Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır.
İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə,
o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ
fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir.
Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün
Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır.
Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində
mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Dövlətin və vətəndaş cəmiyyətinin hərtərəfli inkişafında, beynəlxalq aləmə inteqrasiyasında kütləvi informasiya vasitələrinin özünəməxsus rolu vardır. Bununla yanaşı, ictimai rəyin formalaşdırılmasında və müxtəlif təmayüllərin cəmiyyətdə təşəkkül tapmasında kütləvi informasiya vasitələrinin əvəzsiz rolu vardır. Dövlət başçısının həyata keçirdiyi uğurlu xarici siyasət, demokratik dəyərlərə böyük önəm verməsi və müstəqil mətbuatın inkişafını diqqət mərkəzində saxlaması ölkəmizin dünya birliyindəki mövqelərinin getdikcə möhkəmləndirilməsində, reytinqinin yüksəlməsində və beynəlxalq aləmdə söz sahibinə çevrilməsində önəmli rol oynamışdır.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə müstəqil mətbuatın inkişafına, insanların öz fikirlərini sərbəst ifadə etmələrinə əlverişli şərait yaradılmışdır. Bu, bir faktdır ki, ulu öndər Heydər Əliyev yenidən Azərbaycana rəhbərliyə başladıqdan sonra demokratik dəyərlərin inkişafına, xüsusilə, müstəqil mətbuatın azad fəaliyyətinə əlverişli şərait yaradılmışdır. Bu sahədə qəbul olunan qanunlar və həyata keçirilən tədbirlər müstəqil dövlətimizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırmış və Azərbaycan özünü demokratik dövlət kimi tanıda bilmişdir.
Ümummilli lider Heydər Əliyev demokratik dövlət quruculuğu prosesində kütləvi informasiya vasitələrinin rolunu daim yüksək qiymətləndirmişdir. 1998 -ci ildə Azərbaycanda senzuranın ləğvi və bir sıra digər tədbirlərlə mətbuatın inkişafına böyük dəstək vermişdir. Onu da qeyd edək ki, mətbuatda senzuranın tamamilə ləğvi MDB məkanında ilk dəfə məhz Azərbaycanda reallaşdırılmışdır. Sevindirici haldır ki, mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə və daha geniş miqyasda davam etdirilir. Dövlətimizin başçısının sərəncamlarına əsasən, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi, mətbuat işçiləri üçün mərhələli şəkildə yaşayış binalarının inşa edilərək istifadəyə verilməsi dünyada analoqu olmayan bir işdir.
Dövlət başçımızın mətbuatın 140 illik yubileyinin keçirilməsi haqqında sərəncamı ötən müddətin uğurlarına, mətbu irsimizə verilən ən böyük dəyərdir. Bu dəyər milli mətbuatımızın yubileylərinin qeyd edilməsi ilə bağlı ənənəyə söykənir. Ənənənin təməli isə ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub.
Prezident İlham Əliyevin “Azərbaycan Milli Mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” 2 iyun 2015-ci il tarixli sərəncamı ilə respublikamızın bütün bölgələrində tədbirlər keçirilir. Bu tədbirlərdə Azərbaycan milli mətbuatının özünəməxsus ənənələri barədə geniş müzakirələr aparıldı və son illər mətbuatın inkişafına xüsusi önəm verilməsi qeyd edildi.
Ulu öndər Heydər Əliyevin siyasi iradəsi, yorulmaz fəaliyyəti və demokratik dəyərlərə xüsusi önəm verməsi nəticəsində yaradılmış söz və mətbuat azadlığı, həmçinin, müstəqil mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi ölkə başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə mətbuat işçilərini və xalqımızı təbrik edən ölkə rəhbəri bayram ərəfəsində 200-ə yaxın mətbuat işçisini orden, medal və fəxri adlarla təltif olunması ilə əlaqədar sərəncam imzaladığını diqqətə çatdırmışdır.
Bayram ərəfəsində Mətbuat Şurasının üzvləri ilə görüşən Azərbaycan Prezidenti Milli Mətbuat Gününün böyük əlamətdar bir tarix olduğunu diqqətə çatdırmışdır: “Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var. Bu, bizim böyük sərvətimizdir, dəyərimizdir. Ancaq bu da həqiqətdir ki, müstəqillik dövründə Azərbaycan mətbuatı tam azad və müstəqil mətbuat kimi fəaliyyət göstərməyə başlamışdır. Bu barədə biz sizinlə dəfələrlə danışmışıq, — xüsusilə 1998-ci ildə Prezident Heydər Əliyevin tarixi fərmanı ilə senzuranın ləğv olunması mətbuat üçün yeni dövr açdı və Azərbaycan mətbuatı artıq tam şəkildə azad mətbuat kimi fəaliyyət göstərməyə başlamışdır”.
Bu gün Azərbaycan mətbuatının yeni səviyyəyə qalxa bilməsi xüsusi vurğulanmışdır. Bu uğurlarda Mətbuat Şurasının böyük rol oynadığı diqqətə çatdırılmışdır. Artıq 12 ildir ki, fəaliyyət göstərən Mətbuat Şurasının bu sahədəki gərgin zəhmət payı həm jurnalistlər, həm də ictimaiyyət nümayəndələri tərəfindən yüksək qiymətləndirilir. Respublikamızın rəhbəri də nitqində Mətbuat Şurasının fəaliyyətinə yüksək dəyər vermişdir: “Mətbuat Şurası yaranana qədər Azərbaycan mətbuatında gedən proseslər, deyə bilərəm, imkan vermirdi ki, mətbuat tam müstəqil mətbuat kimi fəaliyyət göstərsin. Azərbaycan mətbuatının keçid dövrü o illərdə olmuşdur. Mətbuat Şurası isə böyük funksiyanı öz üzərinə götürmüşdü. İlk növbədə, jurnalistlərin hüquqlarını qorumağa başlamışdır. Hesab edirəm ki, bu istiqamətdə böyük nailiyyətlərə çata bilmişdir. Zənnimcə, məhz buna görə, bu gün jurnalistlərimizin mütləq əksəriyyəti Mətbuat Şurasının fəaliyyətini yüksək qiymətləndirir. Eyni zamanda, Mətbuat Şurası iqtidarla mətbuat arasında bir körpü idi. Mətbuat Şurası bu funksiyanı bu gün də uğurla icra edir”.
Mətbuatda senzuranın ləğv edilməsi bu sahədə naşı olan işbazların əl-qolunu açmış və onlar əllərinə düşmüş bu fürsətdən sui-istifadə edərək demokratiya pərdəsi altında təhqirlərə yol verir, bir çox hallarda isə mətbuatdan qisas mənbəyi kimi istifadə edirdilər. Bu da cəmiyyətimizin normal inkişafına öz mənfi təsirini göstərirdi. Ölkə başçısı qeyd etmişdir ki, belə mənfi halların aradan qaldırılmasında, ümumiyyətlə, bugünkü mətbuatımızın yüksək səviyyəyə qalxmasında Mətbuat Şurasının çox böyük rolu olmuşdur: “Hesab edirəm ki, Mətbuat Şurasının bu sahədəki fəaliyyəti bütün cəmiyyət üçün çox dəyərli olmuşdur. Bu gün belə hallara çox az-az rast gəlinir. Hesab edirəm ki, biz gələcəkdə, ümumiyyətlə, milli dəyərlərimizə, adət-ənənələrimizə, cəmiyyətdə əsrlər boyu formalaşmış davranış qaydalarına xas olmayan yazılara rast gəlməyəcəyik”.
Görüşdə, həmçinin həyata keçirilən uğurlu dövlət siyasəti barədə də fikirlər səsləndirilmişdir. Ölkə başçısı qeyd etmişdir ki, bizim siyasətimiz istənilən sahədə səmimidir və birmənalıdır. Siyasi və iqtisadi islahatlarla, beynəlxalq məsələlərlə, ölkə daxilində gedən proseslərlə, o cümlədən, mətbuatın inkişafı ilə bağlı Azərbaycan iqtidarının mövqeyi cəmiyyət üçün artıq bəllidir. Dövlətimizin başçısı bildirmişdir ki, Azərbaycan bundan sonra da demokratiyanın inkişafı yolu ilə gedəcək: “Bu, bizim şüurlu seçimimizdir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, bu, cəmiyyət üçün lazımdır. Mən dəfələrlə demişəm, siyasi islahatlar iqtisadi islahatlarla paralel şəkildə aparılmalıdır ki, Azərbaycanın dayanıqlı inkişafı təmin edilsin. Bu gün Azərbaycanda azad cəmiyyət formalaşıb. Mən cəmiyyətdə gedən prosesləri yüksək qiymətləndirirəm. Azərbaycan cəmiyyəti milli ideya ətrafında birləşmişdir. Əlbəttə ki, burada mətbuatın rolu həddindən artıq əhəmiyyətlidir. Azad mətbuatın artıq formalaşması və uğurla fəaliyyət göstərməsi demokratiyanın əsas əlamətlərindən biridir. Azərbaycanda bütün başqa azadlıqlar da – söz azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı təmin olunur. Azərbaycanda yüzlərlə qəzet, jurnal, 50-dən çox televiziya və radio kanalı fəaliyyət göstərir. Heç bir məhdudiyyət yoxdur və bu, bizim böyük sərvətimizdir”.
Azərbaycan Prezidenti ölkəmizin müstəqillik tarixində qazandığı uğurlar barədə ətraflı məlumat vermiş və qeyd etmişdir ki, bizim beynəlxalq mövqelərimiz kifayət qədər möhkəmdir. Bizimlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayının getdikcə artması da bunu təsdiqləyir. Bütün uğurların əsasını cəmiyyətimizin vahid maraqlar, xalqımızın milli ideyalar ətrafında birləşməsi təşkil edir: “Biz hamımız çalışırıq və çalışacağıq ki, ölkəmizi daha da gücləndirək, Azərbaycan xalqının daha da yaxşı rifahını təmin edək”.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.