Azərbaycanın bugünkü uğurları Prezident İlham Əliyevin müdrik siyasətinin məntiqi nəticəsidir

“Rəy” Monitorinq Mərkəzi ölkə üzrə keçirdiyi ictimai rəy sorğusunun nəticələrini açıqlamışdır. Cavablardan görünür ki, əgər prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, səsvermə məntəqələrinə yollanacaq respondentlərin tam əksəriyyəti, yəni 89,7 faizi öz səslərini hazırkı dövlət başçısı İlham Əliyevə verərdi. “İlham Əliyev sizin kimi insanların maraqlarına cavab verirmi?” sualına isə respondentlərin 86 faizə yaxını “bəli, cavab verir”, ölkə əhalisinin 73 faizi də Azərbaycan Prezidenti postunda İlham Əliyevə alternativ görmür.

Rəy sorğusunun nəticələrindən də göründüyü kimi,  xalq birmənalı şəkildə Prezident İlham Əliyevin arxasında dayanır, taleyini bu müdrik dövlət başçısına bağlayır. Bu da təsadüfi deyil. Çünki Prezident İlham Əliyev  ölkəmizin bugünkü inkişafını təmin etmək,  xoşbəxt gələcəyini qurmaq yolunda göstərdiyi xidmətlərinə görə xalqımızın  dərin rəğbət və məhəbbətini qazanmışdır. Ötən 12 ildə möhtərəm dövlət başçımız ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini yeni çağırışlar şəraitində yaradıcı şəkildə məharətlə inkişaf və  davam etdirmişdir. Cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi strategiya Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarmışdır.

Müasir dünyada dövləti lazımi səviyyədə idarə etmək, geosiyasi təlatümlərdən, iqtisadi böhranlardan xilas etmək üçün çox yüksək səriştə və siyasi iradə lazımdır. Azərbaycan xalqı üçün tarixi bir şansdır ki, bu gün ölkəmizə cənab İlham Əliyev kimi dərin zəkaya, analitik təfəkkürə malik olan, dünyada gedən siyasi – iqtisadi prosesləri yaxşı bilən siyasətçi və dövlət xadimi rəhbərlik edir. Cənab İlham Əliyev öz Vətənini,  xalqını sevən, azərbaycançılıq amalını qəlbində daşıyan bir rəhbərdir.

Son 12 ildə neft gəlirləri əsasında yaradılmış möhkəm maliyyə-iqtisadi baza hesabına qeyri-neft sektorunun dinamik inkişafı və ölkə iqtisadiyyatının diversifikasiyası, özəl sektorun inkişafına hərtərəfli dövlət dəstəyi, regionların tarazlı inkişafı, keyfiyyətli insan kapitalının formalaşdırılması, səmərəli beynəlxalq iqtisadi əməkdaşlıq, dünya iqtisadiyyatına inteqrasiya və son nəticədə ölkəmizin hər bir vətəndaşının rifahının yüksəldilməsi ilə bağlı müsbət  dəyişikliklər baş vermişdir. Azərbaycan iqtisadiyyatı bu dövr ərzində öz dinamik inkişafını qoruyub saxlamışdır. İqtisadi inkişaf tempinə görə, hazırda dünyanın 10 aparıcı ölkəsi sırasındayıq. Azərbaycan artıq keçid dövrünü tamamilə başa vurmuşdur. Orta gəlirli dövlətlər siyahısında öz mövqeyini daha da möhkəmləndirmişdir. Minilliyin İnkişaf Məqsədləri üçün dünyanın 128 ölkəsi sırasında yoxsulluğun 5 faizdən aşağı endirilməsi öhdəliyini götürən və yalnız 18-nin  bunu reallaşdırdığı dövlətlərdən biriyik. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən müddət ərzində regionlarda infrastrukturun yenidən qurulması və inkişafı, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Bəli, bu, Azərbaycanın öz iqtisadiyyatını sadəcə neft amili üzərində qurmadığını, əldə olunmuş uğurlu nəticələrdə qeyri-neft sektorunun da mühüm paya malik olduğunu təsdiqləmişdir. İqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində ölkəmizdə qeyri-neft sektorunun dinamik inkişafı davam etmişdir.

Qeyri-neft sektorunun sürətli yüksəlişi həm də daxili investisiyaların həcminin artımında özünü göstərir. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir.

Azərbaycanın yeni inkişaf mərhələsinə uyğun olaraq sənayenin təşkilinin ən müasir formalarının tətbiqinin genişləndirilməsi də sənayeləşmə siyasətinin prioritetlərindəndir. Bu baxımdan Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanda müasir sənaye komplekslərinin və texnoparkların, o cümlədən Sumqayıt kimya sənaye və Balaxanı sənaye parklarının  yaradılması qeyri-neft sektorunun və xüsusilə də qeyri-neft sənayesinin inkişafını sürətləndirəcək,  yerli və xarici investisiyaları stimullaşdıracaq, müasir texnoloji sahələrin inkişafına, yeni rəqabətqabiliyyətli məhsul istehsalına təkan verəcək və iqtisadiyyatın modernləşməsinə və innovativ iqtisadiyyatın formalaşmasına, qeyri-neft ixracının artırılmasına əlverişli şərait yaradacaq.

Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri də infrastrukturun inkişaf etdirilməsi olmuşdur. Ölkədə nəqliyyat infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılaraq müasirləşdirilməsi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri tərkibində avtomobil magistrallarının tikintisi və genişləndirilməsi, regionlarda avtomobil yol şəbəkəsinin bərpası və yenilənməsi, sərhəd-keçid məntəqələrinin yenidən qurulması, Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, müasir gəmiqayırma müəssisəsinin tikintisi, Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında yeni Aerovağzal Kompleksinin inşası, habelə regionlarda hava limanlarının, uçuş-enmə zolağının yenidənqurulması və genişləndirilməsi kimi layihələrin icra olunması ölkəmizin nəqliyyat potensialının reallaşdırılması üçün geniş imkanlar yaradır.

Bu gün ölkəmizdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritetlərindən olan sahibkarlığın inkişafı əhəmiyyətli rol oynayır. Dövlət başçımızın həyata keçirdiyi iqtisadi siyasət sahibkarlığın tərəqqisinin təminində, yerli istehsal və sosial infrastrukturun yaradılmasında, güzəştli kreditlərin ayrılmasında, insan kapitalı və təbii ehtiyatlardan səmərəli istifadə yolu ilə mövcud potensialın reallaşdırılmasında, yerli və xarici investorların ölkəyə, xüsusilə regionlara cəlb olunmasında yeni bir səhifə açmışdır. Ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir.

Ötən 12 il ərzində ölkə boyu nəhəng tikinti-quruculuq və abadlıq işləri aparılmış, yüzlərlə məktəb, idman-sağlamlıq kompleksləri, xəstəxana-müalicə ocaqları, sosial-mədəniyyət müəssisələri, turizm-istirahət mərkəzləri tikilib istifadəyə verilmiş, təhsil, mədəniyyət, səhiyyə, idman, turizm, ekologiya sahələrində böyük irəliləyiş baş vermişdir. Ölkə rəhbərliyi səviyyəsində qəbul olunan və ictimai-siyasi, sosial-iqtisadi, humanitar-mədəni həyatın çoxşaxəli spektrini əhatə edən 60-a yaxın konseptual-strateji mahiyyətli sənəd və dövlət proqramları hazırda icra edilməkdədir. Bütün bu görülən işlər və nəticələr deməyə əsas verir ki, Azərbaycan dünyaya özünün uğurlu inkişaf modelini təqdim edə bilmiş və qısa zaman kəsiyində ölkəmizdə, sözün əsl mənasında, inqilabi yeniləşmə və tərəqqiyə nail olunmuşdur.

Azərbaycanın dünyada əsas söz sahibi olan bütün ölkələrlə əlaqələrini son illərdə daha da inkişaf etdirməyə nail olması, regionda sülh, sabitlik və iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal şəkildə dəstəkləməsi fonunda BMT-dəki tarixi qələbəmiz də son 12 ilin unudulmaz tarixi hadisələrindən biridir. Erməni lobbisinin, təcavüzkar Ermənistanın Azərbaycana qarşı apardığı məkrli informasiya siyasəti şəraitində 193 BMT üzvündən 155-nin birbaşa dəstəyinə nail olmaq respublikamızın xarici siyasətinin ümumi mahiyyəti barədə tamamilə dolğun təəssürat yaradır. Sivil dünyanın hüquqi-siyasi atmosferinin müəyyənləşməsində mühüm rolu olan Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməyimiz, bütövlükdə, müasir tariximizin ən əlamətdar, qürur doğuran hadisələrindən biri kimi yadda qalacaqdır.

Bu günlərdə isə birinci Avropa Oyunlarını yüksək səviyyədə başa vurmaqla Azərbaycan daha bir misilsiz uğura imza atdı. Bir çox ölkələrin təşkilatçılıq səviyyəsinə görə həsəd apardığı bu idman yarışı Azərbaycanı bir daha dünyaya tanıtmaqla ölkəmizin beynəlxalq səviyyədə ən gözəl təqdimatı oldu. Ən əsası, sözügedən Oyunlar Azərbaycanın dünya birliyindəki yerinin möhkəmlənməsinə, nüfuzunun, imicinin daha da yüksəlməsinə böyük töhfələr verdi.

Sonda bir məqamı da qeyd edək. Yuxarıda xatırlatdığımız  “Rəy” Monitorinq Mərkəzinin sorğusunun məlum nəticəsi ilk deyil. Bundan əvvəl də dəfələrlə keçirilən yerli və beynəlxalq rəy sorğularında Prezident İlham Əliyevin xalqın etimadını qazanmasını ifadə edən yüksək nəticələr açıqlanmışdır. Məsələn, bir müddət əvvəl Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu (DƏ-İKGF) İstanbulda dünyanın 40 ölkəsindən 50-dən artıq universitetini təmsil edən 170-dən çox gənc və 10 minə yaxın tələbə arasında “online” sorğu keçirmişdi. Sorğuya əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İƏT coğrafiyasında “İlin dövlət başçısı” seçilmişdi. Bu barədə qərar DƏ-İKGF və Malayziya Beynəlxalq İslam Universitetinin (MBİS) təşkilatçılığı ilə Kuala Lumpur şəhərində keçirilən 3-cü Beynəlxalq İslam Əməkdaşlıq Təşkilatı Modelinin Sammitinin bağlanış mərasimində elan edilmişdi.

“İlin dövlət başçısı” nominasiyasında iştirak etmiş və İƏT-in 57 üzv ölkəsi sırasından seçilmiş dövlət başçılarının namizədlikləri İslam irsinə göstərilən qayğı, İƏT ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsi, təşkilata üzv ölkələrin sosial-iqtisadi inkişafı və beynəlxalq mövqelərinin gücləndirilməsi sahəsində fəaliyyətləri kimi meyarlar üzrə qiymətləndirilmişdi.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında