Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqəti cəlb edir. İdarəetmə sisteminə dinamizm və müasirlik çalarları gətirən dövlət başçımız hökumətin həyata keçirməli olduğu tədbirlərin icra prosesini daim şəxsi nəzarətdə saxlayır, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər edir. Bu baxımdan son illərdə regional inkişaf və qeyri-neft sektorunun tərəqqisi istiqamətində reallaşdırılmış tədbirləri xüsusi vurğulamaq olar.
Regionlarda aqrar sahə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuş, respublikamızda ərzaq təhlükəsizliyinin yaradılması prosesində mühüm uğurlar əldə edilmişdir. Bu da təsadüfi deyil. Çünki ölkəmizin bazar iqtisadiyyatı sisteminə transformasiyası ilk əvvəl aqrar sahədən başlamış, kənd təsərrüfatında 90-cı illərin əvvəllərində özünü qabarıq büruzə verən tənəzzül meyilləri dayandırılmış, iqtisadi artıma və inkişafa nail olunmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yuxarıda qeyd edilən məsələlərlə bağlı geniş danışılmışdır.
Prezident İlham Əliyev giriş nitqində demişdir: Altı ay ərzində iqtisadiyyatımız inkişaf edib, baxmayaraq ki, neftin qiyməti aşağı səviyyədədir. Baxmayaraq ki, qonşuluqda iqtisadi vəziyyət hələ ki o qədər də müsbətə doğru dəyişməyib, Azərbaycan iqtisadiyyatı inkişaf edir. Bax, indi gətirəcəyim rəqəmlər bunu göstərəcək və sübut edəcək ki, bu, doğrudan da tarixi nailiyyətdir. Beləliklə, 6 ayda iqtisadiyyat 5,7 faiz artmışdır. Bu, çox gözəl göstəricidir, ölkəmizin dinamik inkişafını sübut edir. Bundan da gözəl göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da biz 9,2 faiz artımı görürük. Yəni, bundan yuxarı nəticə ola bilməz. Sənaye istehsalı təxminən 4 faiz artmışdır. Qeyri-neft sənayesi 14 faizdən çox artmışdır. Bu da son illərdə sənayeləşmə, yeni sənaye zonalarının yaradılması ilə bağlı görülmüş işlərin, tədbirlərin nəticəsidir.
Azərbaycanda inflyasiya aşağı səviyyədədir – 3,5 faiz. Əhalinin pul gəlirləri ənənəvi olaraq inflyasiyanı üstələyir və 6,2 faiz artmışdır. Kənd təsərrüfatı 7 faizdən çox artmışdır, daha doğrusu, 7,3 faiz. Bu da son illər ərzində ən yüksək artım tempidir. Bu da görülən işlərin nəticəsində mümkün olmuşdur.
Dövlət başçımız daha sonra bildirmişdir ki, ölkəmizə 6 ayda 12,7 milyard manat investisiya qoyulmuşdur. Bu, çox böyük rəqəmdir. Hesabat dövründə xarici investisiyalar üstünlük təşkil edir. Bu da müsbət haldır. Deməli, buradan aydın olur ki, Azərbaycan investisiyalar üçün çox cəlbedici ölkədir və xarici sərmayə ölkəmizdə lazımi səviyyədə qorunur.
Prezident İlham Əliyev birinci 6 ayda ölkəmizdə 60 minə yaxın yeni iş yerinin açılmasını, onlardan 48 mininin daimi iş yeri olmasını da diqqətə çatdırmış, işsizliyin keçən ilin yekunlarına görə 5 faiz səviyyəsində təşkil etdiyini xatırlatmışdır. Ölkə rəhbəri, həmçinin vurğulamışdır ki, mötəbər beynəlxalq maliyyə qurumları Azərbaycanda işsizliklə, yoxsulluqla bağlı mübarizəni çox yüksək qiymətləndirir. Azərbaycan xalqı bunu gündəlik həyatda görür.
Sosial məsələlərin həllindən danışan ölkə Prezidenti demişdir: Sosial sahədə bütün proqramlar icra edilir. Baxmayaraq ki, bizim gəlirlərimiz azalıb, bu, təbiidir. Biz büdcəni qəbul edəndə neftin qiymətini 90 dollardan hesablamışıq, əslində indi 60 dollar səviyyəsindədir. Bir neçə ay bundan əvvəl daha da aşağı səviyyədə idi, əlli dollardan aşağı düşmüşdü. Ancaq bütün sosial proqramlar vaxtında icra edilir və bu da siyasətimizin əlamətidir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə, biz yeni təşəbbüslər haqqında fikirləşirik.
Ünvanlı sosial yardım proqramında çox müsbət dəyişikliklər baş vermişdir. Şəffaflıq təmin olunur, normal qayda-qanun yaradılır, xoşagəlməz hallara son qoyulur, korrupsiya ilə mübarizə ciddi aparılır və bunun hesabına artıq bu sahədə daha da sağlam vəziyyət yaranmışdır. Yerlərdən gələn məlumat da məni çox sevindirir, insanlar da bu müsbət dəyişiklikləri görürlər. Beləliklə, məndə olan məlumata görə, ünvanlı sosial yardım alan insanların sayı təxminən 20 faiz azalmışdır. Nəyin hesabına? Ona görə yox ki, kiminsə yardımı kəsilib. Ona görə ki, yardıma ehtiyacı olmayan artıq bunu almır. 112 min ailə, 490 min insan bu yardımı alır və hər ailəyə orta hesabla təxminən hər ay 150 manat pul verilir. Bax, budur bizim sosial siyasətimiz və yanaşmamız”.
İclasda, eyni zamanda bildirilmişdir ki, ölkəmizin 2015-ci ilin birinci yarımilliyinin ictimai-sosial və iqtisadi həyatının ən əlamətdar hadisəsi sözsüz ki, Bakıda ilk Avropa Oyunlarının keçirilməsi olmuşdur. Müstəqillik tariximizin qürurverici səhifələrindən birinə, ölkə üzrə ümummilli həmrəyliyin göstəricisinə çevrilən bu möhtəşəm idman bayramı müstəqil Azərbaycanın yetirmələri olan gənc idmançılarımızın doğma azarkeşlərə bəxş etdikləri hədsiz qələbə sevinclərini, onların əzmli mübarizəsini və gücünü nümayiş etdirməklə yanaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin artan qüdrətini, böyük məsuliyyət və təşkilatçılıq tələb edən ən mötəbər tədbirləri belə yüksək səviyyədə keçirməyə qadir olduğunu bir daha sübut etdi.
Onilliklər ərzində ideya kimi qalan Avropa Oyunlarının tarixdə ilk dəfə təşkil olunmasında, “Köhnə qitə”nin 50 ölkəsindən ən güclü atletlərin bir araya gətirilməsində və Oyunların bütün beynəlxalq standartlara cavab verən yüksək təşkilatçılıq səviyyəsində keçirilməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin peşəkar komanda işi, fədakar fəaliyyəti və yüksək vətənpərvərliyi xüsusi qeyd olunmalıdır.
2015-ci ildə ölkəmizin xarici-iqtisadi siyasətinin Asiya vektorunun möhkəmləndirilməsində də nəzərəçarpan addımlar atılmışdır. May ayında Bakıda 67 ölkənin üzv olduğu Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısının keçirilməsi Asiya və Sakit okeanı regionunda iqtisadi inkişafın və təkamülün təmini istiqamətində növbəti bir mərhələ olmaqla yanaşı, ölkəmizin Asiya dövlətləri ilə hərtərəfli əməkdaşlığının genişlənməsinə böyük imkanlar açmışdır. Bundan başqa, ölkə Prezidentinin tapşırığı ilə Azərbaycan Respublikasının yeni yaradılan və Asiya regionunda infrastrukturun inkişaf etdirilməsini dəstəkləyəcək Asiya İnfrastruktur İnvestisiya Bankına təsisçi üzv kimi qoşulması təmin olunmuşdur.
Cari ildə qlobal iqtisadi artım proqnozu növbəti dəfə Beynəlxalq Valyuta Fondu tərəfindən aşağı salınmış (ilin əvvəlindən BVF tərəfindən artıq ikinci dəfədir ki, proqnoz aşağı salınır) ki, bu da hazırda beynəlxalq iqtisadi və maliyyə durumunda mövcud olan mürəkkəbliyi təsdiq edir.
Yunanıstanın borc öhdəliklərinə xidmət etmək iqtidarında olmaması səbəbindən avrozonanı tərk etmə riski ilə üzləşməsi, Çinin iqtisadi artım sürətinin geriləməsi və fond birjalarındakı təlatümlər qlobal iqtisadi artım proqnozuna mənfi təsir göstərən əsas amillərdən olmaqla, xammal məhsullarına, o cümlədən neft və neft məhsullarının qiymətlərinə də mənfi təsir göstərməkdədir.
Neft və neft məhsullarının 2014-cü ilin ortalarından bəri kəskin aşağı düşməsinin qlobal iqtisadi artıma müsbət təsir edəcəyi barədə beynəlxalq maliyyə institutları tərəfindən verilən proqnozlar (illik 0,5 faiz artım) da özünü tam doğrultmur, bu dövrdə dünya iqtisadiyyatı nəzərəçarpan qeyri-müəyyənliklə səciyyələnir. Mövcud vəziyyət digər ölkələrlə yanaşı, Azərbaycanın qonşu ölkələrində də mürəkkəb iqtisadi duruma, milli valyutaların qismən dəyərsizləşməsinə, iqtisadi artım templərinin azalmasına səbəb olmuşdur. Heç şübhəsiz, bu qlobal iqtisadi proseslər Azərbaycanın iqtisadi inkişafına da təsirsiz ötüşməmiş, ilk növbədə, ölkənin valyuta daxilolmalarının azalması və tədiyyə balansının müsbət saldosunun daralması, Azərbaycan mənşəli məhsulların rəqabətliyinin enməsi ilə müşahidə olunur. Bununla yanaşı, ortamüddətli dövrdə ölkə iqtisadiyyatı üçün regionda geosiyasi gərginliyin artması, xarici iqtisadi mühitin daha da pisləşməsi, dövlət və özəl sektorlarının gəlirlərinin azalması, bunun nəticəsi olaraq sahibkarların iqtisadi fəallığının səngiməsi və maliyyə-bank sektorunun dayanıqlığının zəifləməsi kimi çağırışlar yaranır. Göstərilən qeyri-münbit iqtisadi vəziyyət fonunda 2015-ci ilin ilk 6 ayında ölkə iqtisadiyyatının nail olduğu makroiqtisadi göstəricilər təqdirəlayiq və uğurlu hesab oluna bilər. Belə ki, cari ilin ötən dövrü ərzində ölkədə 26,3 milyard manat ümumi daxili məhsul istehsal olunmaqla real artım 5,7 faiz təşkil etmiş, qeyri-neft sektoru üzrə isə daha çox, yəni, 9,2 faiz artım əldə edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə uyğun olaraq ölkə iqtisadiyyatına kənardan mənfi təsirlərin minimuma endirilməsi istiqamətində atılmış kəsərli addımlar nüfuzlu beynəlxalq maliyyə-iqtisadi təşkilatlar tərəfindən (Beynəlxalq Valyuta Fondu, Dünya Bankı) yaranmış makroiqtisadi vəziyyətə adekvat qiymətləndirilməklə dəstəklənmişdir.
Beləliklə, bu ilin ilk altı ayı da əvvəlki dövrdə olduğu kimi, əhalinin sosial müdafiəsinin beynəlxalq standartlara uyğunlaşdırılması və maddi rifah halının yaxşılaşması, neft gəlirlərini qeyri-neft sektoruna yönəltməklə və modern texnologiyalara əsaslanmaqla yeni və qabaqcıl sənaye sahələrinin yaradılması, iqtisadi və sosial infrastrukturun, yol-nəqliyyat sektorunun davamlı inkişafı, eyni zamanda, dövlətimizin hərbi qüdrətinin yüksəldilməsi ilə əlamətdar olmuşdur. Bu müddət ərzində ölkə boyu nəhəng tikinti-quruculuq və abadlıq işləri davam etdirilmiş, bir sıra sosial obyektlər tikilmiş, təhsil, mədəniyyət, səhiyyə, idman, turizm, ekologiya sahələrində böyük irəliləyiş baş vermişdir. Ölkə rəhbərliyi səviyyəsində qəbul olunan və ictimai-siyasi, sosial-iqtisadi, humanitar-mədəni həyatın çoxşaxəli spektrini əhatə edən 60-a yaxın konseptual-strateji mahiyyətli sənəd və dövlət proqramları hazırda icra edilməkdədir. Görülən işlər və nəticələr deməyə əsas verir ki, Azərbaycan dünyaya özünün uğurlu inkişaf modelini təqdim edə bilmiş və qısa zaman kəsiyində ölkəmizdə, sözün əsl mənasında, inqilabi yeniləşmə və tərəqqiyə nail olunmuşdur.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.