Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər inkişaf edir. Avropa və Asiyanın qovşağında yerləşməsi, xüsusilə də zəngin karbohidrogen ehtiyatlarına malik olması Azərbaycanı “köhnə dünya”nın vacib tərəfdaşına çevirmişdir. Bundan başqa, respublikamız enerji dialoqu məsələsində Qərblə Şərq arasında vacib rol oynamaqla yanaşı, Cənubi Qafqaz regionunda təhlükəsizliyin təmin edilməsində də mühüm tərəfdaş kimi tanınır.
Qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələrinin təşəbbüskarı kimi də fərqlənməsi Azərbaycanın böyük Avrasiya materikində aparıcı ölkə olaraq diqqət mərkəzində qalmasına şərait yaradır. Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun da Azərbaycana gəlməsi və Prezident İlham Əliyevlə birgə keçirilmiş mətbuat konfransında səsləndirlən bəyanatlar bir daha təsdiqlədi ki, qarşılıqlı etimada əsaslanan münasibətlərin inkişafında hər iki tərəf maraqlıdır.
Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsasının 1996-cı ildə qoyulduğu məlumdur. Doğrudur, ölkəmiz müstəqillik qazandıqdan sonra Avropa İttifaqına daxil olan ölkələr Azərbaycanla əlaqələrini inkişaf etdirmək məqsədilə siyasi-iqtisadi sahələri əhatə edən lazımi addımları atmışdılar. Ötən müddət ərzində ikitərəfli münasibətlərdə nəzərəçarpacaq irəliləyişin əldə olunması göz qabağındadır. Aİ-nin Azərbaycanda, Azərbaycanın da Aİ-də xüsusi diplomatik xidmətinin fəaliyyət göstərməsi, münasibətlərin nəbzini daim diqqət mərkəzində saxlayan diplomatların, əldə edilmiş nailiyyətlərin daha da irəliyə aparılması və müşahidə olunan müxtəlif aspektli problemlərin həlli istiqamətində fəal dialoq içərisində olmaları tərəflərin bir-birinə verdiyi yüksək qiyməti təsdiqləyir. Məhz belə dialoqun aparılması nəticəsində tərəflərin maraqlarına cavab verən hüquqi baza yaradılmış və Aİ ilə Azərbaycan arasında münasibətlər mahiyyətcə yeni müstəviyə çıxmışdı. Ötən müddət ərzində Avropa İttifaqı Azərbaycanla mühüm proqramlar çərçivəsində sıx əməkdaşlıq edir və Prezident İlham Əliyevin dediyi kimi, tərəflərin əlaqələrində müsbət inkişaf müşahidə olunur.
Tərəflər arasında münasibətləri tənzimləyən mühüm sənədlərin birinin 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin olduğunu qeyd etmək yerinə düşərdi. Aİ ilə Azərbaycan arasında yüksək səviyyəli əlaqələrin formalaşmasına təkan vermiş bu saziş, müvafiq siyasi dialoq çərçivəsində siyasi münasibətlərin inkişafının təmin edilməsi, Azərbaycanda iqtisadi-siyasi, həmçinin elmi, texniki və mədəni sahələrdə əməkdaşlıq məsələlərini də əhatə edir. Həmin sazişə əsasən,Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əsasən Azərbaycanla Avropa İttifaqı arasında ikitərəfli mühüm dialoqun aparılması məqsədilə Əməkdaşlıq Şurası, Əməkdaşlıq Komitəsi, Parlamentlərarası Əməkdaşlıq Komitəsi, Ticarət, iqtisadiyyat və müvafiq hüquqi məsələlər üzrə Alt-komitə, Enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə Alt-komitə kimi strukturlar yaradılmışdır. Əməkdaşlığın istiqamətlərini müəyyənləşdirən Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının da fəaliyyəti nəticəsində hazırda bu təşkilatla ölkəmiz arasında əlaqələri günün tələbləri səviyyəsində diqqət mərkəzində saxlamağa imkan verir. Xüsusi olaraq qeyd etmək yerinə düşərdi ki, tərəflərin münasibətlərinin gələcək inkişafının istiqamətləri 2006-cı ildə Brüsseldə imzalanmş Azərbaycan Respublikası-Avropa İttifaqı Fəaliyyət Planı ilə müəyyən olunmuşdu. Bu plan ümumi dəyərlər və prinsiplər üzərində qurulmuşdu. Mütəxəssislərin fikrincə, Fəaliyyət Planının həyata keçirilməsi Avropa ilə münasibətlərin dərinləşməsi istiqamətində atılmış mühüm addım olmuşdu. Aİ ilə imzalanmış sənədlərə əsasən, Azərbaycanda bir çox mühüm sahələri əhatə edən islahatlar həyata keçirilmişdir və həmin proses bu gün də uğurla davam etdirilir.
Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən birini enerji dialoqu təşkil edir. 2006-cı ildə imzalanmış “Enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”nun əsas məqsədləri Avropa İttifaqının enerji təchizatının şaxələndirilməsi və təhlükəsizliyi, həmçinin Azərbaycanın enerji infrastrukturunun inkişafı və müasirləşdirilməsi, enerjidən səmərəli istifadə, enerjiyə qənaət və bərpa olunan enerji mənbələrinin istifadəsindən ibarətdir. Azərbaycan enerji sahəsində Avropa İttifaqı ilə əməkdaşlığında böyük uğurlar əldə etmişdir. Belə bir inkişaf ölkəmizi “köhnə dünya” üçün vacib perspektivli regional layihələrin və sərmayələrin mənbəyinə çevirmişdir. Xəzər dənizi hövzəsindən Avropaya karbohidrogen resurslarının daşınması sahəsində qarşılıqlı əlaqələrə xüsusi diqqət ayıran Avropa İttifaqı Azərbaycanla enerji dialoqunun inkişafında maraqlı olduğunu bildirmişdir. Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk da mətbuat üçün çıxışında bu fakta xüsusi diqqət ayırır: “Azərbaycan enerji sahəsində bizim etibarlı və strateji tərəfdaşımızdır. Biz bu tərəfdaşlığı daha da genişləndirmək istəyirik”.
Mütəxəssislər Qərbin Azərbaycanla enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin səbəblərini ölkəmizin etibarlı tərəfdaşı olması ilə izah edirlər. Bu marağın mərkəzində təkcə zəngin enerji ehtiyatlarının olmadığını vurğulayan mütəxəssislər əlavə edirlər ki, Azərbaycan Xəzərin şərq sahillərində və Orta Asiya regionunda yerləşən enerji ehtiyatlarına açar rolunu da oynayır. Azərbaycanın Qərbə neft və qaz nəqli məsələsində strateji çəkisi olan ölkələrdən biri olması da heç kimə sirr deyil. Bu gün nəhəng neft və qaz ehtiyatları, müasir infrastruktur, boru kəmərləri və strateji önəm daşıyan coğrafiyada yerləşməsi Azərbaycanın regional və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqda davam etməsi “köhnə dünya” ilə əməkdaşlıq əlaqələrinin yüksələn xətt üzrə inkişafına əlverişli zəmin yaradır. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan öz resursları, infrastrukturu, meqa enerji layihələrinin həyata keçirilməsi təcrübəsi ilə öz rolunu oynayır. Azərbaycanın həmin sahədəki rolunun bu yaxınlarda Avropa İttifaqı tərəfindən qəbul olunan sənədlərdə öz əksini tapmasından məmnun olduğunu vurğulayan ölkə başçısı əlavə edir ki, Azərbaycan gələcəkdə də bu əməkdaşlığı inkişaf etdirmək istəyir.
Azərbaycan Avropa İttifaqı ilə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində də fəal əməkdaşlıq edir. Polşa və İsveçin təşəbbüsü ilə təsis edilən bu proqramın əsas məqsədi Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarus və Ermənistanla münasibətlərin daha da inkişafına nail olmaqdan ibarətdir. Azərbaycan Avropa İttifaqının bu proqramına da böyük əhəmiyyət verdiyini açıqlayır və ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əmin olduğunu bildirir. Rəsmi Bakının “Şərq tərəfdaşlığı” proqramının Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin daha da yaxınlaşmasına və genişlənməsinə təkan verəcəyinə inam bəslədiyini dəfələrlə bəyan etməsi də məlumdur. Ölkəmizin siyasi, iqtisadi və digər sahələrdə inkişafını, aparılan demokratik islahatları vurğulayan mütəxəssislər, Azərbaycanda həyata keçirilən hərtərəfli islahatların “Odlar yurdu”nun Avropa ilə münasibətlərinin daha da dərinləşməsinə kömək edəcəyinə əmin olduqlarını önə çıxarırlar. Avropanın ölkəmiz üçün önəmli tərəfdaş olduğunu vurğulayan Prezident İlham Əliyev də bildirir ki, Azərbaycan Avropa İttifaqı ilə qeyri-enerji sahələrində də əlaqələrin daha da genişləndirilməsində maraqlıdır. Regional təhlükəsizlik məsələlərinin müzakirə olunduğunu açıqlayan dövlət başçısı əlavə edir ki, tərəflərin mədəni və humanitar sahələrdə əməkdaşlıq etmələri üçün də yaxşı potensial var. Azərbaycanın dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanındığını önə çıxaran Prezident İlham Əliyev belə bir məsələnin Azərbaycan ilə Avropa İttifaqı arasında gələcək əməkdaşlıq formatının bir hissəsi ola biləcəyini qeyd edir.
Bir sözlə, hər iki tərəf hesab edir ki, mövcud hüquqi baza əsasında əməkdaşlıq əlaqələrin inkişaf etməsi üçün əlverişli rol oynayacaq, münasibətlərin mahiyyətcə yeni səviyyəyə çıxmasına şərait yaradacaq. Təbii ki, əlaqələrin günün reallıqları səviyyəsində qurulmasında yeni dialoq formatının yaradılması da ikitərəfli münasibətlərdə aktuallığını artırır. Bununla bağlı cənab Tuskun dediyi sözlər maraq doğurur: “Biz yeni geniş, ikitərəfli razılıq vasitəsilə münasibətlərimizin daha yaxşı necə irəliləməsinə dair müzakirə apardıq. Biz yeni danışıqlar mərhələsi və strateji tərəfdaşlıq sazişi üzərində razılığa gəldik”. Bu isə o deməkdir ki, Avropa İttifaqı Azərbaycanın siyasi əhəmiyyətini yüksək qiymətləndirir, onun Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu qəbul edir.
Bundan başqa, Azərbaycanın yüksək potensiala malik ölkə olduğunu hesab edən Avropa İttifaqı ölkəmizin beynəlxalq münasibətlər sistemində də rolunu yüksək qiymətləndirir və ikitərəfli münasibətlərdə bərabərhüquqlu və etimada əsaslanan əlaqələri inkişaf etdirəcək yeni tərəfdaşlıq sazişinin üzərində işlənməsi barədə rəsmi Bakının çağırışları ilə razılaşır. Buna görə də, cənab Tuskun səfəri Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı üçün böyük potensial və yaxşı zəmin olduğunu nümayiş etdirdi və tərəflərin məhsuldar əməkdaşlığı üçün ümidverici perspektivlərin olduğunu təsdiqlədi.
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.