Biz bu gün regional təhlükəsizlik məsələsini, xüsusilə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsini və bu münaqişənin necə həll olunması yollarını müzakirə etdik.
Mən danışıqlar masası arxasında olan indiki vəziyyət və münaqişənin tarixi barədə
cənab prezidentə məlumat verdim. Münaqişə iki onillikdən çoxdur ki, davam edir.
Azərbaycanın beynəlxalq səviyyədə tanınan hissəsi – Dağlıq Qarabağ və
7 digər rayonumuz 20 ildən artıqdır ki, Ermənistanın işğalı altındadır.
BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş ərazilərimizdən
dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən 4 qətnamə qəbul edib. Lakin onlar icra olunmur.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bu gün Prezident İlham Əliyev ilə geniş, ikitərəfli münasibətlərimizi
əhatə edən ətraflı müzakirə apardıq. Biz artıq birlikdə icra etdiyimiz
işlər barədə danışdıq. Lakin ən önəmlisi gələcəkdə birlikdə hansı
işlərin görülməsi barədə söhbət etdik. Qarşıdakı illər üçün mühüm
əlaqələrimizin gələcək istiqaməti barədə danışdıq. Azərbaycan enerji
sahəsində bizim etibarlı və strateji tərəfdaşımızdır. Biz bu tərəfdaşlığı
daha da genişləndirmək istəyirik.
Donald TUSK
Avropa İttifaqı Şurasının prezidenti
Azərbaycan dövlətinin xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən ulu öndər Heydər Əliyev yaxın qonşularımız, region ölkələri və xüsusən, Avropa dövlətləri ilə əməkdaşlığa böyük önəm verirdi. Həmin siyasi kursu böyük uğurla davam etdirən Prezident İlham Əliyev də diplomatiyamızın qeyd olunan bu üç istiqamətdəki fəaliyyətini daim diqqət mərkəzində saxlayır.
Ona görə də həm Prezidentin xarici səfərləri sırasında, həm də ölkəmizə dəvət olunan xarici siyasətçilər arasında Avropa təmsilçiləri daha çox yer tutur. Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iyulun 21-22-də reallaşdırılan Bakı səfəri də bu baxımdan tarixi əhəmiyyət kəsb edirdi. Həmin səfəri Avropa İttifaqı – Azərbaycan əlaqələrinin inkişafında mühüm addım adlandıran Prezident İlham Əliyev qeyd etdi ki, biz əlaqələrimizin inkişafından çox razıyıq. Biz çox şeyə nail olmuşuq və sözsüz ki, gələcək üçün planlarımız var.
Əməkdaşlığımızın perspektivlərinin müzakirə edildiyi səfər çərçivəsində Azərbaycan, Avropa və regional təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edən bir çox sahələri əhatə edən məsələlər gündəliyə gətirilmişdi. Təbii ki, məqsəd əsas diqqətin siyasi dialoq, iqtisadi əməkdaşlıq, ticarət əlaqələri, enerji təhlükəsizliyi və digər ənənəvi sahələrə cəmləşdirilməsi ilə tərəfdaşlığımızın dərinləşdirilməsi, əlaqələrin intensivləşdirilməsi və əməkdaşlıq üçün yeni sahələr tapmaqdan ibarət idi.
Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk isə bu səfərin əhəmiyyətini Azərbaycan dövlətinin nümayiş etdirdiyi mövqedə və Prezident İlham Əliyevin təmkinli siyasətində gördüyünü dilə gətirdi: “Mən Bakıya ilk səfərimi çox yaxşı xatırlayıram. Bu, 5 il bundan əvvəl olub. Lakin bu, mənim Avropa İttifaqı Şurasının prezidenti kimi ilk səfərimdir. Təmkinli olduğunuza görə Sizə təşəkkür edirəm. Bildiyiniz kimi, mən Avropadakı problemlərlə əlaqədar Azərbaycana səfərimi təxirə salmalı olmuşdum. Məni başa düşdüyünüz üçün Sizə təşəkkür edirəm. İndi mən buradayam və razıyam. Bildiyiniz kimi, mənim üçün burada olmaq təkcə dostluq baxımından deyil, ilk növbədə, Sizin qeyd etdiyiniz sahələrdəki əlaqələrimizin vacibliyi baxımından böyük əhəmiyyət kəsb edir. Şəxsən mənim üçün əməkdaşlığımızla əlaqəli olan ”Enerji Birliyi" adlanan ideya baxımından əlaqələrimiz böyük əhəmiyyət kəsb edir. Avropa olaraq bizim üçün bu sahədə əməkdaşlığımız təkcə işbirliyindən ibarət deyil, əslində, bu, enerji resursları marşrutlarının şaxələndirilməsi üçün strateji seçim və strateji imkandır".
Ekspertlərin fikrincə, cənab Tuskun Bakı səfəri Avropada və dünyada gedən çoxsaylı ictimai-siyasi proseslər fonunda baş tutduğuna və uğurlu danışıqlarla yekunlaşdığına görə həqiqətən böyük önəm kəsb edir. Çünki Bakı görüşlərində Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın indiki vəziyyəti və perspektivləri barədə geniş fikir mübadiləsi aparıldı. Qeyd olundu ki, Azərbaycan ilə Avropa İttifaqı arasında indiyə qədər həm Avropa İttifaqı strukturları, həm də Avropa ölkələri ilə geniş və çoxtərəfli əməkdaşlıq həyata keçirilib. Tərəflər arasında iqtisadi, siyasi, ticari, enerji, mədəni, idman və digər sahələrdə əməkdaşlıq məmnunluq doğurur. Bütün bunlarla yanaşı, qeyd edildi ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın məzmunu və forması daha da dəqiqləşdirilməli və konkretləşdirilməlidir. Səfərə xüsusi önəm verən məsələlərdən biri də o idi ki, tərəflər Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənədin tezliklə hazırlanıb imzalanmasının vacibliyini məhz Bakıda , Donald Tuskun Azərbaycan səfərinin nəticəsində qeyd ediblər. Bu məqamı ona görə önəmli adlandırırıq ki, Azərbaycan tərəfi on illərdən bəri Avropa qurumları ilə səmimi və etibarlı tərəfdaş kimi əməkdaşlıq etsə də , çox vaxt qarşı tərəfdən həmin səmimiyyəti görmür.
Səfərin digər əhəmiyyəti isə odur ki, Prezident İlham Əliyev Avropa rəsmilərinin görünməmiş bir soyuqqanlılıq və “təmkinlə” izlədiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri növbəti dəfə Avropanın söz sahiblərinə məhz olduğu kimi çatdırdı: “Biz bu gün regional təhlükəsizlik məsələsini, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini və bu münaqişənin necə həll olunması yollarını müzakirə etdik. Mən danışıqlar masası arxasında olan indiki vəziyyət və münaqişənin tarixi barədə cənab prezidentə məlumat verdim. Münaqişə iki onillikdən çoxdur ki, davam edir. Azərbaycanın beynəlxalq səviyyədə tanınan hissəsi - Dağlıq Qarabağ və 7 digər rayonumuz 20 ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən 4 qətnamə qəbul edib. Lakin onlar icra olunmur. Ermənistan Dağlıq Qarabağı və 7 ətraf rayonu işğal edib, bir milyon azərbaycanlı bu təcavüzün qurbanına çevrilib və onlar məcburi köçkün və qaçqın vəziyyətinə düşüblər. İnsanlarımız Ermənistan tərəfindən etnik təmizləmə siyasətinə məruz qalıblar”.
Eyni zamanda, dövlət başçımız bu münaqişənin həllində Azərbaycanın mövqeyini bir daha dilə gətirir. Özü də qətiyyətlə: “Beynəlxalq hüquq normaları və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında münaqişənin tezliklə həll edilməsi Cənubi Qafqaz regionunun bütün xalqları üçün faydalı olardı. Biz ümid edirik ki, beynəlxalq ictimaiyyət Azərbaycan torpaqlarından çıxması üçün təcavüzkara daha çox təzyiq göstərəcək və işğal olunmuş ərazilər azad edilən kimi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə başlanıla bilər. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir və münaqişə də bu zəmin üzərində öz həllini tapmalıdır”.
Əlbəttə, bizim yeganə problemimiz Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalmasıdır. Avropa ilə əməkdaşlıq zamanı onlardan bu məsələdə dəstək gözləyirik. Eyni zamanda, Avropanın da öz problemləri var və onlar da Bakı ilə əməkdaşlıq zamanı həmin problemlərdən birinin həllinə nail olmağa çalışırlar. Bu, enerji təhlükəsizliyi kimi böyük önəm kəsb edən məsələdir. Donald Tusk Azərbaycan rəhbərliyi ilə aparılan müzakirələrdən sonra Prezident İlham Əliyevlə birlikdə mətbuat üçün verdiyi bəyanatda həmin məsələni xüsusilə qabartdı: “Azərbaycan enerji sahəsində bizim etibarlı və strateji tərəfdaşımızdır. Biz bu tərəfdaşlığı daha da genişləndirmək istəyirik. Avropa Enerji Birliyinin məqsədlərindən biri də qazdan təhdid kimi istifadə olunması imkanının istisna edilməsidir... Bu gün biz ümumi strateji marağımıza xidmət edən “Cənub” qaz dəhlizi layihəsinin inkişaf etdirilməsi və rəqiblərimizin nə etməsindən asılı olmayaraq, onun vaxtında tamamlanmasını təmin etməklə bağlı həmrəyik. Avropa üçün bu, təchizatın şaxələndirilməsi, Azərbaycan üçün isə tələbatın şaxələndirilməsi məsələsidir. Azərbaycanın regionda Avropa İttifaqının ən əsas kommersiya tərəfdaşlarından biri olmaq potensialı var. Avropa İttifaqı artıq Azərbaycanın əsas ticarət tərəfdaşıdır və onun önəmli sərmayədarlarından biridir".
Çox təəssüf ki, Avropa rəsmisi İrəvanın regionda status-kvonu qoruyub saxlamaq istəyi barədə verilən sualı cavablandırarkən ənənəvi terminləri söyləməklə kifayətləndi: “Dağlıq Qarabağla bağlı status-kvo qəbuledilməzdir və münaqişənin danışıqlar, tərəflərin dözümlülüyü və kompromisə gəlməsi vasitəsilə ədalətli şəkildə və sülh yolu ilə həll edilməsinə ciddi ehtiyac duyulur. Avropa İttifaqı bu münaqişənin nizamlanması üçün təsis edilmiş beynəlxalq səviyyədə format olan ATƏT-in Minsk qrupunun fəaliyyətini və bu münaqişənin nizamlanması üçün Minsk qrupunun həmsədrləri olan ölkələrin prezidentləri tərəfindən irəli sürülmüş sülh üçün zəmin yaradan prinsipləri və münaqişənin nizamlanması elementlərini dəstəkləyir”.
Prezident İlham Əliyev isə Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri təhrif etməsi barədə verilən sualı cavablandırarkən yenə də aydın və konkret münasibət ortaya qoydu: “Səmimiyyətlə desəm, bu gün Sarkisyanın verdiyi bəyanatlar haqqında danışmaq istəməzdim. Avropa İttifaqı Şurasının prezidenti ilə keçirdiyi birgə mətbuat konfransında o, bir daha fürsətdən istifadə edərək Azərbaycanı demokratiyanın pozulmasında, Ermənistana qarşı təcavüzkarlıqda ittiham etmişdi. Bu isə tamamilə gülüncdür. Çünki ola bilsin ki, Sarkisyan demokratiya haqqında danışmalı olan ən sonuncu adamdır. 2008-ci ildə özündən əvvəlki prezident tərəfindən Ermənistanın başçısı kimi təyin olunan, seçkiləri saxtalaşdıran, sonra ordudan istifadə etməklə dinc etiraz aksiyasını yatıraraq 10 insanın qətlinə səbəb olan şəxsin istənilən ölkədə demokratiya haqqında danışmağa heç bir mənəvi haqqı yoxdur. Azərbaycan və Ermənistanın, əgər bunu belə söyləmək olarsa, tərəzinin eyni gözünə qoyulması ilə əlaqədar ittihama gəldikdə isə bu ittiham Azərbaycan tərəfindən irəli sürülsəydi daha təbii olardı. Çünki biz beynəlxalq ictimaiyyətin təcavüzkar və onun qurbanları arasında çox aydın fərq qoymalı olduğunu hesab edirik”.
Beləliklə, Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycan səfəri həm onun təmsil etdiyi qurum, həm də bizim ölkəmiz üçün bir sıra yaddaqalan məqamlarla zəngin oldu. Ən başlıcası, avropalılar bir daha başa düşdülər ki, Azərbaycan dövləti özünün müəyyən etdiyi siyasi kursdan heç zaman dönməyəcək, öz xalqının maraq və mənafelərinə cavab verməyən heç bir qərar qəbul etməyəcək və ən başlıcası, kiminsə göstərişləri, əmri, diktəsi ilə bir addım belə atmayacaqdır. Avropalılar onu da gördülər ki, bizim qapımız hamının üzünə açıqdır. Kim dost kimi gəlirsə, buyursun. Bəd niyyətlilər isə özlərinə layiq olan cavabı alacaqlar. Donald Tusk Bakıya hansı fikirlərlə gəlmişdi, deyə bilmərik, amma deyəsən dost kimi getdi.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.