Mətbuat Azərbaycanın dövlətçilik maraqlarını hər zaman uca tutmalıdır

Azərbaycan Milli Mətbuatı – 140

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Qlobal informasiya məkanının gündən-günə genişləndiyi,
beynəlxalq təbliğat fəaliyyətinin ayrı-ayrı ölkələrin imicinə,
daxili həyatına ciddi təsir göstərdiyi müasir dövrdə kütləvi informasiya
vasitələrimiz daha peşəkar, obyektiv və prinsipial olmalı, yüksək milli şüur
və vətənpərvərlik nümayiş etdirərək Azərbaycanın dövlətçilik maraqlarını
hər şeydən uca tutmalıdırlar.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir.
Bu gün əsas vəzifə onun geniş imkanlarından milli dövlət quruculuğunda,
demokratik dəyərlərin bərqərar edilməsində, sivil vətəndaş cəmiyyətinin formalaşmasında,
islahatların həyata keçirilməsində, insanların mənəvi saflaşmasında səmərəli istifadə
etməkdən ibarətdir.
Mətbuat həyatın güzgüsü, həqiqətin carçısı olmalıdır,
insanları yüksək ideallar uğrunda mübarizəyə səsləməli və səfərbər etməlidir.

Heydər ƏLİYEV
Ümummilli lider


Milli dövlətçiliyimizin önəmli fakt və hadisələrini əhatə edən təqvimdə layiqli yer tutan, Azərbaycanın ictimai-siyasi fikir tarixində ayrıca bir səhifə təşkil edən anadilli mətbuatımızın yaranmasının ildönümləri və yubileyləri çox da uzaq olmayan dünənimizin öyünclü əks-sədası kimi hər dəfə həyatımızı yenidən mənalandırır, ulusözün qüvvət və qüdrətinə inamımızı artırır. “Əkinçi” qəzetinin nəşri elə bir unudulmaz başlanğıcdır ki, xalqımızın o vaxtdan üzübəri qazandığı tarixi uğurlar  bir çox cəhətdən milli oyanış zənginin çalındığı həmin öyünclü gündən qaynaqlanmışdır.

1875-ci il iyulun 22-də böyük maarifçi- demokrat, ictimai xadim Həsən bəy Zərdabinin min bir əziyyətlə ərsəyə gətirdiyi “Əkinçi”qəzetinin ilk sayının işıq üzü gördüyü tarixi hadisəni Prezident İlham Əliyev 140 il sonra belə qiymətləndirdi: “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi öz adını tarixə yazmışdır. Qəzet dövrün qabaqcıl ideyalarını təbliğ etmiş, insanları dini mövhumata və cəhalətə qarşı mübarizəyə çağırmış, ictimai-siyasi və bədii düşüncənin inkişafına güclü təsir göstərmişdir. “Əkinçi”nin bəyan etdiyi prinsipləri rəhbər tutan və onun ənənələrini davam etdirən Azərbaycan mətbuatı sonrakı illərdə dövrün mütərəqqi fikirlərini əks etdirmiş, cəmiyyəti düşündürən məsələləri ictimai müzakirəyə çıxarmış, milli mənəvi dəyərlərin təbliğində, insanların maariflənməsi və milli şüurun formalaşmasında, xalqımızın müstəqillik arzularının gerçəkləşməsində mühüm rol oynamışdır".

Dövlət başçısının anadilli jurnalistikamızın “ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı yerini, vətəndaş cəmiyyətinin inkişafı, milli-mənəvi dəyərlərin təbliği, gənc nəslin vətənpərvərlik tərbiyəsi sahəsindəki rolunu nəzərə alaraq”, Azərbaycan milli mətbuatının 140 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı 2 iyun 2015-ci il tarixli sərəncamında əksini tapmış bu dəyərli sözlər böyük Həsən bəyin bugünkü davamçısı olan yazarlarda haqlı qürur doğurur. Prezidentin sərəncamında nəzərdə tutulan və bu tarixi gündə ölkə paytaxtında yekunlaşan yubiley tədbirləri müstəqil Azərbaycanın ən yeni tarixinin zirvəsi olan ilk Avropa Oyunlarının möhtəşəm təntənələrindən sonrakı günlərdə xalqımıza yeni öyünclü günlər bəxş etdi. Milli mətbuatımızın 140 illik şanlı yubileyi Prezident İlham Əliyevin sərəncamları ilə milli jurnalistikamızın inkişafında xidmətləri olan media işçilərinin böyük bir qrupunun dövlət təltiflərinə və fəxri adlara layiq görülməsindən doğan böyük sevinclə yekunlaşır.

Yubiley tədbirləri milli jurnalistikamızın tarixi sınaqlardan çıxmış ənənələrini bir daha yada salmaqla, bu böyük məktəbin bugünümüz üçün də gərəkliyini təsdiqləməklə yanaşı, çağdaş jurnalistikanın vətəndaşlıq və dövlətçiliyə sədaqətlə aşılanmış vəzifələrini də ucadan bəyan etdi və qarşıdakı dövr üçün ciddi səfərbərlik impulsu doğurdu. Ölkə rəhbərinin yubiley sərəncamında bu vəzifələr belə açıqlanmışdır:

“Qlobal informasiya məkanının gündən-günə genişləndiyi, beynəlxalq təbliğat fəaliyyətinin ayrı-ayrı ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərdiyi müasir dövrdə kütləvi informasiya vasitələrimiz daha peşəkar, obyektiv və prinsipial olmalı, yüksək milli şüur və vətənpərvərlik nümayiş etdirərək Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tutmalıdırlar. Mətbuatımız ölkəmizdə müasir cəmiyyət quruculuğu, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsi, siyasi mədəniyyətin inkişaf etdirilməsi, mənəvi-əxlaqi dəyərlərin qorunub saxlanması və təbliğində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir”.

İyulun 21-də Prezident İlham Əliyev milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündə ölkə jurnalistlərini respublikamızın həyatında əlamətdar hadisə olan yubiley münasibətilə səmimi təbrik etdi, mətbuatımızın milli oyanış və istiqlal mübarizəsi tarixindəki müstəsna xidmətlərini bir daha yüksək qiymətləndirdi: “Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var və ancaq müstəqillik dövründə Azərbaycan mətbuatı tam azad və müstəqil şəkildə fəaliyyət göstərib”.

Dövlət başçısı daha sonra mediamızın çağdaş inkişafı üçün açılan tarixi perspektivi belə dəyərləndirdi: “Cəmiyyətimiz strateji maraqlar ətrafında birləşib və bizi narahat edən məsələlərlə bağlı fikir ayrılığı yoxdur... Biz yolumuzdan dönməyəcəyik və ölkəmizi uğurla inkişaf etdirəcəyik”.

Görüşdə Azərbaycanın milli maraqlarının qorunmasındakı qətiyyətli mövqeyinə görə Prezident İlham Əliyevə Mətbuat Şurasının xüsusi mükafatı təqdim olundu. Sonda dövlətimizin başçısı çıxışlarda səslənən təkliflərə baxılacağını və  dövlətimizin milli jurnalistikanın inkişafı ilə bağlı zəruri tədbirləri bundan sonra da davam etdirəcəyini bildirdi.

Yubiley tədbirlərində dönə- dönə vurğulandığı kimi, Azərbaycan milli mətbuatının keçdiyi şərəfli yol, onun xalqımızın məfkurəvi ideallarını zaman- zaman xalqımıza yetirmiş zəngin irsi çağdaş yazarlar üçün örnək olaraq göz önündən gəlib keçdi. 140 il əvvəl Rusiya imperiyasında ilk universitet təhsili almış azərbaycanlı Həsən bəyin milli teatrın əsasını qoyduqdan 2 il sonra milli mətbuat orqanını da yaratması itirilmiş dövlətçiliyin milli-mədəni gerçəklikdə gizlənmiş kodunun şifrəsinin açılması, sıxılmış enerjinin impulsivləşməsi baxımıtdan əlamətdar idi.

Zərdabi anadilli mətbuatı milli mövcudluğu qoruyub saxlamaq kimi tarixi zərurətin dərk olunmasında tilsimi qırmaqda bir vasitə kimi görür, amansız bir təşnəliklə məqsədinə doğru irəliləyirdi: “Ətrafda müsəlman qardaşlar bir-bir düşmənimiz əjdahanın ağzına düşüb yox olduğunu görməyir və görmək də istəmir. Belədə qəzet çıxarmaqdan savayı, bir qeyri-əlac yoxdur ki, kağız üstə yazılmış, doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmaz ki, doğru söz yerdə qalsın. Hər ildə on qəzet oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar... Sonra düşmənin düşmənçiliyi, dostun dostluğu və dost göstərən doğru yolun doğru olmağı aşkar olar”.

Azərbaycan XX əsrə Zərdabinin timsalında milli mətbuatını yaratmış xalq, onun davamçıları olmuş Ünsizadə qardaşları, Ə.Topçubaşov, F.Köçərli, M.Şahtaxtlı, C.Məmmədquluzadə, Ə.Ağayev, Ə.Hüseynzadə, H.Vəzirov, Üzeyir və Ceyhun Hacıbəyli qardaşları və digər məfkurə sahiblərinin şəxsində demokratik jurnalistika mədəniyyətinə yiyələnmiş məmləkət kimi daxil oldu.

1905-1907-ci illər Rusiya burjua-demokratik inqilabının verdiyi mətbu söz azadlığı imkanlarından məharətlə yararlanan zərdabiçilər öz böyük müəllimlərinin ustad himayəsi ilə 1905-ci ildə ilk milli burjua qəzetini – “Həyat”ı göyərtdilər (1905), “Füyuzat” jurnalını nəşr etdilər (1906). İlk uşaq jurnalı “Dəbistan” (1906-1908), ilk qadın jurnalı “İşıq” (1911-1912) milli bəlaların qəniminə çevrilən ilk satirik jurnal “Molla Nəsrəddin” (1906-1931) tarixi marafona çıxdı. “İrşad” (1905-1907), (1915-1918) “Təzə həyat” (1907-1908), “Həqiqət” (1909-1910), “Açıq söz” (1915-1918) kimi bir-birini əvəzləyən nəşrlər milli ziyalıların tribunası olmaqla yanaşı, milli istiqlal məfkurəsi qaynağı rolunu da oynadılar. Azərbaycan demokratik mətbuatının yetişdirdiyi bütöv bir nəsil Rusiya imperiyası süquta uğrayanda milli qurtuluş yoluna işıq saldı. Tarixi fürsətdən yararlanaraq bu nəsil dövlətçiliyimizi Azərbaycan Xalq Cümhuriyyətinin timsalında tarix səhnəsinə qaytardı.

Milli xalq hakimiyyəti digər demokratik azadlıqlar və dəyərlər kimi, söz və mətbuat azadlığını da bərqərar etdi. Müxtəlif yönlü anadilli nəşrlərin peşəkar təcrübəsinə əsaslanan ilk rəsmi qəzet “Azərbaycan”ın (1918-1920) yaranması ilə milli mətbuatımız yeni mərhələyə yüksəldi. Bu dövrdə milli demokratik jurnalistikamız tarixi hədəflərinə qovuşmaqla, istiqlalımızın salnaməsini yaratmağa başladı, “söz azadlığını”nın tarixi nümunəsi oldu. 1920-ci ilin 28 aprel bolşevik işğalı isə zorakı kommunist diktaturasını Azərbaycana gətirməklə demokratik məzmunlu milli mətbuatımızı da tarixə qovuşdurdu.

Hakim siyasi rejimin təbliğat ruporu kimi formalaşdırılan kommunist mətbuatı yabançı dəyərlərin daşıyıcısına çevrilsə də, milli mətbuatımızın peşəkarlıq təcrübəsi hər zaman özünü göstərirdi. Sovet rejiminin mövcud olduğu 70 ildə demokratik mətbuat ənənələri yeni-yeni nəsillərin yaradıcılığını açıq-gizli şəkildə qidalandırır, milli varlığımız anadilli jurnalistikada getdikcə daha geniş və ifadəli əksini tapırdı.

Azərbaycan milli mətbuatının 140 illik tarixinin son 96 ilində gündəlik anadilli dövri nəşr olan “Xalq qəzeti” (1991-ci ilədək “Kommunist” adı ilə buraxılıb) seçilən yer tutur. “Xalq qəzeti” tarixi bir cəhəti ilə də fərqlənir. Bu, onun  XX əsrdə dövlətçiliyimizin bərpası və yaşadılması mərhələlərini əhatə edən 4 respublikanın hamısının dövründə fəaliyyət göstərməsidir. Azərbaycan Xalq Cümhuriyyətinin mətbuat azadlığı üçün yaratdığı demokratik şəraitdə Bakıda türk-müsəlman sosial-demokratların nəşri kimi 1919-cu ilin 29 avqustunda ilk nömrəsi ərəb qrafikalı əski əlifba ilə çıxan “Kommunist” qəzeti bu adla 72 il çap olunmuşdur.

“Xalq qəzeti” ötən onilliklərdə gündəlik nəşr kimi öz səhifələrində günün operativ xronikasını əks etdirmiş, xalqın sabahına işıq salmışdır. Bu qocaman qəzet bütövlükdə 1 əsrə yaxın dövrün nəhəng salnaməsi kimi uzun və zəngin inkişaf yolu keçmişdir. Milli demokratik mətbuatımızın ənənələri qəzetin redaksiyasında davam və inkişaf etdirilmişdir.

Sovet dövrünün tarixən mütərəqqi və ziddiyyətli, sevincli və kədərli bütün prosesləri ilk gündən qəzetin səhifələrində silinməz izlər buraxdığından bu gün 70 illik kommunist rejimi barədə əhatəli və zəngin məlumat mənbələrindən biri olaraq qəzetin toplularına geniş istinad olunur.

Təsərrüfat quruculuğunda, elm, təhsil, mədəniyyət və digər sahələrdə xalqımızın sovet dövründə qazandığı nailiyyətlərin davamlı mənzərəsini bu qəzetin səhifələrində izləmək mümkündür. Dövrün səhvləri, haqsızlıqları, sapmaları da eyni dərəcədə qəzetin yaddaşında qorunub saxlanır, zamanın ibrət dərsləri kimi bugünkü nəsillərə doğru yolu nişan verir.

Qəzet respublikamızda canlı, təcrübi jurnalistika məktəbi kimi ən yaxşı yazarların bir neçə nəslini yetişdirmiş, öz nümunəsi ilə digər mərkəzi dövri nəşrlərin, bölgə mətbuatının avanqardı və lokomotivi rolunu oynamışdır. Redaksiyanın divarları arasında çağdaş jurnalistikamız üçün gərəkli olan təcrübə və yaradıcılıq ənənələri formalaşmışdır.

Ötən əsrin 70-ci illərindən baş qaldırmış yeni milli oyanış, yaddaşa qayıdış prosesi Azərbaycan jurnalistikasını xalq həyatına, milli varlığa daha da yaxınlaşdırdı. Ümummilli lider Heydər Əliyevin 70-80-ci illərdə Azərbaycana rəhbərliyi dövründə isə milli jurnalistikamızın dayaqları daha da möhkəmləndi, onun cəmiyyət həyatında rolu yüksəldi. Ulu öndərin “Qoy ədalət zəfər çalsın!” məramı nəinki Azərbaycan, eləcə də SSRİ mediasında geniş əks-səda yaratdı, KİV-də obyektivliyi və aşkarlığı gücləndirdi.

Ümummilli lider Heydər  Əliyevin müstəqil dövlətin rəhbərliyinə gəlişi həyatın bütün sahələrində əsaslı islahatlar yolu ilə yeni demokratik sistemə transformasiyanı təmin etdiyi kimi, azad mətbuatın prinsiplərinin reallaşmasına, medianın problemlərinin həllinə də böyük kömək etmiş oldu. 1996-cı ildə hərbi senzuranın, 1998-ci ilin avqustunda isə bütövlükdə senzuranın ləğvi söz azadlığını yeni yola, yeni müstəviyə çıxardı. Qəzet-jurnalların nəşrinə lisenziyanın aradan qaldırılması, mətbuata dövlət nəzarətinin özünüidarə mexanizmi ilə əvəzlənməsi - Mətbuat Şurasının yaradılması da ulu öndərin jurnalistikamıza tarixi xidmətləri sırasındadır. Prezident Heydər Əliyev KİV-in inkişafının demokratik qanunçuluq bazasını təmin etməklə, onun fəaliyyəti üçün əlverişli şərait yaratmaqla, problemlərin həllinə konkret yardımlar göstərməklə Azərbaycan jurnalistikasının yeni yola çıxmasına tarixi töhfələr verdi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşrə başlayan, sovet epoxasının baş qəzeti olan bu qocaman nəşr öz tarixinin indiki üçüncü mərhələsində fəaliyyətini uğurla davam etdirməsi üçün ulu öndərə borcludur. 1994-cü ilin avqustunda qəzetin 75 illiyi münasibətilə kollektivə təbrikində “Xalq qəzeti” barədə söylədiyi yüksək fikirlərlə Prezident Heydər Əliyev onun yeni tarixi dövrün sınağından çıxmasına mənəvi-siyasi dəstək göstərdi.

“Xalq qəzeti” 24 ildir ki, ulu öndər Heydər Əliyevin müstəqilliyin möhkəmləndirilməsi, islahatlar yolu ilə köhnə cəmiyyətin sivil quruluşa transformasiya olunması kursunun xidmətindədir. Ümummilli liderin ideya və əməllərinin sadiq davamçısı Prezident İlham Əliyevin  hərtərəfli inkişaf və tərəqqini təmin edən siyasəti bu gün qəzetin səhifələrində ardıcıl və geniş əksini tapmaqdadır.

Dövlət başçısı İlham Əliyevin  yubiley sərəncamında milli mətbuatımızın keçib gəldiyi növbəti tarixi mərhələ belə səciyyələndirilir: “Ötən yüzilliyin sonlarında Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, milli mətbuatın inkişafında da əsaslı dönüş yaranmışdır.”  Bu sənəddə haqlı olaraq göstərilir ki,  1993-cü ildə yenidən hakimiyyətə qayıtmış ümummilli lider Heydər Əliyev demokratik inkişafı, vətəndaş cəmiyyəti quruculuğunu dövlət siyasətinin başlıca istiqaməti kimi müəyyən edərək, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələri, o cümlədən senzuranı aradan qaldırmış, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazasının formalaşdırılması, redaksiyaların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmiş, mətbuatın kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəlməsinə  şərait yaratmışdır. Azərbaycan milli jurnalistikası həmin dövrdən başlayaraq yeni inkişaf mərhələsini yaşayır.

Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin 12 illik fəaliyyəti də mediamıza dövlət qayğısının gücləndirilməsi tədbirləri ilə zəngindir. KİV-ə dövlət dəstəyi konsepsiyasının qəbul olunması və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun yaradılması azad, müstəqil mətbuatın problemlərinin həllinə böyük dövlət qayğısının nümunəsidir. Müxtəlif qrantlar, birdəfəlik dövlət yardımları, jurnalistlərin əməyinin dövlət təltifləri ilə qiymətləndirilməsi, azad sözün nüfuzunun yüksəldilməsi jurnalistikamızın çağdaş tarixinin diqqətəlayiq reallıqlarıdır.

Jurnalistikamızın problemləri ardıcıl həllini tapdıqca medianın cəmiyyətdəki rolu da artır. Artıq hamının və hər kəsin maneəsiz söz demək hüququ təmin olunmuş, cəmiyyətdə informasiya axınının ahəngdarlığı formalaşmışdır. Bu gün media hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun informasiya təminatçısı rolunu yetərincə yerinə yetirir. Dövlət – media, media – xalq münasibətlərinin optimallaşdırılması daimi diskussiyaların mövzusudur və problemlər ardıcıl olaraq həll edilir.

Azərbaycan jurnalistləri öz növbəti peşə bayramlarına demokratik cəmiyyətə, aşkarlığa, vətəndaş həmrəyliyinə xidmət məramından doğan öyünc hissi və söz azadlığı yolunda qazanılmış yeni uğurlarla gəlmişlər.

Xalqın zəruri tarixi tələbatından yaranmış və ötən dövrdə onun köklü maraqlarına xidmət etmiş milli mətbuatımızın pozulmaz-dəyişməz amalı, tarixi təcrübəsi, gərəkli ənənələri və şəksiz xidmətləri belə deməyə əsas verir ki, Azərbaycan cəmiyyətinin hərtərəfli tərəqqisi və modernləşdirilməsi dövründə də mətbuat üzərinə düşən vəzifələri uğurla yerinə yetirəcək. Mövqelərini ildən-ilə möhkəmləndirən azad mətbuat, yeni tipli KİV ölkəmizdə sivil, demokratik cəmiyyət yaradılmasına layiqli töhfələr verəcəkdir.

Əlamətdar yubiley günündə – milli mətbuatımızın ilk addımını atdığı vaxtdan keçən 140 ilin tamamında ölkə jurnalistlərini qocaman “Xalq qəzeti”nin kolektivi adından səmimi təbrik edir, həmkarlarımıza böyük ustadımız Həsən bəy Zərdabinin səsləndirmiş olduğu ideya və çağırışların təntənəsi naminə yeni uğurlar arzulayırıq.

Həsən HƏSƏNOV,

“Xalq qəzeti”nin baş redaktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında