Azərbaycanda internet şəbəkəsi geniş yayılıb.
Əhalinin 75 faizi internet istifadəçisidir.
Biz indi hər bir yaşayış məntəqəsinə genişzolaqlı
internetin çəkilişini təmin etməyə çalışırıq.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
2015-ci il ölkəmiz və xalqımız üçün böyük uğur və nailiyyətlərlə yaddaşlarda qalacaq. Dövlətimizin və dövlət başçımızın qətiyyəti və prinsipiallığı qarşısında tab gətirə bilməyən bədxahlarımızın reallıqla razılaşaraq Azərbaycan həqiqətlərini qəbul etməsi bu ilin bəxtinə düşdü.
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş 13 iyul tarixli iclasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun çıxışında hesabat dövründə qazanılmış möhtəşəm uğurlara aydınlıq gətirildi. Nazir qeyd etdi ki, ölkəmizdə sosial-iqtisadi sferanın bütün sahələrində olduğu kimi, rabitə və yüksək texnologiyalar sahəsində də inkişaf təmin edilib və bu sahədə bir sıra uğurlara imza atılıb.
Bu sektorda gəlirlərin artımı 12 faiz təşkil edib ki, bu da müvafiq ümumdünya orta göstəricisindən təxminən 1,5 dəfə yüksəkdir. Telekommunikasiya sektorunda mobil rabitə xidmətləri göstərən üç operatorun ümumi gəlirləri ötən ilin müvafiq dövrünə nisbətdə təxminən 6 faiz artıb, bütün ölkə üzrə 3-cü, Bakı və Abşeron yarımadasında isə 4-cü nəsil informasiya texnologiyasının tətbiqi genişləndirilib. Beynəlxalq Telekommunikasiya İttifaqının hesabatına əsasən, ölkəmiz ərazisinin 100 faizli 3-cü nəsil örtüyünə malik olan 40 ölkə sırasındadır.
Hesabat dövründə stasionar rabitə xidmətlərinin genişləndirilməsi istiqamətində əsasən kəndlərdə optik rabitə infrastrukturunun inkişafına diqqət yetirilib. Son altı ayda 100-dən çox kəndin bu sistemə çıxışı təmin olunub və beləliklə, Azərbaycan kəndlərinin 80 faizi müasir standartlara cavab verən, həmçinin genişzolaqlı xidmətlərə çıxışı olan stasionar telekommunikasiya şəbəkəsinə qoşulub.
Əlbəttə, müasir dövlətin və cəmiyyətin ən mühüm sferalarından birinin rəhbəri kimi danışan nazirin bu sahədəki nailiyyətlərdən söz açması ilk baxışda adi bir hal idi. Ancaq həmin çıxışdakı bəzi məqamlar diqqətli oxucu, dinləyici və ya tamaşaçı üçün o qədər də adi və ya sadə deyildi. Çünki həmin fikirlər artıq Azərbaycan rəsmisinin adından deyil, dünya ekspertlərinin adından səsləndirilirdi. Məsələn, nazir dedi: “Bu gün ölkəmizdə internet istifadəçilərinin sıxlığı təxminən 75 faiz, genişzolaqlı internet istifadəçilərinin sıxlığı isə 65 faizdir. Əksər beynəlxalq təşkilatlar və özəl reytinq şirkətləri bu göstərici və internet azadlığına görə Azərbaycanı Mərkəzi Asiya və MDB ölkələri regionunda lider kimi qiymətləndirirlər”.
Doğrudan da fəxr edilməli məqamdır. Biz bu sahədə liderik. Bir zaman, daha doğrusu, 18-20 il qabaq Bakıdan Gəncəyə və ya Lənkərana günlərlə danışa bilməyən (Biz Surət Hüseynovun və Əlikram Hümbətovun bölgələrdə törətdikləri barədə oradan gələn adamlardan nə isə eşidə bilirdik. Telefon əlaqələri ya mümkün deyildi, ya da kimsə xətləri kəsib götürmüşdü) sakinlərimiz indi cəmi üç dəqiqəyə planetin istənilən nöqtəsi ilə əlaqə yarada bilirlər.
Bu yaxınlarda Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrdən birinin mətbuatında dövlət rəsmisinə istinadən yazırdılar ki, biz tezliklə rəqəmli televiziya yayımına keçidə hazırlaşacağıq. Onlar hələ hazırlaşacaqlar. Həmin sahədə Azərbaycandakı vəziyyəti isə yenə də nazir Əli Abbasovun çıxışından öyrənək: “Radio və televiziya yayımı infrastrukturunun inkişafında ölkəmiz bu sahədə əsas vəzifəni – rəqəmli televiziya yayımına keçidi tam təmin edib və Beynəlxalq Telekommunikasiya İttifaqının bu uğura imza atan 50 ölkəsi sırasına daxil olub. İndi biz Milli Televiziya və Radio Şurası ilə razılaşdırıb analoq efiri dayandırmalı, kommersiya və xüsusi təyinatlı istifadə üçün çox vacib sayılan tezlikləri onlara ayırmalıyıq. Ümumiyyətlə, ölkəmizdə radio və televiziya yayımında vəziyyət inkişaf etmiş ölkələr səviyyəsindədir. Bu gün rəqəmsal yerüstü yayım, kabel televiziyaları, peyk, rabitə şəbəkələri üzərindən və internet radio və televiziyalar vasitəsilə əhalinin təkcə Azərbaycanın yox, həmçinin yüzlərlə xarici ölkənin teleproqramlarına çıxışı təmin olunub”.
Azərbaycanın müharibə şəraitində olmasını, işğal olunmuş ərazilərimizin düşmən tapdağından azad edilməsi üçün aparılan danışıqların hələ ki, bir nəticə verməməsini, bundan başqa, dövlətimizin sürətli inkişafını gözü götürməyən qüvvələrin hər an törədə biləcəyi təxribat təhlükələrini nəzərə alsaq, müasir informasiya texnologiyalarının bizim üçün nə qədər əhəmiyyətli olduğu barədə təsəvvürümüz dəqiqləşər. Məhz ona görə də: “Ölkə və sərhədyanı ərazilərdə əsas tezliklər spektri boyu radiotexniki monitorinq sistemi hesabat dövründə tam qurulub istifadəyə verilib. İndi ölkəmizin istənilən coğrafi nöqtəsində həm mülki, həm də xüsusi təyinatlı tezliklərə müdaxilə olarsa, sistem müdaxilənin parametrlərini, o cümlədən daxildə və xaricdə olan müdaxilə mənbələrinin koordinatları haqqında operativ məlumatları müvafiq təşkilatlara çatdırır”. Bu isə o deməkdir ki, müasir dövlətdə informasiya texnologiyaları təkcə rabitə vasitəsi deyil, həm də əsas müdafiə vasitələrindən biridir.
Nazirin çıxışından həmçinin məlum oldu ki, elektron informasiya resurslarının yaradılması və regional informasiya texnologiyaları xidmətlərinin göstərilməsində son 6 ayın uğurlarından biri də regional informasiya – hesablama mərkəzinin – DATA Mərkəzinin yaradılmasıdır. Mərkəzin istifadəyə verilməsi sentyabr ayına planlaşdırılıb. Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) bu DATA Mərkəzinin resurslarının, təxminən, 30 faizini MDB və Mərkəzi Asiya ölkələrinin regional əməkdaşlığı üçün istifadə edəcəyini planlaşdırıb və mərkəzin açılışında baş direktor səviyyəsində iştirak edəcəyini bildirib.
Əlbəttə, bütün bunlar bizim informasiya texnologiyaları sahəsində nisbətən asan məkanda, yəni, Yer üzündə yaratdığımız imkanlardır. Ancaq kosmosda da uğurlarımız az deyil. Nazir deyir: “Kosmik sənayenin inkişafı istiqamətində “Azerspace-1” fəaliyyətini genişləndirib, 130-dan çox xarici televiziya kanalı, o cümlədən Gürcüstan, Türkiyə, Rusiya və bir sıra digər xarici ölkələrin telekanalları və xüsusi rabitə sistemləri peykin resurslarını kommersiya müqavilələri əsasında istifadə edir. Maliyyə Nazirliyi tərəfindən koordinasiya olunan “Azərkosmos” ASC-nin səmərəli fəaliyyəti nəticəsində ötən il ixracdan 9 milyon ABŞ dolları gəlir götürülüb, bu il isə 16 milyon dollar gəlir götürülməsi planlaşdırılır. Təxminən 6-8 milyon ABŞ dolları da Maliyyə Nazirliyi tərəfindən əlavə edilərək kreditlərin qaytarılması həyata keçirilir. “Azərkosmos” ASC-nin planlarına görə, 2016-cı ildən kreditlər öz gəlirləri hesabına ödəniləcək”.
Bu sahə barədə danışarkən bir məsələni də qeyd edək ki, nazirin çıxışında bəzi layihələrin dövlət tərəfindən maliyyələşdirilmədiyi barədə də fikirlər var idi. Bu isə maliyyə problemlərinin tez-tez qabardığı indiki zamanda xüsusi əhəmiyyətə malik olan məsələlərdəndir: “Hesabat dövründə Yer səthinin müşahidə peyki “Azersky” bir neçə fransız peyki ilə qruplaşmaya daxil olub və artıq kommersiya fəaliyyətinə başlayıb. Hesablamalara görə, “Azərkosmos” ASC “Azersky” üçün kreditlərin verilməsində dövlət maliyyə resurslarına müraciət etməyəcək”.
Yuxarıda qeyd etdiyimiz “müdafiə vasitəsi” ifadəsi kosmosdakı rabitə qurğularımızdan danışarkən daha da aktuallaşır. Daha doğrusu, nazir həmin məqamı önə çəkir: “Dövlət Sərhəd Xidməti artıq peyklərin xüsusi təyinatlı istifadəsinə başlayıb, digər güc strukturlarına isə xüsusi xidmətlərin verilməsi üzrə müzakirələr aparılır. Sayca üçüncü peykin – “Azerspace-2”-nin 2017-ci ilə planlaşdırılan buraxılışı istiqamətində işlər davam etdirilir. Ümumiyyətlə, kosmik fəzada fəaliyyətimizdə əsas tələblərdən biri rentabellilikdir və bu sahədə birinci Avropa Oyunlarında radio-televiziya yayımında istifadə olunan dörd peykdən birinin “Azerspace-1”in olması və onun, həmçinin Oyunların ehtiyat rabitə sistemində istifadə olunması “Azərkosmos” ASC-nin dünya kosmik bazarında rəqabətlilik qabiliyyətinə çox müsbət təsir edib”.
Təbii ki, müasir dünyanı nüvə texnologiyalarından ayrı təsəvvür etmək mümkün deyil. Sürətli inkişafda israrlı olan Azərbaycan dövləti də bu məsələdə istisna təşkil etmir və artıq adıçəkilən sahədə müəyyən addımlar atmışıq. Həmin addımların nədən ibarət olduğunu da elə nazirin dilindən eşidək: “Nüvə texnologiyalarının sülh məqsədləri ilə istifadəsi sahəsində Milli Nüvə Tədqiqatları Mərkəzinin tikintisi davam etdirilib, regionda ilk olan, kənd təsərrüfatı və təbabətdə sterilizasiya məqsədli “Qamma şüalanma kompleksi”nin qurulması işləri başa çatmaq üzrədir və bu ilin noyabr ayında istifadəyə verilməsi planlaşdırılır.
Tədqiqat nüvə reaktorunun layihələndirilməsi üzrə Beynəlxalq Atom Enerjisi Agentliyi ilə razılaşdırılması ölkəmizdə bu sahə üzrə tənzimləyici orqan olan Fövqəladə Hallar Nazirliyi ilə birgə həyata keçirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə nüvə materialları yataqlarının arxeoloji axtarışına başlanılıb. Bu işlərdə məqsəd əgər kifayət qədər resurslar tapılarsa ölkəmizdə atom yanacağının istehsalı təkliflərini hazırlayıb hökumətə təqdim etməkdir”.
Gündən-günə sürətlə inkişaf edən respublikamızın bütün sahələrdə olduğu kimi, rabitə və yüksək texnologiyalar sahəsində də uğurları kifayət qədərdir. Nazirlər Kabinetinin iclasında həmin nailiyyətlərin bir qismi barədə əhatəli məlumat aldıq. Xüsusilə qeyd edilməli məqam isə ondan ibarətdir ki, bu nazirlik öz fəaliyyətini dövlətin bütün strukturları ilə sıx əməkdaşlıq şəraitində qurur. Elə, nailiyyətlərin daha çox olması da məhz həmin birgə fəaliyyətin nəticəsidir.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.