi möcüzələrilə dünyanı heyrətdə qoyan iqtisadi imkanlar göz qabağındadır. Güclü ordu yaratmağın, onu ən müasir silahlarla təmin etməyin yolu isə məhz buradan keçir.

Vaşinqtonda isə güman edirlər ki, Pekin bu xətlərlə qeyd olunmuş rayonların ərazisinə soxulmağın qadağan olduğuna amerikalıları alışdırmaq niyyətindədir. Konqresin komissiyasının məruzəsində qeyd olunduğu kimi, bunun üçün Çin xüsusilə “qırıcı təyyarələr daşıyan gəmilərini”, uzaq mənzilli və dəqiq 3,2 min kilometr - yəni  Quama qədər  məsafədə nəhəng gəmiləri batırmaq iqtidarında olan DF-21 gəmi əleyhinə ballistik raketlərini fəal şəkildə müvafiq ərazilərdə yerləşdirməkdədir. Bundan əlavə, Çin Amerikanın hərbi obyektlərinə raket zərbələri endirmək potensialını gücləndirir və artıq indinin özündə belə, ABŞ-ın altı hərbi bazasının beşinə —  ilk növbədə Birləşmiş Ştatların Yaponiyanın Okinava adasında dislokasiya olunmuş əsas mobil qüvvələrinin - daşınma vasitələrilə birgə 18 min dəniz piyadasının cəmləşdiyi bazaya bir göz qırpımında zərər vurmağa qabildir. “Əslində, ABŞ-ın Çinin sahilləri boyu uzun illər ”at oynatması" gec-tez Asiya nəhənginin müvafiq tədbir görməsinə, onu öz gələcəyini sığortalamasına sövq etməli idi. İqtisadi potensialını sürətlə möhkəmləndirən bu “möcüzələr ölkəsi” dünyanın indiki vaxtında təhlükəsizliyinin qayğısına qalmaya bilməz.

Pekin artıq özünün ilk modernləşdirilmiş aviadaşıyıcı gəmisi “Şin Lan”ı (keçmiş “Varyaq”) hərbi təlimlərə yola salıb. Gəmidə hərbi taktiki təlimlərlə yanaşı, çinli hərbi pilotlar gəminin göyərtəsindən uçmağı və enməyi öyrənməlidirlər.  Bu güclü qurğulara malik daha iki aviadaşıyıcı gəmi Çinin silahlı qüvvələrinin ixtiyarına verilməlidir. 2020-ci ilədək isə daha iki atom aviadaşıyıcı gəminin dənizə buraxılması planlaşdırılır. Bu gəmiləri, ABŞ-da heç də az narahatlıq doğurmayan, “stels” texnologiyasından istifadə etməklə çinlilərin özlərinin istehsal etdiyi beşinci nəsil hərbi təyyarələrlə təchiz etmək nəzərdə tutulur. Aviadaşıyıcıların belə tip qruplaşmaları ilə Çin nəinki amerikalıları “adalar xəttinin” həndəvərinə buraxmayacaq, həm də Asiya nəhəngi üçün Hind okeanına, amerikalıların şəriksiz hökmranlıq etdikləri  Sakit okeanın qərb hissəsinə çıxmaq perspektivi açacaqdır.

Çin özünün ətraf ərazilərində hökmranlıq etmək strategiyasını kosmik potensialını fəal şəkildə möhkəmləndirməklə də tamamlayır. Pekin bu sahədə imkanlarını sputnikləri vurmaqla çoxdan nümayiş etdirmişdir. Münaqişə baş verəcəyi təqdirdə bu potensial da amerikalıları orbitdən düşməni izləmək və hərbi əməliyyatları koordinasiya etmək imkanlarından məhrum edəcək.

Ekspertlər güman edirlər ki, Pekin amerikalıların münaqişəni fəlakət həddinə çatdıra biləcək nüvə silahından istifadə etməyə qərar verə bilməyəcəkləri məhdud və sürətli lokal müharibəyə hazırlaşır. Onlar arxayındırlar ki, ABŞ böyük insan tələfatına getməyəcək və ola bilsin, Çinin öz nəzarət sahəsi hesab etdiyi ərazidən geri çəkilməyə məcbur olacadır. Bu isə Vladivastokdan tutmuş Sinqapura qədər çox nəhəng bir ərazidir. Necə bilirsiz, dünya ağalığı iddiasından bir addım belə geri çəkilməyən, ABŞ belə güzəştə gedə bilərmi?! 

Elə bu səbəbdən də tam əminliklə demək olar ki, dünyanın ən nəhəng dövlətinin strategiyasında çox ciddi dönüş baş verir. Vaşinqton hələ Corc Buşun vaxtında İraq və Əfqanıstanda başlanan müharibələri başa çatdıraraq, bütün dünyaya açıq nümayiş etdirir ki, bundan sonra əsas diqqətini planetin daha dinamik və iqtisadi cəhətdən uğurla inkişaf edən rayonuna – Sakit okean hövzəsinə yönəldəcək.  Ona görə də, Çinlə rəqabətə tab gətirmək  və Asiyada biznesi tam əldən verməmək üçün  ABŞ Prezidenti Barak Obama Trans-Sakit okean əməkdaşlıq layihəsinin reallaşması istiqamətində səylərini artırmaqda davam edir.

Layihəni cidd-cəhdlə reallaşdırmağa çalışan ABŞ Prezidenti Barak Obama “The Wall Street Journal”a müsahibəsində bildirir ki, Trans- Sakit okean əməkdaşlığı layihəsi reallaşdırılmasa, ABŞ Çinlə rəqabətdə uduzacaq. “Əgər regionda qaydaları biz yazmasaq, bunu Çin edəcək. Bizi – Amerika biznesini və kənd təsərrüfatını sıxışdıracaqlar. Bu isə iş yerlərinin itirilməsi deməkdir. Biz istəyirik ki, Çin uğurlar qazansın. Biz istəyirik ki, Çin özünün dinc inkişafını davam etdirsin. Düşünürəm, bu dünya üçün yaxşıdır. Biz yalnız onu istəyirik ki, yol hərəkəti qaydaları bizə və hamıya rəqabət aparmağa imkan versin. Biz istəmirik ki, Çin öz gücündən istifadə edərək, regionun başqa ölkələrinə, bizə sərfəli olmayan qaydalar sırısın”.

Barak Obamanın bu ifadələrinin nə qədər səmimi olduğunu söyləmək, məncə, elə də çətin deyil. Amma Trans-Sakit okean əməkdaşlığı layihəsinin reallaşdırılması Obama Adminstrasiyasının xarici ticarət gündəliyində duran əsas müddəalardan biri olaraq qalmaqdadır. Saziş üzv ölkələr arasında gömrük rüsumlarının tam aradan qaldırılmasını nəzərdə tutur. İlkin olaraq Trans-Sakit okean əməkdaşlığı haqqında müqaviləni Çili, Yeni Zelandiya, Bruney və Sinqapur imzaladılar. Sonra isə danışıqlara ABŞ və  hər iki Amerikanın Sakit okean ölkələri, Avstraliya, Yaponiya və regionun digər ölkələri qoşuldular. Amma bu da ABŞ-ı sakitləşdirmir.

Makkinni qarşıya suallar qoyur: Amerika Prezidentinin hərbi əməliyyatlara başlamamaq təmkininə “qırğıların”  təzyiqi güclümü olacaq?.. Əgər Pekin Venesuelaya kontingent yerləşdirsə, ABŞ-ın kontinental və dəniz periferiyasında hərbi bazalar qursa, Amerikanın ərazi sularının sərhədləri yaxınlığındakı dəniz sahəsində keşik çəksə və ya Birləşmiş Ştatlardan başqa, iki Amerika kontinentinin ölkələri üçün ticarət sövdələşməsi təklif etsə ABŞ-da nə düşünərlər? Təbii ki, Amerika elitası buna tab gətirməz. Yeni qaydaların  istənilən arxitekturasında bu davranış ABŞ tərəfindən qəbul edilməyəcək".

Professor Kokerin versiyasına görə, Çinin və ABŞ-ın müharibədən qaçmaq şansları 50-nin 50-dir. Toqquşma yalnız o halda baş verməyə bilər ki, hər iki dövlətin siyasi liderləri onların ixtiyarında olan bütün imkanlardan maksimum istifadə etsinlər. Ancaq onlar bunu etmirlər,  xüsusən ona görə ki, hərbi qarşıdurma onlara o qədər də real görünmür. 

Nobel mükafatı laureatı, yazıçı və filosof Günter Qross 87 yaşında, ölümündən bir müddət əvvəl İspaniyanın “El Pas” qəzetinə son müsahibəsində  üçüncü dünya müharibəsinin baş verə biləcəyi ehtimalları haqqında fikirlərini açıqlamışdır. O, hesab etmişdir ki, onun proqnozları çox realdır: “Ətrafda müharibələr var. Biz əvvəllər etdiyimiz səhvləri təkrarlamağa risk edirik. Bunu dərk etməyərək, biz, lunatiklər kimi yeni dünya müharibəsinə gedib çıxa bilərik.” Bu xəbərdarlığından sonra yazıçı əlavə edir ki, bəşəriyyət özü özünü “üçüncü böyük müharibəyə aparır”.

Qross özünün son müsahibəsində “vəziyyətin getdikcə ağırlaşdığı” Ukraynanı, “münasibətlərin daha da kəskinləşdiyi” İsrail və Fələstini, İraqı, insanların hələ də amansızcasına bir-birini qırdığı Suriyanı, özünün vəhşilikləri ilə son xəbərlərdən çıxmayan “İslam dövləti”ni xatırladır. Nobel mükafatı laureatı Rusiya Prezidenti Putini də “yaxşı başa düşür” və hesab edir ki, SSRİ dağılandan sonra Rusiyanı yeni təhlükəsizlik strukturlarına cəlb etmək üçün “heç bir  cəhd göstərilmədi”. Qross bunu “çox böyük səhv” kimi qiymətləndirir.

Yekun belədir: Əgər elitalar başa düşsələr ki, yalnız “böhran idarəçiliyinin” təcrübələrini tətbiq etməklə kontinentdə sülhü qoruya biləcəklər, onda müharibə “inanılmaz” olacaq, yox əgər liderlər hərbi toqquşmaların perspektivlərinin ciddiliyini dərk etməsələr, onda müharibə “qaçılmaz” olacaq. Allah bizi bu müharibədən qorusun.

Arzuman MURADLI,
politoloq, iqtisadiyyat üzrə
fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında