Azərbaycan dövlətinin xarici siyasətinin mahiyyətində xoş niyyət, inkişafa çağırış və humanizm dəyərlərinə hörmət kimi prinsiplərin dayandığı məlumdur. Dövlət müstəqilliyi qazanmasından bu günə qədər yürüdülən xarici siyasətin dinc birgəyaşayışın təmin olunmasına, tolerantlığın güclənməsinə, ərazi bötüvlüyünün qorunmasına və xalqın iradəsinə hörmət göstərilməsinə istiqamətləndiyi heç kimə sirr deyil. Son onilliklər ərzində əldə edilmiş sosial-iqtisadi uğurların fonunda da həyata keçirilən uğurlu xarici siyasətin dövlətçiliyimizin möhkəmlənməsinə və ölkənin beynəlxalq aləmdə nüfuzunun daha da güclənməsinə şərait yaratması da hamı tərəfindən birmənalı şəkildə qəbul edilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda səslənən fikirlər də yürüdülən müstəqil xarici siyasətin bundan sonra da davam etdiriləcəyini, o cümlədən cəmiyyətin qarşısında dayanan mühüm sosial-iqtisadi məsələlərin daha yüksək səviyyədə həll olunacağını və xalqın rifah halının daha da yaxşılaşacağını təsdiqlədi.
Məşhur fizik Jak Küri deyirdi ki, həqiqət vizasız səyahət edir. Azərbaycan dövlətinin son onilliklərdə siyasi və iqtisadi, o cümlədən mədəni-humanitar sahələrdə qazandığı uğurların da dövlət müstəqilliyinin bərpa edilməsindən sonra həyata keçirilmiş müdrik və tarazlı siyasət nəticəsində mümkün olduğu artıq danılmaz fakta çevrilmişdir. Azərbaycanın son altı ay ərzində əldə etdiyi tarixi uğurlar bu gün beynəlxalq aləmin mütərəqqi hissəsi tərəfindən etiraf edilir. Dünyanın bir sıra bölgələrində qanlı hadisələrin baş verdiyi, Avropada mənəvi böhranın müşahidə edildiyi bir dövrdə Azərbaycanın multikulturalizm dəyərlərinə üstünlük verməsi və bölgədə sülhün, əmin-amanlığın, mehriban qonşuluq meyillərinin güclənməsinə istiqamətlənmiş addımları dəsləkləməsi və həyata keçirməsi günümüzün reallığıdır. Məhz qarşılıqlı hörmətə və bərabərhüquqlu münasibətlərə önəm verməsinin də Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış etməsinə imkan yaratmışdır. Bütün bu uğurlar da Cənubi Qafqaz regionunun aparıcı dövləti olan respublikamızın beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınmasına imkan verməklə yanaşı, geosiyasi çəkisini də artırır.
Müstəqillik illərində Ermənistan silahlı qüvvələri tərəfindən torpaq işğalına məruz qalması Azərbaycan dövlətinin fəal xarici siyasətini daha da gücləndirməyə vadar etmişdi. Erməni yalan maşınına qarşı səmərəli mübarizə aparmaq üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin yaradılmasına diqqət artırılmış və ikitərəfli münasibətlərin inkişafına xüsusi önəm verilmişdi. Ən böyük problemimiz olan erməni işğalına son qoyulmasına kömək edəcək amil kimi Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə əməkdaşlığın dərinləşdirilməsinə çalışılmış və qarşılıqlı maraq doğuran bir sıra sahələrdə səmərəli əməkdaşlıq əlaqələri yaradılmışdı. Eyni sözləri Avropa İttifaqı ilə münasibətlər barəsində də demək olar. Zəngin karbohidrogen resurslarına malik Azərbaycanla əlaqələrini inkişaf etdirməyə çalışan Aİ də ölkəmizin strateji əhəmiyyətini vurğulayaraq, münasibətlərin daha da dərinləşməsində maraqlı olduğunu önə çıxarır. SSRİ-nin süqutundan sonra postsovet məkanında reallaşdırılan mühüm Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələri Qərblə Şərq arasında etibarlı enerji dialoqunun yaranmasında mühüm rol oynamaqla yanaşı, “Köhnə dünya”nın enerji təhlükəsizliyinin möhkəmlənməsi prosesinə də müsbət təsirini göstərir. Bütün bunlardan sonra Azərbaycanın bölgədə razılığı olmadan enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinin mümkünsüzlüyünün gündəmə gəlməsini də ölkəmizin artan nüfuzunun təsdiqi kimi qeyd etmək olar. İndi də sürətli inkişafı və fəal xarici siyasəti ilə bölgədə çəkisini artıran Azərbaycan regional müstəvidə iqtisadi lokomotiv rolunu oynamaqdadır.
Lakin son illər Qərbin bəzi dairələrinin Azərbaycana qarşı ikili standartlar nümayiş etdirməsi, xüsusilə də ilk Avropa Oyunları ərəfəsində bəzi təşkilatlar tərəfindən qarayaxma kampaniyası aparılması ikitərəfli münasibətlərin gələcəyinə kölgə salır. Mütərəqqi ictimaiyyətin yanında olduğunu bəyan edən, ümumbəşəri dəyərləri paylaşan Azərbaycana qarşı böhtan təbliğatına yol verilməsi, uzun illər transatlantik müstəvidə inteqrasiyanı gücləndirəcək əlaqələrin formalaşmasına çalışan rəsmi Bakının Avropanın mövqeyi ilə bağlı haqlı suallarının yaranmasına səbəb olmuşdur. Xüsusilə də Avropa İttifaqının son davranışları ilə bağlı ortaya mühüm suallar çıxır. Prezident İlham Əliyev də iclasda bu məqama xüsusi toxunaraq, Avropa qurumları ilə yeni əməkdaşlıq mexanizmlərinin yaradılmasının zəruriliyini vurğulamışdı. Avropa İttifaqı ilə əməkdaşlıq məsələlərində qurumun bir sıra dövlətə, o cümlədən Azərbaycana da təklif etdiyi Assosiasiya Sazişi ətrafında aparılan müzakirələrin də ikitərəfli münasibətlərə təsir göstərdiyini danmaq mümkün deyil. Səbəb çox sadədir, Azərbaycan milli maraqlarına cavab verməyən hər hansı bir layihəyə imza atmayacağını hər zaman bəyan edir. Dövlət başçısının da dəfələrlə dediyi kimi, Azərbaycan müstəqil xarici siyasət yürüdür və Avropa İttifaqının təklif etdiyi məlum saziş də milli maraqlarımıza uyğun gəlmədiyindən imzalanmadı.
Assosiasiya Sazişində Azərbaycanı qane etməyən digər məqamların olduğu da bildirilir. Aİ-yə əməkdaşlıq təkliflərinin irəli sürüldüyünü deyən Prezident İlham Əliyev ikitərəfli münasibətlərdə böyük-kiçik amilinə yer verilməyəcəyini vurğulayaraq, bərabərhüquqlu tərəfdaşlıq ruhunu əks etdirən sənədi dəstəkləyəcəyini bildirir: “Azərbaycanın milli maraqları o sazişdə maksimum dərəcədə təmin olunmalıdır və dəyərlərimiz də, əlbəttə ki, bizim üçün ən önəmli yerdədir”. Bu bəyanatı ilə dövlət başçısı müəyyən geosiyasi maraqları çərçivəsində Azərbaycanın daxili və xarici siyasət kursuna ediləcək müdaxilələrə yol verməyəcəyini nümayiş etdirdi. Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycan bundan sonra da ikitərəfli münasibətlərin sırf qarşılıqlı hörmət əsasında inkişaf etdirilməsinə və milli maraqların əsas strateji prinsip kimi qəbul olunmasına səy göstərəcək. Təbii ki, ölkəmizə qarşı aparılan “qara piar” kampaniyaların arxasında dayanan qüvvələr bundan sonra da çirkin fəaliyyətlərini davam etdirməyə çalışacaqlar. Lakin xalqın iradəsinə uyğun siyasət yürüdən Azərbaycan dövlətinin bu qarayaxmalara layiqli cavab verəcəyinə və Azərbaycan həqiqətlərinin daha geniş əraziləri əhatə edəcəyinə şübhə yoxdur: “Heç bir kənar qüvvə bizim siyasətimizə təsir göstərə bilməz. Onu da deməliyəm ki, — Azərbaycan ictimaiyyəti də bilir, — bizə qarşı çox çirkin kampaniya aparılır. Bu kampaniya dayanmır, önəmli beynəlxalq tədbirlər ərəfəsində daha da alovlanır, güclənir, əgər belə demək mümkündürsə, ondan sonra bir az səngiyir. Ancaq, bu, daimi kampaniyadır, səbəbləri də aydındır”.
Proseslərin təhlili çirkin kampaniyaların arxasında ermənipərəst və antiazərbaycan dairələrin dayandığını üzə çıxardı. Bu gedişatın fonunda Avropadakı müəyyən dairələr Azərbaycana qarşı qarayaxma və təzyiq kampaniyasında xüsusi fəallıq nümayiş etdirdi. Məlum oldu ki, Azərbaycanın müstəqil xarici siyasətini bəyənməyən həmin qüvvələr belə yalan təbliğat maşınını işə salmışdı.
Əlbəttə ki, Azərbaycan xalqının öz inkişaf yolu var və “Köhnə dünya”dakı bəzi qüvvələr bu reallığı dərk etməlidir. Azərbaycan dövləti müstəqil daxili və xarici siyasət yürüdür. “Odlar yurdu”nun beynəlxalq arenadakı güclü mövqeyi antiazərbaycan qüvvələrə istəklərinə nail olmalarına imkan verməyəcək, cünki ortaya atdıqları bəyanat və dinləmələr təsir gücünə malik deyil. Aparılan manipulyasiyalara baxmayaraq, Azərbaycan xalqı öz dövlətinə güvənir və buna görə də, qaraguruhçuların iflasa uğrayacaqları heç kimdə şübhə doğurmur. Azərbaycan sülh və tərəqqipərvər ölkədir və Prezident İlham Əliyevin dediyi kimi, onunla yüksək tonda danışmaq olmaz: “Azərbaycanla diktat dili ilə danışmaq olmaz, Azərbaycanla dost, tərəfdaş olmaq olar. Biz buna hazırıq və gələcəkdə bu istiqamətdə gedəcəyik”.
Son altı ayın uğurlu xarici siyasəti fonunda əldə edilən iqtisadi nəticələr də dövlətin doğru kursla irəlilədiyini təsdiqlədi. Məlumdur ki, güclü xarici siyasət güclü iqtisadi əsaslara söykənir. Bu mənada Azərbaycan iqtisadiyyatında müşahidə edilən uğurlar beynəlxalq arenada daha fəal siyasət yürütməyə imkan verir. Dövlətimizin strateji hədəfi uzunmüddətli inkişafın təmin olunmasıdır. Hərtərəfli inkişafa nail olunması Azərbaycanın dünya ölkələri ilə daha səmərəli əlaqələr yaratmağa imkan verir. İqtisadi artımın 5,7 faiz, inflyasiya səviyyəsinin 3,5 faiz, əhali gəlirlərində artımın 6,2 faiz, kənd təsərrüfatında artımın 7,3 faiz təşkil etməsi Azərbaycan hökumətinin uğurlu iqtisadi siyasətinin təntənəsidir. Ötən altı ay ərzində ölkə iqtisadiyyatına 12,7 milyard manat sərmayə yatırılması isə Azərbaycanın etibarlı tərəfdaş ölkə statusunu təsdiqləməklə yanaşı, respublikamızın investisiyalar üçün də cəlbedici yer olduğunu göstərdi.
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.