Azərbaycan Avropa İttifaqının etibarlı strateji və enerji tərəfdaşıdır

Donald Tuskun Bakıya səfəri Aİ-nin ölkəmizə xüsusi önəm verməsinin göstəricisidir

Əsası ulu öndər Heydər Əliyev tərəfindən möhkəm təməllər üzərində qurulmuş daxili və xarici siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin dünya birliyindəki əlaqələrini daha da möhkəmləndirmiş və Azərbaycanı bütün dünyada söz sahibinə çevirmişdir. Hazırda respublikamızla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı durmadan artır. Dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının tədbirlərini ölkəmizdə keçirmələri də Azərbaycanın getdikcə artan reytinqinin göstəricisidir. Bu yaxınlarda başa çatmış birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinin əks-sədası hələ də eşidilməkdədir. Bütün bunlar  göstərir ki, Azərbaycan artıq dünya birliyində yüksək etimad və inam qazanmış müstəqil dövlətdir.

Dövlətimizin müasir dünya siyasətində etibarlı tərəfdaş kimi tanınmasının əsas səbəblərindən biri  də ölkədə “xalq-iqtidar” birliyinin sıx vəhdəti, davamlı ictimai-siyasi sabitliyin yaradılması və iqtisadi qüdrətimizin getdikcə artmasıdır. Regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən ölkəmizlə çoxşaxəli tərəfdaşlıq  beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Bu baxımdan, Azərbaycanla əlaqələri genişləndirməyə xüsusi əhəmiyyət verən subyektlər sırasında Avropanın müvafiq təşkilatları da özünəməxsus yer tutur. Odur ki, Avropa İttifaqı Şurasının  prezidenti Donald Tuskun Bakıya səfəri  xüsusi əhəmiyyət kəsb edir. Bu səfər Avropa İttifaqının ölkəmizlə münasibətlərinin getdikcə yaxşılaşdırılmasındn xəbər verir. 

Sön vaxtlar Avropanın və Qərbin bir sıra dövlətlərinin ölkəmizə qarşı təzyiq vasitələrinə əl atmalarına baxmayaraq, Azərbaycan həmişə Avropanın diqqət mərkəzində olub və bu gün də olmaqdadır. Təbii ki, ölkəmizin sürətli inkişaf yolunda inamla irəliləməsi, müstəqillik tarixində postsovet dövlətləri ilə müqayisədə beynəlxalq birlikdə daim yüksək pillədə yer tutması və iqtisadi qüdrətinin artması antiazərbaycan qüvvələrin yalan və böhtanları ilə üzləşmişdir. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan bu gün gücünün, potensialının elə bir səviyyəsindədir ki, təxribatların cavabını dərhal verir. Təbii ki, belə təxribatlar yalnız sürətlə inkişaf edən ölkələrə qarşı törədilə bilər. SSRİ-nin süqutundan sonra Ermənistana qarşı hər hansı bir Qərb dövlətinin və ya beynəlxalq təşkilatın təzyiq vasitəsinin şahidi olmamışıq. Hətta, Ermənistan beynəlxalq hüquqa açıq şəkildə hörmətsizlik etsə belə və işğalçılıq siyasətindən əl çəkməsə də, bu ölkə kiminsə yadına düşmür. Bunun bir səbəbi dünyada baş alıb gedən ikili standartlar olsa da, digər səbəbi bu ölkənin hər bir  dövlət kimi yoxa bərabər olmasıdır. Açıq desək, işğalçı Ermənistanı itirib-axtaran yoxdur. Azərbaycanın isə  ildən-ilə  siyasi, iqtisadi və mədəni sahələrdə qazandığı uğurlar antiazərbaycan dairələri ciddi təşvişə salır. Ona görə də müxtəlif bəhanələrlə bu inkişafa mane olmağa çalışırlar. Ancaq bütün təzyiq vasitələrinə baxmayaraq, ölkəmiz bu gün Avropa İttifaqının etibarlı strateji və enerji tərəfdaşıdır.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra  Avropa İttifaqı ilə əlaqələrin hərtərəfli inkişafına xüsusi diqqət vermişdir. Nüfuzlu beynəlxalq qurumlarla ikitərfli əməkdaşlığın yaradılması və möhkəmləndirilməsi  qarşıya qoyulan xarici siyasətimizin prioritetlərindən biri olmuşdur. Bu mənada Avropa İttifaqı ilə müxtəlif sahələrdə əməkdaşlığımızın gündən-günə genişləndirilməsi, əldə edilmiş nailiyyətlər məmnunluq doğurur.

Məlum olduğu kimi, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsasını Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) qoymuşdur. Bu sənəd 1996-cı il aprelin 22-də  Lüksemburq şəhərində imzalanmış və onu imzalamış bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1999-cu il iyulun 1-dən qüvvəyə minmişdir.  Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ikitərəfli  əməkdaşlığı möhkəmləndirmək üçün müvafiq mexanizmlər təmin etməklə, Azərbaycanla  Avropa İttifaqı arasında münasibətlərə yeni təkan vermişdir. Bu saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur. Onun əsas məqsədlərindən birini Azərbaycan qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması təşkil edir. Azərbaycan bütün beynəlxalq təşkilatlarla, o cümlədən, Avropa İttifaqı ilə əməkdaşlıqda  sadiqliyini bir daha nümayiş etdirərək, öz üzərinə götürdüyü öhdəliklərə layiqincə əməl etmişdir və bu gün də  nümayiş etdirir. 

Mötəbər beynəlxalq qurumlarla siyasi, iqtisadi, mədəni və digər sahələrdə böyük potensiala malik əlaqələrimiz uğurla inkişaf etməkdədir. Sağlam təməl, etimad və dəstək üzərində qurulmuş  qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi dövlət başçımızın xarici siyasətinin əsasını təşkil edir. Bunu nüfuzlu beynəlxalq qurumların rəhbərləri də dəfələrlə bəyan ediblər. Xatırladım ki, Avropa Komissiyasının sabiq sədri Joze Manuel Barrozu Azərbaycanı Cənubi Qafqazda Avropa İttifaqının vacib tərəfdaşı hesab etmişdir. Ölkəmizin dinamik iqtisadi inkişafını vurğulayan Barrozu bildirmişdir  ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq getdikcə genişlənir. Onun fikrincə, Azərbaycanın neft-qaz sektorunda böyük potensialı var və Avropa İttifaqı bu sahədə ölkəmizlə əməkdaşlığa mühüm önəm verir.

Bir neçə gün öncə Azərbaycanda səfərdə olmuş Avropa İttifaqı  Şurasının prezidenti  Donald Tusk da bunu təsdiqləmişdir. Bu səfər Avropa İttifaqının Azərbaycanın gücünü etiraf etməsinin nəticəsi kimi dəyərləndirilir. Eyni zamanda, belə bir nəticəyə də gəlmək olar ki, ölkəmizlə təzyiq, təhdid və ya bu kimi başqa vasitələrlə davranmaq heç bir nəticə verməyəcək. Artıq bu qurumun da rəhbərliyi dərk edir ki, Avropa İttifaqı ilə münasibətlərimizin əsas istiqamətlərindən biri sayılan enerji sahəsində uğurlu və davamlı əməkdaşlığımız Avropanın enerji təhlükəsizliyinin təminatında  Azərbaycanı etibarlı tərəfdaş edır.

Donald Tuskun Bakıya səfəri ikitərəfli əməkdaşlığın inkişafı baxımından yüksək qiymətləndirilir. Bunu Avropa İttifaqı Şurasının prezidentinin özü də təsdiqləmişdir. O, Avropa İttifaqının Azərbaycanla münasibətlərə ciddi əhəmiyyət verdiyini diqqətə çatdırmışdır: “Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır və biz bu tərəfdaşlığı davam etdirmək istəyirik”. D.Tusk bu fikirləri səsləndirməklə Avropa İttifaqı ilə Azərbaycanın ikitərəfli əlaqələrdə yeni mərhələyə qədəm qoyduğunu bildirib.

Politoloqlar qeyd edirlər ki,  Avropa İttifaqı ilə son dövrlərdəki müəyyən soyuqluqdan sonra Donald Tuskun Bakıya  səfəri bu qurumun Azərbaycanla münasibətlərə önəm verməsinin göstəricisi sayıla bilər. Çünki D.Tusk Bakıda da açıq şəkildə bəyan etmişdir ki, Azərbaycan Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edən vacib ölkədir. Eyni zamanda,  Bakıda apardığı müzakirələrdən sonra  o, Avropa İttifaqının Azərbaycanla davranışlarında diktə mövqeyindən çıxış etməyin yolverilməzliyini bir daha hiss etdi. Bütün bunlardan sonra əminliklə demək olar ki, Avropa İttifaqı Azərbaycanın Avropa  üçün  əhəmiyyətini başa düşür və bundan sonra  gələcək münasibətlərdə  hər hansı problem yaradacaq yanaşmalardan imtina etmək barədə düşünəcəkdir. 

Avropa İttifaqı Şurası prezidentinin sözlərinə görə, Azərbaycanın regionda Avropa İttifaqının ən iri ticarət tərəfdaşı olmaq potensialı var: “Avropa İttifaqı Azərbaycanın ən iri ticarət tərəfdaşı olmaqla yanaşı, ölkədə mühüm investorlardan biridir”.  Avropa İttifaqının Azərbaycanla gələcək ticarət əlaqələrinin genişlənməsində maraqlı olduğunu diqqətə çatdıran D.Tusk bununla da Cənubi Qafqaz ölkələri arasında  Azərbaycanın onlar üçün daha önəmli tərəfdaş olduğunu təsdiqləmişdir : “Əlverişli ticarət və investisiya mühitinin yaradılmasında yaxşı idarəetmə və qanunun aliliyi əhəmiyyətli məsələdir. Ehtiyac olduğu təqdirdə, Avropa İttifaqı bu məsələdə Azərbaycana kömək etməyə hazırdır”.

“Azərbaycan Avropa İttifaqının etibarlı strateji və enerji tərəfdaşıdır”-deyən Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında  bu tərəfdaşlığı daha da genişləndirmək niyyətində olduqlarını bildirmişdir. Ermənistan—Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirən D.Tusk bu məsələdə Avropa İttifaqının da mövqeyini açıqlamışdır: “İcazə verin təkrarlayım ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir. Avropa İttifaqı və ona üzv olan ölkələr “Dağlıq Qarabağ respublikası”nı tanımır. Status-kvo qəbulolunmazdır və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması Avropa İttifaqı üçün prioritet olaraq qalır. Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik səylərini dəstəkləməyə davam edirik”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev  mətbuat konfransına qədər Avropa İttifaqı Şurasının prezidenti ilə keçirdiyi görüşdə regional təhlükəsizlik məsələsini, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini və bu münaqişənin necə həll olunması yollarını müzakirə etmişdir. Hazırkı vəziyyət və münaqişənin tarixi barədə  Avropa İttifaqı Şurasının prezidentinə ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, münaqişə iki onillikdən çoxdur ki, davam edir.  Bunun da nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan hissəsi — Dağlıq Qarabağ və digər rayonlarımız 20 ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etsə də, işğalçı dövlətin rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik edərək bu qətnamələrə əhəmiyyət vermir. Beynəlxalq birlikdə mövcud olan ikili standartların acı nəticəsidir ki, bu gün də həmin qətnamələr icra olunmur. Azərbaycan Prezidenti demişdir: “Ermənistan Dağlıq Qarabağı və 7 ətraf rayonu işğal edib, bir milyon azərbaycanlı bu təcavüzün qurbanına çevrilib və onlar məcburi köçkün və qaçqın vəziyyətinə düşüblər. İnsanlarımız Ermənistan tərəfindən etnik təmizləmə siyasətinə məruz qalıblar. Beynəlxalq hüquq normaları və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında münaqişənin tezliklə həll edilməsi Cənubi Qafqaz regionunun bütün xalqları üçün faydalı olardı. Biz ümid edirik ki, beynəlxalq ictimaiyyət Azərbaycan torpaqlarından çıxması üçün təcavüzkara daha çox təzyiq göstərəcək və işğal olunmuş ərazilər azad edilən kimi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə başlanıla bilər. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir və münaqişə də bu zəmin üzərində öz həllini tapmalıdır”.

Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfəri göstərdi ki, Avropa İttifaqı Azərbaycanla tərəfdaşlığın inkişaf etdirilməsində olduqca maraqlı və israrlıdır. Avropa İttifaqı Azərbaycanı yüksək potensiala malik ölkə hesab edir, onun beynəlxalq münasibətlər sistemində rolunu yüksək qiymətləndirir.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında