Azərbaycanın beynəlxalq münasibətlər sisteminə qatılmasının və nüfuzlu qurumlarla əməkdaşlığı genişləndirməsinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Müstəqillik yolunda ilk addımlarını atan gənc bir dövlətin dünya birliyində mövqelərinin möhkəmləndirilməsində, əməkdaşlığın genişləndirilməsində və reytinqinin getdikcə artmasında beynəlxalq qurumlarla sıx əlaqə yaratmaq əsas amillərdən hesab olunur.
Hər bir dövlətin milli maraqlarının və təhlükəsizliyinin qorunmasında, regional münaqişələrin və mübahisələrin dinc yolla nizamlanmasında, ərazi bütövlüyünün qorunmasında beynəlxalq hüquq normalarına söykənən, habelə, bu normaların təminatçısı rolunu yerinə yetirən mötəbər beynəlxalq təşkilatlarla sıx əlaqə yaratması, həmçinin, bu təşkilatlara üzv olması mühüm vəzifələrdən biridir. Dünyada baş verən qloballaşma, demokratikləşmə və beynəlxalq inteqrasiya fonunda Azərbaycan kimi gənc bir dövlətin müstəqil xarici siyasət kursunun müəyyən edilməsi suverenliyin ilk illərində çox çətin idi. Buna görə də ilk növbədə respublikamızın müstəqil bir dövlət kimi gələcək dünya nizamında yeri, daxili və xarici siyasətinin xarakteri, prioritetləri müəyyən edilməli idi. Belə çətin və mürəkkəb bir zamanda ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin və beynəlxalq münasibətlər sistemində təmsilçiliyinin strateji və cari vəzifələri, beynəlxalq birliklə əlaqələrin prioritetləri müəyyən edildi.
Məhz ulu öndərin respublikaya rəhbərliyinin ikinci dövründə Azərbaycanda vətəndaş sülhünün və siyasi sabitliyin təmin olunmasına, hüquqi dövlət quruculuğu istiqamətində praktik addımların gerçəkləşdirilməsinə, genişmiqyaslı islahatların aparılmasına və beynəlxalq ictimaiyyətlə əlaqələrin qurulmasına inam yarandı. Həmin dövrdə dünyanın hüquqi-siyasi atmosferinin müəyyənləşdirilməsində aparıcı rol oynayan dövlətlərlə və nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığın prioritet vəzifə kimi qarşıya qoyulması müstəqilliyimizin daimi olması üçün çox zəruri bir vəzifə idi. Həyata keçirilən xarici siyasətin əsas prioriteti dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etməkdən ibarət idi.
Dünyada baş verən hadisələr də təsdiqləyirdi ki, XX əsrin II yarısından beynəlxalq təşkilatların siyasi arenada rolu əhəmiyyətli dərəcədə yüksəlmişdir. Gənc müstəqil Azərbaycan dövlətinin qarşılaşdığı problemlərin, ilk növbədə, dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli, müasir tələblərə cavab verən islahatların həyata keçirilməsi və dünyaya inteqrasiya prosesinə cəlb olunmasında beynəlxalq təşkilatların rolu böyük əhəmiyyət kəsb edirdi. Bütün bunlardan yetərincə faydalanmaq məqsədilə qısa müddət ərzində BMT, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İslam Konfransı Təşkilatı, Türk Dövlətləri Birliyi, Müstəqil Dövlətlər Birliyi, Beynəlxalq Valyuta Fondu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Ümumdünya Bərpa və İnkişaf Bankı və İslam İnkişaf Bankının üzvü oldu, Parlamentlərarası İttifaq, Avropa İttifaqı, Avropa Şurası, Avropa Parlamenti, NATO və başqa beynəlxalq və regional qurumlarla qarşılıqlı faydalı əlaqələr yaradıldı. Azərbaycan NATO-nun üzvü olmasa da, “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulmaqla və “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”nı imzalamaqla Şimalı Atlantika Alyansı ölkələri ilə siyasi, hərbi, mədəni, humanitar əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar əldə etdi.
Ulu öndərin siyasi xəttini müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyev beynəlxalq təşkilatlarla və dünyada baş verən ictimai-siyasi hadisələrə təsir etmək iqtidarında olan dövlətlərlə bərabərhüquqlu əməkdaşlığı həyata keçirdiyi siyasətin prioritetlərindən biri hesab etmişdir. Beynəlxalq və regional qurumlarda bilavasitə təmsil olunmaqla, onların potensial imkanlarından daha geniş şəkildə istifadə etməyi yüksək dəyərləndirən dövlətimizin başçısı bu sahədə bir-birindən uğurlu addımların atılmasına nail olmuşdur. Fəxrlə demək olar ki, bu gün ölkəmiz dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının tədbirlərinin keçirildiyi məkana çevrilib. Artıq beynəlxalq münasibətlər sistemindəki əməkdaşlığımız yeni mərhələyə qədəm qoyub.
Respublikamızın rəhbərinin beynəlxalq təşkilatlarla bərabərhüquqlu münasibətlərin qurulmasına önəm verməsi Azərbaycanın beynəlxalq və regional problemlərin həllində rolunu və nüfuzunu getdikcə artırmışdır. Bu fəaliyyətinə görə Azərbaycan Prezidenti İlham Əliyev bir sıra ölkələrin və beynəlxalq təşkilatların fəxri adlarına və mükafatlarına layiq görülmüş, AŞPA-nın fəxri üzvü diplomu və medalı ilə təltif olunmuşdur.
Azərbaycanın əməkdaşlıq etdiyi beynəlxalq qurumların və dövlətlərin sayının getdikcə artması ölkəmizin bərabərhüquqlu əməkdaşlıq fəaliyyətinin davam etdirməsinin bariz nümunəsidir. Bu nailiyyətlər hazırda Azərbaycanla 170 ölkə arasında diplomatik əlaqələr qurulmasında da özünü göstərir. Respublikamızın 60 ölkədə səfirliyinin, 4 beynəlxalq təşkilat yanında daimi nümayəndəliyinin, 9 şəhərdə konsulluğunun fəaliyyət göstərməsi ölkə başçısının bütün dövlətlərlə bərabərhüquqlu münasibətlərin yaxşılaşdırılmasına diqqətinin nəticəsidir. Eyni zamanda, Azərbaycanda 43 ölkənin səfirliyi və 3 baş konsulluğu fəaliyyət göstərir. 33 ölkənin isə səfiri Azərbaycanda akkreditasiya olunub. Qürurverici haldır ki, Azərbaycanda beynəlxalq təşkilatların 16 nümayəndəliyi fəaliyyət göstərir. Bu gün əksəriyyətinin xarici dövlətlərdə fəaliyyət göstərən azərbaycanlı diplomatların sayı 700-dən artıqdır.
Hazırda Azərbaycanın dünya birliyinə sıx inteqrasiya olunmasında BMT, Avropa Şurası, ATƏT, İKT, NATO və digər beynəlxalq təşkilatlar mühüm rol oynayır. BMT Nizamnaməsinə, ATƏT və Avropa Şurası prinsiplərinə, dünya dövlətləri tərəfindən qəbul edilmiş digər beynəlxalq hüquq normalarına əsaslanan Azərbaycan dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə fəal və genişmiqyaslı əməkdaşlığını davam etdirir. Bu əməkdaşlıq siyasi, iqtisadi, mədəni, humanitar, hərbi və digər sahələri əhatə edir. Təbii ki, bütün ölkələrlə və nüfuzlu beynəlxalq təşkilatlarla bərabərhüquqlu münasibətlər qurulması və gələcəkdə də fəaliyyətin bu prinsiplər üzərində davam etdirilməsi Azərbaycanın maraqlarının daha dolğun ifadə olunmasına, beynəlxalq aləmdə aparıcı rol oynayan dövlətlərlə qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsinə mühüm təsir göstərir.
Azərbaycanın beynəlxalq təşkilatlarla ikitərəfli əməkdaşlığı və dünya birliyində mövqelərinin getdikcə möhkəmləndirilməsi təbii ki, antiazərbaycan mövqedə olanların ciddi narahatlığına səbəb olub. Özlərini demokrat və insan hüquqlarının müdafiəçisi kimi tanıtmaq istəyən belə antidemokratlar qərəzli qətnamələr qəbul edərək və yalanla dolu hesabat hazırlayaraq, ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa çalışırlar. Son vaxtlar Avropanın və Qərbin bir sıra dövlətləri ölkəmizin inkişafını həzm edə bilmədiklərini açıq şəkildə biruzə verirlər. “Freedom House”, “Amnesty İnternational”, “Transparency İnternational” və “Human Rights Watch” beynəlxalq aləmdə də yalançı və qərəzli təşkilat kimi ad qazanmaları artıq çoxlarına bəllidir. Almaniya və Böyük Britaniya kimi dövlətlərin sürətli inkişaf yoluna qədəm qoyan Azərbaycanın qarşısına sədd çəkmək cəhdləri də başadüşüləndir. Qərbin sifarişlərini yerinə yetirən bu dövlətlər görünür, gənc bir müstəqil dövlətin dünya birliyinə sürətli inteqrasiyasından bərk təşvişə düşüblər. Ona görə də ölkəmiz haqqında mənfi rəy formalaşdırmaq üçün hətta, özlərinə aid olmayan məsələlərə də əl atmaqdan çəkinmirlər. Təsəvvür edin ki, Almaniya Bundestaqında Azərbaycanda insan haqları barədə məsələ müzakirə olunur. Axı, Bundestaqın gündəliyə belə bir məsələ çıxarması beynəlxalq hüquqa ziddir. Çünki Almaniya Bundestaqı beynəlxalq təşkilat deyil və yalnız öz ölkələrinin daxili problemlərindən bəhs edən məsələləri müzakirəydə çıxara bilər. Özünü haqq-ədalət, demokratiya, insan haqlarının müdafiəçisi kimi göstərmək istəyən Bundestaq, əslində, digər ölkələrin daxili işlərinə qarışır. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin daxili işlərinə qarışan Avropa təsisatlarını, o cümlədən, Almaniya Bundestaqını sərt tənqid edərək demişdir: “Sual olunur, Almaniya Bundestaqının bizimlə nə işi var və Almaniya Bundestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı? Dünyaya hakimdirmi? Hamı onlara tabe olmalıdırmı? Görünür ki, onlar pis öyrəşiblər. Amma bizi başqaları ilə müqayisə etməsinlər. Bizim onlarla münasibətlərimiz distansiya səviyyəsindədir. Bizim onlardan heç bir istəyimiz yoxdur, əksinə, bizim təbii qazımız, kontraktlarımız, neftimiz, bu ərazidə, bu coğrafiyada fəaliyyətimiz onlara lazımdır. Biz isə onlardan texnologiya alırıq. Onlardan almasaq, başqa yerdən alarıq. Onlardan heç bir asılılığımız yoxdur. Ona görə, Almaniya Bundestaqı kimdir ki, antiazərbaycan qətnamə qəbul etsin?! Getsin öz işi ilə məşğul olsun. Bəsdirin başqa ölkələrin daxili işlərinə müdaxilə etdiniz, biz buna imkan vermərik”.
Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, ölkəmizlə əlaqələr tərəfdaşlıq və strateji əməkdaşlıq prinsipləri əsasında qurula bilər. Çünki biz bütün ölkələrlə, o cümlədən, beynəlxalq təşkilatlarla bərabərhüquqlu münasibətlər qurur və gələcəkdə də fəaliyyətimizi bu prinsiplər üzərində davam etdirəcəyik.
Dövlət başçısı Azərbaycana qarşı çirkin kampaniya aparıldığını, önəmli beynəlxalq tədbirlər ərəfəsində bunun daha geniş şəkildə davam etdirildiyini diqqətə çatdırmışdır: “Bəzi riyakar Qərb siyasətçiləri, erməni pulları ilə özlərinə həyat quran konqresmenlər, senatorlar, islamafob siyasətçilər Azərbaycana qarşı müharibə elan ediblər. Bunun təməlində paxıllıq və bəd niyyət dayanıb. Bu gün əfsuslar olsun ki, Avropada faşizm, irqçilik, islamafobiya, ksenefobiya, antisemitizm baş qaldırır. Yəni bu, təkcə müsəlmanlara qarşı deyil. Əlbəttə, müsəlman ölkəsinin bu qədər inkişaf etməsini istəməyən qüvvələr var, onlar birləşib. Eyni zamanda, Azərbaycanda “beşinci kalon”un qalıqlarının himayədarları bizə qarşı hücuma keçiblər”.
Artıq dünyanın tanınmış ictimai-siyasi xadimləri də ölkəmizin həyata keçirdiyi siyasətin sülhməramlı, bərabərhüquqlu olduğunun, ilk növbədə milli maraqlar üzərində qurulduğunun şahiddirlər.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.