Geosiyasi transformasiyalar şəraitində Türkiyənin xarici siyasəti

Son onillikdə Türkiyə Respublikasının xarici siyasət kursu əhəmiyyətli dəyişikliklərə məruz qalıb. Ənənəvi olaraq Türkiyə beynəlxalq münasibətlərin həm regional, həm də qlobal sistemində “Qərblə Şərq arasında körpü” kimi qəbul olunurdu.

Qərb üçün o, hər şeydən öncə, İslam dünyasında etibarlı müttəfiqdir. Ərəb ölkələri üçün Türkiyə Osmanlı İmperiyasının varisi, qeyri-müsəlman qüvvələrlə bərabər səviyyədə danışıqlar apara bilən ölkədir. Yeni əsrin başlanğıcı Türkiyənin inkişafında dönüş nöqtəsi oldu, bu isə, şübhəsiz ki, xarici siyasətin inkişafındakı prioritetlərin dəyişməsində əks olundu. Son onillikdə Türkiyə iqtisadiyyatının əhəmiyyətli iqtisadi uğurları hakimiyyət nümayəndələrinə ölkənin 2023-cü ilədək aparıcı qlobal iqtisadiyyata çevriləcəyini deməyə imkan verir. Ədalət və İnkişaf Partiyasının hakimiyyətə gəlməsi ilə ölkə həyatında baş verən transformasiyalar ilk olaraq ölkə rəhbərliyinin yeni xarici siyasət konsepsiyasının tapılması zərurəti ilə daha müstəqil inkişaf yolu seçmək cəhdində özünü biruzə verdi. Nüfuz dairəsinin genişləndirilməsi onun əsas prinsiplərindən birinə çevrildi.

“Strateji dərinlik” konsepsiyası XXI əsrin əvvəlində Türkiyənin müstəqil xarici siyasətinin fəallaşması üçün əsas oldu. Burada əlaqələrin inkişafındakı prioritet Qərb ölkələrinə deyil, münasibətlərin inkişafındakı çoxistiqamətli yanaşmaya əsaslanır. Bu konsepsiyanın ideoloqu olan Türkiyənin hazırkı Baş naziri Əhməd Davudoğlu həmişə qeyd edib ki, Türkiyənin digər mümkün variantları nəzərə almamaqla, ABŞ, Aİ və NATO-ya əsaslanaraq yürütdüyü ənənəvi xarici siyasət ölkənin dəfələrlə beynəlxalq arenada müxtəlif problemlərlə və təhlükələrlə təkbaşına qarşı-qarşıya qalması ilə nəticələnib. Türkiyə Asiyada yeni güc mərkəzləri axtarmaqla itirilmişləri bərpa etmək istəyir. Bu konsepsiyanın digər prioritetlərindən biri də yaxın qonşularla problemlərin aradan qaldırılmasına (“qonşularla sıfır problem”) və regiondan kənardakı ölkələrlə çoxistiqamətli münasibətlərin inkişafına cəhd etməkdir.

Əsrin birinci onilliyində bu yanaşma aşkar müsbət nəticələr verdi. Türkiyə Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin keçmiş rəhbəri, professor Bülent Arasın fikrincə, Türkiyənin xarici siyasətini üç  istiqamətə ayırmaq olar. Birincisi - ən yaxın Yaxın Şərq qonşuları; ikincisi - Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq, Balkanlar kimi Türkiyəyə qonşu regionlar; üçüncüsü - ABŞ, Aİ, Rusiya kimi ənənəvi və daha nüfuzlu uzaq ölkələr, həmçinin Afrika, Latın Amerikası, Cənub-Şərqi Asiya kimi nisbətən yeni regionlar. 2000-ci illərdə Türkiyənin bütün sahələrdə gözlə görünən müsbət irəliləyişləri var idi. Türkiyənin, demək olar ki, bütün qonşu dövlətlərlə münasibətləri tarazlaşmışdı, hətta Ermənistanla əlaqələrin normallaşması ehtimal edilirdi.

Bəzi tədqiqatçılar qeyd edirlər ki, Rəcəb Tayyib Ərdoğan hökumətinin Yaxın Şərqin bir sıra ölkələrindəki fəallığının artması müsbət qəbul olunurdu, İslami dəyərlərə göstərdiyi diqqət də pis qəbul olunmurdu. Məsələn, 2010-cu ildə Türkiyəyə səfəri zamanı Livanın baş naziri Saad Həriri ictimaiyyət qarşısında R.T.Ərdoğana “qarşılıqlı ziddiyyətləri aradan qaldırmaqda Livan siyasətçilərinə və partiyalarına kömək” və “sarsılmaz regional və dindaş əməkdaşlıq qurmaq” üçün cəhd etmək çağırışı ilə müraciət etmişdi.

Eyni zamanda, Türkiyə ərəb ölkələri ilə əlaqələrin inkişafında əhəmiyyətli addımlar atdı: Suriya, İordaniya, Livan, Liviya, Tunis, Mərakeşlə viza rejimi ləğv olundu. KİV-lər dərhal bu addımı “Yaxın Şərq regionu üzrə “Şengen” yaratmaq layihəsi adlandırdılar. Mərkəzi Asiyanın türkdilli ölkələri ilə də humanitar əməkdaşlıq fəal inkişaf edirdi. Türkiyənin Afrikada səfirlikləri (bütün qitədə 25 səfirlik) açıldı.

Hökumətin xarici siyasi kursunun daha çox müstəqillik cəhdinə baxmayaraq, R.T.Ərdoğan ABŞ-la da münasibətləri yüksək səviyyədə saxlayırdı. Avropa ilə münasibətlərdə avrointeqrasiya ideyasının ikinci plana düşməsinə, Türkiyə ictimaiyyətində daha az tanınmasına baxmayaraq dostluq münasibətləri qorunub saxlanılırdı.

Rusiya ilə təkcə ticari-iqtisadi münasibətlərdə deyil, həm də qlobal inkişafla bağlı bir sıra məsələlərin ümumi siyasi ritorikasının bənzərliyində də aşkar müsbət irəliləyiş müşahidə olunurdu. Məhz 2000-ci illərdə Çinlə Türkiyə arasında beynəlxalq sülhün və sabitliyin qorunması və dünyada davamlı iqtisadi inkişafın təmin olunması ilə bağlı razılıq əldə olundu. Xarici siyasətdə “Türkiyə - mərkəz ölkə” yanaşması Çinin akademik və siyasi dairələrində “Şərqə (Asiyaya) istiqamətlənmiş” müsbət siyasət kimi qəbul olunurdu. 2010-cu ilin oktyabrında hər iki ölkə Türkiyə-Çin əlaqələrini strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaqla bağlı niyyətlərini bəyan etdilər; ikitərəfli ticarətin dollarla deyil, milli valyutalarda aparılması ilə bağlı razılıq əldə olundu. Bununla da, Çin belə sazişin bağlandığı üçüncü (Rusiya və İrandan sonra) ölkə oldu.

XXI əsrin ikinci onilliyinin əvvəli Türkiyənin regionun bəzi qonşu ölkələri ilə əlaqələrinin geriləməsi ilə yadda qaldı. Müstəqil xarici siyasət çərçivəsində Türkiyənin son illərdə regionun ənənəvi müttəfiq ölkəsi - İsraillə münasibətləri də kəskin pisləşdi. Fələstinin HAMAS təşkilatına dəstək, 2010-cu ilin mayında Türkiyə gəmisinin İsrail blokadasını pozması nəticəsində baş verən hadisədən sonra iki ölkə arasındakı əlaqələr kəskin soyudu.

2010-cu illərdə Yaxın Şərqdə vəziyyətin dəyişməsi, ilk növbədə “Ərəb baharı” hadisələri Türkiyənin xarici siyasəti üçün dönüş nöqtəsi oldu. Ankaranın yaxşı tanıdığı və dost olduğu siyasi rejimlərin dəyişməsi ilə nəticələnən inqilablarda boğulan Liviya, Misir, Tunisdəki hadisələrin nahamar və birmənalı olmayan inkişafı siyasi duruma ciddi təsir göstərdi. Eyni zamanda,  Ankaranın həm NATO və ABŞ-ın siyasətini dəstəkləməklə ənənəvi Avroatlantik sadiqliyini nümayiş etdirmək, həm də vəziyyətdən öz maraqlarına uyğun istifadə etmək imkanı yarandı.

Tamamilə obyektiv səbəblərlə Türkiyənin ənənəvi əlaqələrində dövlətin regiondakı nüfuzunu gücləndirmək vasitəsi hesab edilən enerji amilinə diqqət çəkmək istərdim. Birincisi, Türkiyə iqtisadiyyatı hətta müasir iqtisadi vəziyyətdə belə kifayət qədər sürətlə inkişaf edir və onun enerjidən asılılığı kifayət qədər yüksək - 90 faizdir. Eyni zamanda, Türkiyə Mərkəzi Asiyanın və İran körfəzinin enerji mənbələrinin Avropa ölkələrinə çıxışını təmin edən özünəməxsus tranzit körpüdür. Amma məsələ təkcə bununla bitmir. Bir neçə onillikdir ki, Türkiyə hakimiyyəti ölkənin tranzit imkanlarını artırmaq üçün səy göstərir. Azərbaycan-Türkiyə birgə layihələri Bakı-Tbilisi-Ceyhan neft kəmərinin və Cənubi Qafqaz qaz kəmərinin istifadəyə verilməsinə imkan yaradıb. Bu isə Türkiyənin neft-qaz tranzitində aparıcı mövqeyə iddia etmək imkanını göstərir. Azərbaycan, Türkmənistan və Qazaxıstanın Avropa ilə enerji əməkdaşlığında maraqlı olması, İran  körfəzinin neft hasil edən ölkələrinin potensial imkanları və aşkar marağı da bunu aydın şəkildə nümayiş etdirir. Münasibətlərin bu sferasında Türkiyənin liderliyinin perspektivi göz qabağındadır.

Elsevər ABDULLAYEV


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında