Azərbaycan dövləti milli-mənəvi dəyərlərin qorunmasını daim diqqət mərkəzində saxlayır

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bu gün Azərbaycan dünya miqyasında böyük dəstəyə
və hörmətə malik olan bir ölkədir. Ancaq möhkəm təməl olmasaydı,
biz bu nailiyyətlərə çata bilməzdik. Düşünülmüş siyasət,
xalqla iqtidar arasındakı birlik, din-dövlət münasibətlərinin
möhkəm təməl üzərində qurulması bizim uğurlarımızın əsas şərtidir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Türk dünyasının görkəmli ziyalılarından olan İhsan Doğramacı  müsahibələrindən birində demişdi ki,  azərbaycanlılar türk xalqları arasında öz milli mənliyini, dini mənsubiyyətini, adət və  ənənəsini, böyüyün və kiçiyin yerini  bilib, tarixini və ədəbiyyatını qoruduğuna görə böyük uğurlara imza ata biliblər. Bu dəyərlərin qorunması və yaşadılması Azərbaycanın daha böyük nailiyyətlər qazanmasını təmin edəcəkdir. Alim onu da əlavə edirdi ki, azərbaycanlıların öz milli-mənəvi dəyərlərini qoruyub saxlaması başqalarında məmnunluq, bu insanlara böyük rəğbət yaradırsa, ölkədəki digər xalqların və dinlərin təmsilçilərinə göstərilən ehtiram az qala heyranlıq dərəcəsindədir.

Ağsaqqal ziyalının həmin qiymətləndirməsindən milli-mənəvi dəyərlərimizin dövlət səviyyəsində qorunmasına həsr edilmiş bu yazıda da istifadə etməyimiz tamamilə yerinə düşür.

Əlbəttə, bizim qorunmalı və yaşadılmalı  çox dəyərlərimiz var. Onların qorunmasını həm dövlət, həm Prezident İlham Əliyev, həm Heydər Əliyev Fondu, həm də müvafiq qurumlar yüksək səviyyədə təmin edirlər. Ən başlıcası, həmin dəyərlər xalqın təfəkküründə, milli yaddaşımızda və qanımızda yaşadığına görə özünə əbədilik qazanıb. Ancaq bir mənəvi dəyərimiz var ki, son illər onun üzərinə çoxsaylı iftira və böhtanlar atılır, dünyanın ən müxtəlif guşələrində yaşayan mənfi xislətli insanların əksəriyyəti onun adından istifadə etməyə çalışır. Bu, bizim müqəddəs dinimizdir. Müxtəlif səbəblər üzündən bu gün dünyanın dörd tərəfinə səpələnmiş azərbaycanlıların hamısı belə fikirləşir ki, Prezident İlham Əliyev öz ölkəsində tolerant, multikultural cəmiyyət formalaşdırmaqla yanaşı, müqəddəs dəyərlərimizdən olan İslam dininin terrorçu, separatçı və digər ünsürlərin əlində vasitəyə çevrilməsinə qarşı ciddi mübarizə aparır. Biz dövlət başçımızın Bakıda keçirilən bir neçə beynəlxalq tədbirin tribunasından səsləndirdiyi nitq və çıxışlarında dəfələrlə bunun şahidi olmuşuq.  Prezident Ramazan bayramı ərəfəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin öz iqamətgahında açdığı iftar süfrəsindəki çıxışında da bu məsələni xüsusilə qabartmış və konkret fikirlər səsləndirmişdi.

İftar tədbiri keçirib ölkədəki bütün dini konfessiyaların rəhbərlərinin bir araya gətirilməsini yüksək qiymətləndirən dövlət başçımız bu ənənənin yaranma tarixini də yada salmağı unutmayıb: “Bu ənənəni ulu öndər Heydər Əliyev və şeyx həzrətləri qoymuşlar. Bu ənənə yaşayır və yaşayacaqdır. Əslində, bu, din-dövlət münasibətlərinin çox gözəl təzahürüdür. Azərbaycanda din-dövlət münasibətləri sağlam təməl üzərində formalaşıb və inkişaf edir. Bu, hər bir ölkə üçün önəmli məsələdir. Bizim amalımız birdir. Bizim amalımız Azərbaycanı inkişaf etdirmək, Azərbaycan xalqının maraqlarını müdafiə etmək və Azərbaycanı daha da güclü dövlətə çevirməkdir. Biz bu məqsədə doğru inamla, uğurla irəliləyirik”.

Ölkəmizdə dinlərarası münasibətlərin sağlam şəkildə qurulmasından məmnunluq ifadə edən Prezident deyib: “Dövlət, eyni zamanda, Azərbaycanda dinlərarası münasibətlərin tənzimlənməsində də öz rolunu oynayır. Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq forumlar, konfranslar, dinlərarası dialoqla, multikulturalizmlə, humanitar məsələlərlə bağlı forumlar, əlbəttə ki, ölkəmizi dünyaya nümunəvi ölkə kimi təqdim edir, eyni zamanda, Azərbaycanda dinlərarası münasibətlərin gələcəkdə də sağlam şəkildə inkişaf etməsinə şərait yaradır. Azərbaycanda İslam dini ilə bağlı çoxsaylı tədbirlər keçirilir. Bu tədbirlərdə həm bizim qonşu dövlətlərdən nümayəndələr iştirak edir, eyni zamanda, uzaq ölkələrdən qonaqlar gəlir. Yəni, budur bugünkü Azərbaycanın reallıqları. Dövlət bu istiqamətdə öz səylərini göstərir və göstərəcək”.

Söhbət konkret olaraq Azərbaycan dövlətinin İslam dininə  münasibətinə gəlincə isə, Prezidentin yada salmaq istədiyi məqamlar daha çoxdur: “Azərbaycanda bütün tarixi məscidlərimiz dövlət hesabına əsaslı şəkildə bərpa edilibdir. Bibiheybət, Təzəpir, Əjdərbəy məscidləri, 743-cü ildə tikilmiş, müsəlman aləmində ən qədim məscidlərdən biri olan Şamaxı məscidi, “İmamzadə” Dini Kompleksində indi əsaslı təmir-bərpa işləri aparılır. Əlbəttə ki, keçən ilin sonlarında Heydər Məscidinin tikilib istifadəyə verilməsi tarixi hadisə idi”.

Həm mömin soydaşlarımız, həm də Azərbaycandakı tolerantlıq, milli-mənəvi dəyərlərin qorunması istiqamətində yazı hazırlayan həmkarlarımız həmin gün dövlət başçımızdan Heydər Məscidinin tikilmə tarixçəsi barədə də maraqlı fikirlər eşitdilər: “Bir neçə il bundan əvvəl mən Məkkə ziyarətində müqəddəs Kəbənin içində dualar edərək niyyət etmişdim ki, Azərbaycanda böyük, möhtəşəm məscid tikiləcək və bu məscidin adı Heydər Məscidi olacaq. Bu ilin aprel ayında mənə yenidən Kəbənin içində dualar etmək xoşbəxtliyi nəsib olub. Şeyx həzrətlərinin dediyi kimi, İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanı Kralının şəxsi göstərişi ilə müqəddəs Kəbənin qapıları mənim, şeyx həzrətlərinin, ailə üzvlərimin üzünə açılmışdır və yenidən müqəddəs Kəbənin içində dualar edərək, ürəyimdə dedim ki, Heydər Məscidi tikildi. Bir müsəlman kimi mənim üçün bundan böyük xoşbəxtlik ola bilməz. Bu, atamın ruhu qarşısında mənim borcumdur. Bir müsəlman kimi mən xoşbəxt adamam ki, buna nail ola bilmişəm və eyni zamanda, xoşbəxt adamam ki, müqəddəs Kəbənin içində üç dəfə dualar etmişəm”.

Ölkəmizdəki dinlər və millətlər arasındakı münasibətlərdən məmnunluqla söz açan dövlət başçımız təəssüflə qeyd edir ki, bu gün dünyada həmin məsələ öz normal həllini tapa bilməyib: “ Azərbaycanda hökm sürən ab-hava, dinlərarası, millətlərarası münasibətlər, multikulturalizm dəyərləri - bunlar bizim üçün həyat tərzidir. Ancaq əgər biz bəzi başqa ölkələrə nəzər yetirsək görərik ki, bu, heç də hər yerdə belə deyil. Əksinə, milli, dini zəmində qarşıdurmalar, müharibələr, toqquşmalar baş verir, məzhəb zəminində qan tökülür. Bu, dözülməzdir və mən də şeyx həzrətlərinin sözləri ilə razıyam ki, bugünkü dünyada proseslər daha çox mənfi istiqamətdə gedir. Biz bir il bundan əvvəl bu salonda toplaşmışdıq. Görün, bu bir il ərzində dünyada nə qədər böyük təhlükələr yarandı, hansı ki, bir il bundan əvvəl onlar haqqında heç söhbət aparılmırdı”.

Adıçəkilən istiqamətdə dünya dövlətlərinin və böyük xalqların birgə fəaliyyət göstərməsi günün zəruri tələbi kimi ortaya çıxır. Təəssüflər olsun ki, bəzi dövlətlər bu istiqamətdə müsbət fəaliyyət göstərmək əvəzinə, böhranın dərinləşməsində maraqlı olduqlarını gizlətmirlər. Ona görə də Azərbaycan Prezidenti deyir: “Dinlərarası münasibətlərdə böhran yaşanır. İslamafobiya, ksenofobiya, antisemitizm meyilləri güclənir. Multikulturalizm dəyərləri haqqında hətta yüksək vəzifə sahibləri tərəfindən çox təhlükəli ifadələr səslənir ki, multikulturalizm iflasa uğrayıb, multikulturalizm işləmir və onun gələcəyi yoxdur. Gəlsinlər, Azərbaycana baxsınlar. Azərbaycanda multikulturalizm yaşayır, möhkəmlənir. Heydər Məscidinin açılışında mən, şeyx həzrətləri, Aleksandr ata, Milix Yevdayev çıxış etmişik. Budur, bizim reallıqlarımız. Bu, bizim üçün adi qaydadır. Ancaq, eyni zamanda, bizim xristian, yəhudi qardaşlarımızın orada çıxışı bir mesaj, siqnal idi, həm Azərbaycan cəmiyyətinə, həm bölgəyə, həm də dünyaya. Bax, belə olmalıdır. Budur normal həyat tərzi, budur normal siyasət”.

Dünyada gedən mənfi proseslərdən,  qeyri-məqbul tendensiyalardan söz açan Prezident həmin tendensiyaların bizim ölkəyə yaxın gələ bilməməsi üçün hər bir insanın üzərinə böyük vəzifələr düşdüyünü yada salır: “Bir məsələni də vurğulamaq istəyirəm, milli, dini dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Biz çalışmalıyıq və çalışırıq ki, bizim gənclərimiz də milli ruhda böyüsünlər, tərbiyə alsınlar. Milli ruhda, eyni zamanda, multikulturalizm ruhunda. Burada heç bir ziddiyyət yoxdur. Hər bir vətənpərvər insan, öz vətənini, millətini sevən insan böyük hörmətə layiqdir. Eyni zamanda, başqa dinlərə hörmət edən, başqa millətdən olan insanlara hörmətlə yanaşan insan da böyük hörmətə layiqdir. Ona görə bizim gənclərimiz bax, bu ruhda tərbiyə olunmalıdır. Biz gənclərimizi kənar təsirlərdən qorumalıyıq. Kənar təsir cəhdləri var, biz hamımız bunu yaxşı bilirik. Nə qədər gücüm varsa, mən bu kənar təsirin qarşısında duracağam və heç kimə imkan verməyəcəyəm ki, kimsə öz iradəsini Azərbaycana diktə etsin”.

Bütün mənfi təzahürlərdən çıxış yolunun ancaq və ancaq elmdə, təhsildə olduğunu söyləyən Azərbaycan Prezidenti əmindir ki, savadlı gəncin beynini kimsə zəhərləyə bilməyəcək: “Bu gün dünyada terrorizm, ekstremizm, radikalizm meyilləri baş alıb gedir. Hər yerdə - Yaxın Şərqdə, Avropanın özündə, müxtəlif yerlərdə. Bunun təzahürləri fərqli ola bilər. Ancaq mahiyyət etibarilə bu, necə deyərlər, bir anlayışdır. Buna qarşı ən gözəl sığorta, ən gözəl sədd təhsildir. Bilikli, savadlı insan çox nadir hallarda yolunu aza bilər. Savadsız insanların beynini zəhərləmək asandır. Ona görə bizim gənclər savadlı, biliklidirlər. Biz bunu təqdirlə qeyd edirik və bizim siyasətimiz bundan sonra bu istiqamətdə davam etdiriləcək. Burada həm dövlət qurumları, həm dini qurumlar yenə də bir yerdə olmalıdır. Azərbaycanda həm ali, həm orta məktəblərdə, eyni zamanda, dini təhsil yüksək səviyyədə olmalıdır. Azərbaycan dövləti bu istiqamətdə bütün lazımi tədbirləri görür və görəcəkdir”.

Göründüyü kimi, Prezident İlham Əliyev Azərbaycan dövlətini təkcə seperatçılardan, işğalçılardan, müxtəlif beynəlxalq təşkilatlardakı bədxahlarımızdan qorumağa çalışmır, o, həm də ölkədəki mənəvi ab-havanın qorunması üçün əlindən gələni edir və həqiqi ziyalıları  bu istiqamətdə səfərbər olmağa çağırır. Dövlət başçımız əmindir ki, ölkəmizdə formalaşdırılmış sağlam mənəvi ab-hava  dövlətimizin gündən-günə qüdrətlənməsini, insanlarımızın sosial-rifah halının yaxşılaşdırılmasını və cəmiyyətimizin daha da demokratikləşdirilməsini təmin edəcəkdir. Bütün bunlar isə ulu öndər Heydər Əliyevin  arzularının sırasında idi.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında