İranın nüvə proqramı üzrə tarixi razılaşma

Müxtəlif fasilələrlə, təqribən, 12 il sürən danışıqlardan sonra, nəhayət, İran ilə ABŞ, Rusiya, Böyük Britaniya, Çin, Fransa, Almaniya və Aİ arasında iyulun 14-də Vyanada İranın nüvə proqramı üzrə Uzunmüddətli Birgə Fəaliyyət Planı imzalandı. Bu saziş qlobal güclərin maraqlarının toqquşduğu mühüm bir məsələ ilə bağlı tarixi nailiyyət kimi dəyərləndirilir.

 

Sazişin şərtləri

 

Elə həmin gün ictimaiyyətə təqdim olunan sazişin mətninə əsasən, 15 il ərzində İranın az zənginləşdirilmiş uran ehtiyatları 98 faiz azaldılaraq ümumi çəkisi 10 000 kiloqramdan 300 kiloqrama endiriləcək. İran uranın zənginləşdirilməsi üçün istifadə olunan sentrifuqaların sayını 19 000-dən 6 104-ə qədər, yəni 60 faiz azaldacaq, növbəti 10 ildə onlardan yalnız 5 060-nın uranın zənginləşdirilməsində istifadəsinə icazə veriləcək. 15 il ərzində İran uranın zənginləşdirilməsini 3,67 faiz həddə, yəni mülki və tədqiqat məqsədləri üçün kifayət edəcək səviyyədə saxlayacaq, Fordodakı nüvə obyektində isə uranın zənginləşdirilməsi tamamilə dayandırılacaq. Həmin müəssisə nüvə, fizika və texnoloji araşdırmalar mərkəzinə çevriləcək.

15 il ərzində İran heç bir yeni uran zənginləşdirmə obyekti tikməyəcək. Bu tədbirlərin sayəsində növbəti 10 il ərzində razılaşmanı pozacağı təqdirdə, nüvə silahı hazırlaması üçün İrana 2-3 ay deyil, bir il vaxt lazım olacaq. İran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) mütəxəssislərinin bütün nüvə obyektlərinə və Parçin hərbi bazasına girişinə icazə verəcək. BAEA sazişin bir sıra şərtlərinin İran tərəfindən yerinə yetirildiyini təsdiqlədikdən sonra nüvə proqramına dair BMT Təhlükəsizlik Şurasının və Avropa İttifaqının qərarları əsasında tətbiq olunan sanksiyalar ləğv olunacaq. Bu ölkəyə tətbiq olunan silah embarqoları isə hələ bir neçə il qüvvədə qalacaq. İran sazişin şərtlərini pozacağı təqdirdə sanksiyalar bərpa olunacaq. Həmçinin, iyulun 14-də İranla Beynəlxalq Atom Enerjisi Agentliyi arasında İranın nüvə proqramına dair keçmiş və hazırkı mühüm məsələlərin aydınlaşdırılmasına xidmət edəcək “yol xəritəsi” imzalanıb. BAEA rəsmi saytında “yol xəritəsi”ndə razılaşdırılmış məsələləri açıqlayıb.

Sənədə əsasən, mühüm məsələlərə dair ayrıca müqavilənin imzalanması üçün 2015-ci il avqustun 15-dək İran yazılı izahatları və lazımi sənədləri BAEA-ya göndərməlidir. Bundan sonra qurum təqdim olunan materialları sentyabrın 15-dək nəzərdən keçirəcək və suallar yaranacağı təqdirdə İran tərəfinə ünvanlayacaq. Həmin suallara cavab tapmaq üçün Tehranda texniki ekspert görüşləri keçiriləcək, müzakirələr təşkil olunacaq. Parçin hərbi bazası ilə bağlı İran və BAEA arasında ayrıca razılaşma imzalanacaq. Bütün bu məsələlərin oktyabrın 15-dək yekunlaşdırılması nəzərdə tutulub.

BAEA-nın baş direktoru “yol xəritəsi”nin icrası ilə bağlı son durumu qurumun idarə heyətinə təqdim edəcək. İdarə heyəti isə əldə olunmuş nəticələri 2015-ci il dekabrın 15-dək təhlil edib qiymətləndirəcək. Bundan sonra İran tərəfi BAEA idarə heyətinin hesabatına özünün yazılı münasibətini təqdim edəcək.

Göründüyü kimi, “yol xəritəsi” tərəflər arasında etimadın yaradılması, sual doğuran məqamların aydınlaşdırılması məqsədi daşıyır. “Yol xəritəsi”nin uğurlu icrası uzunmüddətli xarakter daşıyan nüvə sazişinin də reallaşmasına əlverişli zəmin yaradacaq.

 

Nüvə razılaşmasına ziddiyyətli yanaşmalar

 

Nüvə razılaşmasından dərhal sonra danışıq iştirakçıları və maraqlı tərəflər sazişə öz münasibətlərini bildiriblər. Vaşinqton, Tehran, Kreml və Brüssel sazişi “tarixi anlaşma”, “dünya üçün ümid mənbəyi”, “konstruktiv addım” və bu kimi müsbət ifadələrlə səciyyələndiriblər. Bölgə dövlətlərindən Misir, İraq, Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri də sazişdən razılıqlarını ifadə ediblər. Danışıqların nəticəsindən narazı qalan tərəflər isə əsasən İsrail, Səudiyyə Ərəbistanı və ABŞ-dakı respublikaçı konqresmenlər olublar. Onlar razılaşmanı “tarixi təslimiyyət”, “təhlükəli addım”, “İsrail dövlətinə ölüm hökmü” adlandırıblar.

Bununla belə, razılaşmanı təhlil edən bir sıra ekspertlər bu cür dəyərləndirməni emosional yanaşma hesab edirlər. Onların fikrincə, imzalanan saziş İranın diplomatik uğuru sayılsa da, əslində, razılığın əldə olunmasında bütün tərəflər güzəştə gediblər.

Mütəxəssislərin fikrincə, İrana qarşı illərdir tətbiq olunan sanksiyalar ölkə iqtisadiyyatına dağıdıcı təsir göstərib. İlk illərdə İran rəsmiləri sanksiyaların mənfi təsir göstərmədiyini, əksinə, iqtisadiyyatı müstəqilləşdirdiyini bəyan etsələr də, sanksiyalar təsirsiz qalmayıb.

Sözügedən nüvə sazişi Rusiya üçün də ikili xarakter daşıyır. Yaxın Şərqdəki müharibələrin genişlənməsində və öz sərhədlərinə doğru yaxınlaşmasında maraqlı olmayan Rusiya üçün İranın nüvə proqramı üzrə razılaşma böyük uğur sayılır. Buna baxmayaraq, sanksiyaların ləğvi nəticəsində əsas neft və qaz ixracatçılarından birinə çevriləcək İran dünya bazarlarında Rusiyaya rəqib kimi çıxış edəcək. Bu isə sanksiyalardan əziyyət çəkən Rusiya üçün əlavə iqtisadi problemlərin yaranması deməkdir.

 

Sazişin reallaşmasına mümkün əngəllər

 

Sirr deyil ki, sözügedən nüvə danışıqlarında əsas tərəflər kimi İran və ABŞ çıxış edirdilər, bu səbəbdən, əldə olunan razılaşmanın gerçəkləşməsi və davamlılığı da əsasən bu iki ölkənin müqavilənin tələblərinə sadiqliyindən asılı olacaq. İranın müqavilənin şərtlərini pozması, məsələn, ekspertləri öz nüvə obyektlərinə buraxmaması, yüksək həcmdə uranın zənginləşdirilməsini gizli şəkildə həyata keçirməsi, yaxud İranın yeni nüvə obyektlərinin aşkar olunması razılaşmanın icrasının dayandırılmasına gətirib çıxara bilər.

Bununla belə, ABŞ daxilində də sazişə maneə törədə biləcək kifayət qədər qüvvələr mövcuddur. Belə ki, saziş təxminən iki ay sonra Konqresdə səsverməyə çıxarılacaq. Respublikaçı konqresmenlərin sazişin əleyhinə çıxdıqları indidən məlumdur. ABŞ prezidenti Barak Obama isə sazişin icrasına mane olacaq istənilən hüquqi sənədin qəbuluna veto qoyacağını elan edib. Lakin həm Nümayəndələr Palatasında, həm də Senatda səslərin üçdəikisinin sazişin əleyhinə yönələcəyi təqdirdə prezidentin veto hüququnun heç bir faydası olmayacaq.

Bundan əlavə, 2016-cı il ABŞ-da prezident seçkiləri ilidir. Prezidentliyə namizədlər arasında da sazişə münasibətdə qütbləşmə özünü aydın göstərməkdədir. Belə ki, Demokratlar Partiyasının namizədləri nüvə razılaşmasını dəstəklədikləri halda, respublikaçı namizədlər müqavilənin əleyhinə olduqlarını bəyan ediblər. Bu isə onu deməyə əsas verir ki, İranın nüvə proqramı üzrə imzalanan sazişin icrasının davamlılığı müəyyən dərəcədə ABŞ-dakı 2016-cı il prezident seçkilərinin nəticələrindən də asılı olacaq.

Nüvə sazişindən sonra Obama mediaya müsahibəsində İranın beynəlxalq ictimaiyyəti aldadaraq nüvə silahı hazırlamağa çalışacağı təqdirdə ona hərbi cavab veriləcəyini bildirib və ABŞ ordusunun buna hazırlıqlı olması barədə xəbərdarlıq edib. Bənzər hədələyici bəyanat ABŞ müdafiə naziri Aş Karterdən də gəlib. Bu çıxışların real hədə olmaqla yanaşı, müəyyən dərəcədə sazişdən narazı qalan İsraili və daxildəki mühafizəkarları razı salmaq məqsədi daşıdığını da düşünmək olar.

İstənilən halda, İranın nüvə proqramı üzrə illərdir gedən çətin danışıqların ortaq razılaşma ilə başa çatması dünyada və regionda mürəkkəb konfliktlərin həlli və müharibədən qaçılması yönündə böyük ümidlər doğurub. İran və “altılıq” ölkələri, eləcə də İran və BAEA arasında imzalanan müqavilələrin şərtlərinə bütün tərəflərin əməl edəcəyi təqdirdə, bu, müasir dövrdə beynəlxalq münasibətlərdə münaqişələrin həll olunmasının ən uğurlu nümunələrindən biri olacaq. Sazişin reallaşmasına mane ola biləcək amilləri də nəzərdən qaçırmaq olmaz. Beləliklə, 14 iyul sazişi beynəlxalq müstəvidə və Yaxın Şərqdə əməkdaşlığın gücləndirilməsi üçün əlverişli imkandır. Tərəflərin bu imkanı hansı səviyyədə dəyərləndirəcəyini isə zaman göstərəcək.

Newtimes.az


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında