Ermənilərin növbəti addımlarından biri bədnam Dağlıq Qarabağ separatçı rejiminin "başçısı" Bako Saakyanın bu yaxınlarda "Chatham House" – Kral Beynəlxalq Münasibətlər İnstitutunun tədbirində iştirak etmək üçün dəvət olunduğu Londona səfər etməsidir.
Dərhal qeyd edək ki, erməni mətbuatı Bako Saakyanın London səfəri haqqında səfər ərəfəsində, səfərdən sonra və onun nəticələri barədə heç də pis piar kampaniyası aparmadı.
Erməni KİV-ləri tələsik məlumat verdilər ki, Saakyan təkcə "Chatham House"da keçirilən müzakirələrdə iştirak etməsi ilə deyil, həm də Böyük Britaniya parlamentində çıxış etməklə ingilisləri "şərəfləndirib". Amma heç bir erməni qəzeti bu çıxışın təfərrüatlarını, ən əsası isə qondarma qurumun "başçısı"nın bu "alovlu" çıxışı kimlərin qarşısında etdiyini göstərməyib.
Məlumat verilirdi ki, Saakyan Qarabağın problemlərindən, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə şəxsi fikirləri haqqında danışıb. Amma bu yox, Qarabağın Böyük Britaniya ilə parlamentlərarası əlaqələrin dərinləşməsində maraqlı olması ilə bağlı Saakyanın həyasız bəyanatı (bu barədə erməni mətbuatı xüsusi məlumat verir) heyrət və gülüş doğurur...
Absurd səslənir. Böyük Britaniya başqasının işğal olunmuş torpaqlarında yaradılmış qondarma qurumla hansı əlaqələrə malik ola bilər?
Buna baxmayaraq, Saakyanın haqqında danışdığı ikitərəfli əlaqələr təkcə onun özünə aydındır, amma əlbəttə ki, bütün bu boş bəyanatlar bir-iki erməni parlamentarisinin və elə onların rüşvətlə satın aldığı iki cüt-bir tək ingilis bürokratının dəstəyinə hesablanaraq səsləndirilib. Amma məsələnin məğzi bunda deyil, daha çox işğal olunmuş Azərbaycan torpaqlarında yaradılmış separatçı rejimin "başçısı"nın səfər faktının heç bir məntiqə sığmamasındadır. Məntiq ondadır ki, bu cür son dərəcə əsassız səfərlər Azərbaycanın ərazi bütövlüyü məsələsində birmənalı mövqeyini qoruyub saxlayan və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin reallaşmasını dəstəkləyən Böyük Britaniya hökuməti tərəfindən birmənalı olaraq dayandırılmalıdır.
Maraqlıdır ki, məhz bu mövqe əksər ingilis siyasətçiləri tərəfindən dəstəklənir. Məsələn, Böyük Britaniyanın Lordlar Palatasının və Britaniyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, dəfələrlə Azərbaycana səfər etmiş Lord Kilkluni dönə-dönə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün və suverenliyinin bərpasında Böyük Britaniya tərəfinin daha aktiv səy göstərməsinin əhəmiyyətini bəyan edərək öz ölkəsini Azərbaycanı dəstəkləməyə çağırıb.
Hər şeydən əvvəl, ingilis lordunun qəti fikrincə, Minsk qrupu Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğalına son qoyulması üçün effektiv vasitə deyil.
Bundan əlavə, Saakyanın bu yaxınlarda Londona baş tutan səfərinin yolverilməzliyi ilə bağlı Avropa Azərbaycan Cəmiyyətinin sorğusuna cavab olaraq, Lord Kilkluni bəyan edib ki, əslində, bu tədbirə Ermənistanın işğalçılıq siyasəti nəticəsində meydana çıxan təxminən bir milyon məcburi köçkünün də daxil olduğu Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvlərini də dəvət etmək lazım idi. İngilis siyasətçisinin mülahizələrində doğru fikir var, çünki işğalçıların deyil, məhz bu insanların mövqeyi dünya ictimaiyyətinin diqqət mərkəzində olmalıdır, amma hələ ki, istər Vaşinqtonda olsun, istərsə də Parisdə Azərbaycana münasibətdə ikili standartlar nümayiş etdirilir, işğalçı siyasəti ilə Ermənistanın mövqeyi isə dünyanın aparıcı qüvvələrinin diqqətindən kənarda qalır. Amma bu artıq uzun müddətdir ki, hamıya məlum olan faktdır.
Nüfuzlu ingilis siyasətçisinin fikrincə, Saakyan beynəlxalq ictimaiyyət tərəfindən tanınmır, "Chatham House"un qondarma rejimin başçısını tədbirə dəvət etməsi isə ona layiq olmadığı legitimliyi verməklə tanınmış "beyin mərkəzi"nin özünü nüfuzdan salır.
Yeri gəlmişkən, Kilkluninin mövqeyini Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanın "Chatham House"a səfərinin yolverilməzliyini bəyan edərək nüfuzlu təşkilatı açıq şəkildə qondarma strukturun başçısının tədbirdə iştirakından imtina etməyə çağıran Böyük Britaniya parlamentinin üzvü Stefan Hepbörn də bölüşür.
Saakyanı Londonda, yumşaq dillə desək, gözləmədiklərini Avropa Azərbaycan Cəmiyyətinin azərbaycanlı tələbələr, icma üzvləri, bu məsələdə Azərbaycanla həmrəy olanlar, Böyük Britaniya, Türkiyə və digər ölkələrdən etirazçıların iştirakı ilə təşkil etdiyi irimiqyaslı nümayişi geniş işıqlandıran Britaniya mətbuatı da yazırdı.
Müzakirələr vaxtı "Chatham House"un binası qarşısında dayanan və dünya şöhrətli amerikalı fotojurnalist Ed Kaşinin Azərbaycanın qaçqın və məcburi köçkün düşərgələrində lentə alınan fotoşəkillərini nümayiş etdirən rəqəmsal avtofurqonun aksiyanı davam etdirmək üçün Londonun mərkəzinə yollanması da bu faktın göstəricisidir.
Qısası, bütün bu faktlar Saakyanın Londonda baş tutan demarşından ayrı-ayrı məqamlardır. Bununla yanaşı, xatırladaq ki, rəsmi Bakı bu faktlarla əlaqəli dövlət səviyyəsində cavabını hələ iyulun əvvəlində vermişdi.
Xarici İşlər Nazirliyi bu faktla bağlı ölkə rəhbərliyinin qətiyyətli etirazını Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiqə bildirmişdi.
Xüsusi olaraq diqqətə çatdırılmışdı ki, bu kimi hadisələr Azərbaycanla Böyük Britaniya arasındakı dostluq və strateji münasibətlərin ruhuna uğun gəlmir və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə yönəlmiş addım kimi qiymətləndirilir.
Öz növbəsində, ingilis diplomat Azərbaycan tərəfini inandırmışdı ki, Böyük Britaniya Dağlıq Qarabağ rejimini tanımır və onunla heç bir əlaqəyə malik deyil.
Daha sonra bu mövqe Böyük Britaniya Xarici İşlər Nazirliyinin Azərbaycanın bu ölkədəki səfirliyinə ünvanlanmış məktubunda da öz əksini tapdı. Məktubda Böyük Britaniyanın Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəklədiyi, Dağlıq Qarabağda yaradılmış rejimi tanımadığı, ən əsası isə rəsmi Londonun mövqeyinin dəyişilməz olaraq qaldığı qeyd olunurdu.
Məktubda separatçı rejimin "başçısı"nın Böyük Britaniyaya səfərinin hökumət tərəfindən təşkil olunmadığı və Londonda olduğu müddət ərzində heç bir rəsmi şəxsin Bako Saakyanla görüşmədiyi xüsusi qeyd olunurdu.
Bütün bu önəmli faktları nəzərə alsaq, aydın görünür ki, qondarma separatçı rejimin "başçısı"nın London səfəri separatçı rejim tərəfindən gün-gündən sürətlə artan sosial-iqtisadi problemlər çıxmazına salınmış sadə ermənilərin diqqətini heç bir sivil dövlətin tanımadığı bu qurumun saxta siyasi "uğurlarına" cəlb etmək üçün daxili ictimai rəyə yönəlmiş növbəti məzhəkə idi.
Bütövlükdə, Dağlıq Qarabağ separatçılarının Qərb ölkələrinin paytaxtlarına yolverilməz səfərləri həll olunmamış Ermənistan-Azərbaycan münaqişəsi fonunda London və Bakının münasibətlərində birmənalı olaraq müəyyən mənfi izlər buraxır. Başqa ölkələrin daxili işinə qarışmamaqla bağlı aydın mövqeyini qoruyub saxlayan Azərbaycan digər tərəfdaş ölkələrdən də özünə qarşı eyni münasibəti gözləmək haqqına malikdir. Və Azərbaycanın bu birmənalı mövqeyi ilə təkcə London, Vaşinqton və ya Parisdə deyil, həm də siyasi çəkisindən və gücündən asılı olmayaraq digər ölkələrdə də hesablaşmalıdırlar.
Newtimes.az
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.