Papanin – Cəlil Məmmədquluzadə dilemması

Bu iki adın qoşa çəkilməsi, əlbəttə ki, çoxlarına qəribə görünə bilər. Doğrudan da, bu şəxslər arasında heç bir əlaqə yoxdur və ola da bilməz. Amma reallıq budur ki, bu adları yanaşı çəkməli oluruq.

Bakı küçələrindən birini rayonlarımızın ucqar kəndlərində belə çoxları yaxşı tanıyır. Həmin küçədə sovet dövründə də hərbi hospital vardı, indi də. Bu küçənin respublika miqyasında yaxşı tanınmasının bir səbəbi də elə budur. Paytaxtımızın prospektlərinin, küçələrinin əhalı arasında tanınması yaxşı hal olsa da, bu formada tanınması qəbuledilməzdir.

Hələ 1960-cı illərdə İ.D.Papanin küçəsinin adı dəyişdirilərək Cəlil Məmmədquluzadənin adı ilə əvəz olunmuşdu. Biz də bu küçənin yuxarı hissəsində yaşayırdıq və o vaxt qapının üstündə C.Məmmədquluzadənin adı yazılmışdı. Küçənin vaxtilə “Kubinka” deyilən əraziyə düşən hissəsinin sakinləri buranın köhnə adını  beyinlərinə “əbədi” həkk eləsələr də, əlli il, heç iyirmi beş il əvvəl də bu küçə “Papanin” kimi indiki qədər məşhurlaşmamışdı. Bəs nə oldu, nə baş verdi ki, müstəqillik illərində İ.D.Papaninin “bəxti gətirdi”, “dirildi” və Cəlil Məmmədquluzadəni öz yurdunda nəinki sıxışdırdı, hətta üstələdi də... Respublika əhalisinin Bakıdakı Papanin “sevdası” haradan və nədən qaynaqlanır?

Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişən Əli Tağızadə küçəsində 1970-ci illərdə körpü tikilmişdi. İndi bu küçənin də adı dəyişib, buna baxmayaraq, elə bu küçə də C.Məmmədquluzadənin davamı kimi Papanin, həmin körpü “Papanin körpüsü,” hospital isə “Papanin hospitalı” kimi tanınmaqdadır. Hətta həmin ərazidə “Papanin qəlyanaltı-dönərxanası,” Papanin mövsümi çayxana-pivəxanası da var...  Adı ən azı əlli beş il əvvəl (2014-cü ildən Bakıda küçə adlarının  dəyişdirilməsi ilə Dövlət Əmlak Məsələləri Komitəsi məşğul olur) dəyişdirilmiş bir küçə niyə köhnə adı ilə tanınır? Belə çıxır ki, Azərbaycanda İ.D.Papanin hələ də sevilir, nüfuz dairəsi qeyri-rəsmi şəkildə genişlənməkdə davam edir.

 Bakı Metropoliteninin yeni stansiyasının tikildiyi bu küçə son illər öz görkəmini tamamilə dəyişib, binalara vurulan ünvan lövhələrində C. Məmmədquluzadə  adının iri hərflərlə yazılmasına baxmayaraq, hətta televizya kanallarında “Papanin deyilən ərazi” ifadəsi rahatlıqla işlənir.  Kütləvi informasiya vasitələrinin, bəzi rəsmi şəxslərin, hətta “Bakılı oğlanlar”ın da son illərdə İ.D.Papaninin paytaxtımızda şöhrətlənməsindəki “xidmətləri” danılmazdır.

C.Məmmədquluzadənin adını daşıyan küçəni “Papanin” adlandıranların çoxu  bu şəxsin kimliyindən  xəbərsizdir. Papanin əhalı arasında “papa”, “paxan”, əsasən də narkotik alveri, “mənəm-mənəmlik” məkanının adı və s. kimi başa düşülür, dəfələrlə maraqlansam da, hələ ki əsl həqiqəti bilənə rast gəlməmişəm.

Coğrafiya elmləri doktoru, kontr-admiral, iki dəfə Sovet İttifaqı Qəhrəmanı İ.D.Papanin (1894-1986) Şimal qütbünü tədqiq edən ilk sovet alimlərindən idi. Milli mənsubyyətcə yunan olan  İ.D.Papanin evsiz-eşiksiz matros ailəsində doğulmuşdu.1915-ci ildən çar donanmasında xidmət edən Papanin 1917-ci ildə “qırmızılar”ın tərəfinə keçərək vətəndaş müharibəsində fəal iştirak etmişdi. Vətəndaş müharibəsindən sonra, 1919-21-ci illərdə Krım FK-nın (rus dilində ÇK) rəisi, 1921-ci ildə Xarkovun hərbi komendantı  olmuş, 1923-32-ci illərdə Xalq Rabitə Komissarlığında işləmişdi. Həmin dövrdə ağqvardiyaçılarla mübarizənin fəallarından olan Papaninin də əlləri Frunzenin  rəhbərliyi və göstərişi ilə qətlə yetirilən 60 minə yaxın insanın qanına bulaşmışdı. 1939-46-cı illərdə “QULAQ” düşərgələrinin təchizatında mühüm rol oynamış Baş Şimal Dəniz Yollarının rəisi olan Papanin repressiyaya məruz qalmasa da, bağ evinə qəfil qonaq gələn İ.Stalin elə oradaca bu malikanənin uşaq bağçası üçün münasib bina olduğunu vurğulamışdır. İ.D Papanin də həmin malikanəni uşaq evi üçün hədiyyə etdiyini bildirmişdir. Deyilənlərə görə, 1937-ci illərin repressiyalarından  onu 1932-ci ildən seçdiyi yol – elm, bir də 60 min qurban xilas etmişdi. Tez-tez iş yerini və yaşadığı məkanı dəyişən İ.D.Papanin ömür boyu buna görə rahatlıq tapmamış, özünü günahkar saymışdı. Stalinin ölümündən sonrakı şərait Bakıda hələ sağlığında Papaninin adının küçədən götürülməsinə və Cəlil Məmmədquluzadənin adı ilə əvəz edilməsinə səbəb oldu.

Azərbaycan 24 ildir ki, müstəqil  dövlətdir, indi çox şeylər dəyişib. Dəyişməsi vaxt aparan və dəyişmə yolları qəliz, çətin olan çox problemlər var. Amma həlli birbaşa özümüzdən asılı olan, çox xırda, bəsit, hətta mənasız görünən, həqiqətdə isə düşündürən elə məsələlər var ki, “tüstüsü” düz çıxmır. Böyük Mirzə Cəlilin ruhu bağışlasın bizi, onu deyil, İvan Dmitriyeviçi tanımadan-bilmədən “sevməkdə” hələ də davam edirik. Dəyişmirik, ya da çətinliklə dəyişirik. Böyük alim, şair və maarifçi   Abbasqulu ağa Bakıxanov da 25 ildir XVII əsrin ortalarında Krım tatarlarına və türklərə qarşı qanlı yürüşlərə rəhbərlik edib Bakıya  quldur kimi soxulan, deyilənə görə, çalıb-çapdığı qənimətlə birlikdə qızlarımızı da əsir aparan Stepan Razini “əvəzləyə” bilmir. Elə böyük Füzuli də mogilyovlu Bakı komissarı M.V.Basini çox çətinliklə əvəz edir...

Sevda MEHRƏLİYEVA,
“Azərbaycan Milli Ensiklopediyası”
Elmi Mərkəzinin Təhsil, mətbuat,
televiziya, internet, idman, turizm redaksiyasının müdiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında