Müasir Azərbaycan dövlətçiliyi Heydər Əliyev dühasının bəhrəsidir

Adı dünyanın  böyük tarixi şəxsiyyətləri ilə bir sırada çəkilən ümummilli liderimiz Heydər  Əliyev  haqqında düşünəndə ilk növbədə öz taleyimin həlledici anları yadıma düşür. Çünki bu dahi şəxsiyyətin dövründə yaşamış hər bir Azərbaycan gənci kimi, mən də ulu öndərin qayğısını, nəfəsini öz taleyimdə hiss etmişəm. Bir Azərbaycan vətəndaşı olaraq mənim də üzərimdə Heydər Əliyevin böyük haqqı-sayı var. Mənim təhsilimdə, bir mütəxəssis kimi formalaşmağımda onun birbaşa, həlledici rolu olmuşdur.

XX əsrin 70-ci illərindən başlayaraq hər il yüzlərlə azərbaycanlı  gənc  keçmiş Sovetlər İttifaqının aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilirdi. Mən də həmin gənclərdən biri kimi ümummilli liderimiz Heydər Əliyevin xeyir-duası ilə M.V.Lomonosov adına   Moskva Dövlət Universitetinə tarix ixtisası üzrə təhsil almağa göndərilmişəm. Bunu mən öz həyatımda ən mühüm hadisə hesab  edirəm və həmişə də fəxrlə xatırlayıram. Moskvada təhsilimi başa vurub Bakıya dönəndə məni ölkəmizdə ali pedaqoji təhsilin flaqmanı sayılan Azərbaycan Dövlət Pedaqoji Universitetinə müəllim təyin etdilər.

1992 - 1993-cü  illərdə cəbhədəki ağır məğlubiyyətlər, siyasi hərc-mərclik, müxtəlif bölgələrdə separatçılıq meyilləri  baş alıb gedirdi. Belə bir şəraitdə xalqın qabaqcıl qüvvələrinin, ilk növbədə ziyalıların  başçılığı ilə ölkədə  “Qurtuluş” hərəkatı başlandı.Hərəkatın təşəbbüskarları Heydər Əliyevin ətrafında birləşərək  ölkənin xilası üçün xalqa müraciət ünvanladılar. Tanınmış elm, mədəniyyət xadimləri dəfələrlə Naxçıvan şəhərinə gedərək ulu öndərdən Vətənin xilası naminə yenidən böyük siyasətə qatılmasını xahiş edirdilər. Azərbaycanın 91 nəfər tanınmış ziyalısı 1992-ci ilin oktyabrında “Səs” qəzeti vasitəsilə Heydər Əliyevə müraciət etdi.Bu müraciət Yeni Azərbaycan Partiyasının yaradılması ilə nəticələndi.

Partiyanın təsis konfransının  Bakıda keçirilməsinə imkan verilmədi.Konfrans 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirildi. 1992-ci ilin mayından 1993-cü ilin iyununadək ölkənin parçalanmasının, vətəndaş müharibəsinin qarşısını almaqda özünün gücsüzlüyünü  görən AXC - Müsavat hökuməti Heydər Əliyevə müraciət etdi. Təkidli dəvətlərindən sonra  ulu öndər 1993-cü il iyunun  9-da Bakıya gəldi. İyunun əvvəllərində Gəncədə AXC-Müsavat iqtidarına qarşı başlamış itaətsizlik göstərdi ki, Azərbaycan Respublikası vətəndaş müharibəsinin bir addımlığındadır. Heydər Əliyev iyunun 13-14-də Gəncədə oldu və hərbi müxalifətlə danışıqlar apararaq  siyasi böhrandan çıxış yollarını müəyyənləşdirdi. Yaranmış vəziyyətin nə qədər ağır olduğunu görən ümummilli lider xalqı fəlakətdən qurtarmaq üçün mövcud iqtidarla birgə işləməyə  razılıq verdi.

1993-cü il iyulun 15-də Azərbaycan Respublikası Ali Sovetinin  fövqəladə sessiyası Heydər Əliyev Ali Sovetin sədri seçdi. Həmin gün Azərbaycanın tarixinə Qurtuluş Günü kimi daxil oldu və bu hadisə Azərbaycan tarixində  yeni bir dövrün başlanğıcını qoydu. İyunun 24-də Azərbaycan Respublikasının Ali Soveti Prezidentin səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi haqqında qərar qəbul etdi.

Bəli, tarix dahi şəxsiyyətlərin böyük əməlləri sayəsində nəsillərin yaddaşına həkk olunur. Xaricdən idarə olunan qüvvələrin Azərbaycanda hakimiyyəti ələ almağa çalışdığını görən Heydər Əliyev vəziyyəti dərindən təhlil edərək tarazlaşdırılmış xarici siyasət həyata keçirməyə başladı. O zaman gənc dövlətin müstəqil xarici siyasət xəttinin müəyyən edilməsi çox çətin idi.  Xüsusilə nəzərə alsaq ki, Rusiya Federasiyası və İran İslam Respublikası  Qərb yönümlü xarici siyasətə  xüsusi qısqanclıq nümayiş etdirirdi və qonşu Ermənistan ərazi iddiası ilə ölkəmizə hərbi təcavüz etmiş, Azərbaycan Respublikası beynəlxalq təcridə məruz qalmışdı, onda ölkənin xarici siyasət  fəaliyyətinin hansı çətin şəraitdə həyata keçirildiyini təsəvvür etmək olar.

Heydər Əliyev ilk növbədə  Azərbaycan ətrafında formalaşmış çox gərgin beynəlxalq vəziyyəti aradan qaldırmaq üçün xarici siyasət sahəsində buraxılmış səhvləri təhlil etdi.Azərbaycana qarşı ərazi iddiaları, imperiya ambisiyaları xarici siyasətdə çevik manevrlər etmək zərurəti yaradırdı. Avropa ölkələri və ABŞ-la, keçmiş Sovet respublikaları, o cümlədən Rusiya ilə, müsəlman dünyası  və İranla, türkdilli  dövlətlərlə, o cümlədən Türkiyə ilə münasibətlərin prioritetləri, strateji istiqamətləri müəyyənləşdirildi, hər qrupa daxil olan ölkələrlə ayrı-ayrılıqda qarşılıqlı əlaqələrin düşünülmüş sistemi yaradıldı.

Regionda böyük təsir gücünə malik Rusiya ilə ikitərəfli münasibətlər qaydaya salındı, iki ölkə arasındakı münasibətləri normallaşdırmaq üçün bütün incəlikləri nəzərə alan yollar, vasitələr araşdırıldı. Bu ölkə ilə əlaqələrdən müstəqilliyimizi möhkəmləndirmək üçün bəhrələnmək, bəzi imperiyapərəst qüvvələri neytrallaşdırmaq taktikası Azərbaycanın xarici siyasət xəttində mühüm bir istiqamət kimi həyata keçrilməyə başladı.1993-cü il centyabrın 24-də isə Azərbaycan Respublikası MDB-yə daxil oldu. Digər MDB dövlətləri - Ukrayna, Belarus, Gürcüstan, Moldova ilə, 1993-cü ilin sonlarına qədər Azərbaycanla münasibətləri kəskin olan Orta Asiya respublikaları ilə əlaqələrin normallaşdırılması üçün yeni vasitələrdən istifadə edildi.

Böyük əhəmiyyətli məsələlərdən biri də Qafqaz bölgəsinin dövlətləri və xalqları ilə mehriban qonşuluq münasibətlərinin yaradılması idi.1994-cü il mayın 12-də Ermənistanla atəşkəsin əldə olunması, 1996-cı ilin martında Prezident Heydər Əliyevin Gürcüstana rəsmi səfəri zamanı Azərbaycan - Gürcüstan Bəyannaməsinin imzalanması ölkəmizin xarici siyasətinin uğuru idi.

Regionda xüsusi təsir gücünə malik İran və Türkiyə ilə əlaqələr elə qurulmalı idi ki, bir tərəfdən onların imkanlarından milli dövlətçiliyimizin tərəqqisi  üçün istifadə edilsin, digər tərəfdən isə, Azərbaycan onların toqquşan maraqlarından qorunsun.

İran – Azərbaycan münasibətlərinin Azərbaycanın təkcə beynəlxalq vəziyyətinə deyil, həm də daxili həyatına əhəmiyyətli təsir göstərmək imkanlarını  nəzərə alan Prezident Heydər Əliyev 1993-cü ilin ortalarından iki ölkə arasındakı münasibətləri yaxşılaşdırmaq üçün səmərəli iş apardı. Azərbaycan Respublikasının Prezidenti Türkiyə Cümhuriyyəti ilə münasibətləri deklarativlikdən faydalı  əməkdaşlıq müstəvisinə keçirmək üçün “bir millət-iki dövlət” prinsipi əsasında çox ciddi iş apardı və müsbət nəticələr  əldə etdi.

Dahi siyasətçi  Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlanan Azərbaycan - ABŞ dialoqu tezliklə münasibətlərin yaxşılaşmasına öz müsbət təsirini göstərdi. Ölkə rəhbəri prezident Bill Klintona məktub göndərərək 907-ci düzəlişin qeyri-obyektiv olduğunu əsaslandırmış və onun ləğvi ilə bağlı tədbirlərin görülməsini xahiş etmişdi. Ulu öndər nəinki ayrı-ayrı dövlətlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrdən Azərbaycanın dövlətçiliyi naminə faydalanmağa çalışırdı. BMT, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, MDB, İslam Konfransı Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarla hərtərəfli  münasibətlərin yeni yolları müəyyənləşdirildi və həyata keçirilməyə başlandı.

Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan diplomatiyasının qarşısında duran ən mühüm vəzifə beynəlxalq aləmin dəstəyini qazanmaq idi. Dağlıq Qarabağ ətrafında yaranmış münaqişənin qanlı tarixi göstərdi ki, beynəlxalq rəyi nəzərə almadan, ayrı-ayrı beynəlxalq təşkilatların dəstəyinə nail olmadan güc tətbiq etmək cəhdləri acı nəticəyə gətirib çıxara bilər.

Bütün bu siyasi gedişlər nəticəsində Heydər Əliyev ən kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etdi. Azərbaycanı parçalanıb yox olmaq təhlükəsindən qurtardı.Sabitlik, əmin - amanlıq yaratdı.Atəşkəs rejiminə nail oldu.Azərbaycanda  sağlam qüvvələrinin  mənasız yerə qırılmasının qarşısı alındı.İslam - türk birliyi bərpa olundu, etnik toqquşmalar aradan qaldırıldı.

Gənc müstəqil ölkə üçün çox çətin bir şəraitdə hakimiyyətə gəlmiş ümummilli lider Heydər Əliyevin gərgin əməyi,uzaqgörən siyasəti nəticəsində Azərbaycan  Respublikası haqqında, onun geosiyasi vəziyyəti, daxili və xarici  siyasəti barədə dünyada müsbət ictimai fikir formalaşdı, bədxah qüvvələrin apardığı yanlış təbliğata zərbə vuruldu.

Bu gün ulu öndərin siyasi kursunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çox uğurla davam etdirir və onun yaratdığı möhkəm bünövrə üzərində böyük işlər görür. Xüsusilə son illərdə təhsilin keyfiyyəti, inkişafı istiqamətində mühüm addımlar atılmışdır.   Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 yanvar 2015-ci il tarixli  sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata  keçrilməsi ilə bağlı  Fəaliyyət Planı təsdiq edilmişdir.  Həmin sənəddə ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilmələri əhəmiyyətli strateji hədəflərdən biridir. Ali təhsilin bütün pillələrində  (bakalavr, magistratura, doktorantura) yeni standartların, kurikulumların hazırlanıb həyata keçrilməsi  ali təhsil müəssisələri arasında  rəqabət mühitinin yaradılmasına , innovativ yanaşmaya meydan açacağına böyük ümid bəsləyirik.

Sürətlə modernləşən Azərbaycan  Respublikasında təhsilin keyfiyyət göstəricilərinin  Avropa standartlarına  uyğunlaşdırılması sahəsində mənim çalışdığım Azərbaycan Dövlət Pedaqoji Universitetində mühüm işlər görülür. Universitetdə təhsilin keyfiyyətini  artırmaq məqsədilə pedaqoji kadr hazırlığına, elmi-pedaqoji kadr potensialının yüksək effektivliyinə xüsusi fikir verilir. Həmçinin universitetdə tələbələrin  nümunəvi, fəal tədris prosesinə  cəlb  olunması sahəsində xeyli işlər görülməklə  bərabər, onların biliklərinin obyektiv və şəffaf qiymətləndirilməsinə nail olunmuşdur.

Ölkəmiz üçün böyük tarixi hadisə olan ilk Avropa Oyunları yüksək səviyyədə başa çatdırıldı.Azərbaycanda ictimai-siyasi sabitlik, ölkəmizin beynəlxalq nüfuzu, onun dünyada böyük hörmətə malik olması,  dünya birliyində rolu, təsir imkanları və digər amillər birinci Avropa Oyunlarının məhz Bakıda keçrilməsində mühüm rol oynamışdır. İlk Avropa Oyunları ilə əlaqədar Prezident İlham Əliyev bildirmişdir ki, biz bu Oyunları keçirmək və öz təşkilatçılıq qabiliyyətimizi göstərməklə bir növ yeni standartlar  tətbiq edirik. Bu, artıq Azərbaycan standartlarıdır. Bu Oyunların misilsiz uğurla keçirilməsi ölkəmizin böyük qələbəsidir. Bizcə, bunu daha böyük tarixi qələbələrə gedən yolda bir mərhələ kimi qiymətləndirmək olar.

Naibə ƏHMƏDOVA,
tarix üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında